Elmə bağlı ömür
Psixologiya tarixin bütün dönəmlərində
insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti
cəlb edib.
İnsan həyatı və fəaliyyətinin elə bir sahəsi
yoxdur ki, psixologiya
elmi ora nüfuz etməsin. Bu
gün bütün dünyada insan münasibətlərinin səmərəliliyinə
sözün əsl mənasında məhz psixoloji biliklərin
tətbiqi ilə nail olunur. Lakin nəzərə
almaq lazımdır ki, mühüm elm olan psixologiya başqa
sahələrdən təcrid olunmuş şəkildə
deyil, onlarla vəhdətdədir. Psixologiya
bütün elmlərin məlumatlarını özündə
birləşdirir və eyni zamanda onlara təsir etməklə
insan haqqında elmlərin modelinə çevrilir. Bəlkə də elə buna görə psixologiya
dünyada ən mürəkkəb elmlərdən
sayılır. Peşəkar psixoloq olmaq həm
də təcrübəli həkim, pedaqoq, sosioloq, tarixçi,
filosof olmaq deməkdir. Bu baxımdan tibb
elmləri doktoru, professor Nadir İsmayılov kimi alimlər
istisnadır. Azərbaycan Psixiatriya Assosiasiyasının
Prezidenti, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin
Psixiatriya Kafedrasının professoru, Əməkdar həkim,
Beynəlxalq Psixiatriya Akademiyasının (ABŞ) şura
üzvü və vitse prezidenti, ümumi və məhkəmə
psixiatriyası üzrə beynəlxalq ekspert, psixiatriya, tibbi
psixologiya və psixoterapiya üzrə bir neçə dərsliyin
müəllifi Nadir İsmayılov kimi yüksək talant sahibi olan şəxsiyyətlərin
nailiyyətləri təkcə
yaşayıb-yaratdığı ölkə üçün
deyil, həm də bütün dünya elminə, tibbinə
böyük töhfədir.
Nadir İsmayılov 1937-ci ildə Cəbrayıl rayonunda
dünyaya göz açıb. O, 1968-ci ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin)
Müalicə profilaktika fakültəsini bitirib. 1973-cü ildə
Bakıda Azərbaycan Dövlət Tibb İnstitutunda
"Sayıqlama və affektiv sayıqlama sindromları ilə
gedən şizofreniya xəstəliyində qan zərdabı
zülallarının bəzi immunoloji xüsusiyyətləri"
mövzusunda tibb elmləri üzrə namizədlik, 1983-cü
ildə isə Moskva şəhərində professor Vladimir
Petroviç Serbski adına Ümumi və Məhkəmə
Psixiatriyası Elmi-Tədqiqat İnstitutunda
"Şizofreniyanın mənşəyində və
gedişində immunoloji amillər" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edib. 1984-1993-cü
illərdə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin baş psixiatrı olub. 1985-ci ildən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim-psixiatr,
narkoloq və psixoterapevtlərin attestasiya komissiyasının sədridir.
Professor N.İsmayılov 1993-cü ildən psixiatriya üzrə
Beynəlxalq "Cenevrə təşəbbüsü" təşkilatının
üzvü, 1996-cı ildən Azərbaycan Psixiatrlar
Assosiasiyasının prezidentidir, 1999-cu ildən
Ümumdünya Psixiatriya Assosiasiyasının üzvü, elə
həmin ildən nəşr edilən "Azərbaycan
psixiatriya jurnalı"nın baş redaktorudur.
Yorulmaq
bilmədən çalışan alim N.İsmayılov 2000-ci
ildə Avropa Psixiatriya Assosiasiyasının üzvü, 2001-ci
ildə Amerika Birləşmiş Ştatları Beynəlxalq
Psixoterapiya Akademiyasının həqiqi üzvü, Cənubi
Asiya və Zaqafqaziya ölkələri üzrə
vitse-prezidenti seçilib. Professor
N.İsmayılov bir sıra xarici ölkə elmi-tibbi qurumlarının
mükafatlarına layiq görülüb. 2001-ci ildə
İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin və
Amerika Birləşmiş Ştatları Bioqrafiya
İnstitutunun "XX əsrin tanınmış alimi"
medalına və qızıl heykəl mükafatına layiq
görülməsi xüsusən yaddaqalan hadisədir. Sevindiricidir ki, bu sahədə belə yüksək səviyyəyə
nail olmuş ilk azərbaycanlıdır. Professor
N.İsmayılov 2002-ci ildə Yaponiyada keçirilmiş XII
Ümumdünya Psixiatriya Konqresinin hazırlıq komitəsinin
üzvü seçilib, 2003-cü ildə isə ona ümumi və
2 məhkəmə psixiatriyası üzrə Beynəlxalq
ekspert rütbəsi (dərəcəsi) verilib.
