Milləti millət edən
Onu mən çoxdan tanıyıram. İlk tələbəlik
illərimdən. Bu isə artıq onilliklər
deməkdir və belə bir sanballı müddət bir insana
ürəyin istəyən qiyməti verə bilməkçün
yetərincə mötəbər zəmanətdir.
1970-ci illərdə radionun Azərbaycan cəmiyyətində
məxsusi yeri vardı. Hər gün respublikanın dörd
bucağından "Mehdi Hüseyn küçəsi 1-ə"
qalaq-qalaq məktublar yetişərdi.
Və hər
gün gələn yüzlərlə məktubu
seçib-sıralamaq, təyinatı üzrə yönəltməyin
özü ağır bir iş idi. Elə həmin səbəbdən
o zamanlar Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində xeyli
işçisi olan ayrıca məktublar şöbəsi fəaliyyət
göstərirdi.
Çoxdandır
daha ehtiyac
duyulmadığına görə həmin
şöbə ləğv edilib.
İndi nəinki redaksiyalara məktub yollamaq vərdişi,
ümumən məktub yazmaq, yazdığını zərfə
qoyub poçt qutusuna salmaq, intizarla cavab gözləmək ənənəsi
itən, bitən kimidir.
Amma öz aramızdır, bunun ayrı bir ləzzəti,
həm də xüsusi tarixi mənası vardı.
Daha keçmişlərdəki kimi nə bizlərdə,
nə də dünyanın başqa ölkələrində hərəsi
bir maraqlı hekayət kimi olan məktubların
qovuşmasından ibarət və bəzən bədii əsərlərdən
daha ləzzətlə oxunan cildlər çətin yarana.
Məktub nədir, artıq gözəl xətt vərdişi
də asta-asta qeybə çəkilir.
1970-ci illərdə Azərbaycan Radiosunda ən çox
məktub alanlardan biri İntiqam Mehdizadə idi.
İlk
növbədə redaktoru olduğu "Bulağ"a görə,
eləcə də Azərbaycan Radiosunda "İncəsənət və
radio teatrı" şöbəsinin xətti ilə
hazırladığı bir-birindən maraqlı silsilə
verilişlər səbəbiylə.
Onun qələmindən
çıxan "Axtarış", "Dan yeri",
"Duyğu", "Yeni üfüqlər",
"Vaxt", "Mövqe", "Cərxi-fələk",
"Sorğular, cavablar", "Sənətsevər" kimi
çoxsaylı radio verilişlərinə də bəs deyincə
dinləyici məktubları gəlirdi.
Şübhəsiz
ki, o çağlar radionun sıralamada ən öndə olan
verilişi "Bulaq" idi və günlərin birində
İntiqam mənə "Sən də ayda bir dəfə qələmini
sına" təklifini edəndə çox sevindim.
"Bulağ"ın
Vaqif Əlixanlı, Mövlud Süleymanlı, müəllimim
Kamil Vəli və elə İntiqam Mehdizadə kimi püxtə
qələmli müəllifləri vardı və bir tələbə
üçün belə nüfuzlu bir sırada yer ala bilmək
böyük uğur idi.
Bu, hər şeydən əvvəl İntiqamın mənə
qol-qanad verməsi, arxa durması idi və yolumun
başlanğıcındakı həmin qayğını həmişə
minnətdarlıqla xatırlayıram.
Qələmə aldığım ilk "Bulaq" mətninə
İntiqamın yüngülvari bir əlavəsi olmuşdu. Belə ki, verilişin
sonunda Səməndər Rzayevlə Məhluqə
Sadıqovanın dinləyicilərlə
sağollaşmasını belə redaktə eləmişdi:
"Busəfərki "Bulağ"ı
düzüb-qoşan Rafaeldi - Rafael Hüseynov. Bu,
onun birinci "Bulağ"ı idi. Axırıncı
olmasın, axarıncı olsun. Tələbədi,
universitetdə oxuyur. Oxumağı da başacan olsun!"
İntiqamın o məşhur sənətkarların
diliylə səslənən alxışı yerinə yetdi,
oxumağım başacan oldu. Sonra yollar bizi çox
üfüqlərə doğru apardı.
