Ən doğru cavab
Münsif olmaq həmişə çətindir. Münsif olmaq
haqla olmaq deməkdir. Münsif olmaq tərəzini
əyməməkdir.
Artıq
həftələrdir ki, Azərbaycan mətbuatında, sosial
şəbəkələrdə, efirlərdə ciddi fikir
mübadilələri gedir və Milli Elmlər
Akademiyasındakı mövcud vəziyyət, akademik Ramiz
Mehdiyev idarəçiliyinin fəsadları və bundan törəyən,
eləcə də vaxt ötdükcə daha da dərinləşəcək,
bir qədər də geniş miqyaslar ala biləcək
böhran, daha ağır və arzuolunmaz nəticələrə
çıxaracaq yarıtmaz və ziyanlı fəaliyyət
haqda düşüncələr səngimək bilmir.
Bunlar sadəcə iki tərəfin mübahisəsi deyil
ki, kimin harada düz, kimin harada nə qədər
yanlış olduğu hökmünü verəsən.
Bunlar mahiyyəti etibarilə əsl ictimai müzakirələrdir.
Çünki münasibət bildirənlərin dairəsi
günbəgün genişlənir, müzakirələr xeyli
müddətdir ki, Elmlər Akademiyası divarlarından kənara
sıçrayıb, yalnız ölkə alimləri, ziyalıları
deyil, artıq sadə vətəndaşlar da həmin məsələlərə
münasibət bildirməyə başlayıblar.
Elmlər Akademiyasının xalqın sərvəti
olduğu hər kəsə aydındır və bu zəka mərkəzini
onu qurmuş, yaşatmış, dünya boyunca şöhrətləndirmiş
böyük alimlərin adlarına və əsərlərinə,
nəcib ənənələrinə layiq bir səviyyədə
qorumaq və irəlilətmək hamımızın istəyidir. Lakin bilavasitə Elmlər
Akademiyasında çalışanlar, bu misilsiz təsisat həyatlarının
bir parçası olanlar və Akademiyada son 3 ilə yaxın
müddətdə baş verənləri sadəcə izləməyib,
həm də bütün gərginlikləri yaşamalı
olanlar, təbii ki, daha həssas münasibət göstərirlər
və göstərməyə də borcludurlar.
Çünki görüb dinməmək, pisə,
inkişafa mane olana, daha artıq - əldə
olunmuşları da asta-asta itirməyə yönələn
yöndəmsiz əməllərə imkanı çərçivəsində
qarşı durmamaq qəbahətdir.
Belə fəaliyyətsizlik qanun baxımından da, mənəviyyat
ölçüləri ilə də suçdur.
XX yüzilin əvvəllərində, indi Elmlər
Akademiyası Rəyasət Heyətinin yerləşdiyi
binanın ən yuxarı hissəsində, dəndanələrdən
aşağıda ərəb əlifbası ilə, elə
gendən naxışabənzərliyi ilə göz oxşayan
2 müdrik kəlam yazılıbmış.
1918-ci il mart soyqırımları zamanı ermənilərin
qarət edib yandırdıqları "İsmailiyyə"ni
bolşeviklər 1920-ci illərin əvvəllərində
sökmək qərarını verirlər, ancaq insanların
çoxsaylı ertirazı və müqaviməti rəzalətin
qarşısını alır və imarətin bərpası
qət edilir.
Üzrü
günahından betər iş baş verir. Bərpanın
layihə işlərini tapşırırlar memar Vartan
Sarkisova. O da xislətlərinə yaraşan
vartanlıqla "İsmailiyyə" sarayının ilkin
görünüşünə xələl gətirən dəyişmələr
edir və təxribatlarından biri də bu olur ki, ərəb
dilindəki həmin 2 nəsihətli yazını
"Quran" ayələri, dini ifadələr kimi qələmə
verərək ləğv etdirir.
Sındırılaraq
yerinə sovet ulduzları həkk edilən, 1300 ildən
artıq yaşı olan o iki zərbülməsəldən
biri bu imiş: "Dünyanın
qatışıqlığı təəccüblü deyil. Təəccüblü olan insanların bu
qatışıqlıqdan necə baş
çıxarmasıdır".
İndi Akademiyada baş verənlər, bu əziz elm məbədinin
düçar olduğu nigaran hal da təəccüblü deyil. Vecsiz idarəetmə,
lakin bəlkə də qabiliyyətsizlikdən daha çox
çökdürməyə hesablanmış fəaliyyət
bu çıxılmazlığı yaratmalı idi.
