"Adın şərəflidir sənin..."
BƏS ƏSL SEVGİ NƏ VAXT XİLAS EDƏCƏK?
Rejissor
Rasim Ocaqovun "İstintaq" filmində Şəfiqə Məmmədovanın
ustalıqla yaratdığı Gülyadan başqa (mən bu
obraz haqqında da yazacam ) digər bir
filmində də bu adı daşıyan qadın obrazı ilə
qarşılaşırıq. Söhbət
"Ölsəm, bağışla" filmindəki
qaragöz, qarasaç, yaraşıqlı Azərbaycan gözəli
Gülyadan gedir və mən bu gün bu obraz haqqında
danışacam.
Lakin əvvəlcə
zəruri bir qeyd: Mən son vaxtlara qədər bu filmi Azərbaycan
filmləri arasında ən işıqsız, ən
qaranlıq (və deməli, həm də ən uğursuz) film
hesab edirdim və düşünürdüm ki, kinomuzda bu film
qədər bədbin, ruhu əzən ikinci bir film yoxdur. Lakin
vaxt keçdikcə filmin dərin qatlarına enib rejissorun
gözlənilməz jestinin motivlərini başa
düşdüm və anladım ki, tamaşaçılara
heç bir hazır resept verməyən bu işıqsız
film bizi düşündürmək,
tamaşaçıların son dərəcə vacib bir
problemlə bağlı hansısa bir qənaətə gəlməsi,
filmdə çatmayan həmin o işığı tapması
naminə çəkilib. Başqa sözlə desək, bu
filmi tamamlamaq və deməli, öz təsəvvürlərində
onun, necə
deyərlər, davamını "çəkmək"
tamaşaçılara həvalə olunub.
Amma bir
filmdə ki, gənc qadın ailəsini, ərini ataraq sevdiyi
kişiyə qoşulub qaçır və bununla nəinki
özünü tənə, qınaq, söyüş obyektinə
çevirir, hətta ölümün qucağına atır - hansı
işıqdan danışmaq olaq?
Aktrisa Gülzar Qurbanovanın ustalıqla
yarardığı Gülya yaraşıqlı, gözəl-göyçək
bir qadındır. Onu tərəddüdsüz ötən əsrin
40-60-cı illərindəki xanımların ümumiləşdirilmiş
obrazı kimi də qəbul etmək olar. Cəbhədə
olan və qələbə xəbərini eşidən kimi
silahını atıb Bakıya tələsən (və
Bakı əvəzinə həbsxanaya düşən)
sevgilisi Yusifin ( Fəxrəddin Manafov) səhvi ucbatından o,
ailə qurmağın "sevgisiz izdivac" modelini seçərək
sevmədiyi adama ərə gedir. Biz bütün
bu deyilənləri ekranda görmürük, sadəcə
bunlar barədə eşidirik. Lakin Yusifin
qazamatdan çıxıb Bakıda peyda olması ilə eyni
vaxtda ekranda peyda olan Gülyanın qara gözlərinin dərinliyindəki
kədəri, nisgili görməmək mümkün deyil.
Gülya öz həyat yoldaşını sevən yox,
seçən qadınların ümumiləşdirilmiş
obrazıdır ki, var. Tam əminliklə deyə bilərik ki,
həmin illərdə (hətta sonralar da) Azərbaycanda
Gülya kimi yüz minlərlə qadın yaşayırdı
və öz taleyi ilə barışıb dözmək,
xoşbəxt qadın rolunu oynamaq elə bil bu qadınların
alnına yazılmışdı. Heç kimin
bu yazını dəyişməyə, onu pozub başqa
cür yazmağa nə haqqı vardı, nə də cəsarəti.
Çünki bu məsələdə daşlaşmış
normalar vardı - qadın ləyaqəti, ərin şərəfi,
toplumun rəyi səviyyəsində formalaşmış
standart təsəvvürlər..!
Və
işə bax ki, o həyalı, hər gün pəncərəsini
taqqıldadan Yusifi tərbiyələndirməyə, həmin
o normalara əməl etməyə çağıran, zahirən
müti qadın təsiri bağışlayan Gülya Azərbaycan
kinosunda elə həmin o normaları, yasaqları baykot edən
ilk qadın olur, sonda ailəsini tərk edib Yusiflə yad şəhərə
üz tutur - sevdiyi adamla ailə qurmaq, həyatını 360 dərəcə
dəyişmək, sevmək, başını sevdiyi adamın
çiyninə qoyub fərəhlənmək, sevdiyi adamdan
xoş rəftar, nəvaziş görmək, bir sözlə,
xoşbəxt olmaq üçün.
Gülyanı belə cəsarət sahibi edən nə
idi? Nə dayanır bu paradoksun özülündə?
Düzmü hərəkət edir Gülya?
