Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı  

 

XX əsrdə qardaş Türkiyədə görkəmli ədəbiyyatçı kimi qəbul edilən ədəbiyyatşünas alimlərindən biri də professor Əhməd Kabaklıdır. Professor Əhməd Kabaklı (1924-2001) özünəməxsus ədəbiyyatşünaslıq məktəbi yaratmış böyük elm xadimidir. Bundan başqa o, ədəbiyyatşünaslıq elminin bir çox əsas sahələri ilə dərindən məşğul olan və bu istiqamətlərin hər birində mühüm elmi nailiyyətlər əldə etmiş universal alimdir. Əhməd Kabaklının ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, folklorşünaslıq, ədəbi əlaqələr, ədəbi tənqid və bir çox başqa sahələr üzrə yazdığı kitablar və məqalələr, oxuduğu məruzələr və etdiyi çoxsaylı çıxışlar Türkiyədə fərqli bir ədəbiyyatşünaslıq istiqamətinin yaradılması ilə nəticələnmişdir.

 

Beləliklə, professor Əhməd Kabaklı XX əsrdə Türkiyədə yeni tipli ədəbiyyatşünaslıq məktəbi formalaşdırmışdır. Qardaş ölkədə Osmanlı dövrü ənənəsindən qalma tarixçilik və mətnşünaslığın aparıcı olması ilə ədəbiyyat tarixçiliyi yaradılması ənənəsindən fərqli olaraq, çoxəsrlik ədəbi-tarixi proseslərin elmi cəhətdən obyektiv şəkildə və nəzəri səviyyədə təhlil edilib qiymətləndirilməsi Əhməd Kabaklının ədəbiyyat tarixçiliyinin özünəməxsusluğunu müəyyən edir. Türk  ədəbiyyatının inkişaf yolunu Qərb ədəbiyyatları ilə əlaqəli şəkildə təqdim etmək, oxşar və fərqli xüsusiyyətləri müəyyən edib dəyərləndirmək, son nəticədə keçilmiş inkişaf mərhələlərinin hər birinin real elmi qiymətini vermək, ənənələrlə yeniləşmələrin qarşılıqlı əlaqəsini üzə çıxarıb aparıcı meylləri ön mövqeyə çəkmək vəzifəsini Əhməd Kabaklı böyük uğurla həyata keçirmişdir. Görkəmli ədəbiyyatşünas alim Əhməd Kabaklının ədəbiyyat tarixçilik məktəbi ədəbiyyat nəzəriyyəçiliyi ilə üzvü sintez halında meydana çıxmış, fərqli elmi-nəzəri yanaşmalar və ümumiləşdirmələr əsasında formalaşdırılmış yeni tipli ədəbiyyatşünaslıq istiqamətidir. Bütün bunlar onu göstərir ki, professor Əhməd Kabaklı Türkiyədə modern ədəbiyyat tarixçiliyi yaratmış görkəmli elm xadimidir. Ona görədir ki, professor Əhməd Kabaklının adı Türkiyədə hər biri fərqli bir elmi məktəbin yaradıcısı hesab olunan Fuad Körpüzadə, İsmayıl Hikmət, Nihat Sami Banarlı, Əbdülbaqi Gölpınarlı, Əhməd Həmdi Tampınar, Orxan Şaik Kokyay, Məhərrəm Ergin, Mehmet Kaplan kimi nəhəng alimlərin sırasındadır.

 

