Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qız təlaşla dedi:

 

- Bu fikirdən yayının. Direktor dönə-dönə dedi ki, Ruhiyyə xanımla biz çox əlverişli olan bir müqavilə bağlamışıq və güman edirəm ki, fars yazıçılarının əsərləri indiyədək bizdə populyar olmadığından, onlar oxucu kütləsinə təqdim edildikdən sonra biz gur tələbatla üzləşəcəyik. Çünki indiyə qədər Azərbaycan oxucusunda yanlış bir təsəvvür mövcuddur ki, İranda poeziya nə qədər inkişaf etsə də, nəsr geridə qalır. Bu fikri, Azərbaycanda geniş yayılmış türk yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun "Zorən jurnalist" memuar kitabı da xeyli möhkəmləndirmişdir. Kitab 1950-ci illərdə yazılmışdır və fars poeziyasının da ədalətsiz qaydada "gül, bülbül" mövzusundan uzağa getmədiyi barədəki bir düşüncəni də ifadə etmişdi.

 

Ruhiyyə redaktor qızın dedikləri ilə razılaşaraq, fars ədəbiyyatının inkişafda olduğunu qeyd etdi. Əslində, son onilliklərdə İran nəsri çox irəliləmiş, ümumbəşəri dəyərlərə münasibət məsələlərinin araşdırılması cəhdlərinin təsvirinə geniş yer ayırmağa başlanmışdır. Fars dilindən bizdə tərcümələr çox azdır, ən böyük nümunə Firdovsinin "Şahnamə"si sayılmalıdır. Ölkəmizdə Şəhriyara böyük pərəstiş olmasına baxmayaraq, onun "Heydər baba" poemasından başqa, daha qiymətli poeziya inciləri bizim oxuculara lazımınca tanış deyildir, çünki onun məşhur lirik şeirlərinin çoxu fars dilində yazılmışdır.

 

Ruhiyyə ona dedi:

 

- Mən sizin direktorunuzun fikri ilə tam razıyam. Fars poeziyası tarixən çox güclü olmuşdur və türk poeziyasından daha qədimdir. Çünki mənşəcə türk olan dahi şairlər də farsca yazırdılar. Nizami bütün əsərlərini fars dilində yazdığına görə, iranlılar onu çox hallarda fars şairi adlandırırlar. Bu, səhv fikirdir. Nizami fars dilində yazan ən qüdrətli şairlər sırasına daxildir, o, bir türk əsilli kimi Gəncədə doğulmuş, yaşamış, orada da ölmüşdür. Yaxşı haldır ki, qədirbilən xalqımız onun 800 illik yubileyi qeyd olunarkən qəbrinin üstündə məqbərəsini ucaltmış və ora azərbaycanlıların ziyarət məkanına çevrilmişdir. Fars dilində dünya ədəbiyyatını zənginləşdirən incilər çoxdur. Cəlaləddin Rumi Baktriyadan olsa da, sonralar Halikarnasda (indiki Türkiyədəki Konyada) məskunlaşsa da, "Məsnəvi`i mənəvi" əsərini, digər müdrik şeirlərini fars dilində yazmış, bu vaxt islamın şiə məzhəbinə sufizm adlı canlılığı ilə seçilən bir cərəyan gətirilmişdi. Sufilər musiqini də islam ibadətlərinə əlavə etmiş, bununla onun cazibə qüvvəsini xeyli artırmışlar, ona görə də Hindistanda sufi ibadətləri icra ediləndə məscidə digər dinlərin nümayəndələri - hinduslar da, buddistlər də öz böyük maraqlarına müvafiq olaraq onlara baxmaq üçün oraya gəlirlər. Musiqi dini ibadəti cansıxıcı yeknəsəqlikndən azad edib, ona bir şuxluq, coşqunluq gətirir. Mövlanə dövründə yaranan Səma rəqsi indi də İstanbula gələn avropalı turistlərin böyük marağına səbəb olur, xüsusi geyimdə olan və başına fəs geyinmiş rəqqaslar fırlanaraq, bir qədər sonra ekstaza, transa düşür və rəqsi avtomatik qaydadakı icrasını davam etdirirlər, yalnız rəqsə rəhbərlik edən müəllim əl çalması ilə onları ayıldır və bu, həm də rəqsi yekunlaşdırmaq işarəsinə çevrilir.

