Tariximizin qara səhifəsi:
Qarabağda Xan ailəsinin
torpaqları necə zəbt olundu?
Sovet dövründə
tarix dərsliklərində
Şimali Azərbaycanın
1813-cü ildə işğalını
bizə Rusiyaya birləşmə kimi təqdim edənlər, bu hadisə ilə yurdumuzda sülhün, əmin-amanlığın
yaranmasını önə
çəkirdilər. Halbuki Rusiyanın
Cənubi Qafqaza gəlişindən sonra başqa bir formada milli faciələrimizin
əsası qoyuldu.
Bəlalarımız 1804-cü ildə Gəncə istila edilib Cavad
xan öldürüldükdən
sonra başlandı. Bir il sonra
Qarabağ xanı İbrahimxəlil xan məcburən "Kürəkçay
müqaviləsi"ni imzalamaqla
general rütbəsini, rus
təbəəliyini qəbul
etdi. Daha bir il bir ay keçmədi ki, 12 iyun 1806-cı ildə İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə Şuşa yaxınlığındakı
Xan bağında mayor
Lisaneviçin dəstəsi
tərəfindən qətlə
yetirildi. Baş verən vəhşiliyi
"malalamaq" məqsədilə,
üç ayın tamamında Mehdiqulu xan Cavanşir Qarabağ xanı kimi atasının yerinə gətirildi.
Lakin zaman keçdikcə Tiflisdə
oturan Qafqaz canişinliyi Qarabağ xanlığını zəiflətmək
üçün bütün
müstəvilərdə cəhdlər
etdi - həm siyasi, həm də iqtisadi cəhətdən onu sıxışdırmağa başladı. Təzyiqlərdən
cana doymuş
Mehdiqulu xan yaxınlarını başına
yığıb, 1822-ci ildə
Arazdan cənuba adladı. Bu fürsətdən
yararlanan Çar hökuməti həmin ildən xanlığın
ləğvini elan etdi.
Əlbəttə, xanlığın ləğvi
ilə Qarabağ mahalının sıxıntıları
bitsəydi, dərd yarı idi. Altı
il də
keçdi, 1828-ci ildə
Türkmənçay müqaviləsindən
sonra, on minlərlə
erməni ailələri
mahalın ən səfalı, münbit torpaqlarına köçürülüb,
yurdumuzun daimi "baş ağrısı"na
çevrildilər.
Bu dövrdə Tiflisdəki
Qafqaz canişinliyinin köhnə rəhbərliyi
yenisi ilə əvəz edildi. Yeni canişin,
Mehdiqulu xanla danışıqlar aparıb,
fərqli vədlər
verərək onu Qarabağa qaytara bildi. 1845-ci ildə
Mehdiqulu xan Cavanşirin vəfat etməsi ilə onun bütün daşınmaz əmlakının
- mülklərinin, torpaqlarının
ixtiyaratı arvadı
Bədircahan bəyimə
və yeganə varisi olan 13 yaşlı Xurşid Banunun vərəsəliyinə
keçdi. Bildiyimiz kimi,
Bədircahan bəyim Uğurlu xan Ziyadoğlu Qacarın qızı, Gəncə xanı Cavad xanın nəvəsi idi. Xandan qalan mülk
və torpaqları qamarlamaq uğrunda aparılan mübarizədə
istər Bədircahan bəyimin, istərsə də Xurşid Banunun bu zamandan
bəri başları
qovğadan əskik olmadı. Bir tərəfdən müxtəlif bəhanələrlə
xan ailəsinin torpaqlarını kiçiltmək
istəyən hakimiyyət,
digər tərəfdən
qızışdırılıb meydana çıxardılan
qohum-əqrəbalar ilbəildən
yeni iddialarla torpaq və mülk mübahisələri
aparırdılar.
Azərbaycan Dövlət Tarix
Arxivində qorunan
"General-mayor Mehdiqulu xan
Cavanşir Qarabaqski"
fondunun "Xankəndi
torpaqlarının xəzinədən
ödənməklə Minqrel
alayına icarəyə
verilməsi haqqında
Qafqaz Ordusu Baş Qərargah rəisi ilə yazışmalar" adlı
saxlama vahidində
(f.123, siy.1, sax.vah.3) barəsində bəhs etdiyimiz mülk və torpaq sahələri ilə bağlı hallar sənədlərin şahidliyi ilə geniş əks olunub.
Sənədlərlə ətraflı tanışlıqdan
sonra belə məlum olur ki, Baş Qərargahı
Tiflisdə yerləşən
Qafqaz Ordusunun "Minqrel alayı" Qarabağın Canyataq kəndi ətrafında yerləşirmiş. Lakin ərazinin kəskin,
xoşagəlməz iqlimi
burada yaşayan hərbçi ailələrinin
narazılığına səbəb
olurmuş və ailələr burada yaşamaq istəməyib xidmət yerlərini dəyişməyə çalışırlarmış.
Yaranmış vəziyyət Qafqaz
canişini Mixail Vorontsovu narahat edir, o alayın Qarabağda nəinki zəifləməsini, əksinə
möhkəmlənməsini istəyirmiş. Bunun üçün,
şahmat oyununda olan sayaq, gələcəyə
hesablanmış "at gedişi"
etdi. Mehdiqulu xan Cavanşirin vəfatından bir il sonra,
24 noyabr 1846-cı ildə
xanın dul qadını Bədircahan bəyimə ən gözəl müraciət
ifadələri ilə
"şanlı məktub"
göndərdi. Məktubda Xankəndindəki
xan ailəsinə məxsus torpaqların bir hissəsini pulu xəzinədən ödənməklə Qarabağdakı
Minqrel alayına icarəyə verilməsini
xahiş edir və sonda onun
hökumətin bu arzusuna qarşı olmayacağına ümid etdiyini bildirirdi.
