Azərbaycan Cümhuriyyəti Hökumətindəki
və Parlamentindəki polyaklar
Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Sosial Təminat naziri olan Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevralında Yelizavetpol (Gəncə - red.) şəhərində anadan olub. Milliyyətcə
polyak olan Klenevski, Universitet təhsili almışdı və
ixtisasca hüquqşünas idi.
V.Klenevski Universitet təhsilini bitirdikdən sonra Tiflisdə
dövlət işində çalışmışdı. O, burada
Qaçqınların işlə təmin edilməsi üzrə
şöbə müdiri, Tiflis Dairə məhkəməsinin
üzvü olmuşdu. Tiflisdə Qafqaz cəbhəsindən
olan qaçqınların işi ilə məşğul olur,
onların işlə təmin edilməsinə
çalışırdı. Klenevski o
dövrdə bu sahədə artıq yüksək nüfuz
qazanmışdı. Bu nüfuzunun nəticəsi idi ki,
Azərbaycan Xalq Cümhuriyyəti dövründə onu Sosial
Təminat (Himayə) Nazirliyində Qaçqınlarla iş
üzrə idarəyə rəis təyin edirlər. Onun Azərbaycana dəvətində hökumətdə
nazir olmuş K.Lizqarın rolu var idi.
V.Klenevski
1918-ci ilin dekabrında nümayəndə heyətinin
başçısı kimi Zəngəzura və Qarabağa
gedib qaçqınların vəziyyəti ilə tanış olmuş, onların ağır,
dözülməz vəziyyətinin aradan
qaldırılması ilə bağlı təcili tədbirlər
görülməsi üçün hökumətə
geniş məruzə hazırlamışdı. Onun bu məruzəsi parlament üzvləri
arasında da geniş yayılmışdı.
V.Klenevski 1919-cu ilin martın 14-də N.Yusifbəylinin təşkil
etdiyi ikinci (ümumi sayca beşinci) Hökumət kabinetində
Slavyan-Rus Cəmiyyətinin təmsilçisi kimi Sosial Təminat
(Himayədarlıq - red.) naziri təyin olundu. O, bu vəzifəni 1919-cu
ilin dekabrın 24-nə - hökumətin istefasına qədər
icra etdi.
Nazir vəzifəsində çalışarkən
xeyriyyəçilik fəaliyyətinə üstünlük
verir, kimsəsiz uşaqların qayğısına qalır,
hökumətin yığıncaqlarında, idarəçilik
xarakterli toplantılarda iştirak edirdi.
V.Klenevski nazir olaraq Azərbaycan Parlamentində ilk dəfə
1919-cu ilin 14 iyulunda keçirilən 55-ci iclasında
çıxış etdi.
H.Ağayevin sədrliyi, Ə.Cövdətin (Pepinovun -
red.) katibliyi ilə keçirilən iclasda 13-ə qədər
məsələ müzakirəyə
çıxarıldı. Müzakirə edilən
12-ci məsələdə Ermənistandan olan müsəlman
qaçqınlarına, 13-cü məsələdə isə
Zəngəzur qaçqınlarına yardım nəzərdə
tutulurdu. Hər iki məsələ üzrə
əsas məruzəçi Ə.Əmircanov idi.
Bu məsələlər ətrafında M.Rəfiyev,
R.Ağabəyov, H.K.Sanıyev, S.M.Qənizadə, A.Aşurov,
A.Kazımzadə, M.Hacıbabayev çıxış etdilər.
M.Rəfiyevin
ikinci dəfə çıxışından sonra söz
Sosial Təminat naziri (sədr onu belə təqdim edir:
Ümumi Xeyriyyə naziri) Klenevskiyə verildi. O,
çıxışında dedi: "Hökumət
bütün gücünü qaçqınlara köməyə
sərf edir. Ancaq necə kömək etmək?
Onların özlərini saxlaması
üçün ən aşağı yaşam xərci ilə
təmin etməliyik. Aşağı
yaşam xərci hazırda ayda 600-800 rubl həcmindədir.
