Kimsə inkar edə bilməz...
Fevralın
4-də Ukraynanın paytaxtı Kiyev şəhərində
görkəmli Azərbaycan yazıçısı,
ictimai-siyasi xadim, diplomat, Azərbaycan Cümhuriyyətinin
Ukrayna və Polşaya göndərilən ilk səfiri, Kiyev
Müqəddəs Vladimir Universiteti Hüquq fakültəsinin
məzunu (1915-ci il buraxılışı) Yusif Vəzir
Çəmənzəminli (1887-1943) ilə bağlı silsilə
tədbirlər keçirilib. Azərbaycanın bu ölkədəki səfirliyinin
təşəbbüsü ilə yazıçının
Ukrayna dilinə tərcümə edilmiş məşhur
"Studentlər" romanının təqdimat mərasimi
baş tutub. Hüquq fakültəsinin
auditoriyalarından birinə Yusif Vəzirin adı verilib, xatirə
barelyefinin açılışı olub. "Studentlər"in
ilk Ukrayna nəşrinə ön söz yazan fövqəladə
və səlahiyyətli səfir, ədəbiyyatşünas-alim
Vilayət Quliyev Kiyevdəki anım mərasiminə
qatılıb. Yazıçının
ömür yolu, yaradıcılıq irsi və diplomatik fəaliyyətindən
danışıb. Azərbaycan diasporunun fəalları
və tələbələrlə görüşüb.
V.Quliyevin "Studentlər" romanının
Ukrayna nəşrinə yazdığı ön sözü
ixtisarla "525-ci qəzet"in oxucularına təqdim edirik.
***
XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti,
ictimai-siyasi fikrinin bir sıra görkəmli nümayəndələrinin
təhsil həyatı Ukrayna ilə bağlı olmuşdu. Bütünlükdə
Kiyev, Xarkov, Novorossiysk universitetlərində, Kiyev Politexnik
İnstitutunda, Ali Ticarət məktəbində 250 nəfərdən
çox azərbaycanlı tələbə ali təhsil
almışdı. Onların içərisindən Nəsib bəy
Usubbəyov (Azərbaycan Cümhuriyyətinin qurucularından
biri, Baş nazir), Şəfi bəy Rüstəmbəyli
(Cümhuriyyət daxili işlər nazirinin müavini), Nurməhəmməd
Şahsuvarov (Dağlılar Respublikasının maarif
naziri), Əhməd Cəfəroğlu
(türkoloq, İstanbul universiteti türkologiya
kafedrasının qurucusu), Nəriman Nərimanov (Azərbaycan
SSR XKS sədri), Qəzənfər Musabəyov (Azərbaycan,
Zaqafqaziya və SSRİ MİK sədri) Mustafa Quliyev (Azərbaycan
SSR Xalq Maarifi Komissarı), Bahadır bəy Vəlibəyov (Azərbaycan
SSR Baş prokuroru), Tağı Şahbazi (Bakı universitetinin
rektoru) və b. kimi tanınmış dövlət xadimləri,
siyasətçilər, ədəbiyyat adamları
yetişmişdi.
Milli ədəbi-ictimai
fikrin, siyasi həyatın inkişafına mühüm təkan
verən bu görkəmli şəxsiyyətlər arasında
Kiyev universiteti Hüquq fakültəsinin məzunu,
hüquqşünas, yazıçı, diplomat, pedaqoq,
folklorşünas alim, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin
xüsusi yeri vardır.
Yusif
Mirabdulla oğlu Vəzirov (Çəmənzəminli ədəbi
təxəllüsüdür - V.Q.) 1887-ci il
sentyabrın 12-də Azərbaycanın qədim mədəniyyət
mərkəzi Şuşa şəhərində
yoxsullaşmış zadəgan ailəsində
doğulmuşdu. Atası Şuşa bəylərindən
idi. Ulu babası Mirzə Əliməmməd
Qarabağ hökmdarı İbrahim Xəlil xanın vəziri
olmuşdu. Nəslin
daşıdığı Vəzirov soyadı onun tutduğu vəzifə
ilə bağlı idi.
İlk təhsilini Şuşada, ənənəvi molla məktəbində
almışdı. Həmin dövrdə atası Ağdamda
yaşayır, dərmanlarını özü
hazırladığı kiçik bir aptek işlədirdi.
