Köhnə kişilərdən öyrəndiklərim
Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı
Muzeyində Mədəniyyət Nazirliyinin çap etdirdiyi
"Nəsimi: edamdan sonrakı həyat" adlı
monoqrafiyamın təqdimatı keçirilirdi.
Çıxışımda dedim ki, bu məbəddə Həmid
Araslı, Abbas Zamanov, Bəkir Nəbiyev kimi böyük
insanlar ad-san qoyub getmişlər. Mən onlardan
çox şey öyrənmişəm.
Yığıncağı aparan akademik Rafael Hüseynov
gözlənilmədən soruşdu: "Qəzənfər
müəllim, siz onlardan nə öyrənibsiniz?"
- Hər
şeydən əvvəl səbirli, təmkinli olmağı.
Səbirli olmasaydım, "Nəsimi: edamdan sonrakı həyat"
kitabıma yazdığınız sanballı ön sözdən
poeziyasevərlər və tədqiqatçılar məhrum
olardılar. Üç aydan çox məqalənizin
yazılmağını səbr və təmkinlə gözlədim.
Nə gizlədim, hətta bir gün akademik
Nizami Cəfərova giley-güzar etdim. Nizami müəllim
dedi ki, Rafael müəllim söz veribsə, yazacaq. Yazdınız da.
Mən ağsaqqallarımızdan xeyirxah olmağı, bədxahlıqdan
kənar olmağı öyrənmişəm.
Kabarda
Balkar şairi Qaysın Quliyevin sevimli şairimiz Tofiq
Bayramın tərcümə edərək yadigar qoyduğu:
Qoy
şirin yuxuna girsin gecələr
Ürəyincə olan gözəl bir həyat.
Ləkəli
deyilsə, vicdanın əgər
Sən rahat yat.
- misralarını sırğa edib
qulağımdan asmışam. Gecələr
rahat yatıram.
Akademiyamızın
müxbir üzvü Əziz Mirəhmədovun akademik Həmid
Araslının "Azərbaycan ədəbiyyatı: tarixi və
problemləri" kitabına yazdığı ön sözdəki
etirafını oxuyandan sonra ağsaqqalların mənə təmənnasız
nə böyük xəzinə bəxş etdiklərini minnətdarlıqla
yad edirəm.
Görkəmli
ədəbiyyatşünas alim yazır: "Doğrusu, indi
müəllimimi anarkən məni həm ayrılıq dərdi,
həm də... xəcalət bürüyür...
Özbaşınalıq,
çörək qədri bilməmək, ustadlar üzünə
ağ olmaq, ifşaçılıq, dəhşətli
təqiblər... Bir çox müəllimlərimiz
kimi, Həmid müəllim də illər boyu hücumlara
giriftar olmuşdu. Nə gizlədim, vaxtilə
onu kosmopolitlər cərgəsinə salmağa məcbur edilənlərdən
biri də bu sətirlərin o zamankı
"üzüyola" müəllifi idi. Bu
acı sözlər, bu acı etiraf üçün oxucudan
üzr istəyirəm".
Bu etirafı Əziz müəllim ömrünün
sonlarında etmişdi. Anlayanlar üçün bu etiraf misilsiz
ibrət dərsidir. Əziz müəllimlə
elə bir yaxınlığım olmayıb. Yalnız 1985-ci ildə o, Ədəbiyyat
İnstitutunun direktoru olan vaxt mənim "Altı il Dəclə-Fərat
sahillərində" kitabımı oxuyub mənə zəng
etmişdi. Kitaba görə çox təşəkkür
etdi. Dedi ki, indi Kislovodska istirahətə gedirəm, gələndə
görüşərik.
- Əziz müəllim, diqqətinizə görə sizə
minnətdaram.
Sağ-salamat gedin, qayıdın -dedim.
