Rəşad Məcidin fikir aləminə səyahət  

 

 

Sosial şəbəkələrdə yoxam, "in concreto" olaraq virtual aləmə heç iynənin ücü boyda da pəncərəm yoxdur. Ona görə ki, bu aləmdə sosial tənzimlənmə prosesinə daxil olmayan, üzləri bağlı, adları yalan - heç bir insan tipinə uyğun gəlməyən və bilavasitə onun antipoduna çevrilən canlılar çoxdur.

 

"525-ci qəzet"in saytında dərc olunmuş yazımı oxuyarkən Rəşad Məcidin status-esseləri diqqətimi çəkdi. Gündəlik də demək olardı buna, xatirə dəftəri də, amma mündəricatı xatirə toplusu yox, virtual xaotikliyi kənardan izləyən müdrik bir insanın insanlıq haqqında qeydləri təşkil edirdi. Fürsəti fövtə verməyib müəllifin fikir dünyasına səyahət etdim ki, bəzi incəlikləri oxucularla bölüşüm.

 

Bütün yollar tıxacdır...

 

Hansı yollar, gerçək, məcazi, mənəvi, elmi, fəlsəfi? Gerçək yolların tıxac olması təbii hadisədir, çarəsi genişləndirmək, ikinci mərtəbə, yeraltı hərəkət trayektoriyası qurmaqla maddiyyatdan keçir. Bir az da həvəs... əgər ürək varsa.

 

Məcazilik ədəbiyyat yoludur, bütün ədəbi proeseslərdə dilin zənginləşdirilməsi rolunu oynayır, amma mənəvi yol iki və daha çox insan, insan və cəmiyyət, cəmiyyət və ayrı cəmiyyət arasında bir-birini tamamlayan hisslər çoxluğuna deyilir. Elmi yol, həm təbiəti bilmənin, həm də ona paralel olaraq dövrü tərəqqinin hər cəhətdən tənzimlənmə prinsipidir.

 

Bəs fəlsəfi yol? Bu, ixtisasından, kimliyindən asılı olmayaraq varlığı, dünyanı öyrənmək istəyən hər kəsin yoludur: ən çətin və ən asan. Yolun əvvəli çətin, uzunu cazibə, sonu kəşfdir. Yol boyu insan sanki dağ uçurumundakı çiçəyə doğru can atır, elə ki, yetişir, çiçəyi dərmək ağlına gəlmir çünki ya... ya da geri dönməyi gəlmir.

 

Bütün sadaladığım yolların, Bakının küçələri kimi, tıxaclı vaxtları olur; lakin mövzuda   çətinliyə səbəb təbiilik deyil, tıxacın süni yaradılmasıdır.    

 

Müəllif bütün yolların tıxac olduğunu söyləməklə, ya "in conkreto" olaraq gerçək, ya da "in abstracto" olaraq mücərrəd yollardan bəhs edir. Kaş ki, mövzu mücərrəd yollar olmayaydı.

 

Təəssüf ki, həyatın yolları kimin üçünsə həmişə açıq, kimin üçünsə həmişə tıxacdır.

 

Nə qədər heykəlşünas varmış!

 

Heykəlşünaslıq heykəltəraşlıq haqqında elmdir. Qədim vaxtlarda heykəllər pozası, tam olmayan geyimi ilə təsvir olunurdu. Sonradan başa düşdülər ki, həvəsə hesablanmış incəsənət növü estetik zövqü məhv edir. Başladılar heykəllərə paltar geyindirməyə, hətta onların geyiminə əməllərinə uyğun əşyalar da əlavə etdilər və etməkdədirlər.

 

Heykəltəraşlığın növləri də çoxdur; venesian arsenalının aslanlarından tutmuş barelyef və Misir kapitellərinə qədər. Heykəllərin elə qismi var ki, qələm onların işini daha yaxşı görür, elələri də var ki, incəsənətin başqa heç bir növü onu ərsəyə gətirə bilməz.

 

Heykəl sözü saysız-hesabsız qavrayışları özündə birləşdirən ümumi anlayışdır.

 

Düşünürəm ki, status Hacı Zeynalabdin Tağıyevin heykəli ətrafında gedən qalmaqal zamanı ortaya çıxıb. Müəllif bu statusu, zənnimcə, heykəldən dəm vurub heykəltəraşlıqdan baş çıxarmayanlara ünvanlayıb.

 

Təkərlərinin səsindən bilinir ki, qatar uzağa gedəcək.

