Əli Əmirli :"Hər tamaşanın öz
ömür payı var"
"Bu gün də tamaşaçılar
"mesenat"i xatırlayır, niyə oynanmadığı
ilə maraqlanırlar"
Bu dəfə həmsöhbətim
çağdaş Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, tanınmış
yazıçı və
dramaturq, professor Əli
Əmirlidir. Yaradıcılığı geniş oxucu
və tamaşaçı
auditoriyasının dərin
rəğbətini qazanmış,
pyesləri müxtəlif
teatrların repertuarında
xüsusi yer tutan dramaturqla onun məşhur "Mesenat" əsəri tamaşası barədə
söhbətləşdik.
***
- Sizin mesenat adlandırdığınız
Hacı Zeynalabdin Tağıyevin heykəli Bakının lap mərkəzində,
gəlimli-gedimli bir yerində qoyuldu. Hacının bədii obrazını
ilk dəfə "Mesenat"
pyesində dramaturgiyamıza
gətirən dramaturq
kimi hansı hissləri keçirdiniz?
- Hisslərdən danışırıqsa,
birinci yerdə, əlbəttə, fərəh
hissi dayanır. Səbəb sadədir, əsərlərimin
qəhrəmanları mənim
ən yaxın adamlarım, qohumlarımdır.
Hacı Zeynalabdin Tağıyev də o cümlədən.
Qohum olmaqdan başqa, Hacı uzun illər xalqımızın
xatirində yaşayan
böyük insandır,
mifə çevrilmiş
xeyirxahlıq rəmzidir.
Sovet təbliğatı, sovet qadağaları belə, Tağıyevi xalqın qəlbindən çıxara
bilmədi. Həqiqətən, haqq nazilər, amma üzülməz.
Zaman gəlib yetişdi və ölkə Prezidentinin təşəbbüsü
ilə bu məsələ də haqq yerini aldı,
vaxtilə tikdirdiyi gözəl binalarla Bakıya gözəllik verən Tağıyevin heykəli şəhərə
əlavə yaraşıq
gətirdi. Bunu alqışlamaq
lazımdır.
- Siz Tağıyevin
obrazını dramda sözlə yaratmısız,
heykəltaraş Xanlar
Əhmədov isə onun obrazını heykəlləşdirib. Necə bilirsiz
sizin obrazla heykəl arasında oxşarlıq varmı?
- Maraqlı sualdır, cavab vermək elə də asan deyil, amma...
Mənim
Tağıyevim zahirən
heykəldəki Hacıya
çox bənzəyir.
Heykəl, əzəmətinə
görə, fikrimcə,
Brodskinin fırçasına
məxsus təmtəraqlı
portretdən az
fərqlənir. "Mesenat" tamaşaya qoyulanda həmin portretin surəti səhnədə də çox əzəmətli
görünürdü. Bununla belə, Hacı haqqında düşünəndə,
onun surətini göz önünə gətirəndə mən
onu belə zəngin, "paradnı"
geyimdə, ordenli-medallı
təsəvvür eləmirəm.
Bir qayda olaraq mən Hacını bütün var-dövlətini itirmiş,
saç-saqqalı tamam
ağarmış, Mərdəkandakı
bağ evinin qabağında bir kətildə oturub dünyanın gərdişini
bir az
təəssüf, bir
az istehza, bir az təbəssümlə
saf-çürük edən
müdrik qoca kimi canlandırıram. Mən onun heykəlini də bu obrazda
görmək istərdim.
Amma bu mənim Xanlar
müəllimin işini
bəyənməməyim kimi
başa düşülməməlidir.
Xalqımızın taleyində mühüm
rol oynadığı
vaxtlarda Hacı məhz bu möhtəşəm
heykəldə olduğu
kimi əzəmətli
idi.