Dövrünün açıq fikirli
adamlarından biri kimi tanınırdı. Maddi çətinliklərlə
üzləşsə də, övladlarının
yaxşı təhsil almasına xüsusi diqqət yetirirdi:
"Atam ədəbiyyatla məşğul olar və Firdovsi ilə
Füzulini çox sevərdi. Ədəbiyyatdan
başqa, musiqiyə də marağı vardı. Xanəndələrə muğamat öyrədərmiş.
Atam çox xoşsöhbət, lətifəçi və
volteri (burada "azadlıqsevər" mənasında - V.Q.)
bir adam idi. Namaz qılmaz, məscid
tanımaz, molla ilə əlaqəsi olmazdı".
Anası
da şəxsiyyətinin formalaşmasında, mənəvi-zehni
inkişafında oxşar rol oynamışdı: "Anam olduqca gözəl, rəhmdil
və ədalətli bir qadın idi. Dini - xalq adət
və ayinlərinin icrasında görürdü. Çox cəsur idi. Hər gecə
yatmazdan əvvəl bir əlində lampa, o biri əlində
tapança həyəti yoxlar, sonra qapını bərkidib
yatardı. Qışın uzun gecələri anamızın
ətrafına toplanıb dadlı nağıllarını,
hekayələrini dinlərdik... Zülmə
qarşı düşmənçiliyi, şübhəsiz ki,
anamdan öyrəndim".
Molla məktəbinin heç bir həyatı bilik vermədiyini
görən Mirabdulla oğlunu Ağdama, yanına
aparmış, təhsili ilə özü məşğul
olmağa başlamışdı. Həmin dövrdə böyük
qardaşı Əbülhəsən artıq Qafqazın ən
yaxşı orta təhsil müəssisələrindən
sayılan Şuşa real məktəbinin
şagirdi idi. Yusif də qardaşının yolu ilə getmək,
rusca dünyəvi
savad almaq istəyirdi. Amma bu müsəlman
mühitində ilk baxışdan göründüyü kimi o
qədər də asan məsələ deyildi.
Bir il Ağdam yaxınlığındakı Muradbəyli
kəndində rus məktəbində, sonra isə
Şuşada Haşım bəy Vəzirovun rus-Azərbaycan məktəbində
oxuyandan sonra 1896-cı ildə imtahan verib real məktəbin
hazırlıq sinfinə daxil olmuşdu.
O vaxt
burada yalnız iki azərbaycanlı müəllim
çalışırdı - Sorbonna məzunu Əhməd bəy
Ağayev (Ağaoğlu) fransız dili, Mirzə Sadıq isə
şəriət dərslərini aparırdı. Qalan müəllimlər rus, ukraynalı, polyak idilər.
Azərbaycanlı şagirdlərin sayı da təxminən
oxşar nisbətdə olardı. Eyni məktəbdə
oxuyan böyük qardaşı Əbülhəsənin
köməyi ilə Yusif tezliklə məktəbin ən
yaxşı şagirdlərindən biri kimi
tanınmışdı.
Qardaşının vaxtsız vəfatı (1901) onu dərindən
sarsıtmışdı. Yeganə təsəllisi
Əbülhəsənin kitabxanasına sahib
çıxması idi. Burada rus və
dünya klassikasının ən seçmə nümunələri
toplanmışdı. Gənc Yusif daha
çox Lermontov və Bayronu sevir, onların təsiri
altında rus dilində yazdığı ilk şeirlərində
qlobal qəm-qüssəni dünya kədərini əks etdirməyə
çalışırdı. Belə bədbin ruhlu
şeirlərdən iki nümunə:
Puskay menya ne lyubyat, ya ne nujdayus.
İ dobroyu ulıbkoyu ne ojivyat moe serdtse, ya ne nujdayus.
Puskay nejnıe slova ne lyutsya iz prelestnıx ust, ya ne
nujdayus.
Puskay
prezreniem i nasmeşkoy osıpayut menya, ya ne nujdayus!
Bu realnı məktəbin ikinci sinfində oxuyan yeniyetmənin
üsyanı, etirazı idi. Ədalətsizlik görən,
doğma torpağında haqqı tapdanan, dərdini
bölüşməyə həmdərd tapmayan Yusif nicat
yolunu özünü bu aləmdən təcrid etməkdə, ölümün
gətirdiyi sükuta və əbədiyyətə
qovuşmaqda görürdü:
Tuda! Tuda!
V nevedomuyu dal!
Tuda! V
podzemnoe tsarstvo!
Tuda, qde
qospodstduet veçnaya svoboda,
Tuda,
podalşe ot lyudey.
Tuda, v
tsarstvo zabveniya,
Qde tak
prostorno i svobodno!
