"Bərpa prosesi düzgün gedəndə,
idmançı peşəkar idmana qayıda bilir"
İdman həkimi Fərid Səlimov: "İş
zamanı bir şüarımız var, mümkün olmayan
heç bir şey yoxdur"
Yəqin ki, çoxumuz hər hansı idman
yarışına baxarkən bir idmançının anidən
zədələndiyini və bu səbəbdən bir müddət
peşəkar fəaliyyətdən kənar
qaldığını eşitmişik. Adətən
həkimlər zədələnən idmançılarla fərdi
məşğul olurlar. Avropada bu sahə üzrə
kifayət qədər ixtisaslaşmış mütəxəssis
və müəssisələr var. Bəs ölkəmizdə
necə, peşəkar formada idman həkimi kimi fəaliyyət
göstərən həkimlər və bu tip
xidmətlər göstərən müəssisələr
varmı?
Müsahibimiz idman həkimi kimi fəaliyyət göstərən,
bir müddət futbol üzrə aşağı yaş qrupu
üzrə milli komanda da çalışmış
fizioterapevt-reabiltoloq Fərid Səlimovdur. Hazırda
"Kinezis-Rehab" sağlamlıq mərkəzində
çalışan gənc həkimlə söhbətimiz
ölkəmizdə yeni inkişaf etməkdə olan
ixtisaslaşmış idman həkimliyi fəaliyyəti və
bu tip bərpa mərkəzləri haqqında oldu.
***
- Əvvəlcə təhsilinizlə bağlı məlumatdan
başlayaq.
- Mən Azərbaycan Tibb Universitetində təhsilə
başlamışam. Sonra isə Azərbaycanda bu sahə
üzrə ilk olan Böyük Britaniya təhsili də
almışam. Bu, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasında
(ADBTİA) həkimlər üçün nəzərdə
tutulmuş ingilisdilli magistr proqramıdır. İki illik proqram əsasında bizə dərs deyən
bütün müəllimlər İngiltərədən gələn
və bu sahədə çalışan professorlar olub. Həmin müəllimlər həm də
böyük beynəlxalq idman oyunlarının təşkilində
birbaşa rol oynayan mütəxəssislərdir. Qeyd edim ki, bu müəllimlər bizə ixtisas fənlərini
keçməyə gəlirdilər. Eyni
zamanda qeyri-ixtisas fənlərini isə yerli müəllimlərimiz
tədris edirdi ki, biz hərtərəfli inkişaf edə bilək.
Bu fakültə açılandan səhv etmirəmsə,
artıq 6-cı qəbuludur. Mən isə
həmin fakültənin 3-cü məzunuyam.
Daha sonra həkim kimi müxtəlif futbol klublarında,
eyni zamanda milli komandada (2020-ci ildə) fəaliyyət göstərmişəm. Paralel olaraq
müxtəlif seminarlarda iştirak edib daim öz üzərimdə
işləyib biliklərimi təkmilləşdirmişəm.
Daha sonra "FİFA Medical Network"
platformasını da bitirib buranın da həkimliyinə aid
diplomunu almışam.
- Demək
olar ki, ölkəmizdə hələ yeni-yeni tanınan bir sahədə
çalışırsınız. Necə oldu
ki, idman sahəsi üzrə həkim olmağa qərar
verdiniz?
- Biz Tibb
Universitetində oxuyanda orada kurasiya sistemi tətbiq olunurdu. Bu sistemdə elə idi ki, biz müxtəlif ixtisaslarla
maraqlanırdıq. Misal üçün
bir həftə uralogiya, növbət həftə dəri-
zöhrəvi, sonra onkologiya xəstəliyi üzrə xidmət
göstərən xəstəxanalarda təcrübə
keçirdik. Bütün bu proseslər
getdikcə tələbədə müəyyən
kriteriyaları formalaşdırırdı və artıq o
bilirdi ki, nə istəyir. Məndə də
belə oldu və idmana bağlı fizioterapiya-reabilitasiya sahəsi
daha çox diqqətimi çəkdi. Təəssüf ki, o vaxtlar bu sahə ATU-da o qədər
də yaxşı tədris olunmurdu. Çünki
qeyd etdiyiniz kimi, ölkəmizdə idman həkimliyi
özlüyündə yeni bir sahə idi. Təsadüf
elə gətirdi ki, bir futbol klubunda həkim kimi fəaliyyətə
başladım. Orada 6 aylıq fəaliyyətimdən
sonra klubun ikinci əsas komandasına təyin olundum.