Professor Əhməd Kabaklı hələ XX əsrin altmışıncı illərindən etibarən türk xalqlarının ədəbiyyatını öyrənməklə məşğul olmağa başlamışdır. Belə ki, o, ali məktəblərin ədəbiyyat fakültələrində oxuduğu mühazirələrində, ədəbiyyatın müxtəlif problemləri və ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında yazdığı məqalələrində mövzunu həm Qərb ədəbiyyatı və həm də türk xalqları ədəbiyyatları ilə əlaqəli şəkildə təqdim etməyə çalışmışdır. XX əsrin 60-70-ci illərində Türkiyənin Sovetlər İttifaqı ilə əlaqələrinin soyuq və mürəkkəb olduğu bir dövrdə, çox çətin şəraitdə türk xalqları ədəbiyyatına dair materiallar əldə edə bilmiş və ədəbi-ictimai mühitdə mövcud olan   məhdudiyyətlərə baxmayaraq, qardaş xalqların ədəbiyyatlarına dair faktları, hadisələri və təhlillərini Türkiyə elmi mühitində səsləndirmişdir. Əhməd Kabaklının 5 cildlik fundamental "Türk ədəbiyyatı" dərsliyində türk ədəbiyyatının türk xalqlarının ədəbiyyatları ilə birlikdə təqdim olunması Türkiyə ədəbiyyat tarixçiliyindəki əhəmiyyətli hadisələrdən biridir.

 

Bu baxımdan professor Əhməd Kabaklının XX əsrin 60-80-ci illərində çətin şəraitdə Azərbaycan ədəbiyyatı materiallarını əldə etməsi, məhdud ədəbi materiallar əsasında hər bir yazıçı və şairin yerini və xidmətlərini müəyyən edərək dəyərləndirməsi xüsusi bir fədakarlıq və elm səriştə nümunəsidir.  

 

Müasirlərinin xatirələrindən və ailə üzvlərinin dediklərindən öyrənirik ki, professor Əhməd Kabaklı dövrün yaratdığı çətinliklər və məhdud imkanlar mühitində Azərbaycanla əlaqə qurmaq və qardaş ölkənin ədəbiyyatına dair elmi-ədəbi materialları əldə üçün fərqli yollardan istifadə etmişdir. Bu baxımdan Almaniyada yaşayan və Azərbaycanla yaxşı əlaqələri olan Əhməd Şemide Türkiyə ilə Azərbaycan arasında etibarlı bir körpü funksiyasını yerinə yetirmişdir. Belə ki, Bakıdan görkəmli vətəndaş alim, professor Abbas Zamanov və Xalq şairi Bəxtiyar Vahabzadə Əhməd Kabaklı üçün zəruri olan kitabları poçta ilə Almaniyaya - Əhməd Şemideyə göndərmiş, Əhməd Şemide də həmin bəratı öz adından Türkiyəyə yola salmışdır. Yaxud Əhməd Şemide Bakıya gedərkən Əhməd Kabaklının arzu etdiyi kitablar haqqında məlumatları Abbas Zamanova və Bəxtiyar Vahabzadəyə çatdırmış, onların vasitəsi ilə tapıb Almaniyaya aparmış, yenidən Almaniyadakı ünvanından Türkiyəyə göndərmişdir. Beləliklə, Sovetlər İttifaqı ilə Türkiyə Cümhuriyyətinin gərgin olduğu illərdə professor Əhməd Kabaklının Azərbaycandan kitablar əldə edərək tədqiqata cəlb etməsi, baş redaktoru olduğu "Türk ədəbiyyatı" jurnalı vasitəsi ilə türk oxucularını məlumatlandırması, yaxud ədəbiyyat tarixinə icmallar hazırlaması dövrünə görə bir növ böyük fədakarlıq hadisəsidir. Həmin çətin və məsuliyyətli  illərin fədakar elm və ədəbiyyat sevdalıları Abbas Zamanov, Bəxtiyar Vahabzadə və Əhməd Kabaklı kimi görkəmli şəxsiyyətlərin ədəbi əlaqələrin inkişafındakı xidmətləri yüksək qiymətə malikdir.

