"Pandemiyanı yenilənmə dönəmi
kimi qəbul etdim"
Tanınmış modelyer Könül Vəlibəyli:
"Bu dönəmdə daha gözəl ideyalar, fərqli
layihələr, yeni kolleksiyalar ortaya qoydum"
Uzun pandemiya zamanında aktiv fəaliyyətinə
ara verməli
olan məkanlardan biri də Bakı
Milli Geyim Evi idi. Azərbaycanın
zəngin geyim mədəniyyətini, ənənələrini
illərdir yaşadan və təbliğ edən Bakı Milli Geyim Evinin
rəhbəri Könül
Vəlibəyli ilə
görüşüb fəaliyyətindəki
yeniliklərdən və
pandemiya şəraitinin
gətirdiyi fərqliliklərdən
danışdıq:
- Bakı Milli Geyim Evi artıq
14 ildir ki, fəaliyyət göstərir. Milli geyimlərimizi
dünyanın hər
bir yerində təbliğ edir və tanıdırıq.
Bakı Milli Geyim Evinin
hazırladığı geyimlər
17-18-19-cu əsrlər Azərbaycanın
bütün bölgələrini,
eləcə də xanlıqlar dövrünü
əhatə edir.
Biz bu geyimləri
hazırda muzeylərimizdə
qorunub saxlanan libaslar, həmçinin, araşdırdığımız kitablar, tarixi filmlərimizdəki bəzi
nümunələr əsasında
hazırlamışıq. Bakı Milli Geyim Evini
yaradanda əsas məqsədimiz o idi ki, tarixi geyimlərimiz
rahat əldə edilsin, əlçatan olsun. Biz muzeylərdə
şüşə arxasında
milli geyimlərimizə
hər zaman baxmışıq, tamaşalarda,
filmlərdə görmüşük.
Amma onu geyinmək, əldə etmək həmişə çətin
olub, çünki bunu təmin edəcək geyim evimiz olmayıb. İndi isə Bakı Milli Geyim Evində istər qadın, istərsə də kişi və
uşaq geyimləri rahat əldə oluna bilər.
- Özünüz də dəfələrlə vurğulamısınız
ki, hər zaman rəqs geyimləriylə milli geyimlər qarışdırılıb.
Siz bu yanlışlıqla necə mübarizə aparmısınız?
- Bəli, bizim qarşımıza çıxan
əsas problemlərdən
biri bu idi.
Milli geyimin təbliği məqsədiylə hansısa
ziyalı, diplomat xanımlarımıza
bunu geyinməyi təklif edəndə deyirdilər, biz rəqqasə
deyilik ki, milli geyim geyinək.
Bizsə
başladıq bunu izah etməyə ki, hər ikisi
ayrı-ayrı geyimlərdir.
Sadəcə rəqs geyimləri
milli geyimlərimiz üzərində hazırlanıb.
Əlbəttə, rəqslərimizə çox borcluyuq ki, son yüz ildə bəlkə də milli geyimimizi
məhz rəqslərimiz
hesabına yaşada və bu günə
gətirib çıxara
bilmişik. Bəzən rəqs
üçün də
bizə müraciət
edirlər. Onda soruşuram
ki, rəqs geyimi istəyirsiz, yoxsa milli geyim?
Deyirlər, eyni şey
deyil? (gülür)
Təbii
ki, bunu izah edənə, sübut eliyənə qədər çox çətinliklər çəkmiş,
uzun yol getmişik.
- Pandemiya dövrünü Bakı Milli Geyim Evi necə
keçirdi?
- Geyim Evimiz yarananda müəyyən mərhələlərdən keçdi. Bu, adətən, qalxan templə getdi. Yəni Bakı Milli Geyim Evini yaratdıq,
adını eşitdirdik,
dəfilə, sərgilərini
keçirtdik, ölkə
daxilində və xaricində tanınmağa
başladıq, rəsmi
qurumlarla işbirliklərimiz
yarandı, böyük
sənətkarlarımız geyimlərimizlə dünya
səhnələrinə çıxdılar.
Bizi sevən, qəbul edən, izləyən kütləmiz vardı.
14 il ərzində
bütövləşmiş bir mərkəzə çevrilmişdik. Pandemiya ərəfəsində
bir neçə ölkədə planlaşdırılmış,
günü təyin olunmuş dəfilələrimiz
vardı. Birdən-birə pandemiya gəldi. Biz buna hazır
deyildik. Çünki qarşımızda çox
böyük layihələrimiz
vardı. Çox böyük
həvəslə bunlara
hazırlaşmışdıq. Fikirləşdik, bəlkə pandemiya
çox uzun çəkməz, tezliklə
bitər və biz də işlərimizə
qaldığımız yerdən
davam edərik. Ancaq çox təəssüf
ki, üç ilə yaxındır davam etməkdədir.