N.İsmayılov Bakı şəhəri ruhi-əsəb
xəstəlikləri dispanserinin və psixosomatika şöbəsinin,
Mərkəzi hərbi hospitalın, habelə Respublikası
Daxili işlər Nazirliyinin daxili qoşunlar hospitalının
məsləhətçisidir. Nüfuzlu alim psixiatriya və
psixoterapiya sahəsində bir sıra orijinal metodlar təklif
edərək, bu yenilikləri ixtira kimi patentləşdirib. N.İsmayılov dünyanın bir çox ölkələrində
keçirilən konfrans və konqreslərdə iştirak edərək,
maraqlı elmi məruzələrlə çıxış
edib. O, on iki nəfərin tibb və psixologiya üzrə
fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri
olub. Professor N.İsmayılov bu sahədə
çap olunmuş 180 elmi işin, 6 kitabın müəllifidir.
Nadir müəllim elmi fəaliyyətinin böyük bir
hissəsini bir çox psixi xəstəliklərin müalicəsinə
həsr edib.
Onlardan biri əhali arasında tez-tez rast gəlinən,
sağlam insanların, demək olar ki, 15 faizində
müşahidə olunan depressiya xəstəliyidir. Professorun bu xəstəliyin müalicəsində tətbiq
etdiyi tamamilə yeni bir üsul nəinki Azərbaycanda, hətta
bir çox Avropa ölkələrində elm adamları tərəfindən
böyük maraqla qarşılanıb. Bu
zaman əsas müalicədən əvvəl qanı toksik
amillərdən təmizlənir - yəni olazmaforez adlanan
üsuldan istifadə olunur. Qan 3-cü dəfə
təmizləndikdən sonra orqanizmin ümmunitetini qaldırmaq
üçün autohemoterapiya tətbiq olunur və paralel
olaraq antidepresantlardan və vitaminlərdən istifadə
edilir. Göstərilən bu üsulu tətbiq
etməklə xəstələrin 98 faizində ciddi
yaxşılaşma və tam sağalma müşahidə
edilmişdir. Maraqlıdır ki, Almaniyada və o cümlədən,
digər Avropa ölkələrində depressiyaların klassik
üsulla, yəni andidepressantlar tətbiq etməklə
müalicəsi zamanı, təəccüblü olsa da,
yalnız 50 faizi müsbət nəticə verir.
Kəşf
etdiyi yeni müalicə üsulunun həm yerli, həm də əcnəbi
həmkarları tərəfindən böyük maraqla
qarşılandığını görən Nadir müəllim
450 xəstə üzərində aldığı nəticələri
elmi məqalə şəklində yazıb Moskva
jurnallarının birində çap etdirmək qərarına
gəlib. Onun bəzi həmkarları Rusiyada digər
MDB ölkələrindən gələn bu cür yeniliyə ənənəvi
olaraq tənqidi yanaşıldığını deyərək
məqalənin Moskvada çapını mümkünsüz
hesab edirlər. Lakin professor böyük
ümid və inadkarlıqla məqaləni Moskvanın yüksək
səviyyəli jurnallarından birinə göndərib. İki ay keçməmiş həmin yazı Moskvada
nəşr olunan "Psixiatriya i psixofarmakoterapiya
imeni.Qannişkina" jurnalında dərc olunur. Məqalə çap edildikdən iki ay sonra
Avropanın müxtəlif ölkələrindən (İngiltərə,
Macarıstan, Çexiya) ona təkliflər gəlir. Məqalənin orijinalı rus dilində olsa da,
İngiltərənin "Psixatriya, psixologiya" jurnalı
onu ingilis dilinə tərcümə edərək çap
edir. Məqalədə ən çox maraq doğuran
effektiv müalicə üsullarının cəmi 50 faiz
hallarda müsbət nəticə verdiyi halda Nadir müəllimin
kəşf etdiyi elmi ixtira ilə 98 faiz uğura nail
olunması idi. Səkkiz səhifəlik məqalə
2021-ci ildə "Psichology and psixiatry" jurnalının
5-ci sayında dərc olunur. Bu hadisədən
sonra professor Moskva və İngiltərədən məqaləni
çap edən jurnalların redaktorlarından yeni təkliflər
almağa başlayır. Onların müraciətlərinə
cavab olaraq Nadir müəllim bu dəfə üç həkim
həmkarı ilə birgə şizofreniyanın müalicəsinə
aid məqalə tərtib edib həm İngiltərəyə,
həm də Moskvaya göndərir. Çox
keçmir ki, həmin məqalələr Moskvada və
İngiltərə dərgilərində nəşr olunur.
İndi həmin jurnallar N.Ismayılovdan yeni məqalələr
göndərməsini istəyirlər. Hazırda
professor "Psixi xəstəliklərin diaqnostikasında
obyektiv müayinə üsullarından istifadə
haqqında" məqalə üzərində işləyir.
Yeniyetmə çağlarında yarımçıq
qalmış arzusunu gec də olsa - 70 yaşında həyata
keçirir.
Özünə tut ağacında düzəldilən sədəfli
tar alır, müəllim tutub, tar çalmağı öyrənir.
