Nağıl dilinin çevikliyi və
təravəti
AYDIN TAĞIYEVİN BƏDİİ NƏSRİ HAQQINDA QEYDLƏR
Şabran ədəbi mühitində
yaşayıb-yaradan yazıçı-publisist
Aydın Tağıyev
öz sözünü
deyən, düşündürücü,
ürəyəyatan povest
və hekayələri
ilə oxucunun rəğbətini qazanmış
qələm sahiblərindən
biridir. O, bələd olduğu mühiti, tanıdığı, dostluq
etdiyi insanların həyatını və müşahidə etdiyi hadisələri təxəyyülün
süzgəcindən keçirərək
olduqca maraqlı, oxucunun diqqətini cəlb edən mətnlər yazır.
Tanınmış yazıçı və
publisist Novruz Nəcəfoğlu Aydın
Tağıyev haqqında
yazdığı "Nağıl
adam" kitabında müəllifin insani keyfiyyətlərini, dostluqda
sədaqəti, ailədə
yaxşı həyat yoldaşı, qayğıkeş
ata obrazını canlandırmaqla yanaşı,
onun əsərlərindən
də söz açır və yaradıcılığına yüksək
qiymət verir. "Aydın yazıçıdır.
Yazıçı olmaq Aydına
nə qazandırıb?
Çox
şey. Axtardığımız,
daha doğrusu, arzuladığımız ali keyfiyyətləri:
saflığı, səmimiliyi,
gözü toxluğu,
mərdliyi, hörmət-ehtiramı.
Həm də bir-birindən gözəl əsərlərini,
onun öz adı kimi aydın
xarakterli, milli-mənəvi
dəyərlərimizin daşıyıcısı
olan say seçmə obrazları. Həmin obrazlar
hamıdan çox Aydının şəxsi
xarakter cizgilərindən
qaynaqlanıb".
Aydın Tağıyevin yaradıcılığı
əsasən kəndlə
bağlıdır. Əsərlərində mənəvi-əxlaqi, ictimai
məsələlərə toxunan müəllifin qəhrəmanlarının məkanı
kənddir. Bəlkə də
ən çox buna görə hekayələrinin dili rəvanlığı, koloritli
olması ilə seçilir. Görkəmli
tənqidçi Vaqif Yusiflinin sözləri bu məqamda tam yerinə düşür:
"Aydının hekayələri
ilk növbədə təhkiyə
tərzinin şirinliyi
ilə diqqəti cəlb edir. Təsvirləri real və inandırıcıdır".
"Çini kasalar"
hekayəsinin qəhrəmanları
ər-arvad əyin-başları
tökülən uşaqlarına
pal-paltar almaq üçün qədimi,
çini kasalarını
satmaq istəyirlər. Rəhim
müəllimin arvadı
kasaları ərinin iş yerinə gətirərək müəsissənin
müdirinə göstərir.
Ancaq rüşvətxor müdirin
onlara rişxənd etməsi Rəhim müəllimi özündən
çıxardır. İşdən qovulmağını gözünün
önünə gətirsə
də, müdirinə
sərt cavab verir. Rəhim müəllimin arvadı
da kasaları müdirə satmaq fikrindən daşınır
və gətirib taxçada yerinə qoyur. Bu hekayə
oxucuya Mir Cəlalın
məşhur "Bir gəncin manifesti" əsərini xatırladır.
Əsərdəki ana xalçasını
əcnəbiyə satmaqdan
vaz keçir. "İtə ataram,
yada satmaram" deyib qərarından dönmür. A.Tağıyevin hekayəsində də bənzər epizod və koloriti görə bilirik.
"Alma oğurlayan divlər"
hekayəsinin qəhrəmanı
bağbandır. Canlı varlıq kimi
ağacların da hər biri bağbanın
yaddaşının bir
səhifəsinə çevrilir.
Meyvə
ağaclarına qoyduğu
adlar o qədər təbii və inandırıcıdır ki,
heç kəsin ağlına gəlməyən
bu adlar ağacların özünə
oxşayır. Müəllif bağbanın ilk məhəbbətini
- başına gələnləri
əkdiyi bu ağaclar vasitəsilə
nəql edir. Nağıllarımızda təsvir
olunan almanın məhəbbət rəmzi
kimi verilməsi, yuxuda əhd-peyman bağlayan sevgililərin bir-birilərinə alma bağışlaması haqqında
çox oxumuşuq. Bağban da ilk məhəbbətinin daşa
dəyməsinin şahidi
kimi alma ağacından söz açır.