Aradan
ötən 40 ildən artıq vaxt boyunca nələr dəyişmədi!
Adətlərdən, vərdişlərdən,
geyim-keçimdən, insan münasibətlərindən
tutmuş dünyanın özünəcən çox
şeylər ayrıcürləşdi, çox dəyərlər
başqalaşdı. Ancaq İntiqamla dostluğumuz,
mehribanlığımız, ülfətimiz sovuşan illərlə
soyumadı, azalmadı, əksinə, daha möhkəm, daha
isti oldu.
İntiqam Mehdizadə geridə qalan və qısa olmayan
müddət ərzində Azərbaycan publisistikasında, sənətşünaslığında,
jurnalistikamızda silinməz izlər qoyub, həmişə
oxunacaq, aranacaq kitablar ərsəyə gətirib.
Və radio tariximizin ən maraqlı səhifələrindən
biri kimi bu yaradıcılığın ayrıca, dərindən
araşdırılmasına da ehtiyac var.
Ümumən, Azərbaycan radiosu misilsiz bir
maarifçilik, mədəniyyət hadisəsi kimi
bütün tarixiylə gərək hərtərəfli
öyrənilə və təhlil edilə, haqqında
tutarlı kitablar yazıla.
İntiqam
ötən əsrin 60-cı illərində anasının və Teatr Texnikumunda
böyük Hüseyn Cavidin tələbəsi olmuş
atasının xeyir-duasıyla Şirvanımızın
İsmayıllı elindən
qoparaq Bakıya təhsil almağa gələndə, əvvəlcə
"Azərbaycan gəncləri" qəzetində, sonradan
onillər boyu radioda işləyərkən qəlbində, qələmində
hansı saflığı, səmimiyyəti
daşıyırdısa, bu gün də elə həmin
sayaqdır.
Yaş artıb, təcrübə, bilik çoxalıb,
həyat onu çox çətinliklərə ürcah edərək
çox dərslər verib.
Aydındır ki, zahirindən tutmuş batininəcən
zamanın sığalını İntiqam da duyub.
Amma o sadədillik,
o səmimiyyət, o etibarlılıq 40-45 il
öncə İntiqamda necə idisə, bu gün də həmin
təhərdir.
Və ən gözəli budur ki, o yaradıcılıq
şövqü, o ruh, o ilham yarım əsr qabaq necə
daşırdısa, bu gün də həmin cür
coşmaqdadır.
Ən
üzdə olan sübutu da budur ki, çoxdan təqaüdə
çıxmış, amma zahirən də, daxilən də
cavan qalan İntiqamı 77-sinin tamamlanmasına lap az qalmış doğma radiosu təzədən
dəvət etdi ki, gəl yenə "Bulaq" yaz.
Başladı yazmağa, bircəsini dinləyincə
valeh oldum, elə bil elə həmin 1970-lərdəki, 1980-lərdəki
İntiqamın "Bulağ"ı idi.
Qələminin nəbzi yenə əvvəlki kimi rəvan
döyünürdü, nəfəs qətiyyən təngimirdi
və "Bulağ"ının məzmunu, dili də əzəlki
dəsti-xətti, köhnə havanı hifz etməklə bərabər,
bugünün damarından tutmuşdu, indinin deyilməli olan
sözünü deyirdi.
Və İntiqam həmin İntiqamıdr. Qələmi,
qələmindəki sözü dəyişmədiyi kimi,
özü də əvvəlki sabitliyindədir.
Həminki istiqanlılıqda, həminki sədaqətdə
- həm işinə, həm dostlara münasibətdə.
Sanki heç aradan onillər ötməyibmiş, sanki elə
yenə 1970-ci illər idi. Təzədən
"Bulağ"ın ona həvalə edildiyi indiki günlərdə
yenə çox illər qabaqkı kimi mənə müraciət
etdi: "Bəlkə ayda bir "Bulaq" da sən
yazasan"...