 

Beləliklə, professor Əhməd Kabaklı XX əsr ərzində Türkiyədə çətin şəraitdə Azərbaycan ədəbiyyatını əldə edib oxuyan, tədqiqata cəlb edən, təbliğ edib tanıdan fədakar alimlərdən biri olmuşdur. Həmin işi Türkiyədə vaxtilə Ərzurum Universitetində  çalışmış Yavuz Akpınar daha geniş şəkildə həyata keçirmişdir. Bakıdan professor Abbas Zamanovun XX əsrin səksəninci illərində Yavuz Akpınara göndərdiyi kitabların əsasında Ərzurum Atatürk Universitetində 3 min nüsxədən çox Azərbaycan ədəbiyyatına dair kitabları özündə cəmləşdirən "Abbas Zamanov bağış kitablığı" adlı müstəqil bir kitabxana yaradılmışdır. Abbas Zamanov bağış kitablığı Türkiyədə Azərbaycanı öyrənən elmi mərkəz kimi tanımışdır. Ustad professor Əhməd Kabaklı ilə cavan tədqiqatçı İbrahim Bozyel arasındakı o zamankı münasibətlər Kabaklının "Türk ədəbiyyatı" çoxcildlik kitabını yazarkən bu zəngin azərbaycanşünaslıq mərkəzindən də faydalandığını ehtimal etməyə əsas verir. Bütün bunlara görədir ki, professor Əhməd Kabaklının "Türk ədəbiyyatı" adlı 5 cildlik kitabında ədəbiyyatın qədim dövrlərdən ona əsrlərə, yeni dövrdən XX əsrin sonlarına, hətta müstəqillik mərhələsinin başlanğıc illərinə qədərki bütün inkişaf dövrlərində Azərbaycan ədəbiyyatına dair zəruri məlumatlar, yığcam icmallar və portret-oçerkləri vardır. Ədəbi materialları əldə etməyin çətinliklərinə baxmayaraq, Əhməd Kabaklı "Türk ədəbiyyatı" çoxcildliyində Azərbaycan ədəbiyyatının əsas inkişaf mərhələlərini və görkəmli ədəbi şəxsiyyətlərini əsasən, Türkiyə elmi ictimaiyyətinə və oxuculara təqdim edə bilmişdir. Buna görədir ki, 5 cilddən ibarət olan "Türk ədəbiyyatı"nın 4 cildində Azərbaycan ədəbiyyatı haqqında materiallar özünə yer almışdır.

 

"Türk ədəbiyyatı"nın birinci cildində həm də ortaq türk ədəbiyyatına aid edilən Azərbaycan ağırlıqlı şifahi xalq ədəbiyyatı örnəklərindən söz açılmışdır. Bu cilddəki "Dədə Qorqud kitabı", "Nəsrəddin Hoca" və "Koroğlu" dastanı adlı icmallarda ortaq türk ədəbiyyatının bu qiymətli abidələrindən geniş bəhs edilmişdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, professor Əhməd Kabaklı "Kitabi-Dədə Qorqud"u oğuz türklərinə məxsus olan abidə kimi qiymətləndirmişdir. O, oğuz türkləri məsələsini "kitabdakı ortaq konu" adlandırmış, hadisələrin baş verdiyi çevrənin Qalın Oğuz Eli olması qənaətində olmuşdur. Görkəmli türk aliminə çox yaxşı məlum idi ki, "bu ölkə (Qalın Oğuz Eli - İ.H.) Doğu Anadolu ilə Azərbaycan torpaqları arasında bulunmaqdadır.

 

Ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" boylarının əhatə etdiyi coğrafiyanın Dəmir Qapı Dərbənddən - Əlincə qalasına və Göyçə gölünə, Alagöz dağlarına qədərki böyük bir hissəsinin Azərbaycana coğrafiyasına mənsub olduğu müəyyən edilmişdir. Lakin ən qədim zamanlardan Azərbaycanla Anadolu arasında dərin milli-mənəvi bağların, tale ortaqlığının, birliyin və həmrəyliyin olması "Kitabi-Dədə Qorqud"un hansı ölkəyə aid olması məsələsində hər anlaşıqlı bir mövqenin meydanda olmasını şərtləndirmişdir. Buna görədir ki, "Kitabi-Dədə Qorqud"un görkəmli tədqiqatçıları olan Orxan Şaik Kökyay və Məhərrəm Ergin kimi professor Əhməd Kabaklı da eposdakı hadisələrin əhatə dairəsindən və abidənin dilindən söz açarkən Azərbaycan gerçəkliyini səmimi şəkildə etiraf etmişdir: "Dədə Qorqud hekayələri şivə etibarilə daha çox Oğuzcanın doğu qolu olan Azəri şivəsinə dayanır".