- Əli müəllim,
həmişə müasir
həyatımızla bağlı
pyeslər yazdığınız
halda, necə oldu, birdən-birə tarixi mövzuya, artıq özü də tarixə çevrilmiş bir şəxsiyyətə - Tağıyevə
müraciət etdiniz?
- Tam haqlısınız. Yaradıcılığımın o dövründə, yəni 2000-ci illərdə
məni ancaq müasir mövzular cəlb edirdi. Tağıyev haqqında pyes
yazmaq, tamaşa qoymaq heç ağlıma gəlməzdi.
Bu təklif Mədəniyyət
Nazirliyindən, konkret
desəm, o vaxtlar Mədəniyyət nazirinin
müavini vəzifəsində
işləyən, peşəkar
teatr xadimi Ədalət Vəliyevdən
gəldi. Əsərin ideyası da ona məxsus idi. Doğrusu, təklif mənim
üçün gözlənilməz
idi, odur ki, düşünmək üçün vaxt istədim. Gələcək əsərin strukturunu
qurandan sonra pyesi yazmağa razılıq verdim. Əsər
2001-ci ildə, çox
sürətlə - bir
ayın içində
yazıldı. 2004-cü
ildə Bəhram Osmanovun quruluşunda tamaşaya qoyuldu. Teatrın ən yaxşı aktyorları tamaşaya cəlb edilmişdi. Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Şükufə Yusupova, Firəngiz Mütəllimova,
Sənubər İskəndərli
və başqaları.
Əlabbas Qədirovun ölümündən
sonra Hacının obrazını Nurəddin Mehdixanlı canlandırdı.
Tamaşaçılar həm "Mesenat"ı,
həm də səhnədə gördükləri
Tağıyevi böyük
coşqu ilə qarşılamışdılar. Onlarla tərif dolu məqalə yazıldı
tamaşa haqqında.
Məqalələrdən birinin
adı maraqlı idi: "Bizim mesenatlar "Mesenat"a baxacaqmı?" - müəllifi də Rəşad Məcid. On ildən çox
repertuarda olan tamaşa 100 dəfədən
çox, həmişə
də anşlaqla oynandı. Əlbəttə,
mən, başda Bəhram Osmanov olmaqla, böyük bir kollektivin əməyini yüksək
qiymətləndirirəm, amma
deməliyəm ki, insanları tamaşaya ən çox cəlb edən ilk növbədə Hacının
şəxsiyyəti, ona
olan xalq məhəbbəti idi. Bugünün özündə də tamaşaçılar
"Mesenat"ı xatırlayır,
tamaşanın niyə
oynanmadığı ilə
maraqlanırlar.
- Elə mən də soruşuram, niyə elə uğurlu tamaşa repertuardan çıxarıldı?
- Bilirsiz, hər tamaşanın da insan kimi öz
ömür payı
var. Tamaşada məşğul
olan aktyorlardan kimi xəstələnir, kimi dünyasını dəyişir, kimi teatrdan uzaqlaşır, nəticədə, tamaşa
yavaş-yavaş laxlayır,
rəngi qaçır,
solur, nəhayət, ömrünü başa vurur. İlk vaxtlar Tağıyevi
Əlabbas Qədirov oynayırdı, təəssüf,
ömür vəfa eləmədi, gərək
ki, on tamaşa oynamışdı, ağır
xəstəlikdən vəfat
etdi. Növbəti tamaşaya da
biletlər artıq satılmışdı. Nurəddin
Mehdixanlı bir həftənin içində
tamaşaya daxil ola bildi,
Hacının rolunu xeyli fərqli şəkildə məharətlə
oynadı. Bu həqiqətən
aktyor fədakarlığı
idi. Bir həftəyə tamaşanın əvvəlindən
sonunadək səhnədə
olan əsas qəhrəmanın obrazını
yaratmaq asan deyildi. İtki Əlabbas Qədirovla bitmədi, Murtuza Muxtarovu çox gözəl ifa edən Kamal Xudaverdiyev ağır xəstəlikdən vəfat
elədi, az sonra Ağa Musa Nağıyevi oynayan Yaşar Nuri, Elxan Ağahüseynoğlu,
Sadıq İbrahimov haqq dünyasına qovuşdular. Beləliklə tamaşa ömrünü
bitirdi.
