Tarixdən səhifələr  

 

MOSKVA JURNALI BAKI STUDİYASININ İLK VERİLİŞLƏRİ HAQQINDA NƏ YAZIRDI?

 

14 fevral AzTV-nin müntəzəm yayıma başladığı gündür

 

***

 

Sovet dövründə mərkəzi mətbuat Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadiyyatı, burada gedən proseslər, xüsusən mədəni həyatı ilə bağlı geniş materiallar çap edirdi. Təbii ki, ixtisaslaşmış mətbuat orqanları da var idi ki, onlar ancaq televiziya radio fəaliyyətini işıqlandırırdı. Həmin ixtisaslaşmış jurnallardan biri Sovet dövründə əvvəlcə "Qovorit SSSR", sonra isə "Sovetskaya radio i televedenie", daha sonra Sovetler birliyi dağılana qədər "Televedenie i radioveşanie" jurnalı oldu. Düzdür, sonralar "Forum" adı ilə bu televiziya radio fəaliyyətinə dair ixtisaslaşmış nəşrlər oldu, amma onların heç biri uzun müddət yaşaya bilmədi.

 

Həmin jurnallarda təbii ki,  Azərbaycan televiziya radiosunun fəaliyyəti ara-sıra işıqlandırılırdı. Məsələn, hələ 1935-ci ildə "Qovorit SSSR" jurnalının 3-cü sayında Azərbaycan radiosunda gedən proseslərlə bağlı reportaj çap olunmuş, böyük bəstəkarımız Ü.Hacıbəylinin görkəmli yazıçı, Azərbaycan radiosunun ədəbi dram verilişlərinə rəhbərlik edən Məmməd Səid Ordubadinin çıxışları çap olunmuşdu. Böyük Vətən müharibəsindən sonrakı illərdə jurnal Azərbaycan radiosunun fəaliyyətinə diqqət yetirmişdi.

 

Mən 80-ci illərin əvvəllərində Moskvada Lenin adına kitabxanada işləyəndə həmin jurnalları vərəqləyəndə rastıma çıxan məqalələri, mövzuya aid olmasa da, bunların çoxunun surətini çıxarıb arxivimdə saxlamışam. İndi hərdən onları vərəqləyirəm bir çoxları mənə televiziya radiomuzun tarixini vərəqləmək baxımından maraqlı olur. İndi əlimin altında bir nömrə var: "Sovetskaya radio televedenie" jurnalının 8-ci nömrəsində Azərbaycan televiziyası haqqında maraqlı materiallar çap olunub. Jurnalın, demək olar ki, üçdə biri Azərbaycan televiziyasının verilişlərinə həsr olunub. Jurnaldakı açılış məqaləsi  "Dostlarla görüş" adlanır. Onun müəllifi Mərkəzi Televiziyanın "Yerli radio televiziya verilişləri baş redaksiyası"nın müdir müavini Q.Qruşevdir. O, Azərbaycan haqqında rəğbətlə yazdığı məqaləsində 1964-cü ilin mayında Azərbaycan televiziyasının Mərkəzi televiziya ilə nümayiş etdirilmiş 2 saatlıq proqramı barədə geniş bilgi verir. Həmin məqalədən məlum olur ki,bu 2 saatlıq proqramın içərisində məzmunca siyasi çıxışlar, filmlər, konsertlər, poeziya nümunələri olub bunlara da SSRİ-nin hər yerində baxıblar. Çünki o vaxt Mərkəzi televiziyanın verilişləri  Avropadan tutmuş Vladivostoka qədər hər yerə  yayılırdı.

 

Məqalənin məzmunundan məlum olur ki, Azərbaycan Televiziyasının (o dövrdə "Bakı studiyası" adlanırdı) Mərkəzi Televiziya ilə yayımlanan proqramının rəsmi çıxışına başlanıb. Daha sonra həmin çıxışı bir növ illüstrasiya edən "Əsrlər illər" adlanan oçerk göstərilib. Oçerkdə Azərbaycanda gedən quruculuq işləri, iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında gedən proseslər barədə reportajlar verilib. Bunun ardınca Bakıda "Pioner evi"nin özfəaliyyət kollektivinin "Səmim-qəlbdən" adlı kiçik, amma çox maraqlı bir konsert proqramı efirə gedib. Onun ardınca  "Bizim Şamama" adlı sənədli film göstərilib. Aydındır ki, burada söhbət iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Füzuli rayonu "Bir may" kolxozunun sədri, məşhur pambıqçı, Şərqdə yeni hüquqlar qazanmış bir Azərbaycan qadını Şamama Həsənovanın həyatından bəhs olunub.