Bayaq qeyd
etdiyim kimi, müəlliflər bu suallarla bağlı heç
bir konsepsiya, heç bir resept təklif etmir, əksinə
boyaları tündləşdirir, süjeti xoşbəxt
sonluğa yox, əksinə faciəyə yönəldir, ən
başlıcası isə tamaşaçıları qəribə
bir paradoks qarşısında qoyurlar - Azərbaycan
qadınları üçün hazırlanmış
davranış etiketindən
üz çevirən Gülyanın xoşbəxtliyi Azərbaycan
kişilərinin şərəf, ləyaqət kodeksinin əli
ilə boğulur - yad şəhərdə Gülya ilə rəqs və "kef" etmək istəyən
yad kişilərə Azərbaycan kişisi kimi cavab verən
sevgilisinin ölümü ilə...
Təbii ki, Gülyanın hərəkətlərini, qərarını
birmənalı qiymətləndirmək asan deyil. Amma onu
qınayanların, öz əməllərinin cəzasını
çəkdiyini düşünənlərin ona haqq
qazandıranlardan qat-qat çox olacağı şübhə
doğurmur. "İttiham hökmü" də budur:
"Bir hərəkət ki, sənin ailənin
dağılmasına, fiziki və mənəvi
ölümünə səbəb olur, ona necə haqq
qazandırasan?"
Amma
iş bununla bitmir axı! Bizə heç bir
resept təklif etməyən rejissor eyni zamanda bizə rəhm
də eləmir, "baxın, düşünün - deyir, - nə
üçün azərbaycanlı qadının taleyi belədir?
Nə üçün sevib-sevilmək istəyəndə,
onun qisməti sıxıntı, tənə, qınaq olur,
sevgisiz izdivac təklifi ilə razılaşanda isə fərəhsiz,
solğun həyat yaşayır?" suallarına
cavabınızı verin" ismarıcını
ötürür...
Bu suallara
isə hərənin öz cavabı var!
Filmin
ötürdüyü 2-ci bir mesaj isə budur ki, xoşuna gəlir,
ya yox - fərq etməz - öz doğma stixiyandan,
öz yurdundan, Vətənindən qıraqda - qürbətdə,
sənə yad adamlar çevrəsində, sənə yad
paradiqmaların hökm sürdüyü mühitdə
xoşbəxt olmaq çətindir, bəlkə də
mümkün deyil.
Əlbəttə,
bu məsələ ilə bağlı da hərənin öz
qənaəti var, xüsusilə də milli yaddaşla, mədəniyyətlə,
davranış etiketi ilə əlaqələrin zəiflədiyi
indiki zamanda...
ZÜLEYXA
VƏ MEHMAN "DASTANI"
Əsasən,
sənədli filmlər ustası kimi tanınan Muxtar
Dadaşovun çəkdiyi
"Qanun naminə" filmi çəkildiyi
dövrün ideoloji doqmalarından, ritorikasından tam uzaq
qala bilməsə də
A.İskəndərov, N.Zeynalova, Ə.Ağayev, N.Məlikova
kimi ustad sənətkarların təbii, ifadəli oyunu sayəsində bir sıra maraqlı epizodları, həyati,
təbii situasiyaları ilə yadda qalıb.
Lakin mən
bu yazıda onların oyunu barədə yox, sevimli müğənnimiz
Flora xanım Kərimovanın yaratdığı Züleyxa obrazı
haqqında danışacam.
Filmdə
təsvir olunan hadisələr kontekstində bu qadın zahirən iradəsiz, əqidəsiz, zəif xarakterli obıvatel təsiri bağışlayır. O,
dövrün ictimai-siyasi proseslərinin orbitindən tamamilə
kənarda, sosializm realizminin
bütün obrazlarda görmək istədiyi, zorla
onların boynuna qoyduğu ideoloji missiyadan uzaqda dayanmış və elə buna görə də
o dövrün stereotiplərinə görə mənfi auralı obrazdır.
Çağrılmamış qonaqları evə buraxıb
ziyafət stolu açmasını, ərindən gizlin
Qaloşun təklif elədiyi qızıl saatı
götürməsini təbii ki, onun müsbət keyfiyyətlərinin
ayağına yazmaq
olmaz. Lakin həmin dövrün
vulqar ədəbi tənqidinin məhz
bu əməllərinə görə
"yıxıb-sürüdüyü" bu qadın təqdim olunduğu qədər
də bəsit, sönük obraz deyil, əksinə, mənim
fikrimcə filmdə bəlkə də ən təbii, səmimi,
həyati obrazdır.
Nə üçün belə deyirəm?