Professor
Şirindil Alışanlı deyir ki, Əziz müəllim
çox ciddi adam idi. Ədəbiyyat İnstitutunda
direktorluğu zamanı nə Əziz Mirəhmədov,
nə də Mirzağa Quluzadə təsadüfi adamların
müdafiə etməsinə imkan verməzdilər.
Şeir bağçasının bağbanı
adlandırılan Səməd Vurğun "Cahanda hər
hökmü bir zaman verir" - deyəndə nə qədər
haqlı imiş. İndi bəzən elmdən xəbəri
olmayan adamlar müdafiə edir, alim adını alır və ən
acınacaqlısı odur ki, ədaları yerə-göyə
sığmır. Onların nə vecinədir
ki, Sokrat nə deyib?
Tələbələri
bir gün Sokratdan soruşurlar:
- Kimi
böyük adam adlandırmaq olar?
Cavab:
-
Özü haqda kiçik fikirdə olan adamı.
- Bəs
kiçik adam kimi hesab etmək olar?
Cavab:
-
Özü haqda böyük fikirdə olan adamı.
İndi o köhnə kişilərin ciddiyyətinin, sadəliyinin,
təvazökarlığının həsrətini çəkirik. Bəzən səhhət
kimi ilahidən gələn sadəliyin insanı
ucaltdığını unuduruq. Unuduruq ki,
sadə həyat tərzinin açarı təmənnasız
və iddiasız yaşamaqdadır.
Mən iddiasız və təmənnasız
yaşamağı Abbas Zamanov və Yaşar Qarayevdən
öyrənmişəm. Onların təmtəraqdan uzaq mənzillərində adam özünü necə rahat hiss edirdi. Mən Abbas müəllimdən
dözümlülük, mətinlik öyrənmişəm.
Həyat Abbas müəllimi ağır imtaha çəkmişdi. Uşaq evində böyümüşdü. Atası pantürkist damğası ilə Abbas müəllimin kəbinli arvadını əlindən alıb sürgün etmişdilər, oğlu Firuz sağalmaz xəstəliyə mübtəla olmuşdu. Akademiyada Səməd Vurğuna həsr olunmuş yığıncaqda çıxış edərək: Ay camaat, Naxçıvanı Ermənistana verirlər. Moskvada gündəmdədir. Səməd Vurğun sağ olsaydı, imkan verməzdi" - dediyinə görə partiyadan və işdən çıxartmışdılar. Bütün bunlara baxmayaraq, kefini soruşanda deyərdi: "Şikayətə əsas yoxdur!" Öz dərdini başqalarına dərd etməzdi.
Elmi rəhbərim, akademik Məmmədağa Şirəliyevlə ata-oğul münasibətində idik (Abbas Zamanovla da eləcə). Oğlu yox idi. Bircə qızı vardı. Arvadı başqa millətdən idi. Dağ boyda kişini qatıq, süd, çörək, dərman almağa göndərirdilər.
Yaşlı adamlar yaxşı bilir ki, keçən əsrin 60-70-ci illərində mağazalarda yalnız dondurulmuş ət satılırdı.
Maştağada isə bazar günləri heyvan kəsib təzə ət satırdılar. Hər bazar günü professorla Maştağaya təzə ət almağa gedirdik. Yol boyu dərdləşirdik. Bir dəfə Azərbaycan dilçilik elminin hüdudlarını yararaq beynəlxalq aləmə çıxan, hamının xoşbəxt saydığı bu böyük alim dedi:
- Qəzənfər, mən bədbəxtəm. Ailə həyatım yoxdur. Qohumlar mənim evimə gələ bilmirlər.
Mən professoru yaxşı başa
düşürdüm. Analığım başqa millətdən
idi.
Bununla belə, professor necə böyük vətənpərvər
idi. Azərbaycan dilini canından artıq sevirdi. 1962-ci ildə Xarici Dillər İnstitutunun ingilis-Azərbaycan
dilləri fakültəsini bitirib İraqa tərcüməçi
işləməyə gedəndə məndən çox
professor sevinirdi. Dedi: "Oğlum, bu, böyük
şansdır, İraqda azərbaycanlılar yaşayırlar. Onların dialektini tədqiq edərsən".
