Qələmsiz yazılanlar
status-esselər
Harari:
"İnsanlar o qədər
uzun yaşayacaqlar ki, oğul-uşaqlarını
tanıya, xatırlaya
bilməyəcəklər!"
***
Belə hadisələr məktəblərdə
həmişə olub. Sadəcə, əvvəllər ağıllı
telefonlar yox idi.
***
28 yanvar Vətən
müharibəsi şəhidi,
baş leytenant Səid Rəşidzadənin
doğum günüdür. Dünən təhsil
aldığı 207 saylı
məktəbdə Səidin
barelyefinin açılışında
iştirak etdik.
Ruhu şad olsun!
***
Səs diksindirə bilirsə, heç olmasa fikirdən ayıra, başını qaldırmağa
məcbur edirsə, Səsdir...
***
Ölkənin təhsil sektoru ilə bağlı neqativ xəbərlərin
son dönəmlər sistemli
xarakter alması, bəzi "cəfakeşlərin"
ifrat canfəşanlığı
adamın təsəvvüründə
istər-istəməz müəyyən
şübhələr yaradır,
bu cansıxıcı
havadan mütəşəkkil,
çirkli, məkrli kampaniyanın qoxusu gəlir.
Təhsilin inkişafını hansısa
şəxsi maraq güdmədən, ürəkdən
arzulayan insanların narahatlığı təbii
və anlaşılandır. Amma neçə illərdən
bəri üst-üstə
qalanmış qüsurların
hamısını aparıb
gənc nazirə bağlamaq haqsızlıq,
sadə bir ailədən çıxmış,
öz savadı, bacarığı sayəsində
nazir pilləsinə yüksəlmiş bir məmuru açıq, birbaşa, səmimi fikirlərinə görə
hədəfə almaq,
onu bütün çatışmazlıqların baiskarı qismində qələmə vermək
ədalətsizlikdir.
Belə baxanda nazir bu
vəzifəyə vur-tut
ilyarım əvvəl
təyinat alıb. Yəqin razılaşarsınız
ki, kimdənsə təhsil sektoru kimi ağır və məsuliyyətli, həm də kifayət qədər problemli bir sahəni
bu müddətdə hər birimizin arzuladığı səviyyəyə
gətirməyi istəmək
məntiqdən uzaq və absurd olardı.
Bir yandan da, bu
ilyarım ərzindəki
fəaliyyətinə, ayrı-ayrı
çıxış və
müsahibələrinə diqqət yetirəndə açıqca görünür
ki, nazir təhsil sahəsindəki
mövcud vəziyyətdən
yetərincə məlumatlıdır
və ən əsası da xoşniyyətlidir. İctimai rəydə
guya problemləri, çatışmazlıqları aradan qaldırmaq görüntüsü yaratmaq
xatirinə hansısa radikal və utopik eksperimentlər həyata keçirməyə,
bu dalğada yaxşını da pisin gözünə qatıb olan-qalan müsbət tendensiyaları
da uçurub dağıtmağa meyilli deyil. Reallıqları bilir və ona uyğun olaraq da təmkinlə
davranaraq nəzərdə
tutulmuş islahatları
mərhələ-mərhələ, səbirlə gerçəkləşdirməyə
çalışır.
Söz var,
"xəstə tələsər,
armud vaxtında yetişər". Əgər doğrudan da
ölkəmizin təhsil
sistemində nələrinsə
yaxşıya doğru
dəyişməsini ürəkdən
istəyiriksə, gənc
və aydın düşüncəli nazirə
nəfəs dərməyə,
nəzərdə tutduğu
islahatları həyata
keçirməyə vaxt
və imkan verməliyik. Yoxsa ki,
sizdən, bizdən - hamımızdan biri olan, sadə, aydın bioqrafiyaya malik bir adamı
addımbaşı qaralamaq
pisniyyət qrupların
dəyirmanına su tökməkdən başqa
bir şey deyil.
Səbirli, ədalətli və
təmkinli olmaqda fayda var!..
***
Sizin ədəbiyyata
xidmətiniz yazmamaq olardı.
***
Pis bir hərəkət, naqis bir davranış
adam haqqında
təsəvvür yaradır
və sonra o təsəvvürü dəyişmək
çətin olur.
***
Prezident mükafatına layiq görülən gəncləri
təbrik edirəm.
Bütün cavanların Gənclər
günü mübarək!..
***
Bayaq bir gənclə ötəri ünsiyyətim oldu; mənə elə gəldi ki, o, qəzetin nə olduğundan, necə olduğundan, ümumiyyətlə,
bixəbərdir.
***
Mirşahinin təklifi ilə
razıyam: "Cavanşir
Feyziyevə müraciət
edirəm ki, üzr istəsin və yazdığı məqaləni də silsin".
Səhər-səhər Ləman Ələşrəfqızının məni şərləyən
statusuna yazdığım
şərhdə də
məsələyə münasibətimi
bildirmişdim: "Millət
vəkili Cavanşir Feyziyevin jurnalistləri hədəf alan
statusunu bəyənmədim,
özünə də
etirazımı bildirdim,
razılaşdı, məyusluğunu
hiss etdim. Növbəti dəfə yazdığı
"Statusumdan özümün
də xoşum gəlmir" fikrini isə üzrxahlıq və peşmançılıq
kimi qəbul etdim".
Məncə, millət vəkili özü də statusundan peşmandır. Onun Mirşahinin təklifinə
biganə yanaşmaması
yaranmış gərginliyin
səngiməsi üçün
ilk və vacib addım ola
bilər.
Biz də bunu arzulayırıq.
