Çalışırıq ki, efirdə səmimiyyəti qorumaqla
dinamikanı da artıraq
"Azərbaycan televiziya və radio verilişləri"
QSC-nin sədr müavini Rüfət Həmzəyev: Təkcə
televiziya sahəsində yox, elə həyat da hər zaman qızıl
orta tapılmalıdır
Çoxlarının Sevgililər günü bildiyi 14 fevral tarixi həm də Azərbaycanda televiziyanın yarandığı
gündür. 1956-cı ilin 14 fevral günü Şərqdə
ilk televiziya məhz ölkəmizdə - paytaxt
Bakı şəhərində
fəaliyyətə başlayıb.
Ötən 66 il ərzində Azərbaycanda bir çox televiziya kanalları fəaliyyətə
başlayıb, ən
müasir standartlara əsaslanan rəqəmsal
televiziya yayım şəbəkəsi formalaşıb.
Bəs bu ötən müddətdə
ana televiziya sayılan Azərbaycan Televiziyasında nələr
dəyişib, hansı
nailiyyətlərə imza
atılıb? Bu və digər suallara cavab tapmaq üçün
Azərbaycan televiziyasının
fəaliyyətə başladığı
tarixi gün ərəfəsində "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-nin
sədr müavini, xeyli gənc olmasına baxmayaraq, artıq tamaşaçıların
kifayət qədər
rəğbətini qazanmış
telejurnalist Rüfət
Həmzəyevlə görüşüb
söhbətləşdik.
- Rüfət müəllim,
məlumdur ki, yarandığı gündən
indiyədək Azərbaycan
Televiziyası uzun və keşməkeşli
bir yol keçib.
Bu dönəmlərdə televiziya hansı mərhələlərdən adlayıb?
- Əvvəlcə bu
əlamətdar tarixdə
məni müsahibəyə
dəvət etdiyinə
görə 525-ci qəzetə
təşəkkürümü bildirim. Televiziyanın inkişaf mərhələlərindən
danışırıqsa, ilk növbədə, qeyd etməliyəm ki, mən 66 yaşlı AzTV-nin fəaliyyətinin sadəcə 12-13 ilinə
şahidlik etmişəm.
Bu zəngin tarixlə
tanışlıq imkanımın
daha da genişlənməsi
isə ötənilki
yubileylə bağlı
həmkarımız, istedadlı
yazıçı-dramaturq Ülviyyə
Heydərova ilə həmmüəllifi olduğum
Mehdi Hüseyn küçəsi, 1 sənədli
filminin hazırlanması
zamanı baş verdi. Televiziyamızın veteranları tez-tez deyirlər ki, AzTV-nin xüsusi energetikası var, bura bir məbədgahdır.
Yəqin
razılaşarsınız ki, Azərbaycan televiziyası haqqında işlədilən Ana televiziya
ifadəsi də çox məşhurdur.
Zaman ötdükcə
və ömrün illəri televiziya illərinə qarışdıqca
adam bu
fikirlərin nə dərəcədə həqiqət
olduğunu daha aydın fəhm edir. Qeyd olunan
sənədli filmdə
teleradiomuzun 3 müharibəyə
- İkinci Dünya müharibəsi, Birinci Qarabağ müharibəsi
və İkinci Qarabağ - Vətən müharibəsinə şahidlik
etdiyi xüsusi vurğulanmışdı. Heç şübhəsiz,
tarixin yaddaşına
həkk olunmuş bu hadisələr də televiziyanın fəaliyyətinə nələrsə
qatmamış deyil.
96 yaşlı Azərbaycan Radiosu, 66 yaşlı Azərbaycan Televiziyası tarixin bütün dövrlərində
ölkəmizdə ictimai-siyasi
fikrin formalaşmasına
da böyük miqyasda təsir göstərib. Eyni zamanda,
burada həm də cəmiyyətdə
gedən proseslərin
inkişaf tempinin inikasını tapa bilərik.
- Bəs sizin yolunuz AzTV ilə
necə kəsişdi?
- İbtidai sinifdə oxuduğum illərdə AzTV-nin Uşaq
verilişləri redaksiyasının
rejissoru Aydın müəllim məktəbimizə
seçimə gəlmişdi.
Əsasən Çıraq və
digər uşaq verilişlərində aparıcı
olaraq seçilmiş
şagirdlər sırasında
nə xoş ki, mənim də adım var idi. Hərdən
zarafatca mənə deyirlər ki, sən elə o vaxtdan burada işə başlamısan.