İlk
növbədə ona görə ki, Züleyxanın öz ərinin həyat
və məhəbət fəlsəfəsinə uyuşmayan bu hərəkətləri
onun içindən gələn
naqislik yox, nə qədər qəribə
olsa da,
prokuror ərinin diqqətsizliyi
və səhvi ucundan düşdüyü tələnin
yaratdığı fəsadlardır. Buna inanmaq
üçün Züleyxa - Mehman tandeminə bir qədər
geniş planda baxmaq lazım gəlir. Gəlin,
birlikdə baxaq.
Mehman hər
şeyə - hətta
ər-arvad münasibətlərinə, sevgi kimi incə, həssas
məsələyə də öz vəzifə və sosial
statusunun prizmasından baxır, ritorik, pafoslu cümlələrlə elə danışır ki, sanki
evində, ailəsinin içində deyil, universitet
auditoriyasında mühazirə oxuyur. Bu isə
onun xarakterindəki olan-qalan təbiiliyi də soldurur, əvəzində
bədii portretinə plakat cizgiləri gətirir. Mehman sosial
statusları uyğun gələn Altayın yanında
arvadının fədakar və istedadlı olmamasından hətta gileylənir də (!)
Züleyxanın
isə davranışı da, dediyi sözlər və
replikalar da təbiidir, bir qadın kimi içindən gələn
inersiyanın püskürüb çölə
atdığı istəklərdir - o, ərindən ritorik,
pafoslu cümlələr yox, səmimi münasibət, diqqət
gözləyir, istəyir ki, Mehman onu sözdə - Füzulinin
"Yarəb, bəlayi eşq ilə qıl aşina məni..."
mətləli qəzəlinin ilğımına
bürünmüş irreal məkanda yox (Məşədi
İbad demişkən, heç hənanın yeridir?), məhz
bu uzaq dağ rayonunda, öz ailəsinin içində sevsin.
Amma nə görürük?
Züleyxanın
"Nə olar mənim də boynumda bir şey parlasa..."
kimi təbii qadın istəyini görün Mehman necə
qarşılayır: "Sən özün dünyanın ən
qiymətli zinyətisən".
Bu, ürəkdən yox, sadəcə yaddaşdan, yaxud
beyindən gələn sözlərdir, Füzuli demişkən,
hər sözü yalan olan şair intonasiyasını yamsılamaqdan
başqa bir şey deyil.
Mehman anlamır ki, Züleyxanı bu quru sözlərlə
ovundurmaq (və aldatmaq) ona görə mümkün deyil ki, bu
sözlərin arxasında əməl, hərəkət
yoxdur.
Bakıda doğulub boya-başa çatan
Züleyxanın kənddən fərqlənməyən uzaq
dağ rayonunda darıxması təbii, real hisslər deyilmi? Hansı
qız "Ah, mən bunu bütün ömrüm boyu
arzulamışam" - deyib bu "töhfəni"
çırtıq çala-çala qarşılayar, bununla
da hissiz, duyğusuz müqəvvaya çevrilməsi ilə
razılaşardı?
Yaxşı ki, peşəkar aktrisa olmasa da, bu obrazın
açarını tapa bilən Flora Kərimova
Züleyxanı məhz bu ladda - təbiiliklə səmimiliyin
sintezində yarada bilib. Ona görə də çağrılmamış
qonaqlar onların evinə soxulanda çiçək kimi
açıb ətrafa işıq saçan sadəlövh
Züleyxanın halına həm də acıyırsan, ona yazığın
gəlir.
Mehman
öz qadınını rassional düşüncə ilə
dərk etmək istəyir, amma belə bir sadə həqiqəti
unudur ki, qadını ilk növbədə hiss etmək, duymaq
lazımdır, qadınlar ürəklərini verdikləri
kişilərdən ilk növbədə diqqət, nəvaziş
gözləyirlər və "zərif cinsin" nümayəndələri
adlandırdığımız qadınlarla elə zərif,
incə jestlərlə davranmaq lazımdır. Mehman da zahirən
Züleyxa ilə bu tərzdə davranır, onu " kitab
cümlələri" ilə vəsf edir, amma əməli fəaliyyətə
gəldikdə, Füzuli poeziyasının göylərindən
yerə endikdə isə öz həyat yoldaşı ilə rəsmi
"dəftərxana" leksikonunda danışır, ondan ilk
növbədə ictimai fəallıq gözləyir.
Züleyxa dünyaya yalnız öz pəncərəsindən
baxan Mehmanın ən zəif yeridir. Düşmən isə həmişə
rəqibinin ən zəif yerini nişan
alır. Elə belə də olur. Amma buna görə Züleyxadan çox Mehmanın
özü məsuliyyət daşıyır, günahın
böyük hissəsi onun üzərinə düşür.
Cəmiyyətdə
qanunların keşiyində dayanan adam
öz ailəsində mənəvi qayda-qanun, hamını qane
edən mənəvi iqlim yarada bilmirsə, başqa nə
cür düşünəsən?
(ardı var)
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 18 fevral.-S.12.