Müəllif "Qırmızı" hekayəsində
oxucuya demək istədiyi mətləbi rənglər vasitəsilə
çatdırır. Ağır güzaran
içində çabalayan
İsmayıl kasıb,
fağır, üzü
yola bir insandır. Hər gecə yuxularına rənglər girir: ağ, qara,
qırmızı, sarı,
yaşıl, mavi. Müəllif bu hekayədə
qəribə detallardan
istifadə edir. Rənglərin hər birinin öz iddiası var. Əsərdə
ağlarla qaralar müqayisə edilərək
qaranın ağ
rəngi bir göz qırpımında
özünə çevirəcəyi
deyilir. Bu da
qara qəlbli qəddar insanların haqsız yerə təmiz, günahsız insanları (ağları)
məhv etməyi, əzab verməyi deməkdir. Müəllif
ağ rəng
haqqında yazır:
"Bir dəfə üstündən çək,
yerli-dibli qeyb olsun, heç kəs də ağlına gətirməsin
ki, belə bir rəng var".
Yaşılın sarıya çevrilməsi
isə əsən acı rüzgarla bağlanır. Və yaxud
göyün üzündəki
mavi rəngi də bomboz qurğuşun rəngli buludlar məhv edir. Bu məqamda müəllif əsərdəki
İsmayılın zahiri
rəngindən yox, xasiyyətindəki qırmızılığından
söz açır:
"...Qorxu-hürkü bilməz,
sözü adamın üzünə qıpqırmızı,
şax deyərdi. Burasını da başa düşürdü ki, bu qırmızı ona ucuz başa
gəlməyəcək".
Aydın
Tağıyev mətnlərində
oxucuya çatdırmaq
istədiyi mətləbi
alt qatda gizlədib sonra üzə çıxardır, həm
də təhkiyə tərzinin təbiiliyi, şirinliyi ilə bərabər.
Müəllif müasir dövrün müasir insanlarını
- xüsusən ziyalıların
da obrazlarını ədəbiyyata gətirir. Onlardan biri
də tamaşaya qoyulan əsərlərin baş rollarında oynayan aktyor obrazıdır.
"Yuxuda qətl" povestinin qəhrəmanı. Bu əsərdə
müəllif həyat
materiallarını ustalıqla
bədiiləşdirməyə nail olub. Əsərin proloqundan da oxucu hiss edir ki, söhbət ləyaqətdən, mənliyin
tapdalanmasından gedir.
Burada bir aktyorun hiss və həyəcanları, bəzən
də daxili monoloqu axıra qədər izlənilir. Teatrın ən üzdə olan qəhrəmanı həyatda rejissora yaltaqlanmaqla, əyilməklə
hökmdar rollarını
əldə edir.
Aktyorun simasızlığına, yaltaqlığına
görə truppanın
üzvləri, aktyor yoldaşları onu məsxərəyə qoyurlar.
O isə baş rollarda əzmkar, vüqarlı kral, hökmdar rollarını oynaya-oynaya hiss edir ki, bu cür
əqidəsiz, əyilə-əyilə
yaşamağına son qoymalıdır.
Müəllifin "Güllü çit yaylıq" hekayəsi daha təsirlidir. Hekayə İkinci
Dünya müharibəsindən
sonra bir kəndin insanlarından, gözləri yolda qalan, ərinin, nişanlısının, sevgilisinin
yolunu gözləyən
qadınlarımızın taleyindən bəhs edir. Müəllif, hekayə kiçik
həcmli olsa da, gənc qızlarımızın
xoşbəxtliyini əlindən
almış müharibənin
acısını, faciəsini
əks etdirə bilir. Biz bu
hekayədə əsərin
qəhrəmanının, artıq
ömrünün son günlərini
yaşayan, qocalıb yumağa dönmüş
Gülqızın həyat
hekayəsini izləyirik.
Gülqız vaxtilə kəndin
ən gözəl qızı sayılırdı.
Ona çox yerdən elçi düşürlər.
Ancaq bu qız müharibə
qurtarsa da, heç kəsə könül vermir. İllər keçir və bu gözəl qız qınaq obyektinə çevrilir.
Ən çox da onu
qınayan Sənəm
arvad olur. Kənddə
onun-bunun işinə əl yetirən Gülqızı Sənəm
arvadın görən
gözü yoxdur.
"Ağıldan kəmdir, deyirdi, vaxtinda çox elçi düşəni
oldu, bəyənib bir ocağın çırağın yandırmadı.
Məəttələm, bu kimin yolunu gözləyirmiş.
Sabah düşüb ölsə, üstündə
ağlayanı da olmayacaq". Gülqızın keçirtdiyi sarsıntılar,
ölüm ayağında
Sənəm qarını
çağırması və
sandığı açdırıb
güllü çit yaylığı qarıya
göstərməsi o qədər
təbii, inandırıcı
təsvir edilir ki, oxucu Gülqızın
nakam məhəbbətinə
acımaya, bundan təsirlənməyə bilmir.
Müharibədə həlak olan
Qələndərin yolunu
gözləyən Gülqızın
öz sevgisinə sadiqliyi Sənəmi də kövrəldir.
