"İrəli" cəmiyyətə yararlı gənclər ordusu yetişdirib"  

 

Samirə Qasımova: "Rayonlarda gənclərin sosial və mədəni həyatı üçün zəruri infrastruktura ehtiyac var"

 

Bəzən taleyüklü suallarla üz-üzə qalanda insanlar üçün müxtəlif bəhanələr gətirmək çox asan olur. Bəlkə də, bu ən rahat çıxış yoludur. Amma elə şəxslərlə də rastlaşırıq ki, onların əzmi, qətiyyəti və bunun nəticəsi kimi əldə etdiyi nailiyyətləri qürurverici hisslər yaşadır. Ən əsası, onlar buna çox böyük çətinliklə nail olurlar. Necə deyərlər, asan yoldan çəkilib məziyyətlərə qatlaşırlar və uğurlu gələcəyin təminatçısına çevrilirlər. Belə gənclərdən biri də Samirə Qasımovadır. O, 1997-ci ildə Balakən rayonunda anadan olub və 17 yaşınadək orda yaşayıb. 2014-cü ildə Humanitar və Texniki təmayüllü liseyi qızıl medalla bitirərək 654 balla dövlət sifarişli Qafqaz universitetinin Dünya İqtisadiyyatı ixtisasına qəbul olub. Təhsil aldığı dövrdə akademik performansı yüksək olduğu üçün Erasmus mübadilə proqramı vasitəsi ilə 1 semestr İtaliyanın L'Aquila universitetində təhsil almaq hüququ qazanıb. Qafqaz universitetini qırmızı diplomla bitirdikdən sonra 2 il bankda  fəaliyyət göstərib. Daha sonra magistr təhsili üçün İngiltərə hökumətinin prestijli "Cheveninq" təqaüdünü qazanaraq iqtisadiyyat sahəsində dünya üzrə ən reytinqli universitetlərdən biri olan London İqtisadi və siyasi elmlər üzrə ali məktəbində təhsil alıb. Hazırda Dünya Bankında konsultant olaraq fəaliyyət göstərir.

 

***

 

- Samirə xanım, adətən, deyirlər ki, regionda yaşayan gənclərin inkişaf prosesi, nisbətən, daha ləngdir. Bir sıra potensiallı gənc məhz mərkəzdən uzaqda olduğu üçün istəklərini reallaşdıra bilmirlər. Necə oldu ki, 17 yaşına qədər Balakəndə yaşayan Samirə Qasımova dünya miqyaslı layihələrə qədər irəliləyə bildi?

 

- Bəli, paytaxt Bakı, həmçinin digər böyük şəhərlərlə müqayisədə, regionda gənclərin özlərini inkişaf etdirmək üçün resursları məhduddur. Ümumilikdə, fərdin şəxsi inkişafının mühüm hissəsi yeniyetməlik dövrünə təsadüf edir və burada 4 faktor əsas rol oynayır: ailə, təhsil, sosial fəaliyyət və ətrafda nümunə götürə biləcəyin, ilham verən şəxslərin olması. Mən çox şanslıyam ki, Balakənddə böyüməyimə və yaşamağıma baxmayaraq, hər 4 faktora malik olmuşam. Ailəm, ələlxüsus, valideynlərim həmişə mənim uğurlarıma seviniblər, daha böyük addımlar atmağa həvəsləndiriblər. Balakənddə şagirdi olduğum Humanitar və Texniki təmayüllü lisey mənə keyfiyyətli təhsil verib. Məhz ordakı müəllimlərimin əməyi sayəsində mən respublika üzrə fənn olimpiadalarının birincisi olmuş, orta məktəbi qızıl medalla bitirib 654 balla dövlət sifarişli əsaslarla universitetə daxil olmuşam. Sosial fəaliyyət cəhətdən məni hər zaman Balakən rayon Gənclər İdarəsi dəstəkləyib. Müəssisə və Gənclər Evi daxilində asudə vaxtın səmərəli təşkili məqsədi ilə müxtəlif layihələr həyata keçirilirdi. Məhz orada intellektual oyunlarda fəal iştirakım nəticəsində Xəmsə İntellektual Oyunu üzrə Respublika çempionatında rayonumuzu təmsil edən komandanın kapitanı olaraq seçilmişdim. Həmişə ətrafımda mənə ilham verən insanlar olub. Bu istiqamətdə, xüsusilə, Sülh Korpusu Könüllülərinin rolu böyük olub. Balakənddə yaşayan 4 amerikalı ilə davamlı ünsiyyətim sayəsində artıq 16 yaşımda həm ingilis dilində səlis danışır, həm də fərqli ölkələr haqqında biliklərimi, dünyagörüşümü inkişaf etdirirdim. Bütün bunların sayəsində 10-cu sinifdə oxuyarkən Amerika Konsulluğunun Gənclərin Liderlik Proqramına seçilmiş və Amerikadakı 3 həftəlik proqramda iştirak etmək hüququ qazanmışdım.