İnsan oğlu XX əsrdə möcüzə
sayıla biləcək, biri digərindən fövqəladə
çox kəşflər, ixtiralar etdi.
Qədim zamanlarda, orta əsrlərdə onlardan
hansınısa camaata göstərib özünü göylərdən
gəlmiş mələk, müqəddəs varlıq kimi təqdim
etsəydin, sənə şəksiz inanardılar,
tapınardılar.
Ancaq insan hər şeyə adət eləyir. Möcüzələrə
də alışdıq.
Onların sayı elə çox oldu ki, dünən
möcüzə hesab etdiklərimizin bir çoxu sanki
bizimçün adiləşdi. Onları elə belə
olmalıymış kimi qəbul etməyə üz qoyduq.
Bir vaxtlar
qrammofonlar çıxanda insanlar səsin vala
yazılmasını, sonra da canlı adamın oxusu,
çalğısı kimi səsləndirməsini heyrətlə
qarşılamışdılar.
Sonra buna da, kinoya da alışdıq. Telefon, radio,
televiziya da eləcə.
Di gəl,
kəşflər, ixtiralar davam etdikcə nə qədər
ağlasığmaz zirvələrə çatsa da, insan
oğlunun yaratdığı radio qat-qat mürəkkəb
görünən sonrakı kəşflərin, ixtiraların
yanında qeyri-adi sehrini, məxsusi möcüzəliliyini hər
zaman qorudu, xüsusən də həyatı radioyla
bağlı olanlar üçün.
Bu balaca qutu, efir boşluqlarına uçan dalğalar
nağılvariliyini heç zaman əldən vermir.
Azərbaycanda
radionun yaşı nədir ki - 1926-cı il,
6 noyabr.
İlk dəfə "Danışır Bakı"
sözlərinin eşidildiyi anlardan bugünəcən olan
vaxt məsafəsi böyük deyil. Ancaq bu qısa zaman kəsiyində
radio minlərlə məktəb, universitet,
saysız-hesabsız mədəniyyət ocağının,
sıra-sıra kitabxanaların, qatar-qatar teatr, konsert
salonlarının gördüyü işləri yerinə
yetirib, nəsil-nəsil insanlara müəllim, hayan, sirdaş
olub.
İntiqam
Mehdizadə ömrünü efirə bağlamış olsa
da, onillər boyu radiomuzda çalışsa da, radioya ilk
vurulduğunda onda yaranan vəcd və heyranlıq duyğusunu
bir an belə itirməmiş köhnə
radioçulardandır.
Radio mühitində dildən-dilə keçən,
artıq möhürlənmiş kimi görünən bir ifadə
var - "Qızıl fond". Təbii ki, bu, şərti
anlayışdır. Radionun səslər xəzinəsini
yaratmış musiqi əsərləri, verilişlər,
çıxışlar, müsahibələr, radio
tamaşaları, bir sözlə, "qızıl fond"u
araya-ərsəyə gətirmiş incilər nə altun disklər
üzərində yazılıb, nə də qızıldan
hazırlanmış qutularda saxlanılır. Fəqət fəlsəfəsinə dalınca əmin
olursan ki, onların əksəri qızıldan dəfələrlə
dəyərlidir və zaman ötdükcə əsl xəzinələrə
xas olan qanunauyğunluqla qiymətləri durmadan artır.
İntiqam Mehdizadə Azərbaycan radiosuna həsr etdiyi
ömrü boyunca həmin xəzinəni, millətimizə məxsus
olan gerçəkdən də qızıl olan fondu yüzlərlə
əsəriylə zənginləşdirmiş radio xadimlərindəndir.
Bu əsərlərin hər biri artıq
hamımızındır, milli irsdir, heç vaxt köhnəlməyəcəklər. Çünki
hər birisinin öz tarixi anlamı və yükü, hərəsinin
öz taleyi var.
Efirə həsr etdiyi illərdə İntiqamın
radioya bəxş etdiyi, "Bulaq" diliylə söyləsək,
ürəyinin yağı ilə yazdığı bir-birindən
əhəmiyyətli, biri digərindən eşidimli bolluca
verilişlər və sonra da sevilən kitablara
çevirmiş radio əsərləridir.
