İtkin evlərin əziz nişanələri  

 

 

Əgər məndən "Vətən hardan başlayır?" - deyə soruşsanız, heç şübhəsiz: - "Kiçicik evimizdən başlayır", - deyərəm. Göz açdığımız, uşaqlığımızın, gəncliyimizin ən gözəl günlərini, ən ağrılı məqamlarını yaşadığımız, bütün dünyadan qaçıb soyuq divarlarına sığındığımız evdir ilk vətənimiz. Daha sonra ömrümüzün hansısa dövründə bəzilərimiz öz əlləriylə, öz zəhmətiylə özünə yeni ev-yeni vətən qurur. Bu vətənə sığışdırırıq bəzən həyatın bizə göndərdiyi acılı-şirinli bütün xatirələri. Bu vətəndən başlayır böyük vətənə bağlılığımız...

 

Bəs özünün kiçicik vətənindən zorla qoparılanlar, ayrı düşənlər necə hiss edir özünü böyük vətəndə?! Kiçik vətən olmadan böyük vətən varmı?!

 

Yadıma gəlir, tələbə vaxtı Qarabağ folklorunu araşdırarkən, demək olar ki, hər gün bir neçə məcburi köçkün ailəsində qonaq olurdum. Bildiyiniz kimi, onların böyük əksəriyyəti yataqxanalarda məskunlaşıblar. Onlarla söhbətimiz zamanı ən incə detalına qədər hiss edirdim yurd həsrətlərini, vətən ağrılarını. Hamısı da söhbətə kiçik vətənlərindən-atalarının, babalarının, ya da özlərinin əlləriylə tikdikləri evdən başlayırdılar. Görürdüm ki, o ev kimi orda yaşanan xatirələri də o torpaqda kimsəsiz qalıb. Heç birinin ürəyi gəlməyib kiçik vətənlərini bir də xatirələrdən qoparıb lap yetim qoymağa. Mən onda gördüm ki, sən demə, kiçik vətən olmadan insan böyük vətənində qürbət həyatı yaşayırmış.

 

Çoxu xatirələrini, yaşanmışlıqlarını dəfn etdikləri o evin ya açarını, ya da qaça-qovda əllərinə keçən xırda bir əşyasını götürüb çıxmışdılar. 20 ildən artıq zamanda da o açarı, qıfılı, əşyanı göz bəbəyi kimi saxlayıb, qoruyurdular. Vətəndəki vətənsizlərin ürəklərindəki öləzimiş ümid, solğun inam idi buna səbəb, yoxsa, keçmişdən heç olmasa, bircə parça xatirə saxlamaq arzusu, bilmirəm... Bildiyim odur ki, Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Qubadlı... - Qarabağ illərdir kiçicik açara, qıfıla sığıb yaşayırdı onların qürbətində...

 

Nəhayət, aylar keçdi, illər dolandı, Azərbaycan adı kimi, tarixi kimi şanlı, şöhrətli, qüdrətli ölkəyə çevrildi və zülmə, haqsızlığa qarşı baş qaldırıb, "dur!" deməyin zamanı yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuz cəmi 44 gün ərzində işağlda olan torpaqlarını azad etməyi, düşmənə öz həddini bildirməyi bacardı. O vaxt da ilkin xatırladığım həmin o vətəndəki vətənsizlər oldu. Onların yurdları-yuvaları işğaldan azad edilmişdi, mundar əllərin məngənəsindən qurtulmuşdu. Bəs kiçik vətənləri?! O "vətənlər" necə salamat idimi?

 

Azadlıq xəbəriylə açıldı sandıqlar. Gün üzünə çıxarıldı paslı açarlar, köhnə qıfıllar, nimdaş əşyalar. Torpaqlarımız kimi onlar da qurtulmuşdu kiçicik sandıq işğalından, çoxillik töhmətdən. Məncə, hər kəs kimi elə o açarların özünü də bir sual düşündürürdü: aid olduqları evdə yenidən işə yarayacaqlarmı?!

 

Həmin torpaqlardan gələn soraqlar heç də xoş şeylər vəd etmirdi. Xain düşmən bizə aid hər şeyi məhv etmiş, heç yerinə başqa nəsə qurmamışdı da. Sanki insanın heyfini torpaqdan, daşdan-kəsəkdən alırmış kimi xarabazara çevirmişdi cənnətimiz Qarabağı. Sonra özümüz də gedib canlı şahidi olduq torpaqdan necə öc alına bilərmiş.