 

- Regionda yaşayan və inkişafa meyilli gənclər üçün daha hansı şəraitin yaradılması zəruridir?

 

- Məsələn, mənim təhsil aldığım lisey hələ də çox keyfiyyətli təhsil verir. Lakin rayondakı digər məktəblərə nəzər saldıqda peşəkar müəllim çatışmazlığı müşahidə edilir. Xüsusən, kənd məktəblərində bəzən bir müəllim 3-4 fənni tədris etmək məcburiyyətində qalır və bu, əlbəttə ki, şagirdlərin adekvat biliyə yiyələnməsinə mənfi təsir edir. Akademik istiqamətlə yanaşı, rayonlarda gənclərin sosial və mədəni həyatı üçün zəruri olan infrastruktura ehtiyac var. Bura kinoteatrlar, əyləncə mərkəzləri, teatrlar daxildir.

 

- Sizin həmin gənclərə tövsiyələriniz nələrdir?

 

- Hazırda dövlətin gənclər siyasətinə xüsusi diqqət yetirməsinin nəticəsi kimi əksər rayonlarda Gənclər İdarəsi, Gənclər Evi və Gənclərin Karyera və İnkişaf Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin olması rayonda yaşayan gənclər üçün böyük şansdır, gənclər də öz növbələrində bu imkanlardan istifadə etməlidirlər. Çox vaxt gənclərin inkişafın ləngiməsinin əsas səbəbi məlumatsızlıq və informasiya əlçatmazlığı olur. Onlar, ilk növbədə, araşdırmalıdılar ki, yaşadıqları regionda dövlət hansı imkanları yaradıb və bütün məqamlarla birbaşa özləri maraqlanmalıdılar. Həmin mərkəzlər gənclərlə işləməyə və yeni fikirlərə həmişə açıq olurlar. Bilirəm ki, əksər rayonlardakı mərkəzlərdə ingilis dili danışıq klubu, intellektual oyunlar klubları fəaliyyət göstərir, gənclər də mövcud imkanlardan yararlanmağı bacarmalıdırlar.

 

Hazırda elə dövrdə yaşayırıq ki, istənilən informasiyanı rahatlıqla əldə edə bilərik. Akademik saytlarda istənilən sahə üzrə onlarla pulsuz kurslar təklif edilir. Yəni, hətta hansısa bir gənc ucqar bölgədə yaşasa belə, internetə çıxışı olduğu təqdirdə özünü inkişaf etdirməyi bacarır. Gərək gənclər bu kimi imkanlardan istifadə etsinlər. Mən işlədiyim dövrdə Oxford Universitetindən 2 onlayn kursa başlamışdım və müvəffəqiyyətlə bitirmə haqqında sertifikat əldə etmişdim.

 

- Londonda magistr təhsili almısınız. Arada hansı fərqlər hiss olunurdu? Sizcə, Azərbaycan təhsilində nə kimi dəyişikliklər bizi həmin beynəlxalq standartlara daha da yaxınlaşdıra bilər?

 

