Kaş atam Şuşanı  görə biləydi...

 

 

(Bu qeydləri mərhum Ənvər Əhmədin qızı İlhamə Ənvərqızı atasının ölümündən bir gün əvvəl özünün feysbuk səhifəsində paylaşmışdı)

 

2021-ci il  avqustun 30-da Şuşada Vaqif poeziya günlərinin açılışına atam - şair Ənvər Əhməd dəvət olunmuşdu. Ancaq həmin gün atam şəkər xəstəliyindən komaya düşdü 30 ildir həsrətində olduğu Şuşaya gedə bilmədi.

 

Atam komadan iki gün ayıldı, kostyumunu geyinib tədbirə getmək istədi, ancaq biləndə ki, artıq Vaqif poeziya günləri bitib, uşaq kimi məyus oldu, çox üzüldü.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, "Tərəqqi" medalı və "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru, professor  Ənvər Əhməd dərs dediyi Xankəndi Pedaqoji Universitetində bütün tələbələrin sevimlisi idi. Tələbələri onun nə qədər vətənsevər olduğunu, hələ Sovet dönəmindən tələbələrinə milli ruh aşılamağa çalışdığını yaxşı xatırlayırlar.

 

Azərbaycanlılar Xankəndindən çıxarıldıqdan sonra o zamankı Pedaqoji İnstitutun müəllim və tələbə heyəti çox çalışdılar ki, institut Şuşada qalsın. Onlar bu yolda çox əziyyətlər çəkdilər. Hər dəfə Xankəndi yolunda erməni terrorçular azərbaycanlı tələbə və müəllimləri atəşə tutsalar da, daş yağdırsalar da, pedaqoji kollektiv Şuşada qalmağa çalışırdı ki, azərbaycanlı əhali üçün bir umud, dəstək, Qala olsun.

 

Şuşa işğal edildikdən sonra Xankəndi Universitetinin Azərbaycan bölməsi fəaliyyətini Ağcabədi  şəhərində davam etdirdi, daha sonra isə Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialı adlandırıldı.

 

Atam filialda rektor vəzifəsində işlədiyi illərdə filiala Qarabağ Universiteti adı verilməsi üçün çox çalışsa da, bu mümkün olmadı.

 

Bu gün atam çox ağır xəstədir. Təbiətin ziddinə getmək mümkün deyil, amma kaş ki, Qarabağ yanğılı, Qarabağ nisgilli atam Şuşanı görə biləydi...

 

Duaçıyam sənə, atam!

 

Yaradan Tanrım sənə kömək olsun, yardımçın olsun!

 

Kaş ki tükənən, yorulan nəfəsinə nəfəs ola biləydim, xeyirxah, ürəyiyuxa, nəcib, alicənab, əsl İNSAN ATAM!

 

 

İlhamə ƏNVƏRQIZI

 

525-ci qəzet.- 2022.- 18 fevral.-S.16.