 

Türkiyədə Qorqudşünaslığın mükəmməl əsərləri yaradılsa da, "Kitabi-Dədə Qorqud" eposundan Əhməd Kabaklı ilk dəfə olaraq dastan kimi yox, "kitab" kimi, yəni müəllifi olan bədii əsər olaraq söz acmışdır. İndiyədək xüsusi şəkildə diqqət yetirilməyən bu məsələ Qorqudşünaslıq üçün zəruri olan "Kitabi-Dədə Qorqud" eposunun yazılı ədəbiyyat və ya şifahi ədəbiyyat nümunəsi alması məsələsində Əhməd Kabaklının Türkiyədə fərqli mövqedə olduğunu göstərir. Professor Əhməd Kabaklı "Kitabi-Dədə Qorqud"dan bəhs edərkən "yazılı ədəbiyyat" sözünü işlətməsə də, eposun şifahi ədəbiyyat nümunəsi olmasını da təsdiqləməmiş, nəticə olaraq Dədə Qorqud boylarının bu ustad Ozanın özü tərəfindən "düzülüb-qoşulması" qənaətində olmuşdur: "Əsərə Dədə Qorqud kitabı deyilməsinin səbəbi Dədə Qorqud adındakı mübarək, yaşlı və bilgili ozanın hər hekayədə ortaya çıxaraq "boy boylayıb, soy soylaması", bu hekayələri düzüb qoşması kimi göstərilməsidir... Dədə Qorqudun hər halda Oğuz igidlərinin boylarını sazı ilə çalıb söyləyən bir dastan şairi olduğunu qəbul etmək gərəkdir. Bu yaradıcı şair bəlkə yüzillərcə alp ozanların söylədiyi dastanlar icad etmişdir".

 

 

 

Bundan başqa, Əhməd Kabaklının fikrincə Dədə Qorqudun düzüb qoşduğu on iki hekayəni (boy - İ.H.), sonralar "xalq hekayəçiləri Oğuz boyları arasından toplayıb yazmış ola bilirlər".

 

"Kitabi-Dədə Qorqud" eposunda yazılı ədəbiyyatın xüsusiyyətlərinə üstünlük verən professor Əhməd Kabaklı bu oğuznamədəki boyları "dastani hekayələr" adlandırmışdır. Dastan boylarında hekayə əlamətlərini görmək də eposun yazılı ədəbiyyat nümunəsi olmasına meylin aparıcı olmasının təzahürüdür. Yekun olaraq Əhməd Kabaklı Dədə Qorqud boylarını "xalq hekayəsi ilə dastan arasında" olan ədəbiyyat kimi dəyərləndirmişdir. Bununla belə, o, "içərisində" xeyli inanılmaz vaqiflərin, bəzi fövqəladə qəhrəmanlıqların" da təsvir edildiyini qeyd etməklə əsasən, hekayə olaraq qəbul etdiyi boyları ortaq variant kimi hekayə janrının "dastani hekayələr" şəklinə aid etmişdir: "Fəqət "Dədə Qorqud" kitabındakı on iki parçanın hər birinə hekayə deyilməsinə alışılmışdır. Gerçəkdən bu parçalar günümüzün hekayə texnikasına yaxın bir tərzdə qurulmuşdur. Olaylar canlı, hərəkətli şəkildə anladılmış və gərəkli ayrıntılar verilmişdir.

 

Bununla birlikdə "Dədə Qorqud boyları" klassik anlamda hekayələr saya bilmək olmur. Çünki içərilərində xeyli inanılmaz vaqiflər, bəzi fövqəladə qəhrəmanlıqlar da bunulmaqdadır. Bunlar daha çox dastanı andırır, fəqət təhkiyə yönündən dastan da sayılmazlar. Xalq hekayəsi ilə dastan arasında bir tür olan bu parçaları dastani hekayə deyə anmaq ən doğrusu olar".