 

Ağdama, Zəngilana və Şuşaya səfərlərim zamanı əməkdaşı olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir iş yoldaşım vardı ki, az qala, məndən çox həyəcanlanır, gedib-gördüyüm o yerləri məndən xəbər alırdı. O, ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov idi. Şuşa səfərinə hazırlaşarkən Cavid bəy məndən ona Şuşa torpağı gətirməyimi xahiş etmişdi. Onda öyrənmişdim ki, onun da hər iki valideyni Şuşadandır. Ona Şuşa torpağı gətirəndə gözləri dolmuşdu, valideynlərinin buna çox sevinəcəklərini demişdi.

 

 

 

Bu yaxınlarda isə söhbət əsnasında Cavidin atasının Ağdamda ev tikdirdiyini, amma yaşamaq qismət olmadan köçkün düşdüklərini, o evin açarının, müqavilənaməsinin (loru dildə "kupçasının") bu günə kimi qaldığını öyrəndim. Maraq üçün Cavid bəydən həmin sənədi gətirməsini istədim. Səhəri düz 30 il öncəyə aid, heç zaman içində yaşanılmayan evin sənədi əlimdə idi. Sapsarı, solğun kağızların üzərindəki dəmir tutğac belə həminki idi. Cavid bəy deyir ki, bəzən o tutğacı dəyişmək istəsə də, pas atmağına rəğmən bu kağızları böyük sadiqliklə qoruyan o dəmir parçasına qıymayıb. Cavid bəylə ayaqüstü bu haqda söhbət etdik:

 

"Qədimdən Şuşada yaşayan yerli əhaliyə "qalalılar" deyərdilər. Bizim də əslimiz köhnə qalalılara gedib çıxır. Babalarım, valideynlərim əvvəldən Şuşada yaşayıblar. Sonra isə atam Ağdamda torpaq alıb və ev tikdirməyə başlayıb. Şahbulaq qalasının yaxınlığında yerləşən o ev tikilib hazır olandan sonra isə köçkünlük həyatı başladığından orda yaşamaq qismət olmayıb".

 

 

 

Cavid bəy danışdıqca qarşımdakı sənədi vərəqləyirəm. Lap arxa səhifədə evin çertyoju, otaqlarının sayı və ərazisi də dəqiqliklə qeyd olunub. Söhbəti həmin sənədin üzərinə gətirirəm. Burda Cavid bəy çox maraqlı bir məqamı açıqlayır:

 

"Atam köçkünlük vaxtı evin sənədini və açarını özüylə götürüb. Yəqin ki, yaxın zamanda qayıtmaq ümidiylə. Amma elə olmadı, illər uzandıqca uzandı. Təxminən 15 il həmin sənədlə açarı saxladıq. Onda mən orta məktəbdə oxuyurdum. Bir gün evdə təmizlik edərkən atam sənədlə açarı çıxartdı və dedi ki, bunlar artıq nəyə lazımdır, ev qaldı ermənidə, bunlar isə bizə gözdağı kimi qalıb. O, hər ikisini atmaq istəyərkən, mən mane oldum, açarı atdı, amma sənədi götürüb özümdə saxladım. Hardasa, 15 ildir ki, bu sənəd məndədir.

 

O yerləri görməsəm də, sanki duyurdum, hiss edirdim ki, bu, bizimdir, bizə aiddir. Hər zaman oralara doğru can atmışam, bu ağrı ürəyimdə olub. Ta körpəliyimdən bu günə kimi valideynlərim oralaq haqda o qədər danışıblar ki, mən heç zaman görmədiyim vətənimi özünküləşdirmişəm. Hətta hərdən elə xırdalıqlar xatırlayıram ki, mənə elə gəlir, oralara getmişəm də. Elə bu hisslərə görədə o sənədi atmağa qıymadım və saxladım. Həm də bu sənəd ona görə əzizdir ki, evin bütün çertiyojunu atam verib. Müharibədən sonra torpaqlarımız azad edilərkən, atam təəssüflə dedi ki, kaş, o sənədi atmazdım, qalardı. Sən demə, yadında elə qalıb ki, müqavilənaməni tullayıb. Onda sənədi saxladığım yerdən çıxartdım və dedim ki, atmamışıq, məndədir. Atam buna çox sevindi. Sanki o evinə yenidən qovuşurmuş kimi gözləri doldu. Bu gün də arzusundadır ki, tezliklə öz yurd-yuvalarına getsin, həyatını orda davam etdirsin. O, bunu indi yox, həmişə deyirdi ki, torpaqlarımız azad olunsun, burda nəyim varsa, hamısını burda qoyub, çıxıb gedəcəm öz yurduma. Bizim də arzumuzdur ki, bu evi əvvəl olduğu kimi bu çertyoja əsasən yenidən tikdirək. Çünki ordakı bütün tikililər kimi bizim də evimizdən əsər-əlamət qalmadığını bilirik.