Hekayənin sonunda Sənəmin
dünyasını dəyişən
Gülqızın üstündə
ağı deməsi onun Gülqıza münasibətindən peşmanlığını
göstərir. "Qardaşımın etibarlı
sonası, lay-lay, Gülqız,
gözəllər gözəli,
lay-lay!"
A.Tağıyev Birinci Qarabağ savaşımızda baş verən faciələrlə bağlı publisist yazıları ilə yanaşı, öz doğma el-obasından köçkün düşən insanlardan, onların talelərindən də bəhs edən hekayələrin də müəllifidir. Onlardan biri də "100 ABŞ dolları"dır. Hekayədə Qarabağdan didərgin düşən, başqa rayonlara, kəndlərə pənah gətirib məskunlaşan insanların, ərləri, qardaşları müharibədə şəhid olan, başsız qalan qadınlarımızın taleyi yeməkxanaya üz tutan bir müəllimin və bir parça çörəyə görə o yeməkxanaların birində qabyuyan işləyən qadının simasında təcəssümünü tapır. Həmin kafeyə çox adam gəlib-gedir. Qadın gözəldir və öz gözəlliyini gizlətməkdən ötəri nə geyiminə, nə də üz-gözünə fikir verir. Təki ona söz atmasınlar. Belə bir vaxtda burda işlədiyi müddətdə öz abır-həyası ilə başqalarından fərqlənən bir müştəri gözündən yayınmır. Onun da ailəsi erməni gülləsinə tuş gəlmiş, kənddən çıxarılarkən arvad-uşağını düşmənlər öldürmüşlər. İkisinin də - həm xörəkpaylayan qadının, həm də müəllimin taleyi bir-birilərinə oxşayır. Bu kafedə vaxt tapıb tez-tez dərdləşirlər və qadın yavaş-yavaş hiss edir ki, bu abırlı, həyalı insana qarşı laqeyd deyil. Müəllim yeməkxanaya gəlmədiyi gün qadın narahat olur, onun yolunu gözləyir. Kafeyə gələn müştərilərindən fərqli olaraq müəllimin qadına olan münasibətinin ciddiliyi xörəkpaylayanı riqqətə gətirir. Onda elə bil qəlbən sevgi hissləri baş qaldırır. Müəllim bir gün oxumaq üçün xörəkpaylayana kitab verir ki, oxusun. Qadın kitabı vərəqləyərkən kitabın arasından 100 ABŞ dollarını görüb sarsılır. Düşünür ki, müəllim onu pulla ələ almaq istəyir. Ürək qızdırdığı müştəri gözündən düşür. Ancaq bu uzun çəkmir. Bir saat keçməmiş, müəllim özünü kafeyə yetirir və xörək paylayandan maşının təmiri üçün tanışından borc aldığı, kitabın arasına qoyduğu pulunu istəyir. Müəllim bu hekayədə insan iztirablarını, qadının o pulu görərkən keçirdiyi sarsıntıları, mənəvi ağrılarını ustalıqla təsvir edir.
A.Tağıyev öz hekayələrində cəmiyyətin müxtəlif zümrələrindən söz açır, ən çox da qəhrəmanın daxili düşüncələrinə üstünlük verir. Təsvir etdiyi hadisələrin bir neçə cümlə ilə yekununu dəyişmək, oxucunu təəccübləndirmək və yeri gələndə də sarsıtmaq yazıçının əsas məziyyətlərindən biridir. Müəllif "Yay gününün uzun gecəsi", "Hadisə" hekayələrində demək istədiklərini, qəhrəmanın düşdüyü situasiyaları çox soyuqqanlı səciyyələndirir. Kiminsə namusu üstə cinayət törədən ("Yay gününün uzun gecəsi" ) adam otuz ildən sonra kəndə qayıdır. Hamı təşviş içərisindədir. Arvadını isə, onu ölmüş bilib, başqa adama ərə veriblər. Qatardan düşən atanın iki yaşında qoyub getdiyi oğlu ilə görüş səhnəsi çox təsirlidir. O, qatardan düşəndə arvadı qatara göz yaşları içərisində minir ki, əri ilə rastlaşmasın. Hekayə elə qatara minən qadının göz yaşlarıyla bitir. Yazıçı bu hekayədə də "sonra nə baş verəcək, qəhrəman hansı qərarı verəcək, kəndi tərk edəcəkmi, etməyəcəkmi" suallarını oxucunun ixtiyarına buraxır.
Yazıçı Aydın Tağıyevin nəsr
əsərləri belə bir qənaətə
əsas verir ki, o, dəyərli söz sənətkarıdır
və bədii dili, üslubu,
sənətkar mövqeyi ilə seçilir.
Mənzər NİYARLI
525-ci qəzet.- 2022.- 12 fevral.- S.16.