İlk qələm
təcrübələrini məktəbdəki müəllimi
Klemitə göstərən Yusif hansı səbəbdənsə
ondan Qərb, yaxud rus şairlərini deyil,
yazıçı-dramaturq Çexovu oxumaq tövsiyəsi
almışdı: "1904-cü ildə Çexovun əsərləri
ilə ilk dəfə tanış oldum və çox sevdim. Bilaxirə Çexovu təkrar oxuduqda bu böyük
ədibin hekayələrinin buraxdığı təsiri heyrətlə
duydum".
Deyirlər ki, yazıçılıq peşə deyil,
taledir. Bu məlum fikirlə mübahisə etmək niyyətində
deyiləm. Ancaq bir məsələ var ki,
həmin taleni insanlar özləri seçirlər. Həmişə
cəmiyyətin çətin, böhranlı anlarında
yazıçılardan, şairlərdən, elm və sənət
adamlarından haqq-hesab tələb edilsə də, siyasətçilərin
və idarəçilərin səhvlərinə görə
ziyalılar məşhər ayağına çəkilsə
də, xalqını, insanlığı sevən, cəmiyyətə
həqiqəti çatdırmaq istəyənlər zəhmətlərinə
görə "Sağ ol!" eşitməyəcəklərini
yaxşı bildikləri halda qələmə sarılır,
məsuliyyət yükünü çiyinlərinə
götürürlər. Yusif Vəzir də hələ Şuşa real məktəbinin şagirdi
olduğu vaxtdan bilincli şəkildə bu çətin,
mürəkkəb yolu seçmiş, xalq sözünün tərcümanı
olmaq qərarına gəlmişdi.
Atasının
ölümü, ailə qayğıları, xəstəliklər,
"erməni-müsəlman davası", maddi ehtiyac və
s. nəticəsində dəfələrlə
yarımçıq buraxdığı orta təhsilini Yusif Vəzir nəhayət
1909-cu ildə başa vura bilmişdi. Real məktəbin
sonuncu sinfini Bakıda tamamlamışdı.
Yaradıcı mühitlə, söz adamları ilə də
ilk dəfə burada tanış
olmuşdu. Tez-tez getdiyi "İslamiyyə"
mehmanxanasında toplaşan milli ziyalılar, ədəbiyyat və
mətbuat xadimləri ilə tanış
olmuş, yazıçı-dramaturq Ə.Haqverdiyevin təqdimatı
ilə ilk hekayəsini məşhur "Molla Nəsrəddin"
jurnalına göndərmişdi.
1909-cu ildə Mülki Mühəndislər İnstitutuna
daxil olmaq üçün Peterburqa getsə də, dəqiq
elmlər sahəsində biliklərinin
çatışmadığını görüb fikrini dəyişmişdi. Real məktəb
attestatı universitet təhsilinə imkan vermirdi. Bunun üçün gimnaziya bitirmək lazım idi.
Heç cür alışa bilmədiyi
Rusiya paytaxtında bir müddət qalandan sonra (məşhur
"Cənnətin qəbzi" hekayəsini də Peterburqda
yazmışdı) Yusif Vəzir qohumlarının
yaşadığı Orta Asiyaya üz tutmuşdu. Altı aylıq hazırlıq kurslarını
bitirib Daşkənd gimnaziyasında uğurla
buraxılış imtahanı vermişdi. Beləcə,
universitetə aparan yolu açılmışdı. Tərəddüd etmədən sənədlərini
Kiyev Müqəddəs Vladimir universitetinin Hüquq fakültəsinə
göndərmişdi.
Kiyev XX əsrin əvvəllərində azərbaycanlı
tələbələrin sayca çox və fəal olduğu
şəhərlərdən biri kimi tanınırdı. Şübhəsiz, velikorus
şovinizminin kök salmaması, Ukrayna xalqının nəcib
keyfiyyətləri, mühitin tolerantlığı bu
seçimdə az rol oynamamışdı.
Kiyevdə keçirdiyi beş ili Yusif Vəzirin
məhrumiyyət və sınaqlarla dolu ömrünün ən
xoşbəxt dövrü saymaq olar.
