Ənvər Əhməd - Vətən
yanğılı, Qarabağ sevdalı şair
Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri davam edən və poeziyamızın başlıca leytmotivini özündə əks etdirən humanizm konsepsiyasının davam etdirilməsi, insana xas olan ən nəcib, ən ülvi duyğuların tərənnümü... - bütün bunlar Ənvər Əhmədin poeziyasında uğurla əks olunub.
Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı
illərin əvvəllərinə
təsadüf edir. Onun üz
tutduğu yol ənənəvi şeir yolu idi. Təbii ki, ədəbiyyata gələnlərin çoxunun
asan sandığı,
amma təzə söz deməyi çətindən çətin
olan bu yolda
duruş gətirmək
hər şairə nəsib olmur. Altmışıncı illərin cavan
şairlərindən bir
çoxu bu "asanlığın" çətinliyini
öz şair talelərində yaşamalı
oldular. Necə etmək ki, çoxlarının üz
tutduğu, varıb getdiyi o tanış
yolda yeni bir cığır açasan? Necə etmək ki, Azərbaycan dilinin az qala istismar olunmuş, trafaret halına keçmiş yüzlərlə
sözlərinə təzə
can verəsən, ehya
edəsən? Təbii ki,
Ənvər Əhmədin
poetik istedadının
gücünə əsl
şair kimi yoluna davam etdiyi
poeziyada öz cığırı, izi olmalıydı və mən deyim ki, o, buna nail oldu.
Ustad Xəlil Rza onun haqqında yazırdı: "Ənvər
Əhmədin poeziyasında
heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi
yoxdur, yalnız dərin səmimiyyətin,
həyata, insanlara vurğunluğun, bəşər
qatillərinə, yırtıcıya,
qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya
bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə,
bunu yenidən öyrənməyə, min dəfə
verilmiş suallara yenidən qayıtmağa vadar edir".
Ənvər Əhməd Qarabağı
sevən, onun otunu, çiçəyini,
dağını, dərəsini
Vətən bilən,
bayatısıyla şair
olan bir söz ustadı kimi ədəbiyyatımızda
öz yüksək yerini tutub. Şairin Qarabağ
haqqında əsərləri,
xüsusən, "Daş
qanı" və
"Xarıbülbül" poemaları keçən əsrin 90-cı illərinin
şair düşüncəsində
əks olunan ictimai-siyasi hadisələrinin
ən doğru poetik reaksiyasıdır.
Hər iki əsərdə işğal illərinin kədərli, bədbin ovqatından doğan nostalji motivlər diqqəti cəlb edir. Ancaq "Mən Şuşaya
necə gedim?!" ovqatı ilə "Mən Şuşaya qayıdacam!" nikbin sədası arasında təbii ki, fərqli, bir-birini inkar edən məqamlar nəzərə
çarpır. Ümidsizliyi ümid və inam əvəz edir.
"Xarıbülbül" poemasının əsas tərənnüm obyekti, əsas qəhrəmanı
Şuşadır. Şuşa
təkcə tarix və gözəllik mənbəyi kimi tərənnüm olunmur, Şuşa varlığın
mənası, həyatın,
gözəlliyin yaranışı
kimi nəzərə çarpdırılır. Baş bədəndən,
ürək candan ayrılmadığı kimi
şair də Şuşadan ayrılmağı
təsəvvürünə gətirmirdi.
"Tərəkəmə" poemasında isə "daş dəridən çarıq tapıb geyinən" müəllif
bizə bircə-bircə
tərəkəmələrin yaşadığı yurd
yerlərini, dolaşdığı
kəndləri, obaları
tanıdır. Əgər Ənvər Əhmədi bir şair və
insan kimi tanımaq istəyirsinizsə,
"Tərəkəmə"ni
oxuyun: "Ürəyim kövrələndə
kəhər atımı
minib Haramıda, Şah təpəsində,
Küdrüdə, Çafalda,
Nərgiztəpədə, Erkiqarışanda
doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə
motal pendiri ilə acıtmalı əppəkdən iştahla
yeyirəm, samovar çayı
içirəm. Uzun müddət
nəsə özümdə
bir rahatlıq, gümrahlıq hiss edirəm.
Bir sözlə, təpədən
dırnağadək zoğ
tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla "tərəkəmə
balası" deyə
müraciət edirlər".
Uzun zaman müharibə vəziyyətində
olan bir məmləkətin vətənpərvər
şairi kimi, Ənvər Əhməd təkcə vətənin
dərdlərinin poetik
rəsmini çəkmək
haqqında deyil, həm də o dərdləri yox etmək haqqında fikirləşir, bu qayə ilə yazıb-yaradırdı.
Ruhu şad
olsun!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 18 fevral.-S.16.