"Tilsimlənən saz"ın taleyi  

 

 

Hər şey o qədər qarışıq, sualları cavabsız idi ki, hardan başlayacağımı bir anlıq mən unutdum. Görəsən, insanlardamı unutmuşdu? Bu qədər təsadüf ola bilərdimi? Müharibə başlandı, insanlar öz evlərinə çəkildi, ancaq İsfəndiyar kişi necə "alov kimi gəlmişdisə , od kimi gedər, danışardı". İnsanlarsa, bu qorxunc, soyuq, vahimə dolu müharibənin başlanan günündən etibarən təşviş içində idilər.

 

Hadisələr qarışıqdır, lakin o hadisələri çözmək üçün bizim sehirli bir açara, ya da çubuğa ehtiyacımız yoxdur! Yadınıza salın, heç o vaxt möcüzə vardımı? Yox idi... Bəs, möcüzə dünyaya necə gəldi? Onun cavabı bir az naməlumdur. İsfəndiyar kişi elə o möcüzəni sehirli açarından deyil, Sazından alardı. Saz İsfəndiyar kişinin ürəyi, görən gözü idi. Onunla yaşayardı, hətta deyərdi ki, bu mənim kiçiyimin, yəni Bəhmənimin sazıdır. Bəhmənim döyüşə getsə belə, o sazı əlinə alıb sübh vaxtı çalacaqdı. Allah qorusun, əgər saz kökdən düşsə, Bəhmənsiz ona əl vura bilməzdi.

 

Elə ən maraqlısı da budur. Sanki saz tilsimlənsə, söz tilsimlənəcəkmiş. Onların arasında qəribə bir bağlılıq vardı. Bu bağ o qədər möhkəm idi ki, yalnız Bəhmənin ölüm xəbəri gəlsə, qırıla bilərdi.

 

İsfəndiyar kişinin xarakterində cəmlənən xüsusiyyətlərdən biri dürüstlük idi. Hamını özü kimi bilirdi. Bu hadisələrin üstündə, hətta dəfələrlə kəndin sədri olan Qılınc Qurbanla mübahisələr olurdu. Hamıda sual yaranacaq ki, niyə məhz İsfəndiyar kişi Saz? İsfəndiyar kişi dünyanın bütün çirkli əməllərini görsə belə, üstünü örtüb, yeni bir səhifə açmağı düşünərdi. Təki qanqaraçılıq olmasın. Qılınc Qurbana isə belə bir məsəl yaraşardı. Baxın, "həqiqət acı da olsa, şirin yalandan yaxşıdır". Bu Qılınc Qurbana məxsus ən başlıca xüsusiyyətlərdən biri idi. "Mənim gördüyümə, eşitdiyimə yaxşı diqqət edin!" -deyərdi. Bəli, İsfəndiyar kişi ilə Qılınc Qurbanın mübahisəli məsələləri elə bu idi: əsas da axsaq Feldşer, yəni Hacı. İsfəndiyar kişi hamını özü kimi bilirdi, əslində isə bu belə deyildi. O, acı həqiqətlərə inanmaq istəmir, amma Qılınc Qurban o həqiqətləri görür hamının görməsi, inanması üçün səsləyirdi.

 

Bəli, mən düşünürəm ki, Hacı İsfəndiyar kişinin gəlinlərinə göz dikməsə, ürəyində vardı. Vaxtkən o, Pərini , Tubunu da İsfəndiyar kişidən istəmişdi. İsfəndiyar kişi qədər uzaqlaşdırsa da, Hacı boynundan atsa da, bu bir həqiqətə çevrilmişdi. Qılınc Qurban da bu həqiqətləri gizlətmək istəmirdi. Adı kimi də elə qılınc olub kəsirdi.

 

Bəhmən yox idi. Təbii ki, İsfəndiyar kişi gəlinlərini Hacının əlinə qoymazdı, Qılınc Qurban da vardı, ancaq nə etmək olar ki, tale elə dövran etdi, artıq bu söhbəti bütün kənd, nəsil bilirdi...