Kiyev tələbə mühitinin milli və ictimai-siyasi
baxışlarının
formalaşmasına əhəmiyyətli təsiri
olmuşdu. Tələbəlik dövrü fəaliyyətində
təhsil və ictimai işlərlə bir sırada bədii
yaradıcılığa, elmi-publisist fəaliyyətə də
diqqət yetirmişdi. Azərbaycanlı tələbələrin
həmyerlilər cəmiyyətinin xeyriyyə, mədəni-maarif
və nəşriyyat işlərində yaxından iştirak
etmişdi. Təkcə 1911-1913-cü illərdə
Bakıda "Səda" və "Orucov
qardaşları" nəşriyyatlarında 7 kitabı
çap olunmuşdu. Vətənindən minlərlə
kilometr uzaqda yazılan hekayə və məqalələrində
xalqının üzləşdiyi problemlərdən, cəmiyyətin
qarşısında dayanan təxirəsalınmaz işlərdən
bu mühitin içində olan bir adam kimi
həssaslıqla söz açmışdı.
Çar Rusiyasının süqutu ilə Ukraynada
genişlənən milli-azadlıq hərəkatı nəticəsində
Yusif Vəzir Azərbaycan ziyalıları arasında birincilər
sırasında milli müqəddərat və milli muxtariyyət
məsələsini ortaya atmışdı. "Bizim məqsədimiz
və amalımız Azərbaycanımızdır!"
- deyən yazıçı 1917-ci ildə
Bakıda "Azərbaycan muxtariyyəti"
kitabçasını çap etdirmişdi. Keçmiş
imperiyada yaşanan xaosdan xilas olmaq üçün milli
dövlət qurulması ideyasını ortaya
atmışdı. Bu mənada Azərbaycan Cümhuriyyəti
haqda İstiqlal Bəyannaməsinə (26 may 1918) imza atanlar
arasında Yusif Vəzirin adı olmasa da, o, müstəqillik
ideyasının ilkin və atəşin tərəfdarlarından
biri, ehtiramla "əziz yoldaşımız və
böyük mürşidimiz" adlandırdığı Məhəmməd
Əmin Rəsulzadənin ideya dostu, ardıcılı idi.
1917-ci ildə
Kiyevdə Azərbaycanın müstəqilliyi ideyasının
hərəkətverici qüvvəsi sayılan Müsavat
partiyasının şöbəsi yaradılmışdı
(Partiyanın ofisi bu ünvanda yerləşirdi: Kiyev,
Jilixovskaya küçəsi, 51, mənzil 1). Yusif
Vəzirin rəhbərliyi altında Kiyev
müsavatçıları jurnal təsis etmiş, qurultay
keçirmiş, Ukrayna Radası ilə işgüzar əlaqələr
yaratmışdılar. Bütün
bunların nəticəsində "hər kəsdən
artıq Ukrayna Azərbaycana əhəmiyyət verirdi. Onlar deyirdilər, biz hər xüsusda Azərbaycana
kömək edəriz. Onların bizdən
bir çox ümidləri var idi" - Yusif Vəzirin bu
etirafı Rusiya imperiyasının süqutundan sonra Ukrayna-Azərbaycan
münasibətlərinin qürur doğuran həqiqi mənzərəsi
haqda təsəvvür yaradır. Sovet
imperiyasının süqutundan sonra yenidən milli müstəqilliyə
qovuşan xalqlarımız indi daha böyük əzmlə
eyni tarixin təkrarlanmasına çalışırlar.
Ukrayna Xalq Respublikasının elan olunduğu tarixi
toplantıda Yusif Vəzir də iştirak etmişdi. Bakıya, "Açıq
söz" qəzetinə göndərdiyi "İki aləm"
adlı məqalədə təəssüratını
soydaşları, həmvətənləri ilə belə
bölüşmüşdü: "Ukrayna cümhuriyyəti
elan eylədi... O axşam Mərkəzi Rada millətlər
şurası üzvlərinə məxsus kürsüdə
oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa
edirdim. Professor
Qurşevski (S.M.Qruşevski - Ukrayna tarixçisi,
Ə.Topçubaşovla eyni gimnaziyada təhsil almış,
uzun illər dostluq əlaqələri saxlamışdılar -
V.Q.) cümhuriyyət əsasını oxumağa
başladı. Tufani bir alqış qopdu.
Salon zəlzələ eylədi. Milli şərqilər
oxundu və cəmi adamlar ayaq üstə dərin imanlı bir
sima ilə dinləməyə başladı..."