 

Düzünü desəm, indi oralara getmək valideynlərim üçün bir az çətindir. Çünki bu yaxınlarda bir qohumumuz öz yurduna getdi və ordakı mənzərə o qədər dəhşətə gətirmişdi ki onu, ürəyi dözmədi. Gələndən sonra infakt keçirdi. Valideynlərimdə də o xof var ki, öz yurd-yuvamızı xaraba görməyə ürəyimiz dözməz. Amma bütün bunlara baxmayaraq, Vətən həsrəti hər şeydən üstündür. İnşallah, bu yaxınlarda onlar Şuşaya, Ağdama getməyi planlaşdırırlar".

 

  

 

Növbəti gün söhbətimizin əsas mövzusu olan müqavilənamənin sahibi, 30 il evindən, yurdundan ayrı düşən adamla - Cavid bəyin atası İlqar Əhmədovla həmsöhbət olduq. İlqar bəy bu hadisədən və Şuşa, Ağdam həsrətindən daha geniş bəhs etdi: "Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra qərara gəldim ki, Ağdamda texniki peşə məktəbində oxuyum. Onda iki əmim Ağdamda qalırdı. Mən də gəldim və orda oxumağa başladım. Oxuyandan sonra qərara gəldim ki, elə burda da işləyim. Ağdam Dəzgahqayırma zavodunda işə girdim. Həmin vaxt əmimgilə qeydiyyata düşüb 6 sot torpaq aldıq və orda çox gözəl bir ev tikdik. Ancaq əfsuslar olsun ki, evdə yaşamaq bizə qismət olmadı, Ağdam ermənilər tərəfindən işğal olundu və biz də gəlməli olduq. Bu gün də çox maraqlandıq və gördük ki, evdən heç bir əsər-əlamət qalmayıb. Çox şükür ki, bu gün torpaqlarımız azaddır. Biz də ümid edirik ki, cənab Prezidentimizin göstərişiylə orda yenidən şəhər qurular və biz öz yurdumuza gedib yaşayarıq.

 

Torpaq, vətən şirin şeydir. 19-20 yaşıma kimi orda yaşamışam, ailə qurmuşam, ev tikmişəm. Əlbəttə, onun həsrəti böyükdür. Birinci Qarabağ müharibəsi başlayanda mən də döyüşlərə qatılmışdım, uzun müddət döyüşlərdə oldum, zədə aldım. Amma qismət elə gətirdi ki, müharibədən sağ çıxa bildim. Köçkünlük zamanında çox yerlərdə yaşamışıq-Göyçayda, Hacıkənddə, Qəbələdə və 2007-ci ildən etibarən Bakıda.

 

30 il az müddət deyil. Torpaqlarımızın azadlıq məsələsi uzandıqca bizim də ümidimiz öləziyirdi. Düşünürdüm ki, daha Qarabağ geri alınmayacaq. Buna görə də açarı da, sənədi də atmaq qərarına gəldim. Sağ olsun ki, oğlum Cavid onları götürüb saxlayıb. Mən bundan xəbərsiz idim. Biləndə çox sevindim.

 

Onu da deyim, bu, İlahi bir möcüzədir ki, bütün torpaqlarımız, xüsusən alınmaz qala olan Şuşamız geri alındı. Çünki Şuşa elə bir zirvədə yerləşir ki, oraya ağır texnikayla qalxmaq, döyüşmək mümkün deyil. Bu gün belə mənə qəribə gəlir ki, şücaətli ordumuz oranı necə azad edə bildi?! Bu İlahi möcüzə isə sonsuz vətən sevgisindən gələn güc-qüvvətdir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin ki, bu qüruru, sevinci bizə yaşatdılar.

 

Günü bu gün dövlətimizdən fərman gözləyirəm ki, bizə oraya geri dönməyə icazə versinlər. Çox istəyirəm ki, yenidən oraya qayıdım və özüm öz şəraitimi qurum, orda yaşayım. Allahdan tək arzum budur".

 

Qarşımda 30 illik sənədə bükülmüş arzu, dilək, ümid, həsrət varkən əlavə nəsə deməyə dilim varmır. Bircə cümlə çıxır dodaqlarım arasından: "Allah sizə o qədər ömür versin ki, yenidən öz yurdunuza qayıdıb orda doyunca yaşaya biləsiniz, ay vətəndəki vətənlilər!"

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 16 fevral.-S.19.