Daha bir müddət burada çalışdıqdan sonra
Bədən Tərbiyəsi və İdman Akademiyasının
laboratoriyasında çalışmağa başladım. Orada əsas işimiz
sırf idmançıların test edilməsi idi. Yəni biz ölçürdük ki,
idmançının bədəni nəyə qadirdir,
dözümlülüyü nə qədərdir. İdmançı balanslıdırmı, ya yox.
İdmançı balanslı olmayanda enerji
boşa gedir. Ona görə idmançıya
balanslaşdırılmış məşqlər verilir ki,
idmançının enerjisi oyun zamanı maksimum
performansın göstərilməsinə yönəlsin.
Beləliklə, idmançının faydalı iş əmsalı
artır.
Bundan başqa, xaricdən komandalar gəlirdi və biz
müxtəlif idmançıları test edirdik, onlarla birlikdə
işləyirdik. Daha sonra milli komandadan - AFFA-dan təklif gəldi
və orada çalışmağa başladım. Təqribən bu ilin əvvəlinə qədər
milli komandada işləyirdim. Ondan sonra
"Kinesiz-Rehab" sağlamlıq mərkəzində
çalışmağa başladım.
Futbol üzrə çalışmağıma baxmayaraq,
profilim sırf futbol deyil, idmandır. İdmanla
yanaşı, dayaq-hərəkət sistemli travmalarla məşğul
oluram. Yəni əzələ-sümük-bağ,
bədəni hərəkətə gətirən bu
üç aparatın hər hansı bir travması olduqda,
onun bərpasına başlayırıq. Qeyd
edim ki, bu zədələr əsasən velosiped, trenajor, yaxud
digər idman növləri ilə məşğul olan
idmançılarda yarana bilir.
- Fəaliyyəti
ilə digər klinikalardan və fizioterapiya yerlərindən fərqlənir.
Bura sırf idmançılar üçün nəzərdə
tutulub?
-
Çalışırıq ki, idman həkimliyi və bu tip
klinikaların olması mədəniyyətinin ölkədə
oturuşmasına dəstək olaq. İdmançılar ən
azından travması olanda bilsinlər ki, hara gedib
düzgün müalicə ala və daha tez bərpa ola bilərlər.
- Necə
düşünürsüz, digərləri ilə müqayisədə
idmançılarla işləməyin çətinliyi, yaxud
fərqi varmı?
- Belə
deyim, əgər şəxs öz işini sevir və zövq
alırsa, o, necə olsa, öhdəsindən gələcək.
Bariyerlər ona problem kimi yox, motivasiya kimi gəlir.
Mən də həm öz işimdən, həm
olduğum yerdə fəaliyyətimdən həzz alıram.
Çətinlik deməzdim, ancaq bəzən zədəli
idmançı ilə işləyəndə belə
olsaydı, daha yaxşı olardı hissi yaranır. Bu
zaman da problem ola bilər ki, mənim
pasiyentə məlumatı düzgün ötürə bilməməyimdən,
yaxud onun düzgün anlamamasından irəli gəlir. Bu işin spesifikası nədir, onu deyim. Niyə biz buna idman həkimliyi deyirik.
İdmanda belədir ki, bir şəxsin bərpasına
çox az müddət sərf edilməlidir.
İdmançının bərpası ilə
adi şəxsin bərpası bir deyil. O, meydana, tatamiyə
və s. daha tez qayıtmalıdır, daha tez bərpa olmalıdır.
Çünki idmançıya bunun
üçün həm maliyyə ayrılır, həm də
komandada oyunçu sayı çatışmazlığı
və s. olur. Buna görə də sən
həkim olaraq bacardığın maksimum işi ortaya
qoymalısan. Bizim işimizdə bu cəm
götürüləndə komanda işi ola
bilir. Adi adamlarda isə vaxt problemi yoxdur.
- Nə
üçün idmançılar zədələndikdə
formalarını tez itirirlər?
