Səni unutmarıq, əziz Tatyana!  

 

Milli dərdlərimizə qəlbən və ruhən ortaq olan fədakar jurnalist  Tatyana Çaladzeni şanlı zəfər dönəmində də ehtiramla anırıq

 

 

Belə bir fikir var ki, kədərində üzülənin çox olar, əsl dost sevincinə sevinməyi bacarandır. Axı saxta hüzn yaratmaq olur, amma saxta sevinc heç də inandırıcı alınmır. Bu fikirlə yerdən-göyə kimi razıyam. Lakin hərdən elə kədərlər, elə faciələr olur ki, ona təkcə üzülmək kifayət etmir, əsl dostlar məhz həmin gün bilinir: kədərini özünküləşdirərək, səni hüznə qərq edənlərdən haqq-ədalət tələb edərək.

 

Qarabağ dərdi Azərbaycanın məhz belə kədəri idi. Düz otuz il ərzində biz dostumuzu da, düşmənimizi də, bizə səmimi əl uzadanları da, saxta "can-can" deyənləri də yaxşı gördük, yaxşı tanıdıq. Bu dərd elə bir dərddi ki, ona ağlamaq az idi, ona sinə döymək kifayət etməzdi, ona hönkürmək məlhəm olmazdı. Bu dərd insanı dünyanın gözlərinin içinə baxmağa vadar edirdi: hanı sənin ədalətin? - deyə. Bizimlə birgə hönkürən insanların əlinə-ayağına zillənirdi gözlərimiz: sinə vurmaqdansa, başımıza haqsız yerə gətirilən müsibəti yazın, bizdən qaçmaqdansa, ədalətimizin bərpası üçün haqq məhkəmələrinə qaçın, bizə təsəlli verməkdənsə, günahsız qurbanlarımızın səsini dünyaya çatdırın. Nə yazıq ki, qos-qoca otuz ildə bunları biz demədən belə edən, dərdimizə dost kimi deyil, insan kimi yanan, ağrıyan, ortaq olan əsl insanların sayı əlin barmaq sayını keçmədi.

 

Bu gün Qarabağ dərdimizin aradan qalxdığı, İlahi ədalətin silah gücünə, ordumuzun, şəhid və qazilərimizin fədakarlığı, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədli və qəti addımları hesabına bərpa etdiyi zamanda keçmişə boylanarkən bu həqiqət özünün bütün çılpaqlığıyla gözlərimiz önündə yenidən açılır. İndi daha aydın görünür, dostlar, düşmənlər, indi daha aydın sezilir ağla qara. Onda ağrımıza içdən yananlar indi böyük qələbəmizə ürəkdən, səmimi sevinənlərdir. Yenə də gəlib çıxdıq yazımın ilk cümləsinə: "əsl dostun sevincinə sevinməyi bacarandır".

 

Lakin bütün bunları düşünərkən yada düşən bir ad var ki, onun bu günləri görməməsi, vaxtsız vəfatı ucbatından dərdimizə yandığı kimi sevincimizə sevinə bilməməsi incidir insanı. Keçdiyi həyat yoluna, bizim ədalətimizin bərpası uğrunda mübarizəsinə yenidən nəzər saldıqca düşünürsən ki, axı bu qələbəni görmək, uzun illər uğrunda həyatını, işini, sağlamlığını, hətta vətənini qurban verdiyi İlahi ədalətin nəhayət bərpasının şahidi olmaq həm də onun haqqı idi. Vəfasız ömür...

 

Ağdərədən başlanan yol...

 

Təbii ki, söhbət latviyalı və azərbaycanlı jurnalist, Qarabağ müharibəsini çəkib dünyaya göstərən ilk xarici jurnalistlərdən biri olan Tatyana Çaladzedən gedir. Fevral ayının 19-dan 26-na qədərki bir həftə xanım Çaladzenin həyatında vacib dönəmlərdən biridir. Çünki həftənin bu başında Tatyana xanım doğulub, o biri başında isə XX əsrin ən böyük faciəsi, Çaladzenin isə jurnalist-yazıçı yaradıcılığının mühüm hissəsini təşkil edən Xocalı soyqırımı törədilib. Rəqəmlərin mistikasına, tarixin təsadüfdən daha fövqəladə bir missiya daşıdığına inanan biri kimi bu bir həftəlik zamanın da elə-belədən yaranmadığını düşünürəm.

 

Bu gün - 19 fevral T.Çaladzenin doğulduğu gündür. Əgər yaşasaydı, bu gün 63 yaşını qeyd edəcəkdi. Özü də qələbə sevincli, Qarabağ ərmağanlı yaşını. O isə bizi çox erkən, cəmi 58 yaşında tərk etdi. Ölümünəcən isə Azərbaycan üçün əlindən gələnin artığını etmiş, sağlamlığını, həyatını belə bir an düşünmədən ortaya qoymuşdu. Bu mövzuda dəyərli kitablar yazan xanım jurnalist topladığı saysız-hesabsız sənəd və sübutlar əsasında cinayətkar erməni silahlı birləşmələrini ilk dəfə Beynəlxalq Məhkəməyə verməyə nail olmuşdu.