Lakin axı Elmlər Akademiyamız həm də orada
işləyən minlərlə insanın gündəlik həyatı,
həyatlarından sonra da davam edəcək ömürləri
deməksə, əsl təəccüb doğuran odur ki, niyə
onların əksəriyyəti bütün bu gedişatı
sadəcə seyrçi kimi izləyir?
Yuvanızın taleyi niyə sizi darıxdırmır,
incitmir, nədən dərdinizi içərinizdə
saxlamısınız?
Hamı
sözünü deməlidir!
Akademiya
prezidenti akademik Ramiz Mehdiyev bu qədər adam deyəndən,
yazandan, dəlillərlə, sübutlarla bəyan edəndən
sonra ki, belə işləmək, belə davam etmək olmaz,
bu cür idarəetmə Milli Elmlər Akademiyasını
sarsıdır, laxladır, çökdürür, getməlisiniz,
yenə dediyini deyir, yenə inad edir ki, yox, siz hamınız
haqsızsınız, mən burada sağlam mühit
yaradacağam, iş görəcəyəm.
Belə cavablandırma, haqlı tənqid və iradlara,
xeyirxahlıqla edilən "Vaxtında, abır-həyayla,
özxoşuna gedin" çağırışlarına məhəl
qoymamaq, anlaşılmaz dirəniş göstərmək
çox narahatedicidir və qəliz suallar, şübhəli
ehtimallar da doğurur.
Yaxşı, getməyəcəksinizsə, bu həngamədən
sonra kiminlə işləyəcəksiniz?
Axı Elmlər Akademiyasının aparıcı alimləri
bir-birinin ardınca çıxışlar edir, etiraz səsini
qaldırır, "get" deyir, "nə qədər ki
özünüzü də, Akademiyanı da daha dərin
girdaba salmamısınız, yoldan kənarlaşın,
abırlı aralanın" söyləyir.
Eşitmək istəmir, əksinə, qabarır,
qarşı tərəfi haqsız çıxarmağa cəhd
edir, ittihamlar irəli sürür, institut direktorlarını
günahlandırır, hədələyir.
Belə davranış isə daha məyusedici perspektivlərdən
xəbər verir.
Demək, hələ bugünədək törədilənlər
azmış, Akademiyada daha qaba qarşıdurmalara, daha narahat
günlərə, daha qanqaraldıcı qalmaqallara hazır
olmalıyıqmış?
Azərbaycanın
dövlət müstəqilliyini bərpa etdikdən sonrakı
ilk illərində, xalqın iradəsi ilə yenidən
hakimiyyətə qayıtmış, ləngər vuran dövlətin
sükanı arxasına keçərək dar macalda sahman
yaratmağa çalışan unudulmaz Heydər Əliyevin o
mübarizəli, sınaqlı günlərdən yadigar qalan
bir məşhur ifadəsi var: "Mövqe göstərin!"
Yəni elə anlar gəlir ki, gərək biganə
qalmayasan, "görək axırı nə olur"
gümanı ilə, hər şey durulandan sonra təzədən
üzə çıxmaqçün sakitcə bir
qırağa çəkilməyəsən, məhz zərurət
yarandığı dəmdə nala-mıxa vurmadan qəti,
birmənalı sözünü deyəsən.
Xüsusən o vacib məqamlarda ki, sənin də
mövqeyinin müqəddərat siqlətli məsələlərə
aidiyyəti var.
İndi həmin dönəmlərdən biridir və
artıq yekunlaşdırmağın vaxtı yetdi.
İctimaiyyətə
bilik həyatımızın hamını fərəhləndirən,
qürrələndirən yenilik və xoş müjdələrini
çatdırmalı olan Elmlər Akademiyası saytını
olmalı olan ali səviyyəsinə qətiyyən
yaraşmayan, gələcəkdə həmişə bəd
yuxu kimi xatırlanacaq indiki durumundan, onu qisas alətinə,
birtərəfli, qaydasız döyüş meydanına
döndərməkdən qurtarmağın vaxtı
çatdı.
Görkəmli
alimlər, Milli Məclisin deputatları, ən
tanınmış aydınlarımız,
yazıçılar, jurnalistlər, fərqli siyasi
düşüncəli insanlar hamısı bir səslə
sıra-sıra inkaredilməz əsaslandırmalarla Ramiz
Mehdiyevin Elmlər Akademiyası prezidenti kürsüsünə
layiq olmadığını bildirir, durmadan istefaya səsləyir,
Akademiya saytından isə dərhal
yalnız ayrı-ayrı şəxslərə yönəlmiş
qeyzli ittihamlar yox, bütövlükdə dövlətçiliyimizin,
siyasi xəttimizin, Milli Məclisin əleyhinə olan heç
vəchlə qəbuledilməz yazılar yer alır.