Tələsik mənə mövzu da təsdiq
etdilər.
O vaxt bunu
o qədər də dərk etmirdim.
Professorla əlaqələrimiz dünyasını dəyişənə
qədər davam etdi. 1975-ci ildə ABŞ-dan Səlim
Hüseynqulu oğlunun "Azərbaycan dilinin generativ
fonologiyası" adlı doktorluq dissertasiyasına rəy vermək
üçün Dilçilik İnstitutuna göndərmişdilər.
Professorla birgə müsbət rəy yazıb
göndərdik.
1983-cü
ildə ABŞ-a iki aylıq
ixtisasartırma kurslarına gedəndə professor məsləhət
gördü ki, orada Azərbaycan dilinə dair tədqiqatlara
diqqət yetirim. Qayıdan kimi Dilçilik İnstitutunun Elmi Şurasında
"ABŞ-da Azərbaycan dilinə dair
araş-dırmalar" mövzusunda məruzəm dinlənildi.
Professor, müavini Zərifə xanım Budaqovaya
tapşırdı ki, "Azərbaycan dili xaricdə"
adlı məqalələr məcmuəsi ha-zırlasınlar.
Məcmuə hazırlandı və çap
olundu (Bakı, "Elm" nəşriyyatı, 1990, 172 səh.).
Məcmuədə "ABŞ-da Azərbaycan
dilinə dair araşdırmalar" məqaləm də yer
aldı (s.65-70).
Professor bir məktəb idi. Fəxr edirəm
ki, o məktəbin müdavini olmuşam. Qədirbilənlik
əlaməti olaraq İkinci Fəxri xiyabanda müəllimimin
qəbrinin üstünü götürtməklə ruhunu
şad etməyə çalışmışam.
Mən mehribançılığı, əsl vətənpərvərliyi
Teymur Bünyadovdan öyrənmişəm.
Bir dəfə Karlovı Varıda istirahət edirdik. Gəzməyə
çıxmışdıq. Söhbət
Teymur müəllimdən düşmüşdü. Tağı Əhmədov Teymur müəllimə zəng
etdi. Xoş-beşdən sonra kefini, harda
olmağını soruşdu. Teymur müəllim dedi ki,
Karlovı Varıdayam. Hamı təəccüblə
bir-birinin üzünə baxdı. Tağı müəllim
dedi: Biz də Karlovı Varıdayıq. Bəs
Sizi niyə görmürük? Cavab: Mən Qazaxın
Şıxlı Karlovı Varısındayam.
Teymur müəllimə zəng etsəniz, telefonunda
Üzeyir bəyin "Koroğlu" operasının
uvertürasını eşidəcəksiniz.
Hərdən
zəng edib kefini soruşuanda "- Qadağ alım,
yaxşıyam. Özümü dincə
qoymuşam, yəni istirahət edirəm" - deyir.
Teymur
müəllimin şirin Tovuz-Qazax ləhcəsi ilə dediyi
"qadağ alım"ı və Nəriman Həsənzadənin
könlü xoş edən məşhur "Sənə
qurban" ifadəsi qədimdən qalma "Qurbanın olum,
başına dolanım, gözünə heyran, boyuna qurban,
qadan alım, qabağında ölüm" və s.
xalqın keçmişinin çox dərin qatları ilə
bağlı inanclarla səsləşir, filosof şair
Aşıq Ələsgərin:
Can deməklə
candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
- misralarını yada salır və nəticə
çıxarmağa münbit şərait yaradır.