Buna baxmayaraq, biz fəaliyyətimizi tam dayandırmadıq.
Çünki televiziyalar bayram
çəkilişlərini hazırlamalı idi.
Kütləvi tədbirlər olmasa
da, xalqımız heç olmasa, öz evlərində bayram-əhval ruhiyyəsini
yaşaya bilsinlər deyə, biz Novruz bayramında bütün televiziyalara geyimlər verdik. Yəni bütün səhnələri
Bakı Milli Geyim Evi bəzədi.
Həmçinin, bu dövrdə
geyimlərimizin fotosessiyasını
etdik, kitab üzərində çalışırıq,
xarici ölkələrdə
bir neçə səfərdə olduq.
Bakı Milli Geyim Evi
olaraq, həm də bildiklərimizi öyrətmək, bu sahədə yeni mütəxəssislər yetişdirmək
əzmindəyik. Bu dövrdə
moda, geyim, dizayn, kəsim-biçim üzrə onlayn dərslər verməyə
başladıq.
Geyim Evimizdə
ən çox hazırlanan nümunələrdən
biri də Qarabağ geyimləridir. Biz illər boyunca hər zaman Qarabağ geyimlərini hazırlamış, dünyada
təbliğ etmişik.
Sanki uzun illərdir
məhz bu gün üçün hazırlaşırdıq. Şükürlər olsun ki, 44 günlük müharibənin
nəticəsi kimi bu gün Qarabağımız,
Şuşamız azaddır.
Bu qələbədən sonra da boş
dayanmadıq, qollarımızı
çırmayıb yeni
kolleksiya hazırlamağa
başladıq. İndi
kolleksiyamızda bir-birindən
gözəl Qarabağ,
Şuşa geyimlərimiz var. Həmçinin,
Qarabağın 13 bölgəsinin
xalça naxışlarını
araqçın üzərində
işlədik. Əməkdaşlarımız evdən belə
çalışaraq bu
kolleksiyamızı tamamladılar.
Nəticə olaraq deyim ki, mən pandemiyanı
yenilənmə dönəmi
kimi qəbul etdim. Bu dönəmdə
daha gözəl ideyalar, fərqli layihələr, yeni kolleksiyalar ortaya qoydum.
- Bilirik ki, siz
hər il
Novruz bayramı ərəfəsində "Ənənədən
gələcəyə" adlı dəfilələr
keçirirdiniz. Dediyiniz kimi,
pandemiyada həmin dəfilə də təxirə düşməli
oldu. Bəs bu ildən etibarən yeni dəfilə planınız
varmı?
- Əlbəttə, geyimi
hazırladıqdan sonra
əsas məsələ
onu təqdim etməkdir. Çünki biz "Ənənədən gələcəyə" devizi
altında ənənələrimizi
gələcək nəsillərimizə
unutdurmamaq və sevdirmək yoluna çıxmışıq. Həmişə mart ayında Muzey
Mərkəzində dəfiləmiz,
Dənizkənar Bulvarda
sərgimiz olurdu.
Orda biz
50-70 milli geyimimizi həm xalqımıza, həm də dövlət rəsmilərinə,
cənab Prezidentimizə
təqdim edirdik.
Bu, bizimçün ayrıca stimul idi. Çox istəyirik ki,
bu ənənəmizi
davam etdirək. Tədbirlər necə keçiriləcək, bilmirəm,
amma bizim də dəfilə və sərgiylə bağlı öz layihəmiz var. Milli Geyim Evi olaraq,
hər il,
adətən, Novruz bayramı ərəfəsində,
bayram çərşənbələrində
çalışmışıq. Amma bu il bizim "Şuşa İli"mizdir.
Buna görə də
bizim sərgilərimiz,
layihələrimiz il boyunca davam edəcək. Bu ilə çox
ciddi şəkildə
hazırlaşmışıq. İlin sonuna kimi, bəlkə
də hər ay yeni-yeni layihələrimizlə
bizi sevənlərin görüşünə gələcəyik.
- Belə başa düşdüm ki, bu il siz də fəaliyyətinizi
Şuşaya həsr edəcəksiniz. Bəs kolleksiyanızda Şuşa
nə kimi rol oynayır?
