Tale təzadlarının acı
qisməti
Nə yaxşı olardı ki, hər kəsin
taleyi məhz öz əməllərinin
və mənəviyyatının
müqabili olaydı, hər kəs məhz layiqli qismətinə çataydı...
Hər kəs xoşbəxtliyə can atır
və onu müxtəlif yollarda axtarır. Amma özündən asılı olmayan sevgi qisməti onun iradəsinə tabe olmur. Ürək sevgi qismətinə, ağıl
iradəyə arxalanır...
Sevgi tale qisməti olub arxalı adamlar kimi üstün
gəlir, insanı yaşadan ürəyə
xoşbəxtlik, ya bədbəxtlik hökmü
oxuyur... Təsadüfi
deyildir ki, məhz bu tale qəzası tarixən bədii ədəbiyyatın
baş mövzusu kimi nəhayətsiz müxtəlifliklərdə əsas
cazibə gücü olmuşdur... Bu yaxınlarda
kinoteatrlarda böyük
uğurla göstərilmiş
"Nazik mətləb"
filmi də beləcə...
Bu film Azərbaycan ədəbiyyatında
və ali məktəb tarixində xatirəsi uca tutulan unudulmaz ədibimiz Mir Cəlal müəllimin "Nazik mətləb" və
"İnsanlıq fəlsəfəsi"
hekayələrinin motivləri
əsasında çəkilmişdir.
Mir Cəlal məşhur
roman və povestlərin
müəllifi olsa da, hekayə onun yaradıcılığında
əsas janrdır.
Ədib ciddi ictimai, bəşəri mövzuları
səciyyəvi lövhələrdə,
tipik xarakterlər əsasında canlandırmışdır.
Zahirən adi görünən
kiçik bir həyat lövhəsində,
sadə adamların məişət qayğılarında
ədib böyük bəşəri, ictimai mətləbləri xüsusi
lakonizm və dəqiqliklə təcəssüm
edə bilmişdir.
Məhz bu cəhətdən onun yaradıcılığı
teatr və kino sənəti üçün çox əlverişlidir, effektlidir.
"Nazik mətləb"
filminin süjet strukturu ədibin eyniadlı hekayəsinə
əsaslanmışdır. Əsas qəhrəmanların xarakteri,
tale yolu da bu zəmində canlandırılmışdır. Filmdə lirik-psixoloji planda ilk məhəbbətin sirli dünyasının kövrək,
zərif yaşantıları
cazibədar, zərif lövhələrdə, konkret
talelər əsasında
təcəssüm etdirilmişlər.
"Nazik mətləb"
hekayəsi müəyyən
dərəcədə avtobioqrafik
zəmindədir. Mir Cəlalın
"Xatirələrim" adlı
bioqrafik əsərindəki
bir sıra faktlarla filmin qəhrəmanının fəaliyyətindəki
uyğunluqlar buna sübut ola
bilər. "Xatirələr"dən məlum
olur ki, Mir Cəlal 1928-ci ildə Gəncə seminariyasını
bitirdikdən sonra Gədəbəyə müəllim
və məktəb müdiri kimi təyinat almış və orada əmək
fəaliyyətinə başlamışdır.
Həmin xatirələrdə
Mir Cəlal Gədəbəydəki
ilk yığıncaqda mədən
fəhləsi Əlihüseyn
əminin ona müraciətlə dediyi bu sözləri xatırlayır: " - Mən
nəyi deyirəm: mən iki babətdən
deyirəm, mültəfit
ol!
Biri budur ki, müəllim
gərək içki
sarıdan özünü
gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya
babətindən özünü
gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə
yeridir. Burada gərək özünü
gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki, oldu, gözüm
üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa
cürəti yoxdur..."
Məhz bu fikirlər sonralar "Nazik mətləb" hekayəsinin
süjetinin əsasında
dayanmışdır. Əslində,
onlar bu gün də son dərəcədə mühüm
və müasirdir! Hekayədə və filmdə
məhz bu fikirlər zəminində
gənclik yaraşığı
olan ilk məhəbbətin
ağır sınaqları
və eyni zamanda ucalığı, qüdsiyyəti nəzərə
çatdırılmışdır.
