"Meduza salı"
"Bir rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının budəfəki qonağı
sənətşünas Zülfiyyə Sadıqovadır. Onunla
fransız rəssam Teodor Jerikonun "Meduza salı" əsəri
haqqında danışmışıq.
Fransız
rəssam Teodor Jeriko romantizm dövrünün ən
tanınmış nümayəndələrindən biridir.
"Romantizm" termini ilk dəfə T.Jerikonun
yaradıcılığına istinadən istifadə edilib. Rəssam
öz əsərlərində əsasən insanların əzab
və sarsıntılarını, obrazların qəhrəmanlıqla
həlak olmalarını ehtiraslı şəkildə ifadə
edirdi. Onun əsərlərində qəzəb, həyəcan,
nifrət aydın şəkildə əks olunur. Teodor Jerikonun rəsmləri, o
cümlədən, "Meduza salı" və "Epsonda
qaçış" rəssamlıqda yeni sözə
çevrilmişdi. Baxmayaraq ki, onların təsviri sənətin
inkişafındakı əsl əhəmiyyəti çox
sonralar dərk edildi.
***
-
Zülfiyyə xanım, "Meduza salı" rəssamın
təxəyyülünün məhsuludur, yoxsa real hadisəyə
əsaslanır?
- XIX əsrin
şah əsəri olan "Meduza salı" rəssamın
yaradıcılığının ən möhtəşəm
əsəridir. Jerikonun 1818-1819-cu illər arasında çəkdiyi
bu nəhəng əsərinin yaranmasına səbəb,
1816-cı ilin iyulunda Mavritaniya sahillərində
"Meduza" freqatının qəzaya uğraması olub.
Teodor
Jeriko 1817-ci ildə İtaliyaya səfər edir və burada
İntibah dövrünün sənətini öyrənir.
Fransaya qayıtdıqdan sonra mətbuatda izlədiyi bu hadisədən
çox təsirlənir və rəssam hadisələrin
içinə qərq olur, onları modelləşdirir, teatr
tamaşası kimi səhnələşdirir, bu cəhənnəmin
bütün dairələrini keçir. Rəssam əsərinin
bütün təfərrüatlarının həqiqiliyi naminə
morqlarda xeyli vaxt keçirir. Dəlixanada dəlilərin
üzlərini, morqlarda ölü əzalarını və
başlarını çəkir, həmçinin, insan
orqanizmində hansı dəyişikliklərin baş verdiyini
öyrənmək üçün həkimlərlə
uzun-uzadı söhbətlər edir. Beləliklə, doqquz ay
sonra həm qalmaqallı, həm də möhtəşəm olan
bu rəsm yaranır.
- Rəsmin
çəkilmə prosesi ilə bağlı başqa hansı
məlumatlar var?
- Məlumatların
ən dəhşətlisi odur ki, 13 gün pərişan olan
insanlar aclıqdan ölülərin ətini günəşdə
qurudaraq yemək istəyirlər. Qətl, dəlilik, adamyeyənlik
onların qisməti idi. Rəssam hətta morqlardan
çürümüş qalıqları gətirir və
onları çəkirdi. Onun emalatxanasının
ab-havasına az adam bir neçə dəqiqə dözə
bilsə də, o, səhərdən-axşama kimi orada işləyirdi.
- Əsər
indi harda saxlanılır?
- Tablo
hazırda Parisdəki Luvr muzeyində saxlanılır.
- Əsərin
rəng koloriti barədə nə deyə bilərsiniz?
- Əsərdə
soyuq rənglərdən istifadə edən rəssamın
palitrasında insan bədənləri solğun, sağ
qalmış insanların geyimləri, dəniz və buludlar isə
tünd çalarlardan ibarətdir. Faciəni və
ağrını hiss etmək üçün fiqurları
ümumi tonda birləşdirməyə çalışan rəssam
onları daha da tünd rənglərdə, kölgələri
isə demək olar ki, qara rəngdə təsvir edib və
bunu həmin rənglərin ən effektiv vasitə olması ilə
əsaslandırıb. Rəssam əsərdə karavacizm
üslubundan istifadə edib. Əsərdə, həmçinin,
işıq və kölgənin təsirini artırmaq
üçün bitumdan istifadə olunub.
- Bu
texnikadan istifadə rəsm əsərinin sonrakı taleyinə
nə dərəcədə təsir göstərib?
- Bu
texnika dramın təsirini artırsa da, sonradan əsərin
qorunmasında problemlər yaradıb. Boyalar qatranlı məhsulun
təsiri altında tədricən rəngini itirir. Əsərə
baxdıqda işıq və kölgə arasındakı
kontrast açıq-aşkar hiss olunur.
- Əsərin
kompozisiyası barədə nə deyə bilərsiniz?
- Jeriko rəsmin
kompozisiyasını iki piramida strukturu əsasında qurub. Rəssam
13 gün ərzində salda sağ qalmağı bacaran 15 nəfərin
onları xilas edəcək gəmini üfüqdə
gördükləri anı təsvir edib. Rəsmə
tamaşa edən izləyicilərin ilk olaraq diqqəti
ölü cəsədlərə, ölmüş oğlunun
cəsədini dizləri üstündə saxlayan qoca kişiyə
və dirəyin yanında dayanmış dörd fiqura yönəlir.
-
Kompozisiyada klassik rəngkarlıq ənənələri
özünü necə göstərir?
- Rəsmin
kompozisyasında rəssam klassik rəngkarlıq ənənələrinə
sadiqdir. Bütün kətanı heykəltəraşlıqla
qəliblənmiş həcmli insan bədənlərinin
piramidal qrupu tutur. Şəklin personajları ümidsizlik
anlarında belə öz böyüklüyünü
saxlayır. Rəsm həm insanların xilasedici gəminin
göründüyü yerə olan istəyini, həm də
yelkəni şişirdən və salı aparan küləyin
kortəbii əks hərəkətini vurğulamalı olan iki
kəsişən diaqonal üzərində qurulub.
- Sizcə,
tablonun yuxarı hissəsində olan kəskin
işıqlandırma nədən xəbər verir?
-
Yuxarıda olan kəskin işıqlandırılma şəkildəki
personajların gərginliyini qabardır.
- Sizcə,
bu rəsm bizə deyir?
- "Meduza salı" tablosuna
baxdıqda salda yaşamaq üçün mübarizə
aparan insanların çəkdikləri əzab
açıq-aşkar hiss olunur. Jeriko hadisələrin
reallığını, insanlarda olan ölüm qorxusunu,
ümidsizlik üzərində qurduğu duyğusal intensivliyi
qabartmaqla əsərə tamaşa edənlərdə mərhəmət
hissi aşılayır. Bu tablo insanın təbiətlə və
insanın insana olan münasibətinin rəsmidir.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 16 fevral.-S.20.