- Ötən dövrlərə
nəzərə salanda,
televiziya verilişlərində
özünəməxsus bir
səmimiyyət müşahidə
edilirdi. İndi isə sanki
bu səmimiyyət dinamikliklə əvəz olunub. Maraqlıdır,
bu təzadlı mənzərəni tənzimləmək
üçün qızıl
ortanı hansısa şəkildə
qoruyub saxlamaq mümkündürmü?
- İcazənizlə, bu məqamda sizə bir qədər
opponentlik etmək istərdim. Biz çalışırıq
ki, efirdə səmimiyyəti qorumaqla dinamikanı da artıraq. Tamaşaçı
ilə ekranarxası səmimiyyət necə yaranır? deyə maraqlananda televiziya sahəsində ilk müəllimlərimdən
biri mənə demişdi ki, burada birinci məsələ səmimiyyətdir
və kameradan nəsə gizlətmək
mümkün deyil, televiziya sənin ruh halını, əhvalını, hətta
beynindən keçənləri
də ekran arxasından ötürə
bilmək möcüzəsinə
sahibdir. Amma razılaşaq
ki, əsrimiz sürət, ələlxüsus
da informasiya sürəti əsridir, artıq informasiyanın istehsalı və ötürülməsi forma və
keyfiyyətcə yeni mahiyyət kəsb edir.
- Azərbaycan Televiziyasında
hansı yeniliklərə
imza atılır, hansı tədbirlər həyata keçirilir?
- Ümumilikdə 2021-ci il Azərbaycan Televiziyası üçün
məhsuldar il olub. 28 adda yeni verilişin ekrana çıxarılaraq
yayımlanmasına başlanılıb.
Burada hər üç telekanalı - AzTV, Mədəniyyət TV və
İdman TV-ni nəzərdə tuturam.
Layihələrdən 12-si AzTV kanalının
payına düşür.
Təkcə ötən
il 30 bədii-sənədli
film istehsal olunub. 2021-ci ildə əzəli
torpaqlarımızın işğaldan
azad olunmasının birinci ildönümünü
qeyd elədik. Bununla bağlı xüsusi layihələr həyata keçirildi. Oxuyur Vətən layihəsini xüsusi qeyd edə bilərik.
Mədəniyyət kanalında
da 12 yeni layihə hazırlandı
- Vətən daşı,
Bildiyiniz kimi deyil, Harmoniya kimi verilişlər buna misal ola bilər. Ötən il
həm də onunla əlamətdar oldu ki, televiziyanın
yayım formatı
full HD formatına keçdi.
Televiziya
mövsümü sentyabr
ayından başlandığı
üçün düşünürəm
ki, bu mövsümdə
nəzərdə tutulan
layihələrin bəzilərinin
anonsunu verə bilərik. Lisenziyalı intellektual yarışma,
tarixi həqiqətlərimizin
yeni formada və ənənəvi məzmunda həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində də
yeni layihələr nəzərdə tutulur.
2022-ci il - Şuşa İli çərçivəsində silsilə elmi-tarixi verilişlər yayımlanacaq.
Gerçəklər adlı veriliş bu planın tərkib hissəsidir və artıq ilin əvvəlindən efirdədir. Azərbaycan Televiziyasında
80-ə yaxın lisenziyalı
film nümayiş etdiriləcək.
Ümid edirik ki, bütün
adını çəkdiyimiz
və çəkmədiyimiz
bu layihələr həm tamaşaçı
zövqünü oxşayacaq,
həm də müəyyən mənada
istiqamətləndirmiş olacaq. Ötən ilin
sonunda AzTV-də cənab Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Prezident. Təkrarsız diplomatiya adlı
sənədli film də
istehsal edildi. Ekran işində prezidentlər,
dövlət və hökumət başçıları,
dünyanın aparıcı
siyasi xadimləri, beynəlxalq təşkilatların
rəhbərləri və
nüfuzlu jurnalistlərin
müsahibələri yer
aldı. Onlar Azərbaycan
Prezidentinin şəxsi
keyfiyyətləri, prinsipial
mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik
məqamları şərh
etdilər. Filmdə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin,
eləcə də digər dövlət və hökumət başçıları Prezident
İlham Əliyevin Azərbaycan üçün
gördüyü böyük
əhəmiyyət kəsb
edən işlər barədə danışıblar.
- AzTV-də həm də Teleradio Akademiyası fəaliyyət
göstərir və hər il
nə qədər müdavim bitirdikdən sonra burada qalıb
fəaliyyət göstərir.
