Özü səmalara çəkilənlərin
izi yaddaşlardan silinə
bilməz
Hətəm Quliyev-75
“Başqaları, dahi
belə olsalar, biz onlar kimi düşünür
və xəyal qururuqsa, keçmişdəyik. İrəli getmək
üçün fərqli
davranmaq, maneələri
aşmaq lazımdır”.
Hətəm Quliyev
***
İndi bir insanın qarşımdakı masa üzərində qalaqlanmış,
dünyanın müxtəlif
yerlərində, ömrün
müxtəlif çağlarını
əks etdirən müxtəlif ölçülü
kağız parçalarının
yaddaşındakı əkslərinin
arasında azıb qalmış kimiyəm. Bir-birinin arxasından
boylanan bu şəkillər insanı
quş kimi qanadlarında illərdən
illərə, fəsillərdən
fəsillərə uçurmaqdadır.
Dəyişən ətrafın,
dəyişən libasların
fonunda dəyişmək
bilməyən üz ifadəsi 40-50, lap elə
60 il əvvəl də ömrünün sonuncu anındakı kimidir; nikbin, həyat dolu və işıqlı.
Qəribədir, mənə elə
gəlir ki, çox əziz bir adam
haqqında danışmaq
bəzən onun haqqında yazmaqdan daha asan olur.
Bu fikrimi, bəlkə
də, bir peşəkar yazı-pozu adamı mənim bu sahədəki naşılığım kimi
yoza bilər. Amma bu qədər söz bolluğunda mənim bu tərəddüdüm
onu yaxşı tanıyanların hamısı
üçün yəqin,
anlaşılandır.
Mən yoxluğunu yaşadığım,
az qala,
bu bir ildə
yaxınlardan, yadlardan,
dostlardan, həmkarlardan
onun barəsində çoxlu-çoxlu xatirələr
eşitdim, yazılar oxudum. Və bundan sonra da yaddaşlarda yaşayan, hələ qələmə yatmayan bir çox yazı və xatirələrin oxucusu olacağıma da şübhə etmirəm.
Amma düşünürəm ki,
hər kəs kimi o da kimliyindən
əvvəl həm də bir nəslin
yolgöstərəni, bir
ailənin başçısı
idi. Elə bu gün əlimə
qələm götürüb
onun iç dünyasını açmaqda
məqsədim də hamının alim kimi qəbul elədiyi bu adamı cəmiyyətə
həm də bir insan kimi
təqdim etməkdir.
Mən onu çox gənc yaşlarımdan tanıyırdım. İlk dəfə
Ağcabədidə çıxan
"Sürət" qəzetinin
redaksiyasında görmüşdüm.
Onda orta məktəbin 10-cu sinifin bitirmək ərəfəsindəydim. Peşə yönümümü seçmişdim,
jurnalist olmaq istəyirdim. Seçdiyim universitetin
qəbuluna tələb
olunan materialları toplamaq məqsədilə
yolumu hərdən oxuduğum məktəblə
üzbəüz binanın
alt mərtəbəsində yerləşən redaksiyadan
salardım. Təsəvvürümdə həmişə qalın divarları arasında hökm sürən səssizliyi ilə, bu səssizlikdə
özünə qapanan
qaynar təbiətli əməkdaşları ilə
sirli-sehirli görünən
bu aləm mənə heç indi də adını
bilmədiyim başqa bir dünyanı xatırladırdı. Təəccüblənirdim.
Amma məni təəccübləndirən
təkcə bunlar idimi? Təbii ki, yox, indi
az qala
yarım əsrin uzaqlığından boylananda
yaşanmış günlərimin
həsrətiylə qovruluram.
O günlərin ki, orda cəmi ayyarım sonra müsabiqəyə təqdim
elədiyim 4 qəzet məqaləmdən birinin
qəhrəmanıyla qarşılaşmışdım.
25 yaşında mexanika-riyaziyyat
elmlər namizədi,
32 yaşında mexanika-riyaziyyat
elmlər doktoru,
professor və sair. Təbii ki,
hələ universitet illərinə qədərki
qalibi olduğu respublika olimpiadalarının
nəticələrini bu
siyahıya salsaydım,
onu akademikliyə aparan nahamar yolu işıqlandırmağa
cəhd göstərsəydim,
o zaman o illərin arxasında gizlənən
çəkiyə gələ
bilməyəcək qədər
ağır nələrinsə
şahidi olardıq.
Təbii ki, bu, nə
mənim məqsədim,
nə də bugünkü yazımın
mövzusudur, amma etiraf edim ki,
bu faktlar bir alimin bir
insan kimi xarakterik cizgilərini açmaqda əlimə keçən ən tutarlı açardır.