Dostlarının atmaca zarafatlarına baxmayaraq arzusuna
çatır, yeri gələndə dostları
üçün "Segah", "Şur"
muğamlarını, sevimli xalq mahnılarını ifa edir. Gənclik dönəmində yazıb
saxladığı şeir dəftərinə
könlünü riqqətə gətirən yeni şeirlər
əlavə edir. Nadir müəllim kimi təcrübəli,
savadlı mütəxəssisə, təvazökar insana, elmə,
bəşəriyyətə, gəncliyə töhfə verən
alimə həyatda nadir hallarda rast gəlirik. O,
bütün ömrünü öz sevimli peşəsinə həsr
edib. Professor Nadir
İsmayılov psixoterapiya ilə məşğul olan nadir
mütəxəssislərdəndir.
Professor
Nadir İsmayılov psixiatriya və psixoterapiya sahəsində
beynəlxalq patent alan ilk soydaşlarımızdandır. N.İsmayılovun tətbiq
etdiyi hipnoz-psixoterapiya neçə - neçə adamların əhval-ruhiyyə
düşkünlüyündən, iztirablardan, sinir sisteminin
funksional xəstəliklərindən xilas olmalarına səbəb
olmuşdur. Tək Azərbaycanda deyil, dünyada
tanınan, Ümumdünya və Avropa Psixiatriya
assosiasiyalarının, ABŞ Psixoterapiya Akademiyasının
üzvü olan professor Nadir İsmayılov belə tanınan
bilim adamlarındandır. Passiv həyat
yaşamaq, sakit həyat sürmək onun yaxın
buraxmadığı cəhətlərdəndir. O,
elimizin sevinci ilə yaşayır, dərdlərini sovmaq
üçün əlindən gələni edir. Yadımdadır, keçən əsrin
doxsanıncı illərində Azərbaycan xalqı stress
içində olarkən, xəstələrin sayının
çoxluğundan o, geniş auditoriyalarda (sayı 500-1000 nəfər)
xəstələrə müalicəni hipnoz seansları
keçirir, bir çoxlarını isə fərdi müalicə
edirdi. Həm də bunları tək
Bakıda deyil, ölkənin digər regionlarında da
(Naxçıvan, Goranboy, Naftalanda) tətbiq edirdi.
85 yaşı bu il tamam olacaq professorun 1941-1945-ci və ondan sonrakı ağır illərdə müharibə dönəminə təsadüf edən uşaqlığı, yeniyetmə dövrü çox çətin, keçməkeşli olub. Bütün qarabağlılar kimi musiqiyə, şeirə meyilli olan gənc Nadirin arzusu tar çalmağı öyrənmək idi. Lakin orta məktəb şagirdinin müəllim tutmaq imkanı olmamışdı. Hər bir pasiyentinə xüsusi diqqət və qayğı ilə yanaşan professor hazırkı mövcud mürəkkəb sosial-iqtisadi dönəmdə hər kəsi özünə və doğmalarına qarşı xüsusilə diqqətlə yanaşmağı məsləhət görür: "Gərginlik iki mənbədən qaynaqlanır. Birincisi, genetik, irsi amillərdir. İkincisi, sosial-iqtisadi faktorlardır. Əgər cəmiyyətdə iqtisadi çətinlik, sosial problemlər artırsa, bu, ilk növbədə əsəb sisteminə təsir edir. Daha sonra ürək və digər orqanlara təsirləri görünməyə başlayır. Yəni onların emosiyasına, düşüncəsinə, təfəkkürünə, hətta yaddaşına təsir edir. Ona görə də baxır hansı xəstəlikdən şübhələr var, hansı xəstəliyin üzərində dayanmaq lazımdır. Əgər nevrozlar və depressiyaların adını çəksək, onda deməliyik ki, sosial-iqtisadi amillər bu xəstələrə güclü təsir göstərir. Ancaq şizofreniya, epilepsiya kimi güclü baş-beyin xəstəliklərinin yaranmasında sosial-iqtisadi faktorlar rol oynamır, hətta yox dərəcəsindədir. Biz ümumilikdə desək, bir çox nevrotik xəstəliklərin, intiharların sayı artıb".
Professor Nadir İsmayılov nəinki
təcrübəli psixoloq, psixiatr kimi, dünya
görmüş təcrübəli insan kimi gənclərə
öz mənəvi istirahətlərinə xüsusi vaxt
ayırmağı, ruhi tələbatlarını yetərincə
ödəmələrini məsləhət görür.
O, həyatda uğur qazanmağın əsas sirrini məqsədin
olmasında görür. Belə ki, o, konkret məqsədi
olan, nəyisə ürəkdən istəyən və ona can
atan insanın gec-tez bu arzusunu reallaşdıracağından əmindir.
Nadir müəllim bütün gənclərə öz ürəklərinin
səsini dinləməyi, arzularının arxasınca getməyi
məsləhət görür: "Yollar uzun, keşməkeşli,
bəzən bezdirici olsa belə, arzularınızın
arxasınca gedin, inancınızı itirməyin, sizdə də
mütləq alınacaq!"
Rafiq ƏLİYEV
525-ci qəzet.- 2022.- 12 fevral.- S.14.