- İdmanda müəyyən formanı almaq və
saxlamaq çox çətindir, itirmək isə çox
asandır.
Belə deyim, adam qrip olsa, formasını
itirəcək. Onun dözümlülüyü
və balanslılıq məsələləri var. Hansı
ki, bunları çox ağır məşqlərlə
yığmaq olur. İdmançı
müəyyən bir travma aldıqda onları itirir. Çünki davamlı əzələ, tonus, kardio
məşqlər, güc məşqləri etməlidir ki, əzələ
tonusda olsun. Bərpa zamanı isə biz
çalışmalıyıq ki, maksimum
idmançının həm kardiosunu və balansını
itirməyək, həm də bərpası düzgün
getsin.
İdmançı elədir ki, müəyyən bir qida
rasionuna öyrəşir, bizdən fərqli olaraq onların
qidaları kalorili yeməklərdir. Çünki məşq
müddətində çoxlu enerji yandırırlar. Bədən də buna öyrəşir, zədələndikdə
isə enerji itirmir, lakin bədən yenə də yemək istəyir.
Ona görə kökəlmə və piylənmə sürətlə
gedir. Həkim isə çalışıb elə
məşqlər verməlidir ki, zədəni
artırmasın, eyni zamanda, idmançının kardiosunu
itirməsin. İdmançının bədəni
icazə verdikdə bu zaman biz elipsoyt aparatı ilə işə
başlayırıq. Bu zaman bütün bədən
işləyir.
Həmçinin, psixoloji maneələr müalicədə
daha çox çətinlik yaradır. İdmançı
eqosunu da bura əlavə edə bilərik. Bilirsiniz, komanda işində həkim həm psixoloq
olmalı, ruh düşkünlüyünü aradan
qaldırmalıdır, həm də zədəni bərpa etməlidir.
Digər cəhətdən fikirləşək
ki, məşqçi də keçmiş
idmançıdır. Onun da öz iş prinsipi var, istəyir
ki, idmançı daha tez qayıtsın və s.
- Son
zamanlar onurğa problemlərindən əziyyət çəkən
insanların sayı artıb. Bu artım nə
ilə əlaqədardır?
-
Onurğa problemləri əsasən bel ağrıları ilə
tanınır. Avropa da hətta bir insititut ancaq
bel ağrılarını araşdırır. Yəni o qədər geniş yayılmış
problemdir. Düşünürəm ki, bu,
daha çox həyat tərzimizlə əlaqədardır.
Daha dəqiq desəm, sivilizasiya
formalaşması ilə əlaqəlidir. Buna
qədər insanlar əkində dəryazdan istifadə edir,
daha çox hərəkət edirdisə, bu, onurğanın hərəkətliliyinə,
əzələ sisteminə də müsbət təsir edirdi.
Hazırda isə oturaq işlərə
keçid sürətlənib. Ona görə
arxa qrup əzələlər (kürək, bel əzələləri)
zəifləyir. Bizim beynimiz çox
ağıllıdır. Beyin
düşünür ki, gündəlik həyat tərzimizdə
hər hansı bir oynağın müəyyən hərəkətliliyi
lazım deyilsə, beyin oynağı bloklayır ki, əlavə
enerji sərf etməsin. Və birdən biz
hər hansı bir yükü götürəndə, sərt
hərəkət edəndə zədələr,
ağrılar baş verir. Yaxşı olar
ki, hamı hər səhər gündəlik
qızışma hərəkətləri etsin. Bu zaman bədən daha gümrah olur.
- Pasiyentlərin
dili ilə desək, bədənin içini bildirən
müayinə kimi tanınan üsulu nədir və o, necə
aparılır?
- Bizim
etdiyimiz müayinə bədənin çəki analizidir. Bu, bizə imkan verir ki, bədənin nədən
ibarət olduğunu bilək. Bununla da kriteriyalara salaq ki, bilək
işimizi necə qurmalıyıq. Ona görə
müayinədən sonra sual veririk ki, sən nə istəyirsən?
Fit görünmək, yoxsa sağlam olmaq istəyirsən?