Bəs
radio bu fədakar, sevərək, can yandıraraq göstərdiyi
xidmətlər müqabilində İntiqam Mehdizadəyə nə
verdi?
Cavab sadədir
- hər kəsə nəsib olmayan xoşbəxtlik,
hamınınkı, bütün Azərbaycanınkı olmaq bəxtiyarlığı,
xalqın səsi olmaq məsudluğu, hər bir əsl azərbaycanlı
evinin daimi istəklisi olmaq bəxtəvərliyi!
Radio
olmasaydı, İntiqamın yolu efirdən keçməsəydi,
Azərbaycanın zirvə şəxsiyyətləri olan bu qədər
misilsiz insanlarla necə yaxın təmas yarada, bir çoxuyla
məhrəm, dost münasibətlərini necə qura bilərdi?
Bu parlaq, üstün zəkalı, istedadlı şəxsiyyətlərlə
ünsiyyət isə insana elə işıq bəxş eləyir
ki, içəridən böyüyürsən, onların
nurlu zərrələri sənin ömründə, hisslərində,
düşüncəndə əbədilik qalır.
Bundan böyük nə qazanc olar həyatda?!
Demək,
Azərbaycan Radiosuna həsr elədiyi ömrünün
müqabilində köhnə və sədaqətli
radioçu İntiqam Mehdizadəyə radionun
bağışladıqları çəkicə heç onun
özünün radioya verdiklərindən az
deyil.
Və
İntiqam Mehdizadənin varlığındakı
işığı, ondakı ləyaqəti, mətinliyi,
dürüstlüyü nişan verən
bir cəhətdən də gərək söz açam.
Günlərin
birində arxiv məsələlərində ifrat səliqəli
olan İntiqam mənə əski
kağız-kuğuzlarının arasından
tapdığı bir əlyazmasını verdi
ki, ötmüş əyyamlardan sənə yadigar qalsın.
Və həmin 5-6 vərəqə radionun,
İntiqamın və mənim ömrümüzün bir tikəsi
olan tarixçə sığınmışdı.
Adətən
köhnə vaxtlarda - sovet dönəmində Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
hər bazar ertəsi redaksiya işçilərinin öz
aralarında "letuçka" adlandırdıqları və
arxada qalan həftədəki verilişlərin təhlilinə
həsr edilən müzakirələr keçirilərdi (biz o
zaman bütün sovet efir məkanında işlənən və
az qala terminləşmiş bu rus sözünün mahiyyətini
sərrast ifadə edən azərbaycanca
qarşılığını da yaratmışdıq:
"Çaparaq").
Radionun öz letuçkası vardı, televiziyanın
öz.
Həm də çox zaman bu müzakirələr qədərincə
qızğın olar, bəzən saatlarla uzanardı.
O qəbil
müzakirələr hazırlanan verilişlərin keyfiyyətinə
daha artıq diqqət yetirmək məsuliyyətini
artırırdısa da, mütəmadi olaraq bihudə höcətləşmələr,
qərəzli tənqidlər, haqsız iradlar da səslənirdi,
redaksiyalararası rəqabətin nəticəsi kimi yersiz
qarşıdurmalar da vaxtaşırı baş verirdi.
Müzakirələr qapalı olardı, nəinki kənar
şəxslərin, heç sıravi redaksiya əməkdaşlarının
da ora müdaxiləsi mümkünsüz idi.
Ancaq təfərrüatlar haqda soraqlar həmin iclas
zalından kənara da çıxırdı, müzakirələrin
müzakirəsi dəhlizlərdə, redaksiyalarda, yeməkxanada
davam edirdi.
Ona görə də bu gərgin toplantılarda kimin
hansı mənəviyyatın, kimin hansı səviyyənin,
kimin hansı mərdliyin və namərdliyin
daşıyıcısı olduğu hər kəsə
aşkar görünürdü.