 

Deməli, Türkiyə Qorqudşünaslığında professor Əhməd Kabaklı "Kitabi-Dədə Qorqud" eposunun "xalq hekayəsi ilə dastan arasında" olan, lakin "hekayə texnikasına yaxın" (yəni yazılı ədəbiyyata yaxın - İ.H.) bir ədəbiyyat nümunəsi olması qənaətində olmuşdur. "Türk ədəbiyyatı" çoxcildliyinin ilk nəşrinin birinci cildinin                 çoxdan çapdan çıxdığını nəzərə alsaq, onda Əhməd Kabaklının hələ yarım əsr bundan qabaq  "Kitabi-Dədə Qorqud" eposunun dastan yox, yazılı ədəbiyyata yaxın bir janrda yazılmış müəllifi bəlli olan bir bədii əsər hesab etdiyini müəyyən etmiş olarıq. Onu da qeyd etməyi lazım bilirik ki, Əhməd Kabaklının yazdığı kimi, dastanı andıran "olağanüstü qəhrəmanlıqları" əks etdirən süjetlərin və qəhrəmanların olması qədim dövr və orta əsrlər Şərq və o cümlədən də Azərbaycan yazılı ədəbiyyatının səciyyəvi xüsusiyyətlərindən biridir. Nizami Gəncəvinin məşhur "Xəmsə"sinə daxil olan poemaların hər birində kifayət qədər dastanvari süjetlər və obrazlar da mövcuddur. Və Nizaminin poemalarının həm də şərti olaraq dastan da adlandırılması heç də həmin əsərlərin şifahi ədəbiyyata aid olması mənasında başa düşülmür.

 

Professor Əhməd Kabaklının "Dədə Qorqud"u tarixdə yaşamış bir şəxsiyyət olaraq təqdim etməsi də nəticə etibarilə onun bu eposun yazılı ədəbiyyata aid olması fikrinə daha yaxın olduğunu düşünməyə əsas verir. Eposdakı hadisələrə və digər qaynaqlarda öz əksini tapmış məlumatlara istinad edən Əhməd Kabaklı "Türk ədəbiyyatı" kitabında Dədə Qorqudun tarixi şəxsiyyət və şair kimi obrazının əsas cizgilərini aşağıdakı kimi təsvir etmişdir: "Allaha və peyğəmbərə yaxınlığı... onu kutsal bir kişi halına gətirmişdir... Natiq, şair və ağsaqqaldır... O, bir alp-ərəndir və Allah bilgiləri onun könlünə ilham etməkdədir... Dövlət işlərini, Oğuz törələrini, savaş və barış nizamını bilən və bəylərin hər müşkülünü çözən güngörmüş bir ağsaqqaldır. Ayrıca çox önəmli olaraq Dədə Qorqud ozandır, ...biz Oğuznamə düzənləyər.

 

...Tanınmış bəzi kitablarda adı keçən və altı yerdə məzarı göstərilən Dədə Qorqud bəlkə də yaşamış tarixi bir kişidir, fəqət əfsanələrə qarışmış və gerçək şəxsiyyəti silinmişdir".

 

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, professor Əhməd Kabaklı "Kitabi-Dədə Qorqud"u tarixdə yaşamış bir müəllif tərəfindən düzülüb-qoşulmuş bədii əsər kimi qəbul etmişdir. Bu ideya zaman-zaman yaşayaraq inkişaf etmiş və nəhayət, XXI əsrdə "Kitabi-Dədə Qorqud"un "yazılı epos və ya epopeya" olması elmi qənaətinə gəlinməsi üçün zəmin hazırlamışdır.