Ukrayna milli hərəkat rəhbərləri ölkədəki
milli azlıqların fəaliyyətini əlaqələndirmək
məqsədi ilə Kiyevdə "Xalqlar qurultayı"
çağırmaq qərarına gəlmişlər. Bu məqsədlə
"Xalqlar şurası" adlı qurum
yaradılmışdı. Şura ayda iki
sayı çıxan "Svobodnıy Soöz" adlı
jurnal buraxırdı. Yusif Vəzir
üç nəfər yoldaşı ilə birlikdə
"Xalqlar şurası"nda Azərbaycanı təmsil edir,
ölkəsini tanıtmaq üçün bu qurumun
imkanlarından yararlanmağa çalışırdı.
Siyasi publisistikasında müstəqil Azərbaycanın
dövlət və ictimai institutları, ordu quruculuğu,
xarici siyasət, qadın azadlığı, qonşularla
münasibət kimi ciddi mövzulara toxunurdu.
Azərbaycan hökumətinin 1 noyabr 1918-ci tarixli qərarı
ilə Yusif Vəzir Ukrayna və Polşada diplomatik nümayəndə
təyin olunmuşdu. Lakin Kiyev bolşeviklərin nəzarətinə
keçdiyindən vəzifəsinin icrasına başlaya bilməmişdi.
1919-cu ilin fevralına qədər Krım
yarımadasında yaşamışdı. Bu dövrdə Simferopolda çıxan "Millət"
qəzeti ilə fəal əməkdaşlıqla bir
sırada. "Litva tatarlarının tarixi" adlı maraqlı tarixi
kitab çap etdirmişdi. Milli müstəqillik
yolunu tutan Krım tatarlarının mübarizəsinə dəstək
vermişdi. Bir müddət xarici işlər
naziri Cəfər Seyidametin müavini olmuşdu. Sonra isə əsas icra orqanının - Tatar
Direktoriyasının Ədliyyə departamentinə rəhbərlik
etmişdi.
1919-cu ilin aprelində böyük çətinliklə
Bakıya qayıdan Yusif Vəzir bütün qüvvə və
enerjisi ilə milli hərəkata qoşulmuşdu. Müsavat
fraksiyasının iclasında dost Ukraynada baş verən
ictimai-siyasi proseslər haqda məruzəsi dinlənilmişdi.
Hökumət "Vətənin mənafeyi uğrunda
çalışmaqdan yorulmaq bilməyən Vəzirovun" fəaliyyətini
layiqincə qiymətləndirərək həmin il avqustun 1-də onu Osmanlı imperiyasına
diplomatik nümayəndə (səfir) göndərmişdi.
O,
İstanbula Türkiyənin çox ağır zamanında gəlmişdi.
Osmanlı imperiyası son günlərini
yaşayırdı. Atatürkün
başçılığı altında milli-azadlıq hərəkatı
günü-gündən geniş vüsət alırdı.
Yusif Vəzir diplomat kimi bu mübarizəyə
münasibətini dəqiqləşdirə bilməmişdi.
Nəticədə TBMM hökuməti yanında
etibarını itirmişdi. Digər tərəfdən,
1920-ci ildə bolşevik Rusiyası Bakını işğal
etmiş, Azərbaycan Cümhuriyyətinin mövcudluğuna
son qoyulmuşdu. Sovet Azərbaycanı
Ankaraya öz səfiri kimi tezliklə Atatürkün yaxın
dostuna çevrilən keçmiş eser İbrahim Əbilovu
göndərmişdi. Beləliklə,
zamanında siyasi proseslərin nəbzini tuta bilməyən
Yusif Vəzir oyundan kənar vəziyyətdə
qalmışdı.
Amma vəzifəsindən rəsmən yalnız
bolşevik işğalından 8 ay sonra
ayrılmışdı. Həmin müddətdə daha çox
elmi fəaliyyətlə məşğul olmuşdu.
"Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul
elçisi Yusif bəy Vəzirov" imzası ilə faktoqrafik
material və ciddi elmi təhlillə zəngin "Azərbaycan
ədəbiyyatına bir nəzər" (1921), "Tarixi,
coğrafi və iqtisadi Azərbaycan" (1922)
kitablarını çap etdirmişdi. "Geniş
türkolojidə xüsusi bir azeroloji sahə
yaradılması" ideyasının gündəliyə gətirildiyi
bu əsərləri ilə müəllif elmi azərbaycanşünaslığa
böyük töhfə vermişdi.
1923-cü ilin əvvəlində Yusif Vəzir Fransaya
köçmüşdü. Kiçik
qardaşı Miri Parisdə Sorbonnanın Siyasi Elmlər
İnstitutunda təhsil alırdı. Ehtiyac
içində keçən tələbəlik illərində
ağır vərəm xəstəliyinə yoluxmuşdu.