O
çağlar mən kənar müəllif kimi musiqi
redaksiyası xətti ilə həftəlik "Axşam
görüşləri"ni
hazırlayırdım. Ancaq ayda bir dəfə "Bulaq",
"Gənclik" redaksiyası üçün baş
redaktor Fəridə Aslanbəyovanın təklifi ilə
"Natəvan" qızlar klubu", Uşaq redaksiyası xətti
ilə baş redaktor Rafiq Ağayevin (Savalan)
yolaçmasıyla "Biləyən"i də
yazırdım.
1979-cu
ilin sonunda radio rəhbərliyi mənə dekabrın 31-də
səslənəcək Yeni il
verilişinin ssenarisini yazmağı təklif etdi. Adətən
ilayrıcında efirə çıxan və "köhnə
yeni il"də təkrarən səsləndirilən iki saat
yarımlıq bu verilişin mətnini radionun "Ədəbiyyat
və incəsənət" redaksiyası hazırlayardı,
lakin bu dəfə ənənə pozulmuşdu, "Musiqi
verilişləri" redaksiyası seçilmişdi, üstəlik
də, ssenarini yazmaq kənar müəllifə
tapşırılmışdı.
Bu, istər-istəməz müəyyən
qısqanclıq yaratmışdı.
Mənə
radionun il ərzindəki ən mərkəzi
verilişi sayılan o ssenarinin tapşırılması
nüfuz məsələsindən savayı, həm də
böyük maddi kömək idi. Çünki
hazırladığım digər verilişlərin hərəsinə
50-80 manat qonorar alırdımsa, bu mətnə görə
800-900 manat yazılacaqdı. O vaxt üçün balaca
pul deyildi.
Verilişi
hazırladım, efirə getdi, təkrarı da səsləndi
və həmin həftələrdəki verilişlərin
müzakirələrinə həsr edilən
"letuçka"lar da arxada qaldı.
Ancaq iş elə gətirdi ki, artıq yanvarın sonundakı
"letuçka"da qəfilcə təzədən həmin
yeni il verilişinə qayıdıldı,
təhqir həddinə çatan tənqidlər dilə gətirildi.
Radionun baş redaktorları və şöbə
müdirlərinin iştirak etdiyi həmin müzakirələrdə,
təbii ki, mən yox idim, ancaq əhvalatı elə
ucundan-qulağından eşitdim.
O tənqidi
çıxışdan sonra yığıncaqdakı dirəşmə
ovqatını hiss edən iclas sədri - komitənin radio
üzrə rəhbəri Tahir Paşazadə tozanağı
yatırtmaq və aranın bir az da
qızımasına girəvə verməməkçün
vaxtın az olduğunu səbəb gətirərək
başqa mövzuya keçməyi təklif etmişdi.
Lakin növbəti iclasda tamam başqa mövzuda
çıxış etməli olan İntiqam Mehdizadə
sözünü məhz ötən iclasda mənim
ünvanıma səsləndirilmiş haqsız iradlara və hərzə-hədyana
cavabı ilə başlamışdı.
İrəlicədən həmin mətni
yazıbmış da. Yazmağı o yana, sonra
cırıb atmayıbmış, arxivində
saxlayırmış da.
Bir müddət öncə mənə hədiyyə
etdiyi də vaxtilə şifahi olaraq başqalarından
eşitmiş olduğum məşhur
çıxışının əlyazması idi.
"Letuçka" sözünün özü kimi
orada illərcə səslənmiş
çıxışların hamısı uçub gedib. İndi illər
ayrılığından sonra İntiqam mənə o gün
orada nə dediklərini yaddaşına arxalanaraq söyləmək
istəsəydi, yəqin, ondabirini çatdırmağa
gücü yetərdi. Yazınınsa əvəzsizliyi
bax budur.
Həmin cavab həmin gün necə səslənibmişsə,
sözbəsöz qarşımdadır.
İntiqama
- lazım olan anda susmayan, mənə qahmar çıxan,
olmadığım yığıncaqda məni qətiyyətlə
müdafiə edən etibarlı və mərd dostuma minnətdarlıqla
40 ildən də bir az əvvəl yazılmış, söylənmiş
fikirləri oxuya-oxuya qayıdıram həmin iclasa.