Axı o
sayt bir nəfərin - Akademiyaya rəhbərlik etmək həvalə
edilmiş şəxsin fərdi ruporu deyil, bu sayt Elmlər
Akademiyasınındır, onu belə miskin vəziyyətə
salmaq dözülməzdir!
Ona
görə də son qərarı artıq Akademiya, akademiklərimiz,
Rəyasət Heyəti, ümumi yığıncaq verməlidir,
bu cür daha davam edə bilməz, toplaşmaq, aydın,
açıq mövqe ortaya qoymaq gərəkdir.
Ramiz Mehdiyev dövlət idarəçiliyi şəbəkəsində
uzun yol keçmiş insandır.
Yolsa təcrübə, dərslər deməkdir. Budurmu yoldan, təcrübədən
alınan dərs?
Arxada
qalan günlər boyunca gündən-günə artan şiddətlə
akademik Ramiz Mehdiyev haqqında dərc edilən yazılar,
çıxışlar, müraciətlər, müsahibələr,
Elmlər Akademiyasını bu iflic vəziyyətindən
qurtarmaqçün qurum rəhbərinin istefa verməli
olduğunu tövsiyə edən, artıqsa həm də tələb
edən çağırışlara AMEA-nın rəsmi
saytında müfəssəl cavab dərc edilib.
O cavabda,
özü də tənqid olunan tərəfin həmin cavabda
ayrı-ayrı tənqidçiləri haqqında
yürütdüyü mülahizələr deyil, dövlətçi
düşüncəylə qətiyyən uyğun gəlməyən,
illah da Ramiz Mehdiyevin ifadə etməsi anlaşılmaz olan
müddəalar yer almasaydı, mən yenidən bu mövzuya
qayıdaraq cavaba cavab olan yazını başlamazdım.
Ramiz Mehdiyev illərcə ölkənin dövlət və
siyasət həyatının mərkəzində dayanıb. Bu gün də,
hələ qarşıdakı xeyli illərdə də
dövlət sirləri daşıyan bir şəxs olaraq
qalacaq. Lakin bütün bunlar belə
ola-ola dövlətimizin yürütdüyü siyasətə,
apardığı xəttə əks gedən mülahizələr
Ramiz Mehdiyevin cavabında nə gəzir?
Deputatlara saxta, seçilmiş yox, "təyin
olunmuş" deyir.
Bunlar ağır sözlərdir. Bunlar sadəcə
bir-iki nəfəri qaralamaq deyil.
Bunları
ifadə etmək və ardında dayanmaq adi iş sayılmaz.
Bu, hüquqi məsuliyyət yaradan ittiham, sübut edilməsi
tələb edilərsə, danılmaz faktlar istəniləcək
və böhtan atanı çıxılmaz vəziyyətə
salacaq iddiadır. Azərbaycanın əleyhdarı, dövlətin
apardığı siyasətə qarşı düşmən,
yaxud qatı müxalif mövqedə dayanan kiminsə dilində
bu fikrin səslənməsi qeyri-adi görünməyə bilər.
Lakin bu ifadə illərcə ölkədəki seçki
proseslərinə nəzarət etmiş, hər şeyin qanun
çərçivəsində cərəyan etməsinə
cavabdehlik daşımış şəxs tərəfindən
bəyan ediləndə, həm də bunlar Elmlər
Akademiyasının rəsmi saytında rəsmi mövqe kimi əksini
tapanda ikiqat, üçqat artıq heyrət və hiddət
oyadır.
Çünki bu, sadəcə söz, hirslə ifadə
edilmiş nöqteyi-nəzər deyil, əqidə məsələsidir,
bir insanın illərcə getdiyi yola qarşı çevrilməsi
deməkdir.
Ölkədə siyasi müxalifətin şəkillənməsi
uzun prosesdir və müxalifətsiz demokratik cəmiyyət
mümkün deyil.
Müxalifət cəbhəsinə ünvanlanan,
bütövlükdə ölkədəki fərqli siyasi
düşüncə palitrasına təhqir olan, qondarmalıq
yarlığı yapışdırmağa köklənən
"avtobus, cib müxalifəti" ifadələrinin Ramiz
Mehdiyev kürsüsündən ucalması rəvadırmı?
Düşmən, istəməyən, hər işimizə
qara eynəklə baxan üçün belə mötəbər
şəxsin təqdimatında bu təhər ifadə göydəndüşmədir.
Deyəcək, mən demirəm ki, illərcə bu
proseslərin içində olan, həm də söz sahibi bir
siyasətçi təsdiqləyir ki, sizdə müxalifət əldəqayırmaymış.