 

Tatyana Çaladze Latviyanın paytaxtı Riqada doğulub. Riqa Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1991-92-ci illərdə ölkədə iqtidar partiyası olan Latviya Xalq Cəbhəsinin "Baltika zamanı" qəzetinin Rusiya müxbiri kimi çalışıb. 1992-ci ildə "Azad Avropa" radiosu onu Latviyanın ən yaxşı jurnalisti elan edib. Almaniyada peşə təcrübəsi keçməyə dəvət olunan Tatyana ordan qayıtdıqdan sonra latış və rus dillərində çıxan "Latviyas laiks" qəzetinin baş redaktoru kimi fəaliyyətə başlayıb.

 

Ötən əsrin 90-cı illərində Latviya mətbuatında Azərbaycana qarşı birtərəfli, qəzərli yazılar yazılmağa başlayır. Həmin zamanlarda ölkəsində kifayət qədər nüfuza sahib olan, tanınmış imzaya çevrilən T.Çaladze 1992-ci ildən etibarən çalışdığı qəzetin xəttilə Azərbaycanın müharibə bölgələrinə səfərlər edir, canlı reportajlar hazırlayırdı.

 

 

 

Rus adına, gürcü soyadına sahib jurnalist milliyyətcə latış olsa da, onun damarlarında əsl insanlıq qanı axırdı. Buna görədir ki, yad məmləkətdə gedən savaş onun insanlıq hisslərini oyadır və o, öz vətəni, torpağı uğrunda savaşan, həlak olan xalqın iztirablarına səssiz qala bilmir. Öz vətənindən Azərbaycana müharibəni araşdırmaq üçün gələn hərbi-jurnalist Ağdərədə gedən döyüşlərə qatılmaqla öz karyerasının Qarabağ mərhələsinə qədəm qoyur. Müharibə zamanı ön cəbhədə-əsgərlərin içərisində, müharibədən sonra isə azyaşlı qızı Cəmiləylə birgə beş il ərzində Bərdədəki qaçqın düşərgəsində məşəqqətli həyat şərtlərinə dözərək araşdırmalar aparan, müharibəyə və sonradan qaçqın və məcburi köçkünlərimizin yaşayışına dair saysız-hesabsız sənədlər, erməni vəhşiliyini özündə əks etdirən tutarlı sübutlar toplayaraq onları çalışdığı qəzetdə silsilə məqalələr şəklində, sonradan isə kitablar halında toplayaraq dünyaya car çəkir, ermənilərin vəhşilikləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər edərək buna nail olur.

 

"Mən niyə gəlmişəm?"

 

Tatyana Ağdərədə müharibənin düz ortasına düşür. O, döyüşə girəcək əsgərlərlə söhbətlər edir, onların şəkillərini fotokameranın yaddaşına köçürür. Nə acı ki, həmin əsgərlərin əksəriyyəti o söhbətlərdən cəmi 10-15 dəqiqə sonra daha dünyada deyildilər. Onların arasında 18 yaşlı bir əsgər onu danışdımağa çalışan xanım jurnalistə "Siz əcnəbi jurnalistlər onsuz da burda gördüklərinizi yox, istədiklərinizi yazacaqsınız" - deyəndə hardan biləydi ki, illər sonra həmin jurnalist onun və cəbhə yoldaşlarının şəkillərinin də yer aldığı "Cəbhə albomu. Qarabağ: müharibə üzlərdə (1992-1994)" adlı kitab çap etdirəcək və kitabın ön sözündə yazacaq:

 

"Məndən tez-tez soruşurlar ki, niyə mən məhz Azərbaycana gəlmişəm. Cavab çox sadədir - Dağlıq Qarabağ müharibəsi Azərbaycan ərazisində gedir.

 

Mən niyə gəlmişəm? Əlbəttə, sensasiya dalınca. Adətən, müstəqil jurnalist bir ekzotik yerə "partlayıcı" faktlar dalınca necə gedirsə, eləcə. Mənim cəbhəyə ilk gedişim özüm üçün gözlənilmədən qəlbimə çaxnaşma saldı. Ön cəbhədə, bombalar və top atəşi altında əsgərlərlə birlikdə hücuma keçib geri çəkiləndə, dağlara və təpələrə dırmaşanda, son tikə çörəyimizi bölüşəndə, mən bir həqiqəti dərk etdim -onlar öz vətəni uğrunda döyüşürlər.

