Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Yaponiyada təsəvvürlərimizə uyğun gəlməyən,
təəccübümüzə səbəb olan iki cəhət
bu ölkəyə, bu xalqa tam başqa qaydada
yanaşmağı, onu dərk etməyə, anlamağa cəhd
etməyi tələb edir. Biz gözümüzün hiss
hüdudlarının məhdudluğundan texniki vasitələrdən
istifadə etməyə əl atırıq və bunu qəbahət
saymırıq. Musiqidən
baş çıxarmayan, bəsit səslərdən həzz alan adama orkestrin çalğısı
anlaşılmayan olduğundan, ona kakofoniya kimi
görünür. Ritmdən həzz alanlara
melodiya elə bir təsir göstərmir. Biz
yaponlardan əsrlər ərzində meydana gəlmiş
zövqü, düşüncə tərzini dəyişdirməyi
tələb edə bilmərik. Axı onlar
da başqa millətlər kimi sahib olduqları ənənələri
formalaşdıranda kənar məsləhətlərə
ehtiyac duymamışdılar. Ona görə
də biz öz münasibətlərimizdə dəyişiklik
aparmalıyıq, onların dəyərlər sisteminə
hörmətlə, ən azı tolerantlıqla
yanaşmalıyıq.
Başqalarından fərqli olaraq
yaponlar öz zövqlərinin coğrafi ekspansiyasına yol
vermir, hətta
onların reklamını, yayılmasını əhəmiyyətsiz
bir şey hesab edirlər. Onlar əsrlər boyu
izoltasiyada yaşadıqlarından, dünyadan təcrid
olunmaları ilə razılaşdıqlarından öz ruh
dünyalarının muxtarlığına
çalışmış və əsasən buna nail
olmuşlar. Ona görə də müəyyən
hədlərdə sirr məkanı olmalarını qoruyub
saxlayır, qlobal xarakter daşımağa meyl edən beynəlxalq
mədəniyyət dənizində də əsasən muxtar
qaydada üzmələrini davam etdirirlər.
İtalyanların və amerikanların hesabına biz
mafiyalar haqqında, bu xalqların dəyərli tarixlərinə
bələdçilikdən daha çox şey bilirik.
Mafiya başçısı Al Kapone və
ya aktrisa Merilin Monro dünyaya, ABŞ-ın beşiyi
başında dayanan, dövlətin bani-atalarından daha
çox tanışdır. Yaponiyanı isə biz
Hokusaya, Akutaqavaya, Abe Kobeyə, Yasunari Kavabatiyə, Akiro
Kurosavaya görə tanıyırıq, müasir yapon
mafiyası sayılanYakudza haqqında isə demək olar ki,
heç nə bilmirik. Yaponlar fəxr etdikləri
şəxsiyyətləri təbliğinə də ciddi
yanaşırlar, lakin dərdləri kimi, eyiblərini də
gizlətməyi bacarırlar, həm də bundan nəsə
bir fayda da gözləmirlər. Yaponlar böyük fəlakətlərə
məruz qalanda da, onların köməyə möhtac
olduqlarını başqalarının duymamaları
üçün, ən çətin anda da öz
qürurlarını, ləyaqətlərini qoruyub saxlamaq naminə
hətta dəymiş nəhəg ziyanın həqiqi həcmini
də gizlədir, xeyli yumşaltmaqla, zərər məbləğini
çox kiçiltməklə, öz imkanları ilə onun
öhdəsindən gələcəklərini nümayiş
etdirmək yolunu tuturlar.
Bir sözlə, Yaponiyanı, yapon xalqını anlamaq o
qədər də asan məsələ deyildir, çünki
onlarda seyr etdiklərimizin çoxu bizə paradokslar məcmu
kimi görünür. Ona görə də böyük rus şairi
F.İ.Tyutçevin öz doğma ölkəsi barədə
dediyi sözləri bəlkə də daha çox Yaponiyaya aid
etmək olar. Yaponiyanı adi arşınla
ölçmək mümkün deyildir, onun bizə görə
olan qəribəliklərini də əhatə etmək çətindir.
Ona görə də Yaponiyanı yalnız sevmək
qalır, çünki onun bizim hesab etdiyimiz eyibləri də
həsəd aparılacaq ləyaqətlərinin davamıdır.
Ənənələr bütün xalqların həyatında
mühüm rol oynayır, ona görə də ona daş atmaq
da yolverilməzdir. Qayaya daş atılanda ona təsir
göstərmədiyi kimi, ənənəyə də kənardan
müdaxilə əks nəticə verməklə, onun
davamlılğını gücləndirir.
