Qərib türklərin nakam
şairi - İlim Səfil
Ahıska türklərinin mədəniyyət
xadimi və şairi İlim Səfil (İlim Şahzadayev) əslən Altunqala-Koblıyan bölgəsinin
(indiki Adıgün rayonu) Pulate kəndindəndir. Əzəmətli
hərbi istehkam olan Altunqala ilə tanınan bu bölgənin Caklı bəyləri
1267-1268-ci illərdə buranı
Ahıska atabəyliyi
elan edib və 1578-ci ildə Osmanlının gəlişinə
qədər 310 il onun faktiki
müstəqilliyini qoruyub
saxlayıblar. Gürcülərin
Saataqo - Atabəylər
yurdu adlandırdığı
Ahıska Atabəyliyi
sülaləsinin son nümayəndəsi,
Almaniya təhsilli Osman Sərvər Atabəy XX əsrin əvvəllərində Ahıska
türklərinin milli
qurtuluş savaşına
öndərlik edib, xalqı erməni-bolşevik
qırğınından qurtarıb
və sovetlərin gəlişi ilə Türkiyəyə köçərək
millət vəkili seçilib.
1944-cü
il sürgünü
ərəfəsində Pulate
200 evdən ibarət mühafizəkar dağ kəndi olub. Kəndin sakinləri qədim oğuz-qıpçaq
sülalərinə gedib
çıxan ulu türk soylarından - Qayadədəgil, Hemidağagil,
Coşğundədəgil, Təmiroğulları, Əcərəlilər,
Dursundədəgil, Yuxalar,
Qurtalar, Surolar, Husogil, Səfərağagil,
Tahirdədəgil, İşıqdədəgil,
Ömürdədəgil, Kuşogil,
Üzeyirlər, Durojalar,
Yeqanağagil kimi köklü türk sülalələrindən ibarət
olub.
Ecazkar təbiəti olan bu yurdumuz Saburtağ,
Yalbuz, Baxacax dağları, Qostama, Hamzula, Axaşen meşələri, Pulate çərmüyü, Sabiyetdərə
çərmüyü, Qara
puvar, Cift puvar, Süd puvar, Dibsiz göl,
Cazi gölü ilə əhatələnib.
Kənd camaatı Qostamalar, Qıraclar, Gülbaxça,
Qamabaxça, Çəyürməbaxça,
Ardmulbaxça kimi bərəkəti tarla və bağlar salıb.
Pulatelilər əski türk
inancı ilə Şəhidlər və Qəriblər məzarlıqlarına,
Əhmədağa, Molla
Məhlud, əvliya
Abdul dədə, Lazistanlı
Xoca türbələrinə
tapınıblar. Kəndin
Molla Maqsud, Molla Əhməd, Molla Şəmşət kimi xocaları, Sınıxçı Əhməd,
Misli əmi, Molla Məhəmməd kimi təbibləri olub.
Sayılıb-seçilən Kuşolar soy-taxımından olan İlimin babası Molla Məhəmməd Səfili - "Koroğlu"nu
Vəli Xulufluya söyləyən aşıq
və şair, Hacı Zeynalabdin Tağıyevlə dostluq edən üləma, insanlara şəfa verən təbib olub. 1937-ci ildə bolşeviklər tərəfindən
həbs ediləndən
sonra onunla əlaqə kəsilib və elə həmin il
güllələndiyi təxmin
olunur. Molla Məhəmmədin qardaşı Maqsud Xoca da savadlı
din xadimi olub. 1920-ci illərdə sovetlərin təqibindən
Türkiyəyə qaçıb,
Posxovun Badele kəndində mollalıq edib. Fəxrəddin Kırzıoğlu Məhəmməd Səfilinin
əlyazmalarını 30-cu illərdə Maqsud Xocadan əldə edib. Maqsud Xocanın 1990-cı illərin
əvvəllərində Bakıda
tanış olduğum oğlu Dəmiralı Kuşu da Türkiyədə imamlıq edib, Ahıska türkləri dərnəklərində çalışıb
və Vətən mövzusunda qara sevdalı şeirlər yazıb.
Belə bir ziyalı nəslinin nümayəndəsi
olan İlim 1951-ci ildə Özbəkistanda anadan olub, 1959-cu ildə ailəliklə Azərbaycana köçüb,
Saatlının Fətəlikəndində
yerləşiblər. Daşkənd Politexnik İnstitutunda oxuyub, 1972-ci ildən əmək fəaliyyətinə
başlayıb, 1978-ci ildən
Fətəlikənd Mədəniyyət
evinin direktoru işləyib. Ahıska türklərinin
Vətən mücadiləsinin
fəallarından olub,
sürgün mövzusunda
məqalələr yazıb.
Ahıska türkləri "Vətən" cəmiyyətinin
mətbu orqanı olan "Vətən eşqi" qəzetinin nəşrində iştirak
edib.