 

Ruhiyyə onu da əlavə etdi ki, təkcə fars ədəbi nümunələri deyil, yeni mövzulara, ideya və əxlaq məsələlərinə həsr olunan müasir filmlər də olduqca maraqlıdır və digər xalqlar da onlara böyük maraq göstərirlər. İranlılar üçün xarici ölkələrdə təhsil almağa getmək XX əsrin əvvəllərindən dəbə düşmüşdü, Rza Pəhləvi şah öz ikinci sinifdə oxuyan oğlunu sinif yoldaşı Hüseyn Fərdustla bir yerdə orta təhsil almaq üçün İsveçrəyə göndərmişdi və onlar qatarla Məhəmmədin anasının doğulduğu Bakıdan, Rusiyadan və Ukraynadan keçməklə Avropaya çatmışdılar. Kiçik yaşlı gələcək şah Məhəmməd Rza Pəhləviyə Ukraynada aclıqdan vağzallarda qatar dayananda onun üstünə hücum çəkən və çörək istəməklə yalvaran adamların dilənçi vəziyyəti olduqca ağır təsir göstərmişdi. O, İsveçrədəki yaşadığı mənzilə, satmaq ucun qonşu kənddən süd gətirən qadının xoşuna gəldiyindən, bu qadın oğlanın hansı ölkədən olduğunu soruşduqda, yeniyetmə Məhəmməd "İran" sözünü söylədikdə, qadın demişdi ki, belə də bir ölkə var, mən onun adını ilk dəfədir ki, eşidirəm. Kiçik oğlan o vaxt and içmişdi ki, o, əlindən gələn hər şeyi edəcəkdir ki, İranı bütün dünyaya tanıtsın. Bu ad iranlıların ari irqinə mənsub olduğunu göstərmək üçün "Ariana" sözündən əmələ gəlməklə, ölkənin "Persiya" adı 1935-ci ildə dəyişdirilərək İran adlandırılmışdı. Lakin Persiya adlı bu dövlətin bizim eradan əvvəl 559-cu ildə bünövrəsini qoyan Böyük Sirus (Böyük II Kir) tarixdə heç də İranın deyil, məhz Persiyanın məşhur çarı kimi tanınır və o, yəhudiləri Babil əsirliyindən azad etməklə, onlara öz vətənlərinə qayıdıb, Solomon məbədini bərpa etmələrinə və öz dini ibadətlərini icra etmələrinə icazə vermişdi. İranlılar yəhudi peyğəmbəri Yusifi çox sevdikləri kimi, yəhudilər də Böyük Kirin onların əcdadlarının taleyində oynadığı xilaskar rolunu unutmurlar.

 

Ruhiyyə redaktor qıza dedi ki, mənim sizə heç də İran və iranlılar barədə mühazirə oxumaq fikrim yoxdur, fars dili ilə həvəskar qaydasında deyil, peşəkarcasına öyrənməyə can atmışdım, müəllimim bir sıra tarixi əsərləri oxumağı məsləhət görmüşdü və ərim Hüseyn də buna maraq göstərdiyindən oxuduqlarımı Şəhrəzada kimi hər axşam ona danışırdım. Ona görə də İranda baş verən tarixi hadisələrə və onların iştirakçılarına az-çox bələdəm.

 

Məhəmməd Rza Pəhləvi, 1941-ci ildə Britaniya və Sovet qoşunları İrana daxil olduqda, atası Rza Pəhləvi taxt-tacdan əl çəkdiyindən, Cənubi Afrika Respublikasına, Yohannesburqa sürgün olunduğundan, sülaləni davam etdirmək üçün şah oldu və ölkəsini avropalaşdırmaq yolu ilə idarə etməyə başladı, üç il sonra qürbətdə olan atası vəfat etdi. Savadsız kazak generalı olsa da, o, Tehranın abadlaşdırılmasına diqqət göstərməsi ilə məşhurlaşmışdı. Oğul şah isə əvvəllər Britaniyanın, sonra isə ABŞ-ın güclü təsirinə, hegemonluğuna uyğun olaraq hərəkət edirdi, 1951-ci ildə Baş nazir vəzifəsinə keçəndən bir ay sonra Məhəmməd Müsəddiq ölkədə neft istehsalını milliləşdirdi, bu siyasəti xalq bəyənirdi. Müsəddiq şahın ölkədən getməsini təklif etdi. Şah Bağdadda və Romada yaşadı. Milliləşmə siyasi cəhətdən mühüm addım olsa da, iqtisadi cəhətdən ölkəyə böyük ziyan vurdu, neft hasilatı, bu sahədə işləyən ingilis mütəxəssisləri ölkəni tərk etdikdən sonra demək olar ki, dayandı və Britaniyanın embarqo elan etməsi ilə daxil olan maliyyə resursları kəskin surətdə aşağı düşdü. Ordu dövlət çevrilişi etdi və Müsəddiq vəzifədən kənarlaşdırıldıqdan sonra, onun milliləşdirmə ideyası da alt-üst oldu və neft sənayesi yenə xarici şirkətlərin tabeliyinə qaytarıldı.