İntiqamın həmişəki kimi sakit, həlim, ancaq
inamlı səsini eşidirəm: "Mən, keçən həftənin
şənbə verilişləri haqqındakı qeydlərimə
daha əvvəlki həftələrdə səslənən
bir veriliş haqqında fikirlərimi qısaca bildirməklə
başlayıram. Bu, "Təzə il"
verilişidir. Ötən "letuçka"da həmin
verilişin çox "zəif" olduğu və
"qudurğan" müəllif Rafael Hüseynov tərəfindən
hazırlandığını bəyan eləyən Satira və
yumor şöbəsinin böyük redaktoruna baş redaktor
Valid Sənani bir replika atdı ki, "başa
düşmürəm, artıq iki dəfə efirdə səslənən
veriliş haqqında danışmaq nəyə kömək edər?"
(İntiqam Mehdizadənin mətnində mən yalnız
bəzi adları ixtisara saldım. Çünki bu
yazını indi ortaya çıxarmaqda məqsəd köhnə
palan içi eşmək, kiminsə naqisliyini qabartmaq deyil.
Məqsəd zəmanənin özünəməxsusluqlarını,
bir də keçdiyimiz yolda hansı maneələri
adlamalı olduğumuzu diqqətə çatdırmaqdır -
R.H.).
Çox yerində atılan replika idi. Amma ki, replika
replikalığında qaldı. Veriliş
haqqında danışıldı və "bir qəpiklik
söz yığını" kimi qələmə verilməsinə
cəhd göstərildi.
Məncə, əgər iki dəfə efirə
çıxan veriliş haqqında iki dəfə - birində
tərifli, birində isə tənqidli çıxış
edilibsə, həmin veriliş barədə
üçüncü, dördüncü və lazım gələrsə
onuncu dəfə də danışmağa dəyər. Çünki,
belə görünür, burada məsələ bir qədər
qəlizdir. Əlbəttə, təkcə
elə "letuçka" dinləyiciləri tərəfindən
uzunçuluq kimi başa düşüləcəyindən
ehtiyatlanıb susmaq olardı. Amma görəndə ki,
burada söhbət çoxumuzun istədiyi və kənar
müəllif kimi tanıdığı son dərəcə tərbiyəli
bir oğlandan, bir ziyalıdan gedir, kirayənişin ola-ola
filoloji elmlər namizədi alimlik dissertasiyasını
çox böyük müvəffəqiyyətlə müdafiə
eləyən, hal-hazırda kirələdiyi darısqal bir mənzildə
doktorluq dissertasiyası üzərində çalışan,
ev yiyəsinə 900 manat kirə haqqı borcu olan, bunun
ucbatından da özünü oda-közə vuran cavan bir
alimdən, radio efirində çoxumuzun "urra" ilə qəbul
elədiyi bir sıra verilişlərin
yaradıcısından, Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunun Fəlsəfə tarixi
şöbəsinin ləyaqətli əməkdaşından
gedir, mən susa bilmədim.
İndisə veriliş barədə. Ötən
"letuçka"da heç mətləbə dəxli
olmadan "yeni il" verilişi
haqqında çıxış eləyən şəxs qeyd
elədi ki, verilişin mətni çox "zəifdir",
başdan-ayağacan "plagiatlıq" nümunəsidir. Biz plagiatlıq termini altında bir mətnin sözbəsöz,
sətirbəsətir, fikirbəfikir
köçürülüb müəllifin öz adına
çıxılmasını başa düşürük.
Əgər "Yeni il" verilişi həqiqətən belədirsə,
əgər iddiaçının əlində bunu sübuta
yetirəcək faktlar varsa, onda bu, məhkəməlik
işdir, onda materiallar müəlliflərin hüququnu
müdafiə eləyən quruma verilməlidir. Və
əgər bu, sübut olunsa, Tahir müəllim başda olmaqla
musiqi redaksiyasının da bir qrup əməkdaşı məhkəmə
qabağında dayanmalı olacaq. Əgər doğrudan da torbada pişik varsa, buyursunlar -
bu meydan, bu da şeytan. Şəxsən mən musiqi
redaksiyasının baş redaktoru Hacı Məmmədovun
yerində olsaydım, plagiat sözünü öz
üzərimə götürməzdim.