Mülkiyyət hüququndan savayı bir gücü olmayan dul qadın
razılaşmayb nə
edə bilərdi? Vorontsov
hələlik icarə
adı ilə xan ailəsinin torpaqlarının bir hissəsinin mənimsənilməsinə
nail olmaqla yanaşı,
həm də alayı Xankəndinə yerləşdirib ordusunu Şuşa yaxınlığında
gücləndirmiş olurdu.
Beləliklə razılığa gəlinir
ki, xan ailəsinə
məxsus torpağın
1800 desyatin hissəsi xəzinədən hər
il 400 gümüş
pul ödənməklə
Minqrel alayına icarəyə verilir. Canişin tərəfindən hər
ilin əvvəlində
icarə pulunun hərbi büdcə tərəfindən ayrılması
tapşırılır. Amma yazılanlar çox vaxt bir qayda
olaraq kağız üzərində qalırdı.
Bu səbəbdən idi ki, 1848-ci ilin yaz aylarında
Bədircahan bəyim mülklər və torpaqlar barədə bir çox belə mübahisəli işləri yoluna qoymaq üçün Xurşid Banunu da yanında götürüb Tiflisdəki
canişinliyə getmək
məcburiyyətində qalmışdı.
Ancaq danışıqlara
baxmayaraq, icarə haqqının ödənilməsi
heç də deyildiyi kimi vaxtında ödənmirdi. Bədircahan bəyimin
Baş Qərargah rəhbərliyinə çoxsaylı
şikayət məktublarında
"pulun əksərən
gecikdirilməsini, bəzi
hallarda isə bu gecikmənin iki ilə çatdığını"
görürük.
Bədircahan bəyim dünyasını dəyişəndən sonra davam edən şikayət məktublarını yazmaq, icarə haqqını tələb etmək Xurşid Banunun üzərində qalır. İllər ötdükcə rus hərbçilərinin özbaşınalıqları bu məktublarda özünü daha qabarıq göstərir. Məlum olur ki, onlar tədricən, nəzərdə tutulan ərazilərdən də əlavə, torpaqlar mənimsəməyə başlayıbmışlar. Hərbçi ailələr üçün nəzərdə tutulan evləri və ya sahələri hərbçi olmayan başqa şəxslərə satırmışlar. Həmin ərazidə kənar şəxslər dükanlar və digər binalar tikirmişlər, bu da torpaq mülkiyyətçisi kimi haqlı olaraq Xurşid Banunun narazılığına səbəb olurdu.
Sözügedən saxlama vahidindəki maraqlı sənədlərdən biri də 1866-cı ildə Xurşid Banu tərəfindən yazılan xüsusi izahat tələbinə görə 1 fevral 1867-ci ildə Tiflis şəhərində Dairə ştabının 5-ci şöbəsinin hazırladığı məruzədir. Məruzədə, Vorontsovun Bədircahan bəyimə yazdığı məktubdan başlamış, Xurşid Banunun son məktubunadək, bütün təfərrüatlar xatırlanır və qeyd edilir ki, razılaşma xüsusi müqavilə şəklində deyil, eyni zamanda icarəyə götürülmüş torpaqlardan necə istifadə ediləcəyi haqqında tərəflər arasında heç bir öhdəlik olmayıb. Ona görə də, qanuni əsas olmadığından, "knyaginya Usmiyevanın (Xurşid Banunun - R.Y.) şikayəti əsassızdır və iradları qəbuledilməzdir".
Bu dövrdə, artıq Xurşid Banunun yuxarı cəmiyyətdə əvvəlki mövqeyi zəifləmişdi. O, Usmiyevdən, demək olar ki, boşanmışdı. Usmiyevin özünü isə Tiflisdən, bütövlükdə Qafqazdan uzaqlaşdırmışdılar. Daha bir neçə il keçəcək, Xurşud Banu gah papaqçı, gah da şəxsi faytonçusu olduğu deyilən kasıb şuşalı Seyid Hüseynə ərə gedəcəkdi. Elə bundan, ikinci dəfə ərə getmədən sonra da Xurşid Banunun ömrünün faciəli günləri başlandı. Usmiyevdən olan uşaqları ilə ikinci ərindən olanlar arasında baş verən təfriqələr, qalan varidat, mülk və torpaq sahələri uğrunda gedən mübarizələr ağır nəticələr verdi... İşğalçıların "parçala və hökm sür" siyasəti məqsədinə çatdı.
Haqq söz
imiş ki,
dünyanın malı dünyada qalacaq. Xan ailəsinin yeganə varisi olsa da, ömrünün
sonuna kimi bütün maddi
var-dövlətini itirən Xurşid Banunun yeganə qazancı
xeyirxahlığı və ədalətli nəticəsində
layiq görüldüyü
böyük xalq məhəbbəti
və günümüzdə də rəğbətlə oxunan ədəbi irsi oldu.
Rövşən YERFİ
525-ci qəzet.- 2022.- 18 fevral.-S.13.