 

İranda tarixən şiə məzhəbi timsalındakı islam dini əhali arasında böyük nüfuza malik idi və məscidlər ölkədə ictimai mərkəzlər rolunu oynayırdı. Rus sovet yazıçısı Aleksey Surkov 1946-cı ildə İranda olması barədəki xatirələrində yüksək müşahidə qabiliyyətinə malik olduğunu göstərmiş və İranda bazarların və məscidlərin ictimai fəallıq məkanları olduğunu qeyd etməklə, irəlini görmək şəklində yazmışdı ki, ölkədə əhalinin idarəetmə qaydasına qarşı hərəkatı və ya monarxiyaya qarşı inqilab dalğası baş versə, bu, yalnız həmin mərkəzlərdə yaranıb, ölkəyə yayıla bilər.

 

Məhəmməd Rza Pəhləvinin məscidin, mollaların insanlara təsir göstərmək imkanlarını məhdudlaşdırmaq cəhdləri taktiki uduş gətirsə də, strateji məğlubiyyətə aparırdı. Ayatolla imam Xomeyninin şəxsində onun güclü rəqibi yarandı və din xadimi şahın səhvlərindən ustalıqla istifadə edirdi. Tehrandakı mitinqçilərə atəş açılması və onlarla adamın öldürülməsi şah rejiminə qarşı mübarizəni daha da qızışdırdı. Abadanın "Reks" kinoteatrında baş verən yanğında 500 adam həlak olmuşdu. Bundan sonra şah hərbi vəziyyət elan etdi. Lakin inqilabi proses qızışırdı. Şahın lap əvvəllərdə, özünü 1945-ci ildə müstəqil dövlət elan etmiş Azərbaycan Demokratik Respublikasını və Kürdlərin müstəqillik hərəkatını qan tökməklə boğması, Təbrizə və Mehabada ordu yeridib, qırğın törətməsi də yaddan çıxmamışdı. Şah 1979-cu ilin yanvarında İrandan qaçdı.

 

1941-ci ilin sentyabrında Sovet Ordusu İranın şimalını, Böyük Britaniya isə ölkənin cənubunu işğal etmişdi. İran Azərbaycanı Sovet ordusunun nəzarət etdiyi ərazi idi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov oraya təbliğat dəstələrini, öz silahdaşlarını, şairləri göndərirdi. Ona görə də Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyasının şüarlarından biri "Yaşasın vahid Azərbaycanın atası Mir Cəfər Bağırov!" idi. 12 dekabr 1945-ci ildə Pişəvəri yeni yaranan Azərbaycan Demokratik Respublikasına başçılıq etdi. O, köhnə kommunist idi. 8 yanvar 1946-cı ildə isə Kürdüstanda Mehabad Respublikası elan edildi.

 

Lakin onların ömrü çox qısa oldu. 1946-cı ilin mayında ABŞ və Böyük Britaniyanın təzyiqi altında İ.V.Stalin İrandan Sovet qoşunlarını çıxarmağa məcbur oldu. İran ordusu 1946-cı il dekabrın ortalarında artıq Təbrizi tutmuşdu. Kütləvi qan tökülməsi ilə müstəqillik qüvvələri, əsasən, məhv edildi. Mehabadda da Təbrizdəkindən bir qədər yumşaq olan tədbirlər həyata keçirildi. Təbrizlilər qırğına baxmayaraq, az sonra ora gələn şahı gül-çiçəklə qarşıladı, Mehabadda isə hətta şahın yeni təyin etdiyi qubernator onu qarşılamadı. Pişəvəri və respublikanın rəhbərliyi SSRİ-yə qaçdı. 1946-cı ildə süqut edən Azərbaycan Demokratik Respublikası cəmi bir il yaşadı.