 

Əksəriyyəti hələ lap gənc və təcrübəsiz oğlanlar olan Azərbaycan əsgərləri məhz öz torpaqlarında döyüşür, onu öz qanları ilə suvarır, onun uğrunda həlak olurdular. Cəbhənin harasında olurdumsa, onlar məni əhatə edir, şəkillərini çəkməyimi xahiş edirdilər. Deməliyəm ki, o vaxtadək mən, demək olar ki, heç şəkil çəkməmişdim və əvvəl-əvvəl bu çoxsaylı xahişlər məni bir qədər əsəbiləşdirirdi, onları ürəksiz yerinə yetirirdim. Amma tez-tez elə olurdu ki, şəkilləri vermək üçün geri qayıdanda, çoxunun artıq həlak olduğunu öyrənirdim. Təkcə mənim fotoaparatımdakı baxışlar, ümidlər, sifətlər və təbəssümlər qalırdı. Beləliklə, mənim müstəqil jurnalistliyimə son qoyuldu. Mənim həyatım, işim, qəlbimin əhvalı bu müharibədən asılı vəziyyətə düşdü. Özgə müharibəsi mənim öz müharibəm oldu. Cəbhədəki hər bir əsgər kimi mən də onun sona çatmasını arzulayıram".

 

Bəlkə də o əsgər o müharibədən sağ çıxmayıb, bəlkə də o bunu heç vaxt bilmədi... Amma əminəm ki, T.Çaladzenin bu qədər böyük fədakarlığının ən yaxşı fərqində olan da məhz onlar-Qarabağ şəhidləridir. Axı Tatyana təkcə jurnalist deyil, həm də Qarabağ qazisi idi. O, ön cəbhədəki döyüşlərin birində ayağından yaralansa da, geri dönmür, əsgərlərimizlə birgə irəliləməyə, erməni vəhşiliyini sübut edən faktları toplamağa davam edir.

 

"Xocalı... Bu, qətliamdır"

 

Tatyana Çaladzenin "Qarabağ qətliamı: Məhkum olunmuş Xocalı" ("Karabaxskiy qenosid: Obreçennıy Xodjalı") kitabı məhz bu cümləylə başlayır. XX əsrin faciəsi olan Xocalı soyqırımını dünyaya tanıdanlardan biri də məhz latviyalı jurnalistdir. 850 səhifənin 650 səhifəsində sənədlərin toplandığı bu kitabı xanım müəllif bu cümlələrlə bitirib: "Xocalılılar indiyə qədər bilmirlər ki, onlar kimdirlər: qaçqın, yoxsa məcburi köçkün? Onlar özlərini sadəcə olaraq, ölümün əlindən qurtulanlardan sayırlar..."

 

Yazıçı "Həmdərd" kitabında Azərbayc

 

anı "yetim uşaqların göz yaşlarının, qaçqınların əzab-əziyyətlərinin və valideynlərin kədərinin mərkəzi" deyə adlandırmışdı. Bu cümlə təkcə jurnalist qələminin sözlə davranış peşəkarlığı deyil, qayğıkeş ana, kövrək qadın, humanist insan hisslərinin təcəssümüdür.

 

Unudulmaz haqq carçısı...

 

Tatyana Çaladze əzmkar insan, fədakar qadın idi. Onun haqqında yazılanları, müasirlərinin xatirələrini oxuduqca görürük ki, heç bir qüvvə onu öz fikrindən, tutduğu haqq yolundan döndərə bilməyib. Nə iki erməni gəncinin "Ayastan" (Ermənistan) qışqıraraq onun üzərinə hücum çəkib, ona ən az üç dəfə atəş etməsi, nə öz ölkəsinin erməni lobbisi tərəfindən məruz qaldığı təqib və təhdidlər, nə ağır həyat şəraitində qarşı tərəfdən gələn var-dövlət vədləri, nə də üzləşdiyi turlu-türlü haqsızlıqlar onu amalından döndərə, Azərbaycana qarşı sevgisini öldürə bildi.

 

O, Azərbaycana da ən az öz vətəni qədər bağlı idi. Buna görədir ki, haqqında Türkiyədə sənədli film hazırlandıqdan sonra səhhətindəki problemlərə görə Türkiyəyə müalicə üçün dəvət olunsa da, imtina edir, buranı tərk etmir. Xanım jurnalist ömrünün sonuna kimi Azərbaycanda yaşadı, özü dediyi kimi, öz müharibəsini son günə kimi davam etdirdi. Onun ölkəmiz üçün gördüyü işlər də dövlətimiz tərəfindən hər zaman dəyərləndirilib. Ümummilli Lider Heydər Əliyevin zamanında çox yüksək qiymətləndirdiyi T.Çaladze 2010-cu ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülmüşdü. Heyf ki, amansız xəstəlik ona Qarabağ sevincini yaşamağa izn vermədi. Xanım Çaladze 2017-ci ilin dekabrında aramızdan ayrıldı. Ancaq ümid edir və inanmaq istəyirəm ki, o, uyuduğu "Qurd qapısı" məzarlığında məzar qonşusu olan Vətən müharibəsi şəhidlərimizlə hansısa başqa dünyada görüşüb və o müjdəli xəbəri qələbə qəhrəmanlarımızın özlərindən alıb!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 19 fevral.- S.15.