 

"Mənim qızıl Lənkəranım" adlı filmlə davam edən proqramda Azərbaycan ədəbiyyatına da yer ayrılıb və "10 dəqiqəlik poeziya" adı altında Nəbi Xəzrinin şeirləri səsləndirilib. Poeziya dəqiqələrinin ardınca o vaxtlar sovet musiqi sənətində bir ulduz kimi yeni parıldayan, SSRİ-də xeyli məşhurlaşmış gənc müğənni Müslüm Maqomayev haqqında "Yeni görüşlərə kimi, Müslüm!" adlı filmi nümayiş olunub. Bütün bunları sadalayan məqalə müəllifi  Q.Qruşev bir-bir göstərilən filmi, oçerkləri, sənədli filmləri təhlil edir, təbii ki, tənqidi qeydlər də bildirirteleviziya yaradıcılığı baxımından çox maraqlı fikirlər söyləyir.

 

Jurnalın həmin nömrəsində o vaxt televiziyaradio komitəsinin sədr müavini, yazıçı-tərcüməçi Cəlal Məmmədovun geniş məqaləsi çap olunub. "Kollektivonun qayğıları" adlı  məqalədir.  Oxuduqca bu məqalədə həmin dövr televiziyasının havasını duyursan: ruh yüksəkliyi, fotolardan istifadə problemi, rejissorların görüntü əldə etmək çətinliyi, uzun mətnlərin yazılması, kadr məsələsi, o cümlədən, reportyor məsələsinin problem olmağı barədə fikirlər söylənilir. Çox maraqlıdır ki, C.Məmmədov reportyor qıtlığından danışarkən bu yaxınlarda 80 yaşını qeyd eləmiş Ələkbər Abbasovun adını çəkir. Onun apardığı iki verilişi -ayaqqabı fabrikindən apardığı reportajı və  bir də Azərbaycan Elmlər Akademiyasının hesablama mərkəzindən apardığı verilişi yüksək qiymətləndirir. Daha sonra məqalədə televiziyada çəkilən yeni verilişlər, sənaye mərkəzlərindən reportajlar, Xəzər neftçilərinin işi barədə çəkilən verilişlər barədə danışılır. O dövr üçün televiziyada məşhur olan müəlliflərin adları sadalanır.  Bunların arasında Arif Babayev, Aleksandr Çeçikov, Gennadi Pastuşkov,  Nəriman Şıxəliyev, o vaxt "Aygün" filmindən sonra məşhurlaşmış Kamil Rüstəmbəyov kimi rejissor və operatorların adları vardır.

 

Həmin jurnalda ömrünü televiziyada keçirmiş yazıçımız Firidun Ağayevin bir məqaləsi vardır: "Məktəb kamera qarşısında". Firidun müəllim o vaxt "Uşaq və gənclər proqramları" baş redaksiyasının böyük redaktoru idio, məktəbli həyatı, tədris problemlərinin necə işıqlandırılması barədə jurnalın səhifələrində məlumat verir. Bu məqalə həm də ona görə maraqlıdır ki, o vaxt televiziyada çalışan peşəkarlar,  televiziyanın əsasını yaradan adamlar haqda məlumat verilir.

 

Hesab edirəm ki, Azərbaycan televiziyasının tarixini öyrənib tədqiq etmək baxımından bu cür əsaslı jurnal məqalələrinin əhəmiyyəti vardır. Ona görə də bizim teleradiomuzun gənc tədqiqatçıları bu kimi yazılı mənbələrə xüsusi diqqət yetirməlidirlər.

 

 

Qulu MƏHƏRRƏMLİ

Professor

 

525-ci qəzet.- 2022.- 12 fevral.- S.15.