 

Stalin sovet ordusunun İrandan çıxarılması labüdlüyünü Pişəvəriyə izah etmək üçün ona təsəlliverici məktub göndərmişdi. Məktubda ABŞ və Böyük Britaniyanın Avropa və Asiya ölkələrində öz qoşunlarını saxlamasının qarşısını almaq üçün bu addımı atmalı olduğunu yazır. Məktub bu cümlə ilə başlayır: "Mənə belə gəlir ki, siz həm İranın daxilindəki, həm də beynəlxalq ölçüdə mövcud vəziyyəti düzgün qiymətləndirmirsiniz". Sonra əlavə edir: "Mənə məlum oldu ki, guya biz əvvəlcə sizi göylərə qaldırdıq, sonra isə uçuruma yuvarladıq və sizi biabır etdik. Burada sizi hansısa bir biabır etmək nişanəsi də yoxdur". Məktubda Leninin müharibələrin nəticələrini inqilabla əlaqələndirmək lüzumu, 1905-ci il və 1917-ci il Rusiyada baş verən hadisələrini təhlili göstərilir və İrandakı vəziyyətin bu nəzəriyyənin müddəalarına heç də uyğun gəlmədiyi qeyd edilir. Məktub məzmununa görə əslində, ADR rəhbərliyinə təsəlli vermək ruhunda deyildi.

 

Sovet Azərbaycanında İrandan qaçmış demokratlar özlərini lazımınca təsdiq edə bilmədilər. Pişəvəri az sonra avtomobil qəzasında öldü, onun silahdaşı olan hökumətin sədri isə həbs edildi. Bir ovuc ziyalıdan başqa, onlar, əsasən, pərakəndə ticarət obyektlərində, az əhəmiyyətli işlərdə işləyirdilər.

 

Britaniyadan və ABŞ-dan asılılığın hər addımdakı təzahürü əhalinin qıcıqlandırırdı və din xadimləri bundan ustalıqla istifadə edirdilər. İmam Ruhulla Musəvi Xomeyni 1964-cü ildə sürgün edilmişdi, 1979-cu ilə kimi 14 il ərzində Türkiyədə, İraqda və nəhayət, yarım il Fransada yaşamışdı.

 

O vaxtlar yenicə dəbə düşmüş audiokassetlər Xomeyninin ən heybətli silahına çevrildi, İrana göndərilən ayatollanın moizələrində şaha nifrət yağdırılır və əhali üsyana səslənirdi. Nəhayət, şah ailəsi ilə birlikdə ölkəni tərk etdi və 1979-cu ilin 1 fevralında isə milyonlarla insanın təyyarə meydanında və yol boyu sevinclə qarşıladığı imam Xomeyni Tehrana qayıtdı. Şah rejimi süqut etdi və İranın Ali rəhbəri kimi Xomeyni hökuməti təşkil etdi və həm də yeni dövlət institutlarını yaratdı.

 

Sonra ABŞ səfirliyinin tutulması, 52 nəfər səfirlik əməkdaşının girov götürülməsi baş verdi və bu hadisə Cimmi Karterin ikinci müddətə ABŞ-da prezident seçilməsinə keçilməz sədd çəkdi. İran da sonrakı illərdə İraqla səkkiz il davam edən və ölkəni taqətdən salan müharibə aparmalı oldu. İraq prezidenti Səddam Hüseyn şimal qonşusunda siyasi qarışıqlıqdan istifadə edib, neftlə zəngin olan və öz ərazisinin yaxınlığındakı Xuzistan vilayətini zəbt etmək məqsədini güdürdü. Müharibədə hər iki tərəfdən çoxlu itkilər oldu. Xomeyni müharibəni dayandırmaq barədəki təkliflə Qumda onun yanına gələn Rəfsəncaniyə demişdi ki, bu qərarı o, "bir fincan zəhəri içmək kimi" qəbul edir.

 

ABŞ-a yollanan şaha isə orada müalicəsini davam etdirməyə icazə vermədilər, digər dövlətlər də xəstəliyin taqətdən saldığı bu insanı qəbul etmək istəmirdi. Nəhayət, Misir prezidenti Ənvər Sədat Məhəmməd Rza Pəhləviyə sığınacaq verdi və 1980-ci ildə o, xərçəng xəstəliyindən Misirdə də öldü. Matəmdə keçmiş ABŞ prezidenti Riçard Nilson da iştirak etmişdi.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 19 fevral.-S.22.