***
Bəzi adamların dostluğunda qaragüruh at oynadır.
***
Kəramət Böyükçöl məndən
öz kanalı üçün müsahibə
aldı. Müsahibədən sonra çay
içib söhbətləşdik.
Deyir, atam məni bloka atıb, sizin telefonunuzla ona zəng edim, sözüm var. Zəng vurdum ki, ay Qəşəm,
camaat məndən xahiş edib Kəramətin telefonunu istəyir, sən niyə onu bloka
atmısan?!
Kəramət deyir, ta içib eləmirəm də, atam məni
niyə bloka atır, feysbuk profilimi niyə oğurlayırlar, bilmirəm...
***
"Mədəniyyət" jurnalının "Nizami
Gəncəvi-880" xüsusi buraxılışından zövq
aldım. Jurnal təkcə səhifələrin
çoxluğu ilə
deyil, həm də səviyyəli yazıları və sanballı müəllifləriylə
diqqəti cəlb edir. Şəkillərin seçimi və
sıralanmasında incə
zövq və yüksək peşəkarlıq
duyulur. Rusca məqalələr də yamaq kimi
görünmür, ümumi
konsepsiyanın daha geniş auditoriyaya çatdırılmasına xidmət
edir.
Baş redaktor Zöhrə xanıma zəng vurub təşəkkürlərimi və
təbrikimi çatdırdım. Zəhmət və peşəkarlıq
izsiz ötüşmür.
***
Lovğalanmaq gəncliyə xasdır.
***
İctimai Televiziyanın "Diqqət
Mərkəzi"ndə müzakirəyə
çıxarılan mövzular,
adətən, vacib və aktual, dəvət olunan qonaqlar peşəkarlar olurlar.
Dünən alimlər Ermənistandakı
tarixi abidələrimiz
barədə müfəssəl
danışdılar. Bu gün Kürün suyunun azalması problemini də peşəkar mütəxəssislər
müzakirə edirlər.
Murad Hüseynov aparıcı kimi bütün mövzularda məlumatlı
və səriştəlidir.
Davamlı olsun.
***
İntriqa həyat eşqi yaradır?
***
SOCAR-da rəhbərliyin
dəyişməsi müsbət
hadisədir.
***
Ləngitmə!
Səngitmək lazımdır bu
tozanağı...
***
Həftədə bir dəfə içmək bəs eləyər...
***
"Yeni Azərbaycan" tam fərqli bir qəzetə çevrilib:
mövzu dairəsi genişlənib, ayrı-ayrı
materiallarda hadisələrə
fərqli müstəvidən
yanaşma müşahidə
olunmağa başlayıb,
jurnalist araşdırmaları
çoxalıb, üstəlik
də, cəlbedici və estetik dizaynı diqqət çəkir. Zəhmət, çalışqanlıq və əzmkarlıq qəzetin hər səhifəsində hiss olunur.
Baş redaktor Alqış Həsənoğlunu
və qəzetin işgüzar kollektivini təbrik edirəm.
Şövqünüz azalmasın!..
***
Doğulduğu yeri Şuşa
yazanlar çoxalıb
elə bil...
***
Əvəzi kim tutdurmuşdu?
***
Xurafata meyl dar və bəsit
düşüncənin təzahürüdür.
***
Uzun cümlələr,
ləngərli təhkiyə
üçün böyük
peşəkarlıq lazımdır. Çağdaş oxucu qorxur belə
cümlələrdən, darıxan
kimi gözünü çəkir. İndi çevik
və dinamik üslub daha cəlbedicidir. "Kreativ"
sözü elə-belə
məşhurlaşmayıb ki...
***
Şənbə günü ətürpədən
drel səsi adamın beyninə işləyir.
***
Rusiya Ukraynaya hardan girəcək?..
***
Fəxrəddin Həsənzadə ictimai sektorda çalışan
gənclər içərisində
öz savadı, biliyi, tariximizə bələdliyi və ayıq münasibəti, təmkini, kübarlığı
ilə seçilir. Onun rəhbəri
olduğu uğurlu layihələrin bir neçəsində qonaq kimi iştirak etmişəm, qənaətim
daha da möhkəmlənib.
Eşitdim, Fəxrəddin subaylığın
daşını atır. Gəncləri təbrik edir, möhkəm tellərlə
bağlanan, xoşbəxt
ailə həyatı arzulayıram.
***
Yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Əfqan Əsgərov 93 yaşında
vəfat etdi. Onun "Dədə
Bəhmən" trilogiyasına
daxil olan romanları, məşhur
"Qız atası"
və digər pyesləri, povest və hekayələri maraqla qarşılanıb,
indi də xoş duyğularla xatırlanır. Əfqan müəllim
uzun illər mətbuatda çalışıb,
maraqlı publisistik məqalələri dərc
olunub.
2019-cu ildə Yazıçılar
Birliyində onun 90 illik yubileyi qeyd olundu; yazıçı
və jurnalistlər səmimi ürək sözlərini söylədilər,
minnətdarlıq duyğularını
ifadə etdilər.
Əfqan müəllim fevralın
13-də Yasamal qəbiristanlığında
dəfn olundu.
Allah rəhmət eləsin!
***
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova və klubun rəhbər heyətinə təqdim etdik, "Marsel"lə qarşıdakı oyunda uğurlar arzuladıq.
Dualarımız Sizinlədir!
Qələbəmizə inanırıq!
***
"Tazə gül" yazın, axtarışa verin, 14 fevralın sirrini öyrənin.
***
Axır bu 14 fevral nə günü oldu? Müəyyənləşdirə bildiniz?
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 16 fevral.-S.10.