Salxım söyüd
hələ də ağlayır...
"Niyə birdən yoxa çıxdı o bəxtəvər gülüşlər,
Niyə
məni belə yıxdı o bəxtəvər
gülüşlər..."
(Dəmir Gədəbəyli)
Nənəm atasının ölümünü
düz yeddi gün sonra yad taksi sürücüsündən
eşitmişdi. Son illərə
qədər heç atası barədə bir kəlmə də kəsməmişdi.
Nə danışıbsa,
babam öləndən
sonra danışıb...
Babam deyir, taksiylə kəndə gedirdik, asta səslə sürücüdən soruşdum
ki, əmi necədi? Dedi, kişi yeddi
gün əvvəl dünyasını dəyişib...
Nənəm yeddi yaşından sonra atasının üzünü
görməyib, atasının
gözü can verənə
qədər qapıda
olub. Nənəm deyir, taksidən
xəbəri eşidəndə
evimizə qədər
uzanan yol illərə tən oldu. Darvazadan içəri girəndə
gördüm, anam həyətdə oturub.
Qaçdım qucağına,
anam ağladı, ağladı, ağladı...
Kəndimizin ən nisgilli kəslərindəndir nənəm...
Nənəmin babası
Hacalı kişi
repressiyanın qurbanı
olub. Nənəm həmişə atasından soyuqqanlılıqla
danışıb. Onun tam əksi
kimi üzünü görmədiyi babasının
sürgün olunmasından
yana-yana bəhs edib. Nənəm, atasına olan hiddətindən, üzünü
görmədiyi babası
üçün bir az da artıq darıxıb. Qürurlu qadındır, çox şeyi demir. Amma mən
bilirəm ki, babasının acı taleyi ilə bərabər, atasından,
doğulub boya-başa
çatdığı ocaqdan
da ötrü darıxıb ağbirçək
nənəm...
Hacıalı kişi Bulduq meşələrinin
yiyəsi olub. Stalin rejimi isə, Hacıalı babamın da, onun torpaqlarının
da, bütün nəfəs alan
həmvətənlərinin də məhvinə hesablanmışdı. Onun
qan qoxan siyasətinin qurbanı olan neçə-neçə
işıqlı ziyalının
sırasında mənim
ulu babam Hacıalı kişi
kimi neçə-neçə
başı papaqlı,
əli təsbehli, ağzı dualı nuranilər də olub.
Cavid əfəndinin
Müşkinazı, Əhməd
Cavadın Şükriyyəsi,
Müşfiqin Dilbəri
əfsanəyə çevrilib,
onların sevgisi dillər əzbəridir. Onlar sadiqlik
mücəssəməsi kimi
xalqın ürəyində
qərar tutublar.
Hacıalı babamın
da noxudu kəlağayılı, ağ hörüklü,
xanım-xatın həyat
yoldaşı - Leyla ana onun yolunu
ölənəcən gözləyib.
II Dünya müharibəsindən
oğlunun qara kağızı gəlsə
belə, bu dərdi içində közərdə-közərdə yenə ərinin gələcəyinə ümid
bəsləyib.
Nənəm öz nənəsindən
- Leyla anadan elə ağızdolusu danışır ki... Həmişə nənəmə sərt cavab verəndə, soyuq danışanda, xətrinə
dəyəndə öz
nənəsindən söhbət
açır. Deyir,
mən nənəmi anamdan çox istəmişəm, ona görə ana demişəm - Leyla ana...
Hacıalı babadan heç bir nişanə qalmayıb. Amma onun oğlanlarının,
qızlarının şəkli
var, nəvələri
indi də həyatdadılar, hamısı
ilə üzbəüz
gəlirik. Onların
simasına tamaşa eləyib, xəyalımda,
nişanəsi qalmayan
Hacıalı babanın
portretini çəkmişəm:
Bığları burma-burma,
saçı seyrək,
gözləri qonur, alnında, üzündə
kələ-kötür qırışlar,
amma o qırışlara
rəğmən nurlu,
çöhrəsi açıq,
yanağı qəmzəli,
ürəyəyaxın bir
sima...
Hacıalı babamla bir yerdə kəndimizdən başqa bir nəfər də sürgünə yollanacaqmış. Amma o, baş götürüb uzaq rayonların birinə gedib, gözdən itib. Hacıalı babam isə, öz ocağında qərar tutub, heç yerə qaçmayıb. Balalarının yanında həzin sonunu gözləyib. Bəlkə də, getməyə yeri olmayıb. Əlacı olsa, ailəsini də yanına alıb köç edərmiş, fələyin əlindən yaxasını qutararmış. Naəlac qalıb...
Elə bilirəm, Hacıalı babamı aparanda çönüb Bulduq meşələrinə sarı, Kürə tərəf uzun-uzun baxıb, bir yanıqlı ah çəkib, o ah yandırıb-yaxıb Kürün sahilindəki salxım söyüdləri...
Bulduq meşələri dedim... Kəndimizin adıdır Bulduq. 1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan Kərbəlayi Nəcəfqulu bəyin qonağı olublar və Kür çayının sahilində yerləşən evində gecələyiblər. Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa Kərbəlayi Nəcəfquluya deyib: "Biz burda da olduq, kəndi türkümüzü bulduq". Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, "qərarım qətidir, kəndimizin adı "Bulduq" olacaq".
Həmin ev indi
də eyni vəziyyətdədi. Bir daşına belə əl vurulmayıb. O evdə
lal bir xanım
yaşayır. Hərdən elə bilirəm, bütün sirlər, olanlar, keçənlər
onun dilində düyünlənib. Hər
şey onun qulağına pıçıldanıb,
elə ona görə də, dinmir, danışmır...
Kəndimiz qəbirstanlıqda bitir,
nöqtəsi oradı. Leyla ananın qəbrinin
üstündəki yazılar ərəb hərfləri ilə
yazılıb. Onun yanında iki qəbirlik yer var. Yəqin, biri oğlu, biri də əri üçün... Hacıalı babanın harda basdırıldığını öyrənsəm,
o boş qəbir yerlərindən
bir ovuc torpaq götürüb onun məzarına apararam.
Bir də Kürün
sahilindəki söyüdü aparıb orda əkərəm. Ora
haradı? Uzaq Sibirmi? Bulduqdan Sibirə uzanan yol qəbirstanlığımızın dərdi
boydadı... Hə, Leyla ana
öləndən həmin söyüdlər
saçlarını Kürə sarı əyib
ağlayır.
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 16 fevral.-S.16.