Hüquqşünas kimi özünə heç yerdə
iş tapa bilməyən Yusif Vəzir qardaşına
yardım əli uzatmaq üçün Paris
yaxınlığında Klişe şəhərində,
avtomobil zavodunun ən zəhərli sexində adi fəhlə
kimi çalışmışdı. Demək
olar ki, bütün qazancını Mirinin müalicəsinə
sərf edirdi. Amma hər çətinliyə
rəğmən, yaradıcılıqda da
uzaqlaşmamışdı. "Paris xəbərləri"
qəzetində "Şərqdən məktublar"
başlıqlı məqalələr çap etdirmiş, vaxt
tapdıqca Paris kitabxanalarında tarixi-mifoloji "Qızlar
bulağı" romanı üçün materiallar
toplamışdı. Bəzən zəkasının
məhsulunu satmalı da olmuşdu.
Keçmiş əqidə yoldaşları - Cümhuriyyət
xadimləri və Müsavat rəhbərliyi ilə münasibəti
də Paris illərində pozulmuşdu. Çətin
vəziyyətdə qalan Yusif Vəzir yardım
üçün Azərbaycan siyasi mühacirətinin liderlərinə
- Ə.Topçubaşov və M.Ə.Rəsulzadəyə
müraciət etmişdi. Lakin onlar özləri
də ehtiyac içində olduqlarından keçmiş səfirə
heç bir maddi kömək göstərə bilməmişdilər.
Fəlakət hamının qapısını
eyni amansızlıqıa döyürdü. Təkcə onu demək kifayətdir ki, Əlimərdan
bəy 25 yaşında vərəm xəstəliyindən
ölən oğlu Rəşid Topçubaşinin (1900-1925)
müalicəsinə pul tapmamışdı. Amma subyektiv
hisslərə qapılan Yusif bəy hər iki lideri
Cümhuriyyətin vəsaiti hesabına zəngin həyat
keçirməkdə,
çətinliyə düşmüş
yoldaşlarına diqqət yetirməməkdə
günahlandırmışdı.
Mirinin ölümü (1925) Yusif Vəziri siyasi
keçmişi, əqidə dostları və Parislə
bağlayan son tellərin də qopmasına səbəb
olmuşdu. 1925-ci ildə o, Kiyevdəki tələbəlik illərindən
yaxşı tanıdığı Azərbaycan XKS sədri Qəzənfər
Musabəyova məktub yazıb Vətənə qayıtmaq istədiyini
bildirmişdi. Respublika rəhbəri
S.M.Kirovun razılığı ilə müraciətə
müsbət cavab verilmişdi. Zorən
mühacir 1926-cı ilin aprelində "fırtınalı dənizdə
uzun müddətli səyahətdən sonra xilas adası"
adlandırdığı Azərbaycana
qayıtmışdı. Vətənə
dönüş ərəfəsində Müsavat partiyası
ilə bütün əlaqələrini kəsdiyi və onun
sıralarını tərk etdiyi barədə bəyanat
yaymışdı. Təbii ki, seçim mühacir dairələrində
böyük narazılıq yaratmışdı. Hiddətini gizlədə bilməyən M.Ə.Rəsulzadə
"Yeni Kafkasiya" jurnalında Yusif Vəzirin əleyhinə
"Şərəfsiz bir aqibət" adlı məqalə
dərc etdirmişdi. Sonuncu həmin
yazıya və ünvanına söylənən digər
haqsız iradlara, əsassız ittihamlara Bakı mətbuatında
"Müsavatçıya cavab" adlı siyasi pamfleti ilə
münasibət bildirmişdi.
Vətənə döndükdən sonra o, "Bakı
işçisi" Kooperativ nəşriyyatının bədii
ədəbiyyat şöbəsində redaktor kimi işə
başlamışdı. Ədəbi-bədii
yaradıcılığını yeni ilham və şövqlə
davam etdirməklə yanaşı, Bakı universitetinin
aspiranturasına qəbul olunmuş, eyni zamanda şərqşünaslıq
fakültəsində mühazirələr oxumuşdu.
1930-1935-ci illərdə Sənaye İnstitutunda, Tibb
İnstitutunda, Pedaqoji İnstitutda Azərbaycan və rus dillərini
tədris etmiş, Azərnəşrdə tərcüməçi,
redaktor, "Ədəbiyyat qəzeti" redaksiyasında nəsr
üzrə məsləhətçi və s. kimi müxtəlif
elmi-ədəbi vəzifələrdə
çalışmışdı. Azərbaycan, fars,
rus, fransız, türk dillərini mükəmməl bilən,
yüksək bilik və mədəniyyəti, intellektual əhatə
dairəsi ilə seçilən Yusif Vəzir
çalışdığı hər yerdə böyük
etimad qazanmışdı. Xüsusən 1920-ci
illərin hələ bolşevik ideologiyasının zərərli
təsirlərinə yoluxmayan gəncliyi onun şəxsiyyətinə
və yaradıcılığına ehtiramla
yanaşırdı.