Göründüyü kimi, heç bir dövlət,
o cümlədən, Azərbaycan indiki vaxtda bu qədər
pulu sərf edə bilməz. Əgər
minimumdan hesablasaq, buna 40 milyon rubl sərf etmək
lazımdır. Himayədarlıq
Nazirliyinin (Sosial Təminat - red.) vəzifəsi bir tərəfdən
qaçqınların yaşamağını təmin etmək,
digər tərəfdən bütün yollar axtarıb təsərrüfatı
bərpa etməkdir. Ən
başlıcası onları işləməyə öyrətmək
və məcbur etməkdir. Nazirlik də
hazırda Qarabağda emalatxana şəbəkəsi təşkil
edir. Burada çıxış edən
natiqlərdən birinin "emalatxana yalnız kağızda
mövcuddur" deməsi düzgün deyildir. Ona görə ki, Nazirlik bu emalatxanaların
açılmasına yeni başlayıb və artıq
Ağdamda, Bərdədə açılıb, hazırda
Qarabağda açılır".
V.Klenevski çıxışında
başçılıq etdiyi Nazirliyin qaçqınları
işlə təmin etmək imkanlarını
araşdırdığını, onların ərzaqla təmin
edilməsi və cəmiyyətin faydalı üzvünə
çevrilməsi ilə bağlı
çalışdığını qeyd etdi.
O bildirdi
ki, Nazirliyin səlahiyyətinə aid olmasa da, Xankəndində
xəstəxana açılıb və Səhiyyə
Nazirliyinə təqdim ediləcək.
V.Klenevski
Zəngəzurda həkimin, feldşerin sayının az olmasını onların aldıqları 670
rubl həcmindəki aşağı miqdarda olan maaşla izah
etdi. Qeyd etdi ki, bundan ötrü həkimlərin
maaşları artırılmalıdır. O bildirdi ki, səhiyyə
dəstələrinin də təşkilinə
başlanılıb. Və ilk olaraq Qarabağda
yaradılacaq. V.Klenevski eyni zamanda
Şamaxıda 15 qida məntəqəsi və xəstəxananın
açıldığını, tezliklə
dağılmış evlərin bərpasına
başlanılacağını qeyd etdi. O, Suraxanıdan
Mərdəkana qədər yolun çəkilməsi
üçün 3,5 milyon rubl lazım
olduğunu da söylədi.
V.Klenevski çıxışının sonunda
qaçqınların öz yerlərində qalması
üçün Daxili İşlər və Əmək
nazirliklərinin təmsilçilərindən, eləcə də
yerlərdəki nüfuzlu adamlardan və parlament üzvlərinin
birindən ibarət olan komissiya yaradılmasını təklif
etdi.
V.Klenevski Azərbaycan Xalq Cümhuriyyətində
F.X.Xoyskinin 1918-ci ilin 26 dekabrında təşkil etdiyi
Hökumət kabinetində Ərzaq naziri vəzifəsini icra
etmiş K.Lizqarın ən yaxın dostu idi. Onların hər
ikisi 1918-ci ildə Tiflisdə əsası qoyulmuş Slavyan-Rus
Cəmiyyətinin üzvləri idi.
Bu cəmiyyət
1918-ci ilin dekabrın 7-də Müttəfiq qoşunların
komandanına vurduğu 315 saylı teleqramda Azərbaycan
Parlamentinə beş nəfər üzv
göndərməsi haqqında məlumat vermişdi.
1919-cu ilin dekabrında N.Yusifbəylinin
başçılıq etdiyi Hökumət kabineti istefa verdikdən
sonra V.Klenevski də nazir vəzifəsindən
uzaqlaşdı. Bundan sonra o, əvvəl Petrovsk şəhərinə
getdi, Azərbaycan naziri kimi əks-kəşfiyyat tərəfindən
həbs edildi. V.Klenevski iki gün həbsdə
saxlanıldı, sonradan Rostov şəhərinə yola
salındı. Burada onun məqsədi iş tapmaq idi. O
burada bir müddət xəstələndi və 1920-ci ilin
mayında Don-Rostanın (Rusiya Teleqraf Agentliyinin Don Vilayət
şöbəsi) məsul əməkdaşı kimi
çalışdı. Sonra Tiflisə ezamiyyətə
göndərildi.