Ənənələrin
davamlılığı və rəngarəngliyi
Dünyada nə qədər xalq mövcuddursa, onlardan dəfələrlə
çox olan sayda ənənələr vardır. Xalq öz
unikallığına olan inamı naminə tarixən bəzi
davranış qaydalarını yaşadır və onlar nəsildən
nəslə keçdikdə, əsrlər boyu davam etdirdikdə,
onlar ənənəyə çevrilir. Xalqların
mədəniyyətlərində bir-birindən çox fərqlənən
ənənələrə rast gəlmək
mümkündür. Ona görə də mədəniyyət
və ənənələr dünyada nəhəng
saydadır, planetimizin çox fərqli relyefi, təbiət və
iqlim müxtəlifliyi ilə yanaşı, insan cəmiyyətlərinin
də rəngarəng palitradan ibarət olduğunu göstərir.
Mədəniyyət ayrıca bir cəmiyyət və
xalqın ideyalarının, inanclarının, adətlərinin
və sosial davranışlarının birliyi şəklində
formalaşır. Əhali üçün doğma mədəniyyətinin
mahiyyəti, onun dərin kök salması və həm də
özlüyündə düşündüyü kimi unikal
xarakter daşımasıdır. Ənənə
isə həmçinin, spesifik fəallığa əsaslanmaqla,
nəsildən nəslə keçməklə, dəfələrlə
təkrar olunan hadisələrin və davranışların
canlı təzahürlərinə qayğı ilə
yanaşılmasıdır.
Ənənə adətdən fərqlidir və daha
möhkəm qaydada tətbiqi ilə seçilir. Kollektiv
davranışda əks olunmaqla, çox təkrar olunan müəyyən
qaydalar, adətən, ənənəyə çevrilir.
Ənənə müxtəlif mədəniyyətlərin
tərkib hissəsi olmaqla, onların canına hopur.
Ənənə və mədəniyyət bir-birinə
sıx bağlıdır, çünki hər ikisi
saysız-hesabsız nəsillərin ömrü ərzində
formalaşır, inkişaf edir, həm də istənilən
xalq üçün tam özününkü olan bir xarakter
daşımağa başlayır. Ona görə də
ayrı-ayrı xalqların ənənələri arasında
belə miriad müxtəlifliyi mövcuddur.
Bəzi xalqların daha çox nəzərə
çarpan ənənələrinə diqqət yetirsək,
onların bir-birindən tam fərqləndiyini əyani şəkildə
görə bilərik. Bir sıra xeyir və şər mərasimləri tam
başqa qaydada keçirildiyindən az qala
əks xarakterə yiyələnmiş kimi görünür.
Məsələn, Çində gəlin toy vaxtı
qırmızı, Avropada və Birləşmiş
Ştatlarda isə ağ paltar geyinir. Hindli
gəlinlərin də sariləri qırmızı rəngdə
olur, rus qızları da gəlinlik timsalı kimi ağ rəngi seçirlər. Efioplar
toy məclisində bəylə gəlini, həmçinin,
qonaqları mal ətinin iri çiy parçalarına qonaq
edirlər.
Azərbaycanlılar
və şimaldakı qonşularımız dəfn mərasimində
qəbir üstünə al-qırmızı
qızılgül və qərənfil dəstəsi
qoyduqları halda, yaponlar ölənin xatirəsini ağ qızılgüllə yad edirlər.
Şotlandları ingilislərdən və digər
qonşu xalqlardan fərqləndirən, onların qanqal
çiçəyini özlərinə rəmz seçməsidir. Təkcə
çiçəyi deyil, bu yabanı bitkinin özü də
rəmzlənmənin yüksək səviyyəsinə
çatmışdı. Şotlandiya
kralı VII Ceyms 1687-ci ildə hətta "Qanqal" ordenini təsis
etmişdi. Ordenin devizi də bitkinin təbiətinə
uyğun idi - "Heç kəs cəzalanmadan mənə
toxuna bilməz". Əslində, bu, ən
qədim və ən nəcib təltif olmaqla,
Şotlandiyanın tarixi ilə sıx bağlı idi, XVII əsrdə
isə kral sadəcə olaraq onu rəsmi qaydada bərpa
etmişdi.
Şotland
kişilərin çarpaz naxışlı yun parçadan
hazırlanmış və üzərində qabaqdan asılan
xırda sumka gəzdirdiyi gödək yubka geyinməsi və
ya bagpipe adlanan tuluq zurnası kimi nəfəsli musiqi alətində
çalmaları da başqaları tərəfindən
qeyri-adilik kimi qəbul olunur. İngilislər isə
rəmz kimi sinələrində lalə gülü
nişanını gəzdirirlər, fransız kralları isə
üç zanbaq çiçəyinə üstünlük
vermişdilər.
Şir də şotlandların rəmzi idi. Kral I Riçard
Şirürəklidən sonra üç şir İngiltərənin
simvoluna çevrildi. Həmin dövrdən
şirin ingilislərin fərdi xüsusiyyətlərini -
gücünü, igidliyini, ləyaqətini, məğrurluğunu
daha yaxşı əks etdirdiyi güman edilirdi. Kütləvi igidlik nümunələrinə gəldikdə,
bəzi xalqların da həmin simvola yiyələnməyə
iddia etməyə tam hüququ vardır.