1927-ci ildə bir qədər gec də olsa, ailə
qurmuşdu. Məşhur Acalovlar nəslindən Bilqeyis
xanımla nikahından oğulları Orxan (1928-2010), Fikrət
(1929-2004) və qızı Gülarə (1932-?)
doğulmuşdu. Həyatının nisbətən
nizama düşməsi yaradıcılığına da təsirsiz
qalmamışdı. 1926-1936-cı illərdə
Yusif Vəzirin hekayə, roman və
elmi əsərlərdən ibarət 14 kitabı nəşr
olunmuşdu. Çoxsaylı tarixi, lirik və satirik hekayələri,
"Studentlər", "Qızlar bulağı",
"İki od arasında", "Bir cavanın dəftəri",
"Həzrəti-Şəhriyar", "Altunsaç"
kimi roman, povest, pyes və ssenariləri geniş oxucu rəğbəti
qazanmışdı. Ruhulla Axundovun ümumi
redaktəsi altında 1934-cü ildə çap olunan
"Rusca-azərbaycanca lüğətin" müəlliflərində
biri idi. Yazıçı uzun məşəqqətlərdən
sonra sanki ailədə, həyatda, ədəbiyyat və cəmiyyətdə
yerini tapmış, insani xoşbəxtliyinə
qovuşmuşdu.
Amma idilliya uzun sürmədi. Qarşıdan Azərbaycanda
xüsusən amansız şəkildə həyata
keçirilən "böyük terror" gəlirdi. Yusif Vəzirlə bağlı təqiblər isə
daha əvvəl başlamışdı. 1933-cü ildə
"Həyatım" adlı avtobioqrafik qeydlərində
müəllif artıq geniş vüsət almağa
başlayan bu haqsız hücumlara qarşı çıxaraq
yazırdı: "Hal-hazırda gənc münəqqidlər
(tənqidçilər - V.Q.) mənim on üç il əvvəl
işlədiyim bir xətanı, dörd aylıq bir şəxsi
fəaliyyətimi 25 illik ədəbi fəaliyyətimə
qataraq, ədəbi sahədəki xidmətlərimə qələm
çəkərək, nə rəng verirlərsə versinlər,
ancaq türk yazıçıları içərisində ən
inqilabçı bir yazıçı olduğumu kimsə
inkar edə bilməz". Təbii ki,
buradakı "inqilabçı" epiteti siyasi deyil, ədəbi-bədii
məzmun daşıyırdı. Yusif Vəzir
həqiqi mənada XX əsr Azərbaycan ədəbiyyatında
inqilabi dəyişikliklərə imza atan cəsur
yazıçılar sırasında idi.
Amma onu "böyük inqilaba" düşmən
münasibətdə günahlandırırdılar. Azərbaycan
Yazıçılar İttifaqının 1937-ci ilin
martında keçirilən plenumunda İttifaq
üzvlüyündən çıxarılmışdı.
Reallığa əsaslanan "Studentlər"
və mifik-tarixi "Qızlar bulağı" romanları əksinqilab
ideyalarını təbliğ edən əsərlər kimi hədəfə
alınmışdı. Qapılar hər
yerdə üzünə bağlanmışdı. Bacardığı sahədə
çalışıb ailəsini dolandırmaq imkanından məhrum
edilmişdi. Azərbaycan kommunistlərinin
rəhbəri M.C.Bağırova və Stalinə müraciətləri
cavabsız qalmışdı.
1938-ci il avqustun 9-da Yusif Vəzirin həbsi barədə
order imzalandı. Həmin vaxt yazıçı
Bakıda deyildi. Bir iş tapmaq ümidi ilə
Aşqabada getmişdi. Qayıdandan sonra heç
kəsin Bakıda olduğundan xəbər tutmaması
üçün bir neçə ay mənzilindən kənara
ayaq basmamışdı. Oğlu Orxanın
dediyinə görə gələcəkdə ailəsinə təhlükə
yarada biləcək bəzi əlyazmalarını
yandırmışdı. Amma yeni əsər
də yazmışdı. İlk dəfə 1960-cı
ildə "Qan içində" adı ilə nəşr
olunan tarixi-siyasi "İki od arasında" romanı məhz
günəş işığına, insan ünsiyyətinə
həsrət qaldığı bu ağır günlərdə
yaranmışdı. Qarabağ xanının vəziri,
böyük şair Molla Pənah Vaqifin və Qarabağ
xanlığının timsalında müəllif
xalqımızın başı üzərindən bu gün də
çəkilməyən bir çox bəlaların dəqiq
mənşəyini və mənzərəsini
canlandırmışdı.