Belə ifadələr həm dövlətə, onun siyasətinə,
xəttinə, həm də müxalif cəbhədəki
yüzlərlə, minlərlə saf əqidəli,
ardıcıl, mətin insana qarşı da, ən yumşaq
şəkildə söylənərsə,
sayğısızlıq, həqarətdir.
Elə
bütün bu qəbil saçmaların nəticəsidir ki,
artıq belə kinayəli deyişlər də eşidilir və
sosial şəbəkədə də yazılaşır ki,
sanballı müxalif qurumlarda yer ayırın, gələn
var, istehza edirlər ki, göz-qulaqda olun, bəlkə partiya da
yaratdı...
Yaraşarmı bu həddə çatdıran belə
davranışlar, belə deyişlər, belə hərəkətlər?
Və bu cür əqidə sapmalarını, siyasətimizə,
xəttimizə zidd düşüncəni guya "Elmlər
Akademiyası Mətbuat xidmətinin
baxışıdır" izahı ilə əsaslandırmaq
başaldatmadır və mümkünsüzdür.
O xidmətdə
çalışanlar nəkarədir özbaşına belə
sözlər yaza, sağlam dövlət düşüncəsinə
zidd bu sayaq hərzə-hədyana saytda yer verə?!
Həmin cavabın içində mövqe, əqidə dəyişmək
haqqında ikrahla bəhs edilir.
Bunu bilə-bilə bunca kəskin yol, mövqe dəyişmək
nə demək?!
Ayrı-ayrı insanlara, hadisələrə zaman
keçişi ilə baxış, dəyərvermə dəyişə,
başqalaşa bilər. Əqidə məsələsində isə
güzəşt olmur.
Bir həssas nöqtəyə də diqqət yetirməsəm,
olmaz. Yüksək məsuliyyət duyğusu hər
insanın zinətidir. Lakin bir var sənin şəxsi məsuliyyətin,
bir də var sənə bağlı sıra-sıra insanlara aid,
sənə inanan, sənə arxalanan, sənə güvənən
doğmalarınla, yaxınlarınla, həmkarlarınla,
tabeçiliyindəkilərlə, yol yoldaşlarınla əlaqədar
məsuliyyətin.
Gərək körpüləri yandıranda, haqsız
ola-ola haqlı tərəfdəkilərin hamısı ilə
mübarizəyə başlayanda sənə bağlı
olanları da, onların sonrakı aqibətini də unutmayasan,
vəzifəcə səndən aşağıda olan, səsini
çıxarmağa çəkinənlər
qarşısında məsuliyyətini də hiss edəsən.
Suda batan adətən ən yaxınında olanları,
ilk növbədə elə onu xilas etməyə can atanı
da bilərəkdən, ya qeyri-ixtiyari özüylə
dartıb aparmağa çalışır.
Zənnimcə, akademik Ramiz Mehdiyev də, ona ən
yaxın ətraf da bu incə məsələni gərək
unutmaya.
Hamının yekdil olduğu, ən müxtəlif təbəqələri
təmsil edənlərin baxışlarının
üst-üstə düşdüyü məqamda belə
inadkar müqavimətin səbəbi nədir?
Axı niyə o həddə çatdırılmalıdır başlasınlar "kənardan idarə olunursunuz" deməyə, "reallıq hissini itirmisiniz" söyləməyə, aradakı bütün xətir-hörmət pərdələrini götürməyə?
Bu günlər ərzində bütün yazılanlardan, söylənənlərdən çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasında dəyişikliklər, islahatlar mütləqdir, akademik Ramiz Mehdiyev bu qurumun rəhbəri kimi xüsusi səriştələr, enerji, şövq, yenilikçi ruh tələb edən çətin vəzifəni yerinə yetirmək iqtidarında deyil. Bu quruma yeni can və qan vermək üçün, təbii ki, o gediş bəs edən deyil. Gərək gecə-gündüz yorulmadan iş aparıla ki, bu ELM MƏBƏDİMİZ arzuladığımız əsl uca səviyyəsinə dikələ.
İnanıram ki, Rəyasət Heyətinin indiki Akademiya prezidentinin iradəsindən kənar toplaşmasını, üzə qarşı ən sərt çıxışların səslənməsini gözləmədən, vəziyyəti bir az da kəskinləşdirəcək yeni cavablar hazırlatdırmağa tələsməkdənsə akademik Ramiz Mehdiyev özünüzün də, Elmlər Akademiyasının da səhhətini və daha münasib sabahını düşünərək ləngimədən könüllü getmək qərarını verməlidir.
Ən doğru cavab, ən düz seçim budur, Ramiz müəllim!
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 12 fevral.- S.6;7.