V.Klenevski Bakıdan kənarda Fövqəladə
Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko
tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs
olundu. O, həbs
ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30
yaşında, qızı Kseniya isə 8 yaşında idi.
V.Klenevski 1920-ci ilin dekabrın 1-2-si arasında Bakıya
gətirildi. Dekabrın 3-də isə onu AzFK-nın müstəntiqləri
sorğu-suala çəkdilər. Ona
qarşı irəli sürülən əsas ittiham Azərbaycan
Xalq Cümhuriyyətində nazir olması idi.
Ağır istintaq proseslərindən sonra onu
bolşeviklərlə əməkdaşlıq etməyə
razı saldılar. Bundan əlavə, onun özü də bu
məzmunlu müraciəti 1920-ci ilin 12 dekabrında FK sədri
Xanbudaqova ünvanladı.
1920-ci il dekabrın 25-də AzFK-nın müstəntiqi
Ponomaryov "Müsavat naziri" kimi ittiham olunan V.Klenevskinin həbsdən
buraxılması haqqında qərar çıxardı.
V.Klenevskinin həbsdən sonrakı həyatı
haqqında məlumat öyrənmək mümkün
olmadı.
Stanislav
Stanislavoviç Vonsoviç (1889-?) Azərbaycan
Parlamentində polyak komitəsinin nümayəndəsi olub.
O, 1889-cu ilin mayın 8-də zadəgan ailəsində
doğulub. Peterburq Universitetinin Hüquq fakultəsini
bitirib. Çar Rusiyası ordusunda zabit
olaraq xidmət edib. S.S.Vonsoviç Polşanın Bakıdakı Konsul
agentliyinin katibi vəzifəsini yerinə yetirib. Azərbaycan Parlamentində Qanunvericilik
komissiyasının katibi kimi çalışıb. 1920-ci ilin avqustun 14-də rus bolşevikləri tərəfindən
həbs edilib.
Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
S.S.Vonsoviçə aid olan PR-20193 saylı istintaq işindən
məlum olur ki, o, 1920-ci ilin dekabrına qədər
həbsdə saxlanılıb. S.S.Vonsoviç həbs
edilərkən həyat yoldaşı 28 yaşında,
oğlu Stanislav isə 5 yaşında olub.
S.S.Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda
çoxdan yaşadığını və buradakı
polyakların hamısını tanıdığını
bildirmişdi.
S.S.Vonsoviç sonradan həbsdən azad edilib.
Polşa əhalisinin
nümayəndəsi olaraq S.S.Vonsoviç Azərbaycan
Parlamentində (1918-1920) belə bir bəyanatla
çıxış etmişdi: "Polşa əhalisi
adından, Parlament üzvlərinin simasında Azərbaycanda
yaşayan bütün xalqları, sədrlik hüququ ilə
bu hakimiyyətin tamhüquqlu daşıyıcısı olan
Parlamenti, eləcə də çətin dövrlərdə
dövlət quruculuğunun ağırlığını
öz çiyinlərində daşıyan bütün şəxsləri
və təşkilatları salamlayıram.
Əhalinin kiçik bir qrupunun nümayəndəsi
olaraq, Parlamentdəki siyasi partiyaların qüvvələr
nisbətini və onların vəzifələrini özüm
üçün kifayət qədər araşdırmadan,
buradakı işimdə riayət edəcəyim
davranış xəttinə dair ətraflı bəyannamə
təqdim etməyi mümkün hesab etmirəm. Bununla belə,
özümün buna münasibətimin ümumi cəhətlərini
izah etməyi özümə borc bilirəm.
Azərbaycan Respublikası adlanan dövlət
quruluşu, hələ ki, hüquqi görkəm
almamış sosial-tarixi yaranış amilidir, buna görə
də, ilk növbədə, Azərbaycanın dövlət
orqanlarının hakimiyyət hüdudlarını və səlahiyyətlərini
müəyyən etmək və onların
qarşılıqlı münasibətlərini tənzimləmək
lazımdır. Parlament hökuməti seçərkən
ona bütünlüklə hakimiyyəti yox, yalnız icra
hakimiyyəti verməli və onun üzərinə özü
qarşısında məsuliyyət qoymalıdır.