 

"Sənin namusun mənim namusumdur, İsfəndiyar kişi! Mənim borcumdu ki, sənin gəlinlərinin namusunu göz bəbəyim kimi qoruyum!" - deyirdi Qılınc Qurban. Əslində, bu fikirdə də bir həqiqət gizli idi. Olmasın Hacı, olsun başqası. Axı nə fərq edər? Keçmiş dövrdən bugünümüzə qədər bu acınacaqlı, qorxunc, hətta çoxlarımızın inanmaq istəmədiyi Hacının məsələsi hələ də davam etməkdədir.

 

Yazıçı da elə bu hadisələrin şahidi olaraq qələmə alıb. Povesti oxuduğum ilk gündən bəri bu mübahisəli məsələ məni çox düşündürür. Saz və Hacı. Siz inana bilirsinizmi, İsfəndiyar kişi Rəhmanla Bəhmənin getdiyi gündən bəri sazı əlinə ala bilmirdi? Sanki oğlunun yoxluğunu hiss etmişdi, hətta günlərcə oğullarının həsrətini çəkən İsfəndiyar kişi qulağında Bəhməninin səsini eşidərək acı çəkirdi, o suallarla vicdan əzabında boğulduğunu düşünürdü. Hər gecə başını yastığa qoyduğu zaman Bəhməninin səsi bu dörd divarı bürüyürdü: "Qulağına "Təvər" sazda "Divani" gəlsə, bil ki, qayıtmışam baba!" Deməli, Bəhmən qayıtsa, Sazın tilsimi qırılacaqdı. Sanki saz tilsimlənəndə söz də tilsimlənmişdi. Daha oxuya bilmirəm, Hacı! Bəhmənimsiz saza əl vura bilmirəm! O saz mənim yox, Bəhmənimin sazıdır!

 

Bu düşüncələr, Hacı haqqında yayılan fikirlər İsfəndiyar kişini əldən salmışdı. Qocanın etdiyi yalnız axşamlar darıxanda evdə sazı kökdən çıxarıb, eyni ilə Bəhmən kimi, kürəyini qovağın gövdəsinə söykəyib dınqıldatması idi. Dınqıldatsa belə, qolu-qanadı sınmış bir quş kimiydi. Bəli, saz artıq tilsimlənmişdi. Bəhmənin getdiyi gündən bəri o saz "tilsimlənən saz"  idi.

 

Saz kökdən düşməsə də, kökdən düşmüş kimi idi. Bəhmən yox idisə, saz kiminlə dərdləşəcəkdi? Heç kəs... Heç kəs o sazın dilini bilməzdi. İsfəndiyar kişidən və Bəhməndən başqa...

 

Bəli, heç kəs bilmirdi, bilmirdi ki, bu acı dolu xəbər bütün kənddə faciəvi abu-hava yaratmışdı. Yalnız Milli bilirdi ki, Rəhman və Bəhməndən qara xəbər gəlib və bu xəbəri bilə-bilə bu xəbəri İsfəndiyar kişidən gizlətmişdi. Demək, doğru imiş. Saz tilsimlənmiş və kökdən düşmüşdü. İsfəndiyar kişi də kökdən düşən sazı əlinə alıb xırıltılı səsi ilə göynəyən ürəyinə dağ basıb dınqıldatdığı sazı ilə oxuyurdu:

 

Gəl, ey Şeşpayi-bəhrim,

 

Qalmadı tabanım, təhrim...

 

"Təvər" sazın səsi duyulmadı, ey insanlar! "Tilsimlənən saz" da elə Bəhmənlə, İsfəndiyar kişiylə birlikdə yuxuya daldı...

 

 

 

Səma MUĞANNA

 

525-ci qəzet.- 2022.- 18 fevral.-S.15.