Mən məktub yazmağı neftçalalı
ağsaqqalımız professor İmamverdi Əbilovdan öyrənmişəm. "Ədəbi
məktublar" kitabım çıxandan sonra (Bakı,
"Təhsil, 2015, 256 səh.) çağdaş
ədəbiyyatımızda mənə bu janrın
yaradıcılarından biri kimi qiymət verdilər. Buna görə İmamverdi müəllimə minnətdaram.
Mən dünya şöhrətli alimimiz Nəsirəddin
Tusidən çox şey öyrənmişəm. O böyük insan deyirdi:
"Alimin elmi təkcə yaratdıqlarının
çoxluğu ilə deyil, xeyirxahlığı,
yazdıqlarının faydalılığı və şəxsiyyət
kimi saflığı ilə də ölçülməlidir".
İnamı, etiqadı, dəqiqliyi,
mehribançılığı Bəkir müəllimdən
öyrənmişəm. Mövhumatdan, cəhalətdən,
xurafatdan kənar olan bu şəxs şəriəti mükəmməl
bilir, etiqad göstərirdi. Lakin dünya
nemətlərindən zövq almağı, yaxşı rəqs
etməyi də vardı.
Bəkir müəllimi fərqləndirən cəhətlərdən
biri də sadəliyi idi. İllərlə dostluq etdiyi Xalq şairi Qabil onun bu məziyyətini
xüsusi qiymətləndirirdi:
Kim
özünü dartır, çəkir,
Qoy yadına düşsün Bəkir.
Mən cəsarəti Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasından və ədəbiyyatşünas
alim və bəstəkar Arif Məmmədovdan öyrənmişəm.
1960-cı ildə III kursda oxuyanda professor Arif Məmmədov
bizə ədəbiyyatdan dərs deyirdi. Bir tədbirdə
tələbə yoldaşım Elmira Əliyeva Arif müəllimin
bəstələdiyi mahnını oxudu. Onu
pianoda Arif müəllim özü müşayiət edirdi.
Çox həzin bir mahnı idi:
Aramızdan
axıb gedir,
Araz bulana-bulana.
Seyr edirəm
görkəmini
Yaram sulana-sulana.
Balaxanıda M.Ə.Sabirin şagirdi olmuş rektorumuz
Qulam Kərim oğlu Məmmədov göz yaşlarını
saxlaya bilmirdi.
Sonralar öyrəndik ki, bu qocaman pedaqoq Naxçıvandan
imiş.
Mən qorxmazlığı Xəlil Rza Ulutürkdən
öyrənmişəm. Sovetin qılıncının dalı
da, qabağı da kəsib tökdüyü bir vaxtda Xəlil
Rza hünər göstərərək çəkinmədən
Füzulidən istifadə ilə yazırdı:
Şəbi-hicran
yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi
əfğanım,
O sahildə,
bu sahildə.
Birləşib
bir can olmalı,
Bütöv
Azərbaycan olmalı,
O sahil də,
bu sahil də.
Mən hələ onun "Davam edir 37" şeirini
demirəm.
Əgər 1990-cı ildə rus ordusu Bakını tutanda,
Qarabağ hadisələri baş verəndə Xəlil
Rzanın o şeirini Mirzə Xəzər tez-tez
"Azadlıq" radiosunda səsləndirməsəydi, radio
və televiziyada Zakir Fəxrinin sözlərinə bəstələnmiş,
Zeynəb Xanlarovanın göz yaşları ilə oxuduğu
çox həzin "Qarabağın qara baxtı, qalmaz belə,
qalmaz dünya" mahnısını ürək
ağrısı, göz yaşları ilə dinləyib təsəlli
tapmasaydım, bəlkə də ürəyim partlayardı.
Mən Aşıq Mikayıl Azaflının Sovet
sisteminin çürüklüyünü, yalan və qan
üzərində bərqərar olduğunu tam
çılpaqlığı ilə açıb göstərən
misralarından çox şey öyrənmişəm. O sətirlər sanki deyirdi:
"Bu sistem gec-tez çökəcək".