- Bəs nə əcəb başqa teatrlar bu əsərə
müraciət etmədilər?
- Bu suala dəqiq cavab verə bilmərəm, amma teatra bələd adam kimi
güman eləyirəm,
əsərin həcmi,
mürəkkəb strukturu,
monumentallığı, vacib
personajların çoxluğu
onun səhnəyə
qoyulmasını çətinləşdirir.
Bununla belə, Qafqaz Universitetinin dram dərnəyi
bir gənclik həvəsi və cəsarəti ilə əsəri tamaşaya qoydu. Tək orada yox, Xırdalanda, Şamaxıda,
Sumqayıtda, Bakıda
bir neçə dəfə oynandı.
Bizim Mədəniyyət və
İncəsənət Universitetində
də Firəngiz Mütəllimovanın quruluşunda
tələbələr diplom
tamaşası hazırlamışdılar.
Müəllif kimi tamaşanı
bəyənmişdim.
- Hacı Zeynalabdin
Tağıyevə bu qədər diqqət yetirildiyi bir vaxtda, onun 200 illik yubileyi ərəfəsində "Mesenat"ın
yenidən tamaşaya qoyulması yaxşı olmazdımı?
- Əlbəttə, cavabım
müsbətdir, amma bu artıq mənim
işim deyil. Bu, teatrların, rejissorların
səlahiyyətinə aid məsələdir.
- Yəqin Tağıyev
haqqında serial çəkilməsindən
xəbəriniz var. Buna sizin
münasibətiniz necədir?
- Xəbərim var, münasibətim də çox müsbətdir, təki yaxşı bir iş alınsın,
Hacının adına layiq olsun. Hacı Zeynalabdin Tağıyev
elə şəxsiyyətdir,
onun haqqında həmişə danışılacaq,
yazılacaq, tamaşalar
qoyulacaq, filmlər çəkiləcək. Ölümündən
az qala
yüz il keçib, amma o həmişə xalqın
qəlbində, yaddaşında
yaşayır.
- Tağıyevi bir neçə cümlədə
necə xarakterizə edərdiniz?
- Mən pyesdə Hacının dilindən onu xarakterizə edən bir monoloq yazmışam. Həmin monoloqdan bir hissəni deyərdim: "Yüz ildən çox yaşadım bu dünyada, özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Allahıma tapındım, əl açanları paysız qoymadım. Rəbbim mərhəmətimi artırdıqca ruhum təzələndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı. Kimin ruhu bədəninin əsiridirsə, bu dünyadan ikiəlli yapışır, ölüm ayağında ruhu şivən qoparır, dünyanın yalan ləzzətinə uyan, şeytana aldanan bədəndən ayrı qala bilmir. Mənim cavan ruhumsa bu köhnəlmiş nimdaş cismimi asanlıqla tərk edir. Dərs almadım, məktəb görmədim, amma bu az ağlımla bir mətləbi anladım, hər kəs öz əməlinin girovudur. Yaxşı əməl, xeyirxah niyyət heç vaxt unudulmur, amma geci-tezi var, nəhayət, şeytanın da bir yorulan vaxtı olur. Mən şeytana mərhəmətimlə qalib gəldim, bu dünyada ən güclü silahım mərhəmətim oldu. Necə ki, müqəddəs Kitabımızda buyurulmuşdur: kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq möhkəm bağdan - Qurandan, imandan yapışmış olur. Bütün işlərin axırı Allaha gedib çıxacaqdır. Buyuruq Allahındır".
Şəlalə Camal
525-ci qəzet.- 2022.- 19 fevral.- S.12.