Bax,
bütün bu göstərdiyim səbəblərə görə
məndə bir maraq oyandı və verilişin qovluğuyla tanış oldum (Onu da deyim, verilişə
qulaq asmışam. Və mənə elə gəlir,
fikirlərimi ifadə eləmək üçün bu,
heç gərəyim də deyil. Çünki
səslənmə sırf rejissorun, musiqi tərtibatçısının
işidir. Hər halda redaksiyanın
qayğısıdır, Rafaellik burada iş yoxdur). Bəli, tanış oldum və
çıxardığım nəticə çox müsbət
oldu. Daha mən burada onu uzun-uzadı təhlil eləmək
istəmirəm və ayrı-ayrı süjetləri kontekstdən
ayırıb nə tənqid, nə də tərifləmək
cəhdində bulunmayacam, yalnız aldığım təəssüratı
söyləyəcəyəm. Veriliş mənə
çox xoş təsir bağışladı və burada
heç bir plagiatlığa rast gəlmədim. Çünki mən Rafaelin yazı üslubuna
çox yaxşı bələdəm - onu birinci dəfə
Azərbaycan efirinə bizim şöbə təqdim eləyib,
Rafaelin üslubunu, təfəkkür tərzini, dil səlisliyini,
üslubundakı folklor şirinliyini heç kimlə dəyişik
salmaram. O ola ki, onu tənqid edənin
yazısıyla.
Bilirsiz,
"Yeni il" verilişində Rafael belə bir xeyirxah
guşə ayırıb ki, radionun ayrı-ayrı qabaqcıl
proqramlarının - "Ana"nın, "Günün səsi"nin,
"Bulağ"ın, "Biləyən"in və digər
hörmətli verilişlərin dili ilə dinləyicilərə
xoşbəxtlik arzulanır, yeni illəri təbrik edilir.
Bugünkü radio məkanımızın çöhrəsini
göstərən, populyar radio verilişlərinin Yeni il verilişinə bir neçə dəqiqəliyə
qonaq gətirilməsi kimi orijinal efir həllinə qərəzli
tənqidçinin "plagiat" deməsi sadəcə
böhtandır və belə yanaşma
anlaşılmazdır.
Verilişdə hər şeydən qabaq böyük zəhmətin sərf olunduğunu gördüm. Rafael burada həm bir ssenariçi kimi çıxış eləyir, həm də reportyor kimi. Neft daşlarından vurur, fabrikdən çıxır, fabrikdən vurur, incəsənət-ədəbiyyat sahələrindən çıxır. Məncə, təkcə bu cəhətini təqdir eləməyə dəyər. Çünki ondan əvvəlki ssenariçilər belə yol tutmayıblar - onların əlində çoxsaylı müəllif, əməkdaş, rejissor, musiqi tərtibatçılarından ibarət güclü arsenal olub. Məhz bu keyfiyyətinə görə Rafaelin verilişindən kabinet yox, həyat ətri gəlir. Zənnimcə, verilişə qulaq asanlar da mənim sözlərimi təsdiq eləyə bilər və təsdiqləyərlər də.
Düzdürmü? Deməli, deyirsiz yaxşıdı. "Yeni il" verilişinin böyük zəhmət məhsulu olduğunu (24 səhifəlik material var qovluqda), bədii və siyasi cəhətdən sanballılığını bir daha qeyd edərək onun daha rəngarəng çıxmasına mane olan səbəblərdən də bəhs etmək istəyirəm. Mən verilişin hazırlanma prosesində bir səhnənin şahidi oldum: deməli, rejissor Fazil Əliyev otağımıza gəlib "Karnaval" verilişindən bir hissə xahiş elədi. Belə bir məqsədlə Fazil Satira şöbəsinin müdirinə müraciət elədi. O da sual verdi ki, bunu hansı veriliş üçün və kimin xahişi ilə istəyirsən? Dedi ki, yeni il verilişi üçün Rafaelin xahişi ilə. Bu yerdə elə bil tərəfi-müqabili ilan vurdu və qayıtdı: "Rafael qələt eləyir". Burada çox maraqlı əlaqə görmək olar. Deməli, hələ veriliş efirə çıxmazdan qabaq Rafaelə aqressiv münasibət mövcud olub ki, veriliş iki dəfə efirə çıxandan sonra ötən "letuçka"da da həmin münasibət özünü göstərdi. Buna necə ad vermək lazım gəldiyini, zənnimcə, hamınız başa düşdünüz: "Yeni il" verilişinin ona tapşırıldığından doğan kin-küdurət, qibtə, paxıllıq hissi!