- Mən bakalavr təhsilimi Qafqaz Universitetində Dünya İqtisadiyyatı üzrə ingilis bölməsində almışam. Bizə tədris edən müəllimlərin əksəriyyəti xaricdə təhsil almış professorlar idi və istifadə etdiyimiz dərsliklər ən yeni beynəlxalq standartlara cavab verirdi. Lakin bununla belə, Londondakı magistr təhsilim və Bakıdakı bakalavr təhsilim arasında inanılmaz dərəcədə çox fərq var idi. Xaricdə, ən azından Böyük Britaniyada təhsil yükü çoxdur və tələbələrin məsuliyyəti bizdən qat-qat artıqdır. Hətta müqayisə üçün deyim ki, Londonda mənə həftəlik verilən dərs materialı Azərbaycanda hər hansısa dərsdən bir semestrlik dərs materialı həcmində idi. Ona görə xaricdə tələbələr günün əksər hissəsini universitetin kitabxanalarında keçirirlər. Mən hər gün səhər 9-da kitabxanaya gedib gecə bəzən 2-də, 3-də yataqxanaya qayıdırdım, çünki günün işıqlı vaxtı dərs yükünü çatdırmağa kifayət etmirdi. Bakıda isə nə vaxtsa gündə 2 saatdan artıq dərsə vaxt sərf etdiyimi xatırlamıram, çünki dərs materialı çox az verilirdi. Mən bakalavrı 98 ortalama ilə, qırmızı diplomla bitirmişəm, magistraturada isə bakalavrdan qat-qat daha çox əmək sərf etməyimə baxmayaraq 75 baldan yuxarı keçmək qeyri-mümkün idi. Hətta orda 70-dən yuxarı bal toplayan tələbələrə fərqlənmə verilir, çünki bilirlər ki, tələbə hər bir balı əmək sərf edərək qazanır və çox nadir hallarda kimsə 85-90 bal alır. Azərbaycanda isə qiymətləndirmə sistemi çox yumşaqdır. Təhsilimizdə akademik dərs yükünün artırılmasına  ehtiyac var.

 

- Londonda mühit necə idi? Orada qalmaq şansı yaranmışdımı?

 

- Mən orada olduğum müddətdə pandemiyaya görə Londonda qapanmalar var idi və ancaq may ayında bir az yumşalmalar oldu. Qapanma dövründə belə London çox valehedici bir şəhər idi. Mənə görə tək mənfi cəhəti hava şəraiti idi, əksər günlərdə yağışlı və dumanlı olurdu. Londonda immiqrantların sayı çoxdur, hətta ingilislərdən daha çox immiqrantlar yaşayır. Mənim universitetdəki qrupumda 168 tələbə var idi və onlardan ancaq 5-i britaniyalı idi, qalan hamısı beynəlxalq tələbə idi. Qayıtmamaq şansım yaranmışdı, Avropa Rekonstruksiya və İnkişaf Bankının Londondakı baş ofisində təcrübə proqramına qəbul olmuşdum.

 

- Əgər belə bir şansınız var idisə, Azərbaycana qayıtmağa sizi nə sövq etdi?

 

- Eyni vaxtda mən bir neçə işə müraciət etmişdim və Dünya Bankından iş təklifi aldığımda qayıtmağa qərar verdim. Əlbəttə ki, Londonda qalıb təcrübə proqramını bitirdikdən sonra orda işləməyə davam edə bilərdim. Lakin bir nüans da var idi ki, mən magistratura təhsilimi Böyük Britaniya dövlətinin nüfuzlu Chevening təqaüdü vasitəsi ilə almışdım və təqaüd şərtlərindən biri mənim təhsili bitirdikdən sonra ölkəyə qayıtmağım idi.

 

 -Fəaliyyətiniz müəyyən illəri "İrəli" ilə kəsişir? "İrəli"də hansı layihələrdə iştirak etmisiniz?

 

- "İrəli" ilə ilk tanışlığım 2014-cü ildə başlayıb. "Nəzər nöqtəsi" layihəsində iştirak etdikdən sonra "İrəli" komandası ilə sıx ünsiyyət saxlamağa davam etdim. Daha sonra "SAY Multicultural"da iştirakçı, "SAY Volunteer"də komanda lideri kimi iştirak etdim. Həmçinin "İrəli"nin əməkdaşlıq etdiyi "ERASMUS+" proqramı vasitəsi ilə Türkiyənin Ordu şəhərində layihədə iştirak etmişəm.

 

- "İrəli"ni hansı təəssüratlarla xatırlayırsınız, o sizə nə qazandırdı?

 

- "İrəli” mənə hazırkı ən yaxın dostlarımın böyük qismini qazandırıb. Elə ilk layihədən "İrəli"dəki mehribanlıq, güvən hissi mənə o qədər doğma gəlmişdi ki, layihələrdə yaratdığım əlaqələri heç vaxt itirmədim. "İrəli" böyük və cəmiyyətə yararlı gənclər ordusu yetişdirib və bu gənclər hər zaman dostluğa, doğmalığa və milli ruha sadiq qalacaqlar.

 

- Gələcəklə bağlı planlarınız nələrdir?

 

- Hazırda Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərirəm və yaxın gələcəkdə bu istiqamətdə işləməyi davam etdirmək istəyirəm. Müəyyən müddətdən sonra isə artıq doktorantura təhsilimə xaricdə başlamağı planlayıram.

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 15 fevral.- S.11.