Aşıq-şair
yazırdı:
Əlimizdə
zorba çomaq,
Başımızda motal papaq.
Ağ
şalvarda qara yamaq
Kommunizmə gedirik biz.
- oxuduğuna görə 4 il (1961-1964) zindan həyatı
keçirən aşıq daha da mətinləşmişdi:
Qoca Azaflıyam dilim var, lalam.
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd
varmı ki, çəkməmiş olam
Bax, onlar ağartdı saçımı mənim.
- deyərək sovet sisteminin iç
üzünü açıb göstərməkdən çəkinməmişdir.
Mən şöhrətpərəstlik mərəzinə
tutulmadığıma görə akademik Bəhram Əsgərova,
Xalq şairi Hüseyn Arifə, Xalq yazıçısı
Əzizə Cəfərzadəyə borcluyam. Onların Fəxri
xiyabanda halalca yeri olduğu halda, adi qəbiristanlıqda - Bəhram
Əsgərov həyat yoldaşının, Hüseyn Arif
oğlunun, Əzizə xanım ata-anasının yanında dəfn
olunmağı vəsiyyət etmişdilər. Təbii ki, onların həyatda son arzusu yerinə
yetirilmişdir.
Əzizə xanımla ana-oğul münasibətində
idik. Doktorluq müdafiəmdə opponentim olmuşdu.
Dünyasını dəyişəndə vida
sözünü mən yazdım. Hacıqabul rayon
İcra Hakimiyyətinin başçısı, kürəkənimin
əmisi Firudin Babayevdən xahiş etdim ki, doğma
Tağılar kənd məktəbini Əzizə
xanımın adına qoysunlar. Sağ
olsun, xahişimi yerinə yetirdi. İnanıram ki, Əzizə
xanımın ruhu şad oldu!
Elm ilə ciddi məşğul olmağı Ağamusa
Axundovdan öyrənmişəm. Qonşu idik. Tez-tez görüşüb söhbətləşirdik.
Dörd il İraqda işləyib doğma instituta
qayıdanda (1966) gördüm ki, Ağamusa müəllim bizim
fakültədə tələbədir. O, artıq ADU-nun
tanınmış dilçi alimlərindən idi. Mən həyatımda nəyisə etmədiyimə
nadir halda təəssüflənmişəm. Ağamusa müəllim mənə məsləhət
gördü ki, ADU-nun filologiya fakültəsində oxuyum.
Birbaşa 2-ci kursa götürüləcəkdim.
Getmədim. İndi bəzi məsələlərdə
çətinlik çəkəndə, təəssüflənirəm
ki, Mir Cəlal, Əli Sultanlı, Pənah Xəlilov, Həmid
Araslı, Muxtar Hüseynzadə, Məmməd Cəfər Cəfərov,
Abbas Zamanov, Hadı Mirzəzadə, Əlövsət
Abdullayev, Səlim Cəfərov, Musa Adilov, Vaqif Vəliyev,
Ağamusa Axundov, Tofiq Hacıyev kimi böyük alimlərdən
dərs almamışam.
Mən qonağa ehtiramı, səliqə-sahmanı
Qasım Qasımzadədən öyrənmişəm. Bir dəfə
Əbdüllətif Bəndəroğlu İraqdan gəlmişdi.
O, hər dəfə Azərbaycana gələndə Abbas
Zamanov, Elçin, Anar, Yaşar Qarayev, Qasım Qasımzadə
və Vasim Məmmədəliyevlə görüşərdi.
Qasım müəllimə telefon açıb Bəndəroğlunun
gəldiyini xəbər verdim. Səhərisi
gün saat 12-də Qasım müəllimgilə getdik. Yay vaxtı olmasına baxmayaraq, dəhliz və qonaq
otağında xalçalar döşənmişdi.
Stolun
üstünə ən bahalı restoranlarda olduğu kimi
kraxmallı ağ süfrə
salınmışdı. Boşqablar, çəngəl-bıçaq,
qaşıqlar süfrəyə xüsusi gözəllik
verirdi. Əlamətdar bir gün oldu.
Sağollaşıb ayrılanda Bakıda ilk dəfə
Təzəpir məscidində azan səsi eşitdik və
çox sevindik.
Xoş əhval-ruhiyyə ilə Bəndəroğlunu "İnturist" mehmanxanasına apardım. Maşından düşəndə Bəndəroğlunun yadına düşdü ki, əl çantası Qasım müəllimgildə qalıb. Geri qayıtdıq. Xalçalar yığılmışdı. Qasım müəllim pərt oldu. Könlünü almaq üçün, əslində, bu, həqiqət idi, Qasım müəllimə dedim: Yayın istisində heç kim dəhlizə və otağa xalça salmır. Qoy Bəndəroğlu bilsin ki, siz bunu əziz qonağın xətrinə etmişdiniz".
Hiss etdim ki, həlim xasiyyətli bu böyük insanın pərtliyi keçib getdi.
Mən Pənah Xəlilovdan ciddi həyati məsələni eşidərək nəticə çıxarmışam. Türkiyədə bir azərbaycanlı elm adamı bu böyük alimin kitabını öz adına çap etdirmişdi. Bu biabırçılığı hərdən yada salaraq deyirdi: "Üç adama üç şey yaraşmaz. Rəhbərə xəbislik, varlıya xəsislik, alimə hərislik".
Aşağıdakını isə görkəmli ictimai xadim Tofiq Bağırovdan eşitmişəm: "Tamah, nəfs yıxmayan evi heç nə yıxa bilməz. Mənəvi paklıq, əxlaqi saflıq, ləyaqət həyatda ən böyük var-dövlətdir".
Mətbuatdan oxuduğum bir hadisə dünyagörmüş ağsaqqalın bu müdrik kəlamını necə də tamamlayır.
Bu hadisə 2012-ci ildə İspaniyanın Navara şəhərində yüngül atletika üzrə keçirilən yarışda baş verib. Qaçış üzrə yarışın qalibi qızıl medal qazanıb, Londonda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanacaqdı. Keniyalı atlet Mutai bütün yarış boyu birinci yerdə gedir. Lakin finişə 10 metr qalmış dayanır. Elə bilir finiş xəttini keçib. Arxadan gələn 24 yaşlı ispaniyalı atlet Fernandes Mutaini itələyə-itələyə finiş xəttini birinci keçirir.
Hamını şok vəziyyətinə salan Fernandesdən yürüşdən sonra soruşurlar: Məgər sən qalib gəlmək istəmirdin? - Qalib gəlmək ən böyük arzum idi. Lakin Mutainin səhvindən istifadə edib 1-ci olmaq mənəviyyatsızlıq olardı. Qızıl medalı çox istəsəm də, mənim üçün mənəviyyat, ləyaqət qızıl medaldan daha dəyərlidir - deyir.
Ədalətli və insaflı olmağı da köhnə kişilərdən öyrənmişəm. Bu yolda mənə alman filosofu Hegelin kəlamı da yardımçı olub. Hegel yazırdı: "Mənə qalarsa, deyərdim, verin dünyanı almanlar idarə etsinlər. Onlar ağıllıdırlar. Lakin mən bunu demirəm. Milliyyətcə alman olduğuma görə məni qınayarlar. Odur ki, deyirəm, verin dünyanı türklər idarə etsin, onlar ədalətli və insaflıdırlar".
Beləliklə, müdrik ağsaqqallardan, zəka sahibi köhnə kişilərdən əldə etdiyim tükənməz sərvət şüurlu həyatım boyu yoluma işıq tutub.
Bu mənəvi sərvət məni insanlara gərəkli
olmağa sövq edib.
Qəzənfər
Paşayev
525-ci qəzet.- 2022.- 19 fevral.-S.20;21.