O ki qaldı Rafaelə ad olunan "O, qələt eləyir" sözlərinə, bu barədə o, lazım gələrsə, başqa yerdə cavab verməli olar. Məncə, belə sözlər arxadan yox, cəsarəti çatarsa, üzə deyilməlidir.
Yekun olaraq demək istəyirəm ki, sadaladığım məziyyətlərinə görə, həm də "letuçka"larda əksəriyyətin "Yeni il" verilişi haqqında müsbət rəy söylədiyini nəzərə alıb mən təklif eləyirəm ki, adıyla belə bir səviyyəli verilişin bağlı olduğuna görə Tahir müəllimi, eləcə də Musiqi Verilişləri Baş Redaksiyasının əməkdaşlarını da təbrik eləyək və Tahir müəllimdən xahiş edək ki, imkan daxilində həmin verilişi hazırlayan qrupa əlavə pul mükafatı verilməsini təmin eləsin!
Hətta əgər müəyyən səbəblər və imkansızlıqlar üzündən həmin mükafat o qrupa verilməzsə belə, şəxsən mən ümumun rəyini nəzərə alıb o pulu onların cibində görürəm.
İndi isə keçək ötən həftənin şənbə verilişlərinə..."
40 ildən o yanın uzağından gələn bu köhnə mətni belə geniş iqtibas etdiyimə görə qınamayın. Bu yazıda zəmanə var.
Bu yazı təkcə mənə aid deyil, bu çıxış bir tarixi sənəddir. Radiomuzun tarixinə ayna tutan, orada sovet dönəmində gedən müzakirələri, radiodakı mühiti, ictimai müzakirələrin tərzini, fərqli ziyalı mövqelərini əks etdirən sənəd!
Oxşar fikir qarşılaşmaları, mövqe toqquşmaları həmin dövrlərdə Yazıçılar İttifaqında da, Elmlər Akademiyasında da tez-tez baş verərdi. Həmin çağların ruhunu duymaq, havasını anlamaqçün, daha əvvəlki və daha nigaran, ölüm-itimli, həbsli-sürgünlü sovet onillərindən bizim axarında olduğumuz 1970-80-ci illərin ziyalı aləminin nələriylə seçildiyi, nələriylə oxşar olduğunu əyaniliyi ilə görmək və hiss etməkçün bu qəbil stenoqramların da araşdırılmasına ehtiyac var.
Doğru sözü, ədalətli qənaəti ucadan demək məqamında kirimişcə qalmağa üstünlük verənlər, "mənə nə?", "ağrımayan başıma niyə bəla açım?" düşüncəsi ilə yaşayanlar da həmişə olub, ən qəddar əyyamlarda belə haqqı nahaq ayağına verməyə vicdanı dözməyənlər də, çəkinmədən, qorxmadan, cəsarətlə düşündüklərini dilə gətirənlər də.
Demirəm mənim köhnə dostum İntiqam Mehdizadə qəhrəmandır.
O, varlığında dağ havasının saflığını ömrü uzunu daşıyan, bu millətə daim yaşayacaq dəyərli əsərlər bəxş etmiş, həyatı boyu da qələmin fəhləsi olmaqdan o yana iddiası olmamış vicdanlı, əqidəli və sadədən-sadə insandır.
Millətisə millət edən elə bu cür sadə balalarıdır!..
14 fevral, 2022
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 16 fevral.-S.14-15.