 

Təkər araba təkərindən başlamış ta "təkərə", təkərin altına düşməyə qədər geniş mövzunu əhatə edir. Gerçək mənası dairə, yaxud çevrənin öz oxu ətrafında fırlanıb məsafə qət etməsidir.

 

Müəllif qatar təkərinin səsilə insanın yaxın-uzaq zamana hesablanmış səfəri arasındakı uyğunluğa işarə etsə də, kinayəsindən bəllidir ki, nəinki yaxın-uzaq, hələ səyahətin baş tutacağı da sual altındadır. 

 

Status "bir balaca boyu var, dam dolusu toyu var" atalar sözünün ayrı versiyasıdır; lakin "dam dolusu toy"un boya uyğun gəlməməsi təkərlərin səsindən məlum olur.    

 

Təkərin mistik simvolları da var: zaman təkəri - çərxi-fələk, səmanın cəng arabası - günəş, ulduz və planetlər...

 

Sizin səsinizi votsapda 2x-lə dinlədim.

 

Təhlilə keçməzdən əvvəl onu söyləyim ki, mən bu statusu oxuyanda gözüm yaşarana qədər gülmüşəm və özüm-özümə demişəm: - Yumor belə olar.

 

Fizikadan öyrəndiyimiz kimi tezliyi 16 Hs-lə 20000 Hs intervalında eşitmə qabiliyyəti yaradan mexaniki dalğalara səs deyilir. Uca səs təsdiq, ya da inkar formasıdır. Heyvan da hiss və ehtiyacını bədən hərəkəti və səslə bildirir.

 

Dünyanın da səsi var. Verulamski Bekon dünyanın səsi ilə danışan fəlsəfəni həqiqi hesab edirdi.  

 

İstənilən musiqili səsin şərti qrafiki işarələri mövcuddur. Bu işarələri əruz vəzninin təfilələri ilə də müqayisə etmək olar.

 

Keçək əsl mətləbə, yəni 2x məsələsinə. Müəllifin dinlədiyi səs yüksək tembrli soprano-kountetenor ola bilməz, bas-bariton da deyilmiş, yoxsa akkompanement lazım gələrdi, daha 2x-lə dinləmək yox. Bəs hansı səbəbdən səs şərti 2x işarəsi qazanıb? Nəhayət, hərəkət sürətini artırmaq məqsədilə intervalı kiçildilmiş 2x-in sözçüsü kimdir? 

 

Müəllifi belə bir status yazmağa vadar edən səbəb mənəvi ehtiyac hissi də ola bilər; bezdiriciliyə, zəhlətökənliyə qarşı dəfedici refleksiya da. Sözün tez bitməsi də arzu olunar, məzmunun tez öyrənilməsi də. Üçüncü şəxs olaraq biz ancaq mümkün versiyalara müraciət edə bilərik, əsl həqiqət isə müəllifə və 2x-ə məruz qalmış sözçüyə məlumdur. Əlbəttə, sözçünün eyham elmindən anlayışı varsa.    

 

Statusun üstünlüyü ondadır ki, zahirən heç kimə ünvanlanmasa da, hər anlaqlı oxucuya əməllərini idarə etmək mesajı ötürür.

 

Küyə gedib axına qoşuldunsa, kiminsə dəyirmanına su tökəcəksən.

 

Yəni özgə dəyirmanına... Axın nədir? Axın o qədər universal termindir ki, adidən tutmuş mürəkkəb fiziki hadisələrə qədər tətbiq sahəsi var; su, hava, elektrik cərəyanı, hiss, bulud, insan kütləsi, işıq seli, informasiya, zaman, əbədiyyət, emanasiya, söz və s.və i. İnsan kütləsi o zaman axına çevrilir ki, Milli Əqidəni təmsil edir, əks halda, kütləvilik nümayiş etdirir. Axan hər nə varsa, müəyyən materiya daxilində baş verir, hətta düşüncə axınının da materiyası var: beyin.

 

Məhz materiyası bəlli olmayan axına hay-küy deyilir. Hay-küyə səbəb olan istənilən hadisənin materiya mərkəzi məlum olmadığına görə, çaşqınlıq yaratmaq məqsədi daşıyır.  

 

Bu status da eyham kimi səslənir, amma bir az dolayısı. Ona görə ki, küyə gedənləri birbaşa tənbeh etmək olmaz, çünki axının məcrası dəyişə bilər. "Küyə gedib axına qoşulma" öz fikri olmayanların trayektoriyasıdır ki, belələrinə dostluq, yoldaşlıq kimi terminlər yaddır.

 

Xoflu adam ürkək olur, özünü tez büruzə verir.

 

Belə bir atalar sözü var: "Xain xoflu olar", amma xoflu sözü həmişə xain olmaq anlamına gəlməz. Kürəyindən-ürəyindən vurulanlar, haqqından qovulanlar, addımbaşı "dost", yaxud  həmkar xəyanətindən sovunanlar "ilan vuran ala çatıdan qorxar" misalı həmişə səksəkədə olur. İnsanların anadan xoflu doğulmadığını nəzərə alsaq, deməliyik ki, xofluluq, ya öz, ya da özgə günahının təsiri nəticəsində inkişaf edir. Birincilər təcavüzə uğradanlar, ikincilər uğrayanlardır.

 

Xoş təsadüf, müəllif bu statusla ikincilərin vəziyyətinə işarə edir, yoxsa eyhamında narahatlıq amili olmazdı.

 

Şantaj adiləşir... Təşkilatçı yada düşmür, qınanmır, hüquqi məsuliyyətdən kənarda qalır, xaos isə insanları qəddarlaşdırır. Qəzəb, kin-küdurət meydan sulayır.

 

Bəli, post insan zəmanəsi gəlir. Vaxtilə F.Nitşe "Zərdüşt belə deyirdi" kitabında belələri haqqında demişdir ki, ən murdar insanın zamanəsi gəlir, bu insan artıq özünə nifrət edə bilməyəcək.

 

 İnsanın başına bəlalar, ya gəlir, ya da gətirilir. İkisinin də səbəbi eynidir: yanlış təsəvvür, şöhrətpərəstlik, təkəbbürlülük, kin-küdurət, qəzəbə səbəb olacaq paxıllıq, acgözlük və s.

 

Normal insan iradəsinə zidd əməllərdən qıcıqlanırsa, anormallar başqasının həyatına müdaxilə etmək səbəbilə aqressivləşir. Bu da, Koroğlu demişkən, "tüfəng zəmanəsinin" fəsadıdır. Tüfəng Koroğlunun vaxtında yeni idi, indi yüksək texnologiyalar, süni intellektlər, "rəqəmsal beyin"lər dövrüdür.  

 

Qarşılıqlı mənfəət olmadan insanın sosial şəbəkələrdə avaralanması dövrün ən böyük asılılıq problemidir: vaxtının, ömrünün, həyatının qədrini bilməyən asılı kölələr toplusu. Şantajist birinci dərəcəli kölədir, zamanını başqalarının sosial şəbəkələr üzərindən varlanması naminə xərcləyib, namuslu adama yapışdırdığı çamurun "zəhmət haqqı"na göz dikir. Görəsən, kiməsə kiminsə şəxsi həyatına nüfuz etmək hüququnu kim verib, yaxud, müəllif demişkən, təşkilatçı niyə yada düşmür?!

 

Asılılıq ağır dərddir. Bunun iki növü var, birincisi odur ki, insan hadisələrin təbii gedişinə mudaxilə etməmək xətrinə asılılıqdan asılı olur, ikincisi, adamlar asılılıq asılqanından özləri asılırlar; alkoqolizm, narkotizm və s. kimi vərdişlərlə. Təbiətin asılılıq projesi çərçivəsindən  kənarda baş verən istənilən asılılıq növü insanın məhvinə yönəlir: mənəvi, psixoloji, sosioloji, ideoloji, ji, ji, ji, yenə də ji.

 

Şantaj, kin-küdurət, xaos, qəddarlıq, məsuliyyətdən yayınmaq, yaxud yayındırılmaq kimi hallar yazmaqla başa gəlməz, amma bu xüsusiyyətlərin daşıyıcılarını addımbaşı tənbehə məruz qoymaq sağlam cəmiyyətin vəzifəsidir. Bu statusu yazmaqla müəllif  post-şantaj istifadəçilərini islah etmək naminə cəmiyyəti həmrəyliyə çağırır.

 

Yağış sarı simə toxunur; onun möcüzəvi səsi hər insana, elə hər heyvana da, fərqli hisslər aşılayır. Hava soyuyanda yağış yağır, yağmaması fəlakət olar, dünya yaşıllıqsız qalar.

 

Yağış buludun sevincidir; həm də günü xoş başlamaq müjdəsidir. Yağışın səsinə yuxudan oyanmaq...

 

 

Göyərçin KƏRİMİ

 

Şair-publisist, AYB-nin üzvü

 

525-ci qəzet.- 2022.- 17 fevral.-S.15.