- Bəli, bu baxımdan
televiziyanın çox
yaxşı ənənəsi
formalaşıb. Teleradio Akademiyasının
müdavimləri son üç
ildə Azərbaycan Televiziyasında işlə
təmin olunub və artıq bu, işlək mexanizmə çevirilib.
Pandemiya və müharibə dönəmlərində
bu prosesdə bir qədər təbii fasilə yaranmışdı, artıq
proses yenidən bərpa olunub. Azərbaycan Televiziya və Radiosunun istənilən strukturuna nəzər salsanız, orada sözügedən akademiyanın
müdavimlərini görə
bilərsiniz.
- Bəs televiziyanın beynəlxalq əməkdaşlıq
əlaqələri nə
yerdədir?
- Beynəlxalq əməkdaşlıq
əlaqələrimiz xeyli
genişlənib. Biz bu əlaqələrin keyfiyyətcə yeni mərhələyə daxil
olmasını müharibə
və post-müharibə
dövründə daha
aydın sezməyə
başladıq. Qardaş Türkiyə
ilə ortaq yayım platformasına keçid etdik. Bu, hər iki
ölkənin auditoriyası
üçün məlumatlanma
baxımından fərqli
xüsusiyyət daşıyırdı.
AzTV Türk dövlətləri təşkilatına
daxil olan, eyni zamanda Azərbaycanla
strateji tərəfdaş,
dost və müttəfiq
olan ölkələrlə
əməkdaşlığı yeni bir mərhələyə
çatdırıb. TRT-AzTV əməkdaşlığını
buna missal çəkmək
olar. Düşünürəm ki, bu əməkdaşlıq digər
televiziyalarla həm bizim, həm də digər Türk ölkələri
televiziyaları arasında
əməkdaşlığa yaxşı nümunə kimi qəbul oluna bilər.
- Bildiyim qədərilə Teleradio Akademiyasının Sivas Cümhuriyyət Universiteti və Nişantaşı Universiteti ilə əməkdaşlıq əlaqələri var. Bəs digər televiziya kanalları ilə əməkdalıq əlaqələri nə yerdədir?
- Bəli, Akademiyanın belə beynəlxalq əməkdaşlıq əlaqələri də mövcuddur. Bu əməkdaşlıq həm də onunla əhatələnir ki, onların aparıcı mütəxəssisləri burada tələbələrimizə masterklaslar keçirlər. Televiziyalarla əməkdaşlığa gəldikdə isə, yaxın dövrlərdə yeni televiziya kanalları ilə ortaq yayımın təşkili də istisna deyil. Məsələn, qardaş Pakistanla əlaqələrimizi gücləndirmişik, müqavilələr imzalamışıq. Bu əməkdaşlıq həm də Azərbaycan həqiqətlərinin həmin ölkənin ictimiyyətinə, tamaşaçı auditoriyasına çatdırılmamsı baxımından əhəmiyyət kəsb edir. Bu müddət ərzində Çinin CCTVİ televiziyası ilə əməkdaşlığımız genişləndirilib. Bu əməkdaşlıq əlaqələri çərçivəsində həm də filmlərin mübadiləsindən söhbət gedir. Buraya Qazaxıstan televiziyasını da daxil etmək olar. Bu siyahını xeyli uzatmaq mümkündür. Avropa və Amerika, Macarıstan, Litva, Latviya, Serbiya və Rumıniya ölkələri ilə birgə əməkdaşlığımız mövcuddur. Bir sözlə, geniş spektrli əməkdaşlıq platformamız formalaşıb və çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda dost və qardaş ölkələrin media platformaları da bizə yayım dəstəkçimiz olsun.
- Sizcə, televiziya bu gün öz missiyasını layiqincə yerinə yetirə bilirmi?
- Deyərdim ki, bəli. Profilə görə kimdəsə məlumatlandırmaq səviyyəsi, kimdəsə əyləncə, yaxud informasiya ötürmə, maarifləndirmə səviyyəsi daha çox ola bilər. Amma bütün hallarda kompleks yanaşma ilə qarşıya qoyulan hədəflərə nail olmaq mümkündür.
- Rüfət müəllim, necə düşünürsünüz, bütün sahələrdə uğurlara nail olmaq üçün televiziya tamaşaçını arxasınca aparmalıdır, yoxsa tamaşaçı zövqünə uyğun verilişlər hazırlanmalıdır?
- Təkcə televiziya sahəsində yox, elə həyat da hər zaman qızıl orta tapılmalıdır.
Şəlalə CAMAL
525-ci qəzet.- 2022.- 15 fevral.- S.10.