"Gəlmişəm, Şuşam,
gəlmişəm" müjdəli poeziya
çələngi
Həssas oxucular, yəqin, bilirlər ki, "Orxan Paşa" istedadlı qələm sahibi, gözəl alim və şair
Məhərrəm Qasımlının
təxəllüsüdür. Dövlət Mükafatı laureatı,
Əməkdar elm xadimi
M.Qasımlının indiyə
kimi Orxan Paşa imzalı yeddi şeir kitabı işıq üzü görüb, şeirləri rus, gürcü, ingilis dillərində nəşr
olunub.
Orxan Paşanın
poeziyasında Vətən
sevgisi, azərbaycançılıq,
Qarabağ mövzusu, türk-oğuz bahadırının
yenilməz ruhu hər zaman çox qabarıq görünüb. Bu yaxınlarda
işıq üzü
görən "Əllərini
uzat mənə" (Bakı, 2021) kitabı da eyni ovqat
üstündədir. Bu
kitabın bütün
məzmunu Vətən
sevgisindən yoğrulub.
"Getdim, gördüm",
"Xudafərin körpüsü",
"Şuşanın xarıbülbülü",
"Göyçə dedim,
yaralarım göynədi,
"Türklüyümüz yenilməz", "Əl
boyda çay daşı", "Qürbətin
yolları", "Gedək
Təbrizə, Təbrizə"
kimi şeirlərində
Orxan Paşa vətən torpaqlarının
müqəddəsliyini dönə-dönə
dilə gətirir:
Bir udum bürkü gələ
Vətəndən,
Burda dönüb
külək olar, vallah.
Əl boyda bir çay
daşı gələ
Vətəndən,
Götürüb sinəmə qoyam,
Döyünüb ürək olar,
vallah...
Şairin yeni kitabını vərəqlədikcə mərd
igidlərimizin, qəhrəmanlarımızın
canı-qanı bahasına
azad olunmuş Vətən torpaqları, Qarabağ-Şuşa zəfərinin
qüruru bir daha yaşanır.
Müqəddəs ziyarət yeri bildiyi Şuşanın 30
ildən sonra yenidən görüşünə
getməsi şairin xəyalını pərvazlandırır:
Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Vaqif Poeziya günlərində Şuşaya
səfəri şairin
ruhuna, mənəvi-poetik
dünyasına elə
bir dalğalanma gətirir ki, illər öncə niyyət etdiyi əhdini yerinə yetirir. Dizlərini yerə qoyub,
Şuşanın daşını-divarını
öpüb bağrına
basır. Şair
bu görüş üçün borclu olduğu vətən mücahidlərini fəxarətlə
yad edir:
Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim,
Gerçək oldu ümidlərim
-
Gəlmişəm, Şuşam, gəlmişəm.
Orxan Paşanın
şeirlərində ana
axar kimi görünən duyğu
- kökümüzə, folklorumuza
sevgi və hörmət bu dəfə də Şuşamızın azad
ruhu və torpağı ilə qovuşur. Şuşanı
müqəddəs bir
varlıq kimi qəbul edən şair, zəfərimizin Haqqdan gələn bir həqiqət olduğunu, ədalətin
qalib gəldiyini və bunun nəticəsində
Vaqifin görüşünə,
Şuşa ziyarətinə gəldiyini
vurğulayır:
Haqq-tala
itaətinə,
Pir-ocaq ibadətinə,
Vaqifin ziyarətinə
Gəlmişəm, Şuşam, gəlmişəm.
Şeirdən aydın olur ki, birlik və sevginin yaratdığı yenilməzlik 30 illik həsrətə son qoydu. Bu zəfərə birlik və bərabərliyimizlə yetişməyimiz, Ali Baş Komandanımızın yenilməz əzmi, davamlı mübarizəsi ilə Qarabağ savaşında qalib gəlməyimiz şeirdə qürurverici nidalarla əks olunur:
Qarabağ bizim yerimiz,
Meydandayıq hər birimiz.
Baş Komandan öndərimiz,
Gəlmişik, Şuşam, gəlmişik.
Kitaba daxil edilən "Kasıbın oğlu", "Bir ayrıydı o kənd", "Bayrağım", "Ordumuz", "Azərbaycan əsgərinə", "Yolum gedir Zəngilana", "Şəhid köynəyi lalələr" və başqa şeirlərdə də 44 günlük Vətən müharibəsilə bağlı mövzular təcəssümünü tapıb. Şuşaya səfərində şəhidlərimizin qanı daman daşları bağrına basıb öpən Orxan Paşanın Qarabağ-Şuşa ovqatlı şeirlərinin hər misrasından Xarıbülbülün ətri və nəfəsi gəlir.
Mərziyyə NƏCƏFOVA,
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2022.- 17 fevral.-S.16.