Söz yox ki dünya heç
vədə bir ana üçün yaxşı oğuldan, bir bacı üçün
yaxşı qardaşdan,
bir övlad üçün yaxşı
atadan və yaxud yaxşı dostdan, əmidən, dayıdan xali olmayıb. Müşkül olanı bax
bu yuxarıda sadaladıqlarımın hər
birinin durduğu yerdən baxanda sənin necə görünməyindir. Hər sey
vaxta baxar deyirlər, vaxt isə heç nəyə. Şübhə yox ki vaxtın
su kimi axdığı,
dünya dəyərlərinin
qəpik-quruşa satıldığı,
insanlığın göyə
çəkildiyi bir vaxtda bu fikir
köhnəlikdə qala
bilməzdi. İndi
hər addımbaşı
bizi heyrətləndirən
hadisələrlə rastlaşdıqca
insanların təəccübündən
doğan, az
qala, aforizmə çevrilən bir deyimi xatırlamaya bilmirəm: deyir, adam adam kimi
olanda ona yaxşı adam deyirlər. Mən indi yaza-yaza düz 44 il
əvvəl redaksiyanın
məktublar şöbəsində
adının qarşısında
artıq bir yığın titul gəzdirən o gənc alimə bir məktəbli marağıyla
necə heyran-heyran baxdığımı xatırlayıram.
Düzdür, sonralar Allahın
qisməti onu mənim həyatıma müxtəlif səmtlərdən
gətirə bildi.
Amma bu gəlimlərin
heç birində nə səmimi yoldaşlıq, nə dostluq, nə də bir ömür
bölüşməyə qərar verdiyim illərdə adam
məni bir yol da olsun
gümanımda yanıltmadı.
O, inadkar idi, mərdi idi. Möhkəm
iradə sahibi idi, sərti idi. Səmimi idi, səxavətli
idi. Dərin elmi, gözəl
tərbiyəsi, sadə
olmayan dünyagörüşü,
böyük dinləmə
mədəniyyəti, fərqli
yanaşma tərzi var idi. Qərar verməkdə tələsməzdi.
Daxilən azad idi.
Öz nəfsinə hakim idi.
Vaxtın qiymətini bilirdi.
İnsanları sevirdi. Qohumluqda, yoldaşlıqda
sədaqətli idi.
Etibarlı dostları vardı.
Bir sözlə, sözün əsl mənasında mükəmməl idi, yuxarıda nə su kimi axıb
getməyindən gileyləndiyim
vaxt, nə də zamanın gətirdiyi sel özülündən zərrə
qədər də olsun qopara bilməmişdi.
Dünyaya vergi idi, saxlaya bilmədi. Dünya itirdi!
Akademik Hətəm Quliyev Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş “Geoinformatika-2017: Nəzəri və tətbiqi aspektlər” adlı XV beynəlxalq konfransında. 2007-ci il.
Həyatının ən ağır zərbəsini Qarabağı itirəndə almışdı. Mən ölkənin demək olar ki, idarə olunmaz vaxtlarında Bakı küçələrinə tökülən yurdsuz-yuvasız insanların yerləşməsində bütün qarabağlı ziyalılar kimi onun da necə dəridən-qabıqdan çıxdığının şahidiyəm. Bir ailəyə hesablanmış mənzilində azından 10 ailəyə yer vermişdi. Axırıncı tikəsini ehtiyacı olanlarla bölüşürdü. Amma bu çətin vəziyyətdə də ölkənin gələcəyinə olan inamını itirmirdi. Sonralar da müharibənin vurduğu maddi ziyandan çox, o bölgəyə dəyən mənəvi sarsıntı ilə barışa bilmirdi.
Hətəm ədəbiyyatı, musiqini, idmanı elə riyaziyyat qədər sevirdi. Xüsusən muğamatın, Yaqubun, Ağabalanın dəlisiydi. Gözəl tar çalardı. Təbiətdən gələn hər şeyə həssas idi. Rəngləri alaya ağa ayırmazdı. Yadıma gəlir, sağlığında bir dəfə başıyla mənə kol dibindən boylanan bənövşəni nişan verib, "Bax - demişdi, - gör nə gözəldir". Sonra da azca aralıda çiçəkləyən alçaya çevrilərək öz-özüylə danışırmış kimi, "Torpaqda heç nə itmir ki, formasını dəyişir, - deyə pıçıldamışdı - budey, bax bu çiçək kimi, odeyy, o ağac kimi".
Təsəllini burda tapım deyirəm, torpağın etibarına bel bağlayım, yaddaşımda sözü, qulağımda səsi, dilimdə də hər an qopmağa hazır "heyif" ifadəsiylə.
Fikrimi burda tamamlayım dedim, amma hardansa yadıma bir neçə gün əvvəl məktəbdə mənə yaxınlaşan gənc müəllimə düşdü. Onun mənə dikilən sual dolu gözəl gözlərini xatırladım. "Bağışlayın, - demişdi - siz Hətəm Quliyevin həyat yoldaşısınız?" Hə cavabını alan kimi xanım söhbətinə ara vermədən: "Bilirsiz, - deyə davam eləmişdi, - mənim də yoldaşım fəlsəfə doktorudur, Akademiyanın Rəyasət Heyətində işləyir. Axşam evimizdə ondan söz düşmüşdü, yoldaşım adını eşidən kimi, "O, çox ciddi alim idi" - dedi". Ardını daha eşitmədim, fərəhləndim, qürur hissi keçirdim. Ona görə yox ki, təzə nəsə eşidirdim, ona görə ki, dünyanın tanınmış neçə-neçə üzündən eşitdiyim bu fikri bir gəncin dilindən eşidirdim. Daxili bir dinclik tapmışdım, sabaha inamım artmışdı. Öz-özümə deyirdim: “Özü səmalara çəkilənlərin izi yaddaşlardan silinə bilməz”.
Kamalə CƏFƏROVA
525-ci qəzet.- 2022.- 19 fevral.- S.14.