 

"Türk ədəbiyyatı" kitabında "Nəsrəddin Hoca"dan tarixi şəxsiyyət kimi danışılaraq və onun doğum və vəfatı tarixləri, tərcümeyi-halı da verilmişdir. Türkiyədəki digər elm adamları kimi, Əhməd Kabaklı da Molla Nəsrəddinin həyatının Sivrihisar-Ağşəhər bölgəsi ilə üzvü şəkildə bağlı olduğunu, həmin bölgədə ömür sürdüyünü göstərmişdir. Bununla belə, Əhməd Kabaklı Nəsrəddin Hocanın ümumtürk lətifə ustadı olduğunu da nəzərə çatdırmışdır. Doğru olaraq qeyd etmişdir ki, "ərəblərin Cuhası, iranlıların Nəsrəddin Tusisi, qədim yunanlıların Ezopı, almanların Şulenspiegeli, bolqarların Hitar Petarı" olduğu kimi türk xalqlarının da Nəsrəddin Hocası - Molla Nəsrəddini olmuşdur. Eyni zamanda, Əhməd Kabaklının "Nəsrəddin Hoca yüzillər boyu Türk ölkələrində... bütün insanlarımız arasında sevilmiş və anılmışdır... Hoca yalnız Anadolunun deyil, ...bütün dünya türklüyünün sevdiyi, hər gün andığı gülüş qəhrəmanıdır" - kimi ümumiləşdirilmiş sözləri Molla Nəsrəddinin Azərbaycan xalqının da lətifə ustadı olması fikrini nəinki təkzib etmir, əksinə, bu böyük və müdrik şəxsiyyətin Azərbaycan xalqının da gülüş babası olmasına müddəasına haqq qazandırır. Buna görə də Əhməd Kabaklının doğru olaraq göstərdiyi kimi, Nəsrəddin Hoca "türk xalqının gülüş simvoludur".

 

Türk dastanları sırasında Əhməd Kabaklı "Koroğlu" dastanına xüsusi önəm vermiş və dastan haqqında ən zəruri faktları və hadisələri elmi cəhətdən təhlildən keçirmişdir. "Koroğlu" dastanının yaranması, mövzusu və ideyası, əhatə dairəsi, dastanın poetikası haqqında Əhməd Kabaklının orijinal fikirləri vardır. Onun "Türk ədəbiyyatı" kitabı üçün yazdığı "Koroğlu dastanı" adlı icmal məqaləsi türk dünyası koroğluşünaslığına əhəmiyyətli bir elmi töhfədir. Böyük türk tədqiqatçısı həm də yeri gəldikcə dastanın Azərbaycan coğrafiyasına aidliyi məsələsinə də toxunmuşdur. O, dastandakı olayların baş verdiyi coğrafiyanın sözlü xəritəsini çizərkən Azərbaycanı da əsas ölkələr sırasında göstərmişdir.  Əhməd Kabaklıya görə Koroğlunun və onun dəlillərinin "Balkanlardan Türküstana qədər geniş bir alanda" fəaliyyət göstərdikləri ərazilər sırasında Azərbaycan da əsas mübarizə səhnələrindən biri olmuşdur. Bununla belə, "Dədə Qorqud Kitabı"nda olduğu kimi, "Koroğlu" dastanı məsələsində də Əhməd Kabaklı mənsubiyyət məsələsində konkret ölkələrdən deyil, ümumtürk ədəbiyyat abidələri mövqeyindən çıxış etmişdir. Onun ən böyük əsərini "Türk ədəbiyyatı" adlandırması da həmin baxışın ifadəsidir.

 