Yalnız hökuməti seçməklə və ehtimal
olunan təsis yığıncağının toplanmasına
qədər qanunvericilikdən kənarlaşmaqla Parlament, istənilən
tərəfdən hakimiyyət iddialarının cərəyan
etdiyi hazırki dövrdə son dərəcə zəruri olan
mənəvi nüfuzdan hökuməti məhrum etmiş olar. Daha sonra,
dövlət vəzifələrinin icrasına başlayarkən
Parlament daxili sülhün bərqərar olması məqsədi
ilə, ilk növbədə, istər ictimai, istərsə də
şəxsi hüquq sahəsində qanunun gücünü
möhkəmləndirməlidir. Bu istiqamətdə
Azərbaycan Respublikasının yaranmasından əvvəl
mövcud olan qanunvericiliyinin ardıcıl surətdə
ötürülməsi qaydasını və
hüdudlarını müəyyən edən hüquq
normalarının yaradılması son dərəcə zəruridir.
Hüquq qaydasının mənafeyi çərçivəsində, vətəndaşların sərbəst fəaliyyətinin bütün sahələrini dövlət müdaxiləsindən təcrid edən möhkəm hüquqi zəmanətlərin yaradılması da çox vacibdir. Bu zəmanətlər şəxsiyyətin və ictimaiyyətin inkişafını təmin edir. Dövlətin sosial vəzifələrinin geniş demokratik əsaslar üzərində həyata keçirilməsini tam dəstəkləyərək və bu vəzifələrin qanunvericilik yolu ilə həyata keçirilməsini arzulayaraq düşünürəm ki, hazırda cərəyan edən hadisələr səbəbindən bu vəzifələr öncül mövqe tutmamalıdır, çünki hakimiyyət uğrunda gərgin sinfi mübarizə gedərkən elementar hüquqi qaydalar mövcud olmadan geniş sosial islahatları dövlət miqyasında həyata keçirmək olmaz, çünki bu, dövlətdə məhvedici mərkəzdənqaçma qüvvələri yarada bilər. Xalqların özünü müəyyənləşdirməyə başlaması sonuncu beşillik müharibə zamanı bəşəriyyətin fəthinə çevrilsə də, son dərəcə qeyri-müəyyən olaraq qalır. Bu başlanğıca istənilən məzmunu sığışdırmaq olar, amma mənim fikrimcə, bu başlanğıc mədəni fəthlə tanına bilər, çünki bu, o mənada anlaşılmalıdır ki, heç bir millət başqa bir millətin istibdadına məruz qala və onun köləsinə çevrilə bilməz, hər bir millət öz ərazisinin hüdudları çərçivəsində özünün müstəqil siyasi mövcudluğunu təmin etməli, bu zaman həmin ərazidə məskunlaşmış digər xalqların siyasi hüquqlarına təsir göstərməməli və məhdudlaşdırmamalıdır. Yalnız bu mənada xalqların özünü müəyyənləşdirməsinin başlanğıcı müasir mədəni bəşəriyyət üçün məqbul hesab edilə bilər və bu, müstəqil siyasi məişətə malik olmaq istəyən hər bir millət tərəfindən həyata keçirilməlidir. Əminəm ki, Azərbaycanda say baxımından üstünlük təşkil edən xalq gələcəkdə dövlət quruculuğunda başqa yol tutmayacaq, Azərbaycanda məskunlaşmış bütün xalqlarla dostluq şəraitində birgə çalışaraq həqiqi demokratik və müstəqil dövlət yaradacaq və bu dövlət qonaqpərvərcəsinə Avropa xalqları ailəsinə qəbul ediləcək.
Bir daha Azərbaycanda məskunlaşmış
bütün millətləri salamlayıram!
(Alqışlar)".
Nəsiman
YAQUBLU
tarix
elmləri doktoru
525-ci qəzet.- 2022.- 18 fevral.-S.11;15.