Əgər fit görünmək istəyirsə, onun məşqləri
ayrıdır, sağlam olmağın məşqləri
ayrıdır. Bəzən belə də olur, adam
fit deyil, ancaq bədəni göstərir ki, onun metobolik
yaşı azdır. Bu aparat bizə yol göstərir
ki, sağlamlığı bilək. İkinci
məqsəd nədir onu bilək. Adam piyi
azaltmaq istəyir, yaxud əzələlərini möhkəmlətmək
istəyir. Bunun üçün də məşq
intensivliyi, nəbz zonaları fərqlidir. Məsələn,
aktiv əzələni artırmaq istəyən şəxsin
növbəti müayinəsində bilinir ki, ona verilən məşq
yararlı olub, ya yox.
- İdmançılar üçün ən təhlükəli
sayılan və karyeralarının sonunu gətirən zədələr
hansılar hesab edilir?
- Bizim
iş prosesimizdə bir şüarımız var.
Mümkün olmayan heç bir şey yoxdur. Sadəcə
düzgün olmayan yol var.
Siz indi də bir neçə məşqçi
ilə söhbət etsəniz, görərsiniz ki, o, zamanında
müəyyən travma alıb. Travmanın
verdiyi ağrı üzündən karyerasını
saxlayıb. Normal yanaşmada isə əsas
olan düzgün yoldur. Əgər travmaya
düzgün yanaşılır, düzgün və mütəmadi
məşqlər edilirsə, travmaları dəf edib davam etmək
olur. Avropada bu yöndə araşdırmalar
var, orada müəyyən bir zədədən sonra professional
idmana qayıtmaq şansının nə qədər
olduğu göstərilir. Araşdırmaları ona
görə aparırlar ki, idmançı sabah
yenidən zədə almasın. Misal
üçün, idmançı ön çarpaz bağ əməliyyatından
sonra tək ayaqla önə tullanma testində 163-168 sm məsafəyə
rahat tullana bilirsə, demək, o, rahat məşq edə bilər.
İkinci zədənin olmaq ehtimalı qat-qat
azdır. Amma get çıx stadiona, məncə,
yaxşı olacaq düşüncəsi ilə
idmançını məhv etmək olmaz. Avropa,
həmin bəlkə sözünü özünə dedizdirmir.
Düzgün yanaşmada bəlkə
sözü olmur. Bərpa düzgün
gedirsə, idmançı professional idmana qayıda bilir.
Bu, çətindir. Çünki
idmançıdan vaxt, səbir, enerji, iradə tələb
edir.
- Təcrübədə
belə hallarla rastlaşmısınızmı?
- Bəli,
əlbəttə. Bir qapıçının əlində
travması vardı. Bu, onun
üçün psixoloji travma yaratmışdı və hesab
edirdi ki, futboldan kənarlaşa bilər. Çünki
onun həyatı artıq futboldan ibarət idi. Ancaq düzgün yanaşma ilə travmadan da,
psixoloji çətinlikdən də xilas oldu. Bu gün hələ də rahat qapıda dayana bilir.
Doğrudur, tam olaraq onun bərpasını
aparmaq mənim səlahiyyətimdə deyildi. Ancaq eyni klubda həkim kimi fəaliyyət göstərdiyimdən
şahidi olmuşam və müəyyən köməyim dəyib.
- Hərəkətli olmaq insanı sağlam saxlaya bilərmi?
- Mən uzun müddət uzunömürlülüyün sirrini axtarırdım. Mənim başa düşdüyüm budur ki, ömrü sağlam yaşayıb başa vurmağın əsas yolu hərəkətdir. Söhbət professional idmanla məşğul olmaqdan yox, ən azından müəyyən bir hərəkətdə olmaqdan gedir. Misal üçün, velosiped sürmək, yaxud ən azından parklara quraşdırılan trenajorlardan istifadə etmək lazımdır. Bir misal çəkim, digər rayon və kəndlərimizdə olanda oradakı analar, nənələrimizin Bakıdakılardan fərqli bədən quruluşuna malik olduğunu görürsünüz. Fərq çəkidədir. Misal, siz Xınalıqda kök adam görə bilməzsiz, çünki onlar hərəkətdədirlər. Onlarla belə misal var. Əvvəlcə insanlar özləri istəməlidirlər ki, sağlam qalsınlar və bunun üçün hərəkət mütləqdir.
Afaq RZA
525-ci qəzet.- 2022.- 16 fevral.-S.17.