Professor Əhməd Kabaklının "Türk ədəbiyyatı" çoxcildliyində Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrü haqqında ümumi məlumat verilmişdir. O, ümumtürk ədəbiyyatı müstəvisində Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Məhəmməd Füzuli haqqında ayrıca və geniş oçerkləri "Türk ədəbiyyatı" adlı çoxcildlik kitabına daxil etmişdir. Kitabın yazıldığı XX əsrin altmışıncı illərində nəinki Türkiyədə, hətta vətəni Azərbaycanda həyatı və yaradıcılığı haqqında məlumatların məhdud olduğu bir dövrdə Əhməd Kabaklı hürufizm cərəyanının yaradıcısı İmadəddin Nəsiminin tərcümeyi-halı haqqında ümumi məlumatlar verməklə kifayətlənməli olmuşdur. Lakin yaradıcılığının ana xətlərinə dair "Türk ədəbiyyatı" kitabında öz əksini tapmış yığcam təhlillər İmadəddin Nəsiminin əqidəsi, mübarizəsi və sənətini aydın şəkildə dərk və şərh etmək üçün yetərlidir. "Türk ədəbiyyatı" dərsliyində verilmiş məlumatlar həmin dövrdə bu görkəmli Azərbaycan şairi haqqında Türkiyə elmi-ədəbi mühitində o vaxta qədərki təsəvvürlərin daha da genişləndirilməsini təmin etmək baxımından mühüm elmi xidmətdir. Dilində və üslubundakı aydınlıq və sadəliyə görə İmadəddin Nəsimini "divan şeirinin adəta bir Yunus Əmrəsi" kimi dəyərləndirməsi bir kitabın mövzusu olacaq qədər yeni, fərqli və əhəmiyyətli nəzəri tezisdir. Əhməd Kabaklının İmadəddin Nəsiminin "Əstrabadlı Fəzlullahın hürufi təriqəti görüşlərinə bağlanmış" və "ədəbiyyatımızın ən coşğun qurucularından" biri olması, "qorxusuz şeirlər" söyləməsi haqqındakı fikirləri, habelə "ənəəlhəq şairinin" faciəli ölümünə aid irəli sürdüyü mülahizələr və misal gətirdiyi faktlar dövrün Türkiyə ədəbiyyatşünaslığını daha da zənginləşdirən əhəmiyyətli əlavələrdir. Nəhayət, tərcümeyi-halı və yaradıcılığı barəsində məlumatların az olmasına, Bağdad və ya Hələbdən olmasına dair məlumatların geniş yayılmasına baxmayaraq, Əhməd Kabaklının İmadəddin Nəsimini "dilində Azəri özəllikləri" üstünlük təşkil etdiyi şair olaraq təqdim etməsi dövrünün Nəsimişünaslığını qabağa aparan mühüm elmi mülahizələrdir.

 

Müşahidələr göstərir ki, professor Əhməd Kabaklı və ümumən Türkiyə ədəbiyyatşünaslıq elmi XX əsrin altmış-yetmişinci illərində İmadəddin Nəsimi ilə müqayisədə Qazi Bürhanəddin haqqında daha geniş məlumata malik olmuşdur. "Türk ədəbiyyatı" çoxcildliyinin ikinci cildində yer almış "Kadı Bürhanəddin" portret-oçerklərində bu hökmdar-şairin əhatəli obrazı canlandırılmışdır. İmadəddin Nəsimidən və Məhəmməd Füzulidən fərqli olaraq, "Türk ədəbiyyatı" kitabında Qazi Bürhanəddinin bir çox dəqiq tərcümeyi-hal məlumatları öz əksini tapmışdır. Qazi Bürhanəddinin Türkiyə və Azərbaycanın ictimai-siyasi həyatında və ədəbiyyatındakı yeri və xidmətləri professor Əhməd Kabaklı tərəfindən düzgün müəyyən olunmuşdur: "Bilgin şair olduğu qədər də cəsur bir sərdar olan Qazi Bürhanəddin İldırım Bəyazid və Teymur kimi böyük hökmdarlarla savaşlar etdi... Şeirlərinin çoxunda kədəri tərənnüm etməsi belə igidlikdir. ...Şeirləri bulunan 600 səhifəlik Divanı ədəbiyyatımızın ən həcmli əsərlərindəndir... Tuyuq adlanan türk şeir şəklindən ən çox istifadə edən şairin Bürhanəddin olduğu görünməkdədir. Heç bir qəzəlində isim... kullanmamaq da bu şairin özəllikləri sırasındadır".

 

Həyatı, ictimai-siyasi fəaliyyəti tam olaraq Türkiyədə keçən, şeirlərini ərəb, fars və türk dillərində yazan Qazi Bürhanəddinin dilinin Azərbaycan türkcəsi ilə səsləşməsini görüb-göstərməsi Əhməd Kabaklının dərin şeir, ədəbiyyat duyumu ilə bərabər, həm də ədəbiyyatı dəqiq və aydın şəkildə elmi-nəzəri sintez etmək istedadının nəticəsidir: "Şeir dili Batı türkcəsinin ortaq tərənnüm vasitələrini daşımaqla birlikdə az-çox Azəri şivəsinə qaçmaqda və bilxassə şərqi Anadolu ağızlarından kəlmə, səs və deyişlər etiva etməkdədir".