Əsas məqsəd də məhz bu zəmində
pak, ülvi sevginin, ilk məhəbbətin
müqəddəsliyi, əvəzsizliyi
idealını təsdiq
etmək olmuşdur.
"Nazik mətləb"
Mir Cəlalın ən
lirik və kövrək ruhlu hekayələrindəndir. Filmdə seminariyanı
bitirib kənd məktəbində müəllimliyə
başlayan Azərin öz şagirdi Gözəl ilə ilk məhəbbət macərası
maraqlı, intizarlı
səhnələrdə, təbii
aktyor ifasında cazibədar təcəssümünü
tapmışdır.
"Nazik mətləb" filminin yaradıcı heyəti hekayənin qayəsini, ictimai və lirik məqsədini düzgün, sərrast canlandıra bilmişdir. Filmin baş prodüseri və musiqi redaktoru Hüseyn Cavadzadə, rejissoru Emin Muradov, ssenari müəllifi Nicat Dadaşov və operatoru Rauf Qurbanəliyevin yaradıcılıq işi böyük zəhmətin təqdirəlayiq nəticəsidir!
Mir Cəlalın bu əsərinin ideya-bədii kamilliyini layiqincə canlandıran filmin müəllifləri ədibin təsvir və təhkiyələrindəki həyatiliyi, lakonizmi, obrazlılıq orijinallığını mümkün qədər mühafizə etmişdir. Filmin ssenari mənbəyi kimi ədibin iki hekayəsi - "Nazik mətləb" və "İnsanlıq fəlsəfəsi" göstərilmişdir. Lakin daha çox birinci hekayəyə istinad olunmuşdur. Oradakı "kino dili" üçün ən səciyyəvi "görümlü", əyani məqamlar dinamik, effektli lövhələrdə canlandırılmışdır. Həmçinin bədii filmin özünəməxsus spesifik imkanları hesabına hadisələr və surətlər daha çox əyanilik və estetik cazibə kəsb etmişdir. Filmdə əsərin lirik-psixoloji mahiyyətinin daha ifadəli canlandırılması bu cəhətdən xüsusi qeyd olunmalıdır. Şübhəsiz, belə məqamlarda baş rolların ifaçılarının ilk məhəbbətin dərin və zərif iztirablarını, mənəvi sarsıntılarını dəqiq yaşaması əsl mətləbin daha effektli izharına uğur gətirmişdir. Teatr aləmindən məşhur olan görkəmli aktyorlara filmdə rast gəlmirik. Lakin demək olar ki, bütün aktyorların ilhamlı, yaradıcı əməyi təqdirəlayiqdir. Əsərdəki dramatik psixoloji məqamlar tam dərinliyi və dəqiqliyi ilə canlandırılmışdır. Xüsusilə sevgisini böyük iradə və iztirabla gizlədən gənc müəllim Azərin psixoloji sarsıntıları Rüfət Cəbrayılovun ifasında çox təbii və təsirlidir.
Əməkdar artist Gülzar Qurbanova Gözəlin kövrək, şıltaq xarakterinin ifasında təbiidir, cazibədardır. Xalq artisti Gülşad Baxşiyeva - ana, Nərmin Kərimbəyova - Ağca çox səmimi və canlıdır. Ümumiyyətlə, filmin aktyor ansamblı kamil təsir bağışlayır ki, bu, rejissor əməyinin də uğurlu təsdiqidir.
Filmdə lirik musiqi məqamları çox deyil, amma bütün hallarda epizodların psixoloji əhvalını uğurla tamamlayır.
"Nazik mətləb"
filminin belə böyük
uğuru bu istiqamətdə
gələcək nailiyyətlərə də nikbin
güman yaradır. Film
bir də ona görə
maraqlı və cazibədardır ki, orada bir daha
unudulmaz ədibimiz Mir
Cəlal ilə həmsöhbət oluruq. Klassika - əbədidir!
Təhsin
MÜTƏLLİMOV
525-ci qəzet.- 2022.- 19 fevral.- S.11.