Qabiliyyəti, istedadı və talantı harada itiririk?  

 

Qabiliyyəti olmayan uşaq yoxdur. Bu fikir bu gün psixologiyada aksioma kimi səslənir. Lakin qabiliyyəti üzə çıxmayan (və ya vaxtında üzə çıxmayan) uşaqlar var. Görəsən, harada səhv edirik ki, bütün uşaqların qabiliyyətini vaxtında aşkar edə bilmirik?

Uşaqlar valideynin, qohum-əqrabanın (oxu: onu əhatə edən insanların) və müəllimlərin gözü qarşısında böyüyürlər. Onlar bu insanların gözü qarşısında müxtəlif situasiyalarda müxtəlif nəticələr göstərirlər. Məsələn, böyüklərin suallarına müxtəlif cavablar verirlər, onların verdiyi tapşırığı müxtəlif yollarla icra edirlər, həmyaşıdları ilə ünsüyyətdə müxtəlif mövqelərə (lider, aytsayder və s.) və s. malik olurlar. Bu fərqlər uşaqların qabiliyyətindən, istedadından, talantından xəbər verir. Gözümüzün qarşısında uşaqların fəaliyyətindəki bu fərqləri görürük, amma qiymətləndirmirik.   

Qabiliyyətləri düz qiymətləndirməyəndə...

Qabiliyyətləri, ilk növbədə, bilik və səriştələrlə əlaqələndirirlər. Bu təbiidir, uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün onları bilik və səriştələrlə silahlandırmaq lazımdır. Məktəbdə şagirdlərə bilik və səriştələrin sistemli öyrədilməsi həm də bu məqsədə xidmət edir.

Bütün şagirdlər onlara təqdim edilən bilik və səriştələrə yiyələnə bilərlər. Lakin psixoloqlar bilik və səriştələrin əldə edilmə dinamikasına və səviyyəsinə - bu prosesin tez, asan və möhkəm icra edilməsinə xüsusi önəm verirlər. Konkret fəaliyyət sahəsinə qabiliyyəti olan şagird həmin fəaliyyət sahəsinə aid bilik və səriştələri daha dinamik (tez və asan) və daha dərin səviyyədə (möhkəm) mənimsəyir. İki şagird onlara verilən bilik və səriştələri eyni sürətlə və eyni dərinlikdə mənimsəyə bilmir. Hətta eyni bir fəaliyyət sahəsinə qabiliyyəti olan iki şagird də onlara verilən bilik və səriştələri eyni sürətlə və eyni səviyyədə mənimsəyə bilmir. Bