Fikirlərin doğum evi
Esse
Beyin fikirlərin
doğum evidir mənə görə - orada ölü doğulanlar da olur, dünyaya diri gələnləri də. Əsas olan isə xeyirli fikirlərin doğulmasıdır. Robin
Şarma deyirdi ki, beyin çox
yaxşı xidmətçi,
amma çox dəhşətli bir müəllimdir. Fikirlər də
cürbəcürdü, narahat
fikirlər pis toxum kimi bir
şeydi, beyində kök atır, böyüyür və yaşayır. Həyatımızı düşüncələrimizin
məhsulu hesab etmək olar. Ən kiçik işlərdən
tutmuş ən nəhəng ideyalara qədər əvvəlcə
düşüncədə, yəni beynin işlək laboratoriyasında
yaranır, sonra ya reallaşır, ya da atılıb
bir küncdə qalır. Necə ki, Platon
real şeyləri ideal fikirlərin
natamam forması adlandırır. Hər halda
sabitliyi, gözəllik
və doğrunu təşkil edən nə varsa ideyalara
borcludur.
Fikirlərimizə nəzarət, onları idarə etmək bizdən əsl bacarıq tələb edir. Əslində, insanlar fikirlərinin
ardınca getməklə
özlərini axtarır
və elə özlərini də yaradırlar. Fikirlər canlı
enerji selidir, materiyanın bir hissəsidir, pozitiv düşüncə sahibləri
dünyanı xeyirə,
beynində neqativ fikir yetişdirənlər
isə şərə
çəkir. Tarixdə adı
keçən nə qədər belə insanlar vardır. Dünyanı müharibə
alovuna atan Adolf Hitler, oktyabr inqilabının banisi, SSRİ-nin qurucusu V.İ.Lenin, Hindistan azadlıq hərəkatının lideri
Mahatma Qandi, görkəmli
ingilis alimi, Ümumdünya cazibə qanununun müəllifi İ.Nyuton, görkəmli
sərkərdə, Teymurilər
dövlətinin banisi
Əmir Teymur, Türkiyə cümhuriyyətinin
qurucusu M.K.Atatürk, Nisbilik nəzəriyyəsinin
banisi Lütvi-zadə,
dünyanı ram edən
sərkərdə - Makedoniyalı
İsgəndər və
ixtiraları, ideyaları
ilə tarixə düşən neçə-neçə
insan... Əlbəttə,
dünyamız da, insanlar da xeyirli
ideyalardan bəhrələnir,
dəyişir, inkişaf
edir, zəhərli, ziyanlı ideyalar isə fəlakət, zülm və bəlalara yol açır...
Bütün ideya və fikirlərin
əslində, elə
iki üzü vardır. Lap elə
insanın özü,
kimyəvi element atomu kimi, adi məişət
əşyaları kimi.
Yəni hər bir şey
özlüyündə pozitiv
və neqativ yüklüdür. Bu məqamda
təhsil aldığım
Azərbaycan Dövlət
Tibb İnstitutunda Xalq şairi Cabir Novruzun tələbələrlə görüşünü xatırladım.
Geniş
akt zalında keçirilən görüşün
aurası da gözəl idi, sual vermək üçün tələbələr
mikrofon önündə
növbəyə dayanmışdılar.
Bir tələbə şairdən
"Müqəddəs bıçaqlar"
şeirini oxumasını
xahiş etdi. Sən demə, şeirin ithaf olunduğu insan, bizim sevimli müəllimimiz,
istedadlı cərrah Bəybala Abbasov imiş!.. Əlbəttə,
şeir müəllif
tərəfindən uğurla
ifa olundu, alqışlandı... Baxın, adi
bıçaq, elə
hər gün mətbəxdə istifadə
etdiyimiz, göy-göyərti
doğradığımız bıçaq bir əldə ölüm saçır, başqa birinin əlində isə insanı ölümün əlindən
qurtarır. Birincini etdiyi
işə görə
dustaq həyatı gözləyir, ikincinin bıçaq tutan əllərindən öpüb
təşəkkür edirlər.
İnsan bütün ömrü boyu yaxşı yaşamaq, maddi ehtiyaclarını yüksək
səviyyədə təmin
etməyi, başqa sözlə desəm, həyatını gözəlləşdirməyi
düşünür və
buna çalışır. Amma bəlkə də çoxu heç bilmir ki, həyatımızın
gözəlləşməsinə gedən yol fikirlərimizin içərisindən
keçir!
Hamımıza tanış olan bir ifadə
var: - "Hər günü sonuncu gün kimi yaşa..."
Heç səhər yuxudan oyanarkən bircə dəfə özünüzə sual verdinizmi ki, əgər bu gün həyatımda sonuncu gün olsaydı, nə edərdim?!."
Tanış bir film var, adını unutmuşam, ağır xəstə olan insana cəmi bir neçə saatlıq ömrü qaldığı bildirilir. O da bunu eşidən kimi bütün müalicə prosedurlarını buraxıb xəstəxanadan qaçıb gedir. Gedir çoxdan görmək istədiyi, amma gedib görə bilmədiyi köhnə dostunun yanına, sonra ikilikdə daha bir dostunu ziyarət edirlər. Özü də hadisələr gecə saatlarında baş verir. Üçlükdə bəlkə də bir ömür boyu ola bilmədikləri xoşbəxtliyə çatırlar. Azad, quş kimi yüngüldülər... Heç vaxt getmədikləri əyləncə məkanına baş çəkir, heç vaxt etmədikləri, bəlkə də əvvəllər yaşlarına yaraşdırmadıqları kimi rəqs edir, əylənir, zarafatlaşırlar. Hətta kafedə işləyən kasıb və kimsəsiz qızı da əliaçıqlıqları ilə sevindirirlər... Bir sözlə, "Hər gününü son gününmüş kimi yaşa..." prinsipinə tam uyğun bir zaman keçir!..
Hər kəsin içərisində bir başqası var, onu hər adam özü yaradır. Yaratdığı obraz necədirsə, o, özü də elədir. Yəni əgər öz daxilində özünün güclü, bacarıqlı, inamlı obrazını yaratmısansa, gördüyün bütün işlərdə, atdığın bütün addımlarda həmin obrazı təkrarlayacaqsan... və ya əksinə.
"Bir mən var məndən içəri.." - deyirdi Yunis Əmrə...
Beşikdən məzara qədər insan şəkil dəyişir. Daxili "mən"lə zahiri "mən" isə gah mücadilə edir, gah dostlaşır, gah da əməllərinə görə bir-birini tənbeh edirlər. Bir-birinə tamamilə yad gələn vaxtları da olur, lap üz-üzə gəlib tanımadıqları vaxtlar da...
...Tutdu dəli yağış kimi,
Baxdı köhnə tanış kimi.
Köks ötürdü yanlış kimi,
Şəklim məni tanımadı...
Unutma, sənin daxilində
yaratdığın "mən" və ya
obraz, həyatının qərarlarını
verəcək, hərəkətlərinə komanda
məhz ondan gələcək. "Xarakter ağıldan yüksəkdir" - deyirdi Emerson. Fikirlərimizi
düzgün becərək, güclü xarakter
yetişdirək ki, sonda
taleyimizdən narazı olmayaq...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2022.- 17 fevral.-S.14.