Xoşbəxt
bir təsadüf ona daha il yarım
azadlıqda qalmağa və sevimli işi ilə məşğul
olmağa imkan vermişdi. Qəzetdə Özbəkistanın
Ürkənc Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı
müəllimi yerini tutmaq üçün müsabiqə elan etdiyini
oxuyan Yusif Vəzir sənədlərini müsabiqə
komissiyasına göndərmişdi. Tezliklə
işə qəbulu ilə bağlı məktub
almışdı. Konspirasiya şəraitində
yaşadığı Bakıdan necə, hansı yolla
çıxdığı bilinməsə də 1940-cı
ilin yanvarına qədər Ürkəncdə işləmişdi.
İnstitutda rus dili və ədəbiyyatı
fakültəsinin əsasını qoymuş, rus və xarici
ölkələr ədəbiyyatı və dilləri
kafedrasına rəhbərlik etmişdi.
Yusif Vəzirin
izinə düşən NKVD casusları 1940-cı il yanvarın 27-də onu Ürkənc şəhərində
həbs edib Bakıya gətirmişdilər. Keşlə
həbsxanasında ağır psixoloji təzyiq və işgəncələrlə
müşayiət olunan istintaq altı ay çəkmişdi.
Yazıçı saxta ittihamların heç
birini qəbul etməmiş, eyni zamanda nahaq yerdən heç
kəsi ələ verməmişdi. Bu
müddət ərzində bir dəfə də olsun ailə üzvləri
və yaxınları ilə görüşməyə imkan
yaradılmamışdı.
"Üçlüyün" qərarı ilə "əksinqilabi
fəaliyyətinə" görə 8 il
həbs cəzasına məhkum olunmuşdu.
Cəzasını çəkmək üçün Qorki (Nijni-Novqorod) vilayətinin Suxobezvodnoe qəsəbəsində yerləşən Unjlaq həbs düşərgəsinə göndərilmişdi. İkinci Dünya müharibəsinin başlanması onsuz da dəhşətli məhrumiyyətlərlə dolu düşərgə həyatını lap dözülməz etmişdi. Azərbaycan xalqının XX əsrdə yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də bu Sovet cəhənnəmində ürək çatışmazlığı və ingilislərin qara yumorla 4D (diareya, dermatit, demensiya, dead-ölüm) adlandırdıqları pellaqro xəstəliyindən - sadə dildə desək, insanı dəli olmaq dərəcəsinə gətirən aclıqdan ölmüşdü.
Sovet rejimi ideoloji cəhətdən özününkü saymadığı görkəmli Azərbaycan yazıçısı, ictimai xadim Yusif Vəziri cismən məhv etmişdi. Sözünü, yaradıcılığını öldürmək isə mümkün olmamışdı. "Rusiya şəhərlərinin anası" Kiyevin əzəmətli və munis obrazının yaradıldığı "Studentlər" romanının günümüzdə Ukrayna dilinə tərcüməsi, təhsil aldığı Müqəddəs Vladimir Universitetində xatirəsinin daim əziz tutulması bu əbədi yaşarılığın, ölməzliyin daha bir təcəssümüdür. Bu, həm də dost Ukrayna xalqının insan və şəxsiyyət kimi yetişməsinə töhfə verdiyi böyük insan və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə dərin ehtiramının ifadəsidir.
"Studentlər" Azərbaycan üçün olduğu qədər Ukrayna üçün də əhəmiyyətli, aktual, günümüzlə səsləşən əsərdir. Hər iki xalqın həyatının mühüm bir dövrünün bədii obrazı və salnaməsidir. Bu əsərdə dostluğmuzun köklərini və onu neçə yaşatmaq, inkişaf etdirmək yollarını görmək mümkündür.
Bu mənada romanın Azərbaycanda olduğu
kimi, dost Ukraynada da öz oxucusunu tapacağına
düşünməyə hər cür əsas var.
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 12 fevral.- S.10-11-12.