 

Bu elmi qənaətlər Azərbaycan ədəbiyyatşünaslıq elmində Qazi Bürhanəddinin orta əsrlər ədəbiyyatımızı təmsil edən şairlərdən biri kimi qəbul edilməsini nəzəri cəhətdən dəstək və əsas verir.

 

Əlbəttə, uzun əsrlərdən biri Türkiyədə də geniş şəkildə öyrənilməkdə davam edən, əsərləri dəfələrlə Anadolu oxucularına təqdim olunmuş Məhəmməd Füzuli oçerki Əhməd Kabaklının "Türk ədəbiyyatı" çoxcildliyində xüsusi yer tutur. Oçerkdəki tərcümeyi-hal faktlarından bir çoxu Türkiyə ədəbiyyatşünaslıq elminin XX əsrin altmışıncı illərinin məhdud məlumatlarına istinad edilməklə yazılsa da, Məhəmməd Füzulinin həyatı və yaradıcılığı haqqındakı təqdimat Əhməd Kabaklının mühüm elmi nailiyyətlərindən biri sayılmağa layiqdir. Bu, sözün əsl mənasında Əhməd Kabaklıya məxsus fərqli bir Füzulinamədir. Ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəçiliyinin qovşağında yazılmış Füzuli portret-oçerklərində böyük qəlb şairinin orijinal ədəbi portreti yaradılmışdır: "Onun şeirində ən bəlirli tərəf duyğuları anladarkən göstərdiyi qüdrətdir... Nə var ki, özünü oyunlarla və məntiqlə məhdudlaşdırmayan şair daha çox lirizmi seçmişdir. Bütün nəzm şəkillərini sınaqdan keçirmiş olan Füzuli ən çox qəzəl janrını sevmiş, böyük gücünü orada göstərmişdir.

 

Füzuli şeirində diqqəti çəkən önəmli bir ünsür də çöl (səhra) atmosferidir. Yaşadığı çevrəni əhatə edən qızğın çölün çətinliyi və tənhalığı onun şeirinə çox dərindən təsir etmişdir. Ucsuz-bucaqsız, verimsiz, kərpic kimi bişirdiyi insanları qurumuş yarpağa döndərən çöl Füzulini, olduğu qədər heç bir şairimizi təsirləndirməmişdir. Çöl kimsəsizlik, həsrət və hüzn deməkdir... Qəhrəmanları Məcnun və Leyli kimi özü də bir çöl yaratdığıdır. Yaşadığı çevrənin sənət üzərindəki təsirlərini çöl və Füzuli münasibətlərini incələməklə çox yaxşı anlaya bilərik.

 

Füzuli şeirinin dili məsələsində professor Əhməd Kabaklının fikri qətidir: "Füzuli İrak bölgəsində işlədilən və Anadolu şivəsindən bir az dəyişik olan Azəri ağzıyla yazmışdır. Bu dil o cağda olduğu qədər bu gün də Şərqi Anadolu və Kərküktə danışılan türkcəsinin ən yüksək ədəbi ifadəsidir... Yalnız bu dil çağdaşı olan şairlərimizlə müqayisədə olduqca sadədir... Füzulinin öz vətənindəki xalq danışıq dilinə yaxınlaşdığı söylənə bilir. Bu hal onu xalqa sevdirmiş və mənimsətmişdir".

 

Qısa tezislərini diqqətə çatdırıb şərh etdiyimiz dəlillər Əhməd Kabaklının Məhəmməd Füzulinin taleyini və bənzərsiz sənətini yüksək elmi səviyyədə təqdim etdiyini nümayiş etdirir.

 

(Ardı var)

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2022.- 19 fevral.- S.16-17.