Şotland kişilərin yubka geyinməsi qəribə
görünməməlidir, Asiyada da bu paltar növündən
istifadə edən xalq vardır, birmalı kişilər də
yubka geyinirlər. Bir vaxtlar ölkənin Baş naziri U Nunun
Bakıya gələndə belə yubkada olması
böyük təəccübə səbəb olmuşdu.
Yunanlar da sirtaki rəqsini ifa etmək üçün belə
qısa ətəkli ağ yubka geyinirlər.
Musiqiyə və musiqiçilərə münasibət
də fərqlidir. Meksikanı, küçə
musiqiçiləri olan məşhur mariyaçilərsiz təsəvvür
etmək çətindir. Mexikonun
Soçimilko parkındakı kanallarda onlar olduqları
qayıqda yaxınlaşıb, sifariş əsasında üzən
turistlərə musiqi parçaları çalıb oxuyurlar.
İspaniya, xüsusən Andalusiya parlaq paltarda
olan flamenqo rəqqasələri ilə diqqəti cəlb edir.
Gürcülər isə qonaqları polifonik səslərdə
ifadə edilən milli mahnılarla salamlayırlar. Azərbaycanın Naxçıvan bölgəsində
toylarda davulun və qara zurnanın gur səsi altında adamlar
dairəvi şəkildə yallı gedirlər. Qarabağda isə onları üç alətin
müşayiət etdiyi xanəndənin avazı əvəz
edir.
İtaliya opera sənətinin beşiyi sayılır və
ölkədə tamaşada səslənən vokal
parçalarına xüsusi vurğunluq vardır. İtalyanlar
ariya səslənəndə emosiyaya qapılıb
ağlayırlar, çünki onlara bu musiqi başqa xalqlara
nisbətən daha güclü təsir göstərir.
Avstraliyada atəşfəşanlıq mərasimə əlavə bəzək verir. İspaniyada isə adamlar xüsusi bayram günündə bir-birini pomidor atəşinə tuturlar. İtaliyada isə buna bənzər şəkildə pomidoru portağal əvəz edir. Hindistanda hamı bir-birinin üstünə rəngli toz səpir. Meksikada ad günündə onun sahibinin şərəfinə olan tortdan "baiskarın" özü bir dişdək götürdükdən sonra, qonaqlardan biri həmin tortu onun üzünə çırpır. Bu ölkədə ölənlərin anım günü geniş qeyd edilməklə, heç də matəmdən xəbər vermir, hamı yeyir, içir, şənlənir, karnaval təşkil edilir, insan kəlləsi və skeleti şəklindəki şəkərdən hazırlanmış şirniyyat böyük iştahla yeyilir.
Təəssüf ki, eybəcər adətlər də hələ bəzi yerlərdə qalır, ziyan vurmasına baxmayaraq, sıradan çıxmır. Afrikada, Asiyanın və Orta Şərqin bəzi ölkələrində qızların cinsi orqanlarında cərrahiyyə əməliyyatı aparılır, uşaq vaxtı həyata keçirilən bu dəhşətli tədbir bəzən ağır fəsadlara səbəb olur. Ona görə də bir sıra ölkələrdə belə əməliyyat qanunsuz hesab edilir.
Qızların orqanizminə belə ağır zərbə vurulmasına bənzər qaydada Çində uzun müddət ərzində yeniyetmə qızların ayaqlarını kiçiltmək üçün, onların pəncəsi möhkəm sarınırdı. Bunun nəticəsində ayağın iri barmağından başqa digər barmaqları yoxa çıxırdı. Ayağın uzunluğu süni qaydada gödəldilməklə, 7-9 sm. olurdu. Qızlar qorxurdular ki, iri ayaqlarına görə onlar ərə getməyəcəklər. Gələcək dumanlı xoşbəxtlik naminə özlərinə belə əzab verir, əsl əlillərə çevrilirdilər.
Əxlaq məsələsində də islam və xristian xalqlarına qəribə görünən qeyri-adi adətlər, ənənələr vardır. Rusiyanın azsaylı xalqlar yaşayan Şimali-Şərqində yaşayış məntəqəsinə gələn qonağa evin yaşlı sahibi öz gəlini ilə yatmağı təklif edir, axı qonağın qalması üçün başqa yer də yoxdur. Bu təklif əxlaqsızlığın kükrəməsindən deyil, öz xalqının mövcudluğunu qoruyub saxlamaq kimi həyat üçün vacib olan bir məqsəddən irəli gəlir. Onlar xutorlarda, xırda icmalarda yaşadıqlarından gənclər öz yaxın qohumları ilə ailə qururlar. Bu isə övladlarda əqli və fiziki qüsurların əmələ gəlməsinə səbəb olur. Qan dəyişdirilməsə, cırlaşma sürətlənəcək və bu, azsaylı xalqın nəslinin kəsilməsinə səbəb ola bilər. Ona görə həmin adətin praktiki faydasını nəzərə alaraq, ona münasibətdə tolerant münasibət bəsləmək tələb olunur.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 16 fevral.- S.21.