1986-cı ildə folklor
səfərlərim zamanı
İlim Şahzadayevin
nəcibliyinin, şairlik
istedadının, alovlu
yurd sevgisinin şahidi oldum. Fətəlikənddə məni həvəslə müşayiət edirdi, ağsaqqal və ağbirçəklərlə görüşümə yardımçı
olurdu. Onunla köyü gəzərkən
ürəkləri sözlə
dolu qəriban ağsaqqal və ağbirçəklərlə - Kuşogillərdən Gülcan
Süleyman qızı,
Hemidağagillərdən Şişə
Məhəmməd qızı,
Husogillərdən Qayat
Rəhman qızı,
Üzeyirlərdən Alisultan
Məmmədov, Coşğundədəgillərdən
Anşa İsmayıl
qızı ilə söhbətlərdə nisgilli
məqamlar yaşadıq,
türk ruhunun qüdrətini və zərifliyini duyduq, qürurlandıq və kövrəldik. Daxilən həssas və
kövrək insan olan İlimin zahiri görkəminə sanbal və ağayanalıq xas idi, şair kimi incə təbi və iti qələmi vardı. Babası haqqında eşidib-bildiklərini,
mənim xahişimlə,
qələmə aldı
və özünün
"Haxlıma gəldi"
şeiri ilə birgə təqdim etdi. Sonradan bunları kitabda
çap etdim. Təəssüf ki, vaxtsız
əcəl yaradıcılığını
davam etməyə qoymadı, əsərlərindən
qalanlar elə bunlar oldu. İlim çox yaza bilərdi, ancaq vətənsizlik acısı
və sıxıntılar
onu üzdü, əlacsız xəstəliyə
tutuldu. 2006-cı ildə varlığını
saran yurd xiffəti ilə dünyadan nakam getdi, içindəkiləri
özü ilə apardı.
Tarix sanki təkrarlandı - sovetlərin
qətl etdiyi babası Məhəmmədin
də əsərlərinin
əksəri itib-batdı,
məzarı da tapılmadı. Bolşeviklərdən qaçıb Türkiyəyə
sığınmış Maqsud
Xocanın və oğlu Dəmiralı Kuşunun da həyatı vətən xiffətilə keçdi.
Bütün bu insani acılar sadəcə fərdlərin deyil, bütöv bir xalqın faciəsidir, məsum türk toplumunun mənəvi soyqırımdır. Təəssüf
ki, ondan çox ölkəyə səpələnmiş ahıskalıların
milli faciəsi indi də davam
edir, nəsildən-nəslə
keçir, yaddaşlara,
düşüncələrə, saza-sözə hopur. Bu milli faciəni
Ahıskanın Kuşolar
sülaləsi də qədərincə yaşayıb.
Kuşolar soyunun müxtəlif yerlərdə
və dövrlərdə
yaşamış üç
nümayəndəsinin şeirlərindən
aşağıdakı nümunələr
ahıskalıların sürgün
faciəsinin dərinliyini
və həm də türkün vətən eşqinin sönməzliyini, yurda dönüş əzminin
sarsılmazlığını aşkarlayır...
Aşıq Məhəmməd Səfilinin
gələcəyi fəhmlə
görüb 1920-lərdə yazdığı "Qürbət"
şeirində deyilir:
Dedim, gönül, sənə, getmə,
Çətin olur yolun qürbət,
Xısım-əğrəbə bulunmaz,
Yüzdə qalur ölün qürbət.
Ataşa
yandurma özün,
Ah çekar, qan ağlar gözün,
Qərib
yerdə geçmaz sözün,
Qısa eylar dilin qürbət.
Səfili
oda yandurur,
Kim su səpər, kim söndürür?
Bin günün birə endürür,
Axır bükər belin qürbət.
Əməkli imam Dəmiralı Kuşunun
yazdığı "Dərdə"
şeirində isə
bu misralar yer alıb:
Çəkməyən nə bilir sürgün dərdini,
Ancaq bilir tərk edənlər yurduni.
Parçaladı cəmiyyəti, fərdini,
Nərdə anam, babam, akrabam
nərdə?
Düşmüşüz, kardeşim, çarəsiz dərdə!..
Bu acıyı, bilin, çəkəməz dağlar,
Halimizə insan olanlar ağlar,
Tarumar edilmiş baxçalar, bağlar,
Nərdə bənim yurdum, məskənim nərdə,
Düşmüşüz, kardeşim, şifasız dərdə...
Qərib
türklərin nakam şairi İlim Səfil Çahzadayev
"Haxlıma gəldi"
şeirində yazır:
Həsrətin çekduğum gözəl
vətənin
Abu-havası da haxlıma gəldi.
Ağladuxca axar gözlərim yaşi,
Dupduri puvari haxlıma gəldi.
Uzaxdan baxarsın - yeşil təpəli,
Yaxına gedərsin, gülli-çiçəkli,
Qarşında dururdi gəlin ləçəkli.
Qarli-buzli dağlar haxlıma gəldi.
Dərənin ədrəfi yem-yeşil xali,
Çıxanda gəzməyə görükməz ardi,
Gəzərdi içində avisi, kurdi,
Çamli-namudli meşə haxlıma gəldi.
Yazın
ortasında xarmanlar dolar,
Küsənlər barışur, toy-bayram
olar,
Güzə yaxın meyvələrin döşrular,
Pantasi, furuci haxlıma gəldi.
Asif
HACILI
525-ci qəzet.- 2022.- 17 fevral.-S.13.