- Şuşa və
Qarabağ geyimləri
bizim kolleksiyamızın
içərisində ən
çox sevilən və ən çox müraciət olunan geyimlərdən olub. Bu il
isə Bakı Milli Geyim Evi
üçün də
"Şuşa İli"
elan etmişik. Əvvəlki dəfilələrimizdə
5-10 geyim Şuşa,
Qarabağ bölgəsinə
aid olurdusa, bu il 40-a yaxın geyimi sırf bu bölgəmizə həsr etmişik.
- Bu zəngin proqramınızda,
layihələrinizdə sizə
dəstək olan qurumlar varmı?
- Bakı Milli Geyim Evi hər
zaman əməkdaşlığa
açıq bir məkan olub. Bizə müraciət
edən kimsəni burdan geyimsiz yola salmamışıq.
İstər fərdi şəxslər,
istərsə də, qurumlarımız bizdən
geyim istəyəndə
canla-başla onları
gözəl geyimlərimizlə
təmin etmişik.
Əməkdaşlıq elə bir şeydir ki, gərək onu hər zaman canlı tutasan. Bu layihələrimizlə bağlı bir sıra qurumlarımıza
məktublar ünvanlamışıq.
Bir işi tək təqdim etmək çox çətindir.
Necə deyərlər, güc birlikdədir. Təbii ki,
bu işləri daha gözəl, Azərbaycan mədəniyyətinə,
milli geyim ənənələrinə yaraşan
səviyyədə təqdim
etmək üçün
bizə də dəstək lazımdır.
Ümid edirəm ki, müraciət etdiyimiz qurumlar bizə müsbət cavab verəcək və bizimlə əməkdaşlıq
edəcəklər. Çünki bu, təkcə bizim deyil, çoxəsrlik
mədəniyyətimizin təqdimatıdır.
Kolleksiyamız hazırdır. Ehtiyacımız olan tək şey təşkilatçılıq
məsələlərində dəstəkdir.
- Şuşa kolleksiyasını
hazırlamısınız. Bəs onu Şuşada təqdim etmək kimi bir plan düşünmüsünüz?
- Elə bir arzum var. Ən böyük arzularımdan biridir ki, Şuşada-Cıdır düzündə milli geyimlərimizin dəfiləsini keçirək. Ancaq özümdən öncə geyimlərimiz artıq gedib Şuşaya. Müxtəlif sənətçilərimiz Şuşada keçirilən dövlət tədbirlərində səhnəyə məhz Bakı Milli Geyim Evinin hazırladığı geyimlərlə çıxıblar. İlk dəfə geyimimizi Şuşada görəndə ağlamışdım. Onda Türkiyədə idim. Təsadüfən televizorda gördüm ki, Şuşada keçirilən konsertdə bir sənətçimiz bizim geyimdədir. Çox duyğulanmış və qürurlanmışdım. Ondan sonra da dəfələrlə Qarabağa səfərə gedən sənətçilərimiz geyim üçün müraciət ediblər mənə. Biz də sevə-sevə geyimlərimizi təqdim etmişik. Elə iki gün öncə Şuşaya yola düşən bir sənətçimiz mərkəzimizə gəldi və Şuşa kolleksiyamızdan geyimlər seçib götürdü. İnşallah, ayrıca olaraq, Şuşada dəfilə keçirtmək bizə qismət olar.
- Könül xanım, 14 illik yola nəzər salsaq, Bakı Milli Geyim Evi 14 il öncə qarşısına qoyduğu missiyaya nə qədər çatıb?
- Bizim missiyamız milli geyimlərimizi tanıtmaq və yaşatmaq idi. Şükür ki, artıq hər kəs bizi tanıyır. Həm tanıyır, həm də sevir, hörmət göstərir. Mənimçün ən önəmli də budur. Təbii ki, istədiyim hər şeyə nail olmuşam demək, həyat bitdi deməkdir. Görmək istədiyim, həyata keçirməyi arzuladığım yeni-yeni layihələr, çox gözəl ideyalar var. Bəli, əsas odur ki, biz həvəskarlıqdan peşəkarlığa keçmişik. Artıq peşəkar mərkəz olaraq əməkdaşlıq etdiklərimiz də dövlət qurumlarıdır, peşəkarlardır. Bizi seçənlər də tanınmış sənətkarlarımız, Xalq artistlərimiz, dövlət adamlarımız, səfirlərimizdir ki, geyimlərimizi fəxrlə geyinib dünyada çıxış edirlər. Bu baxımdan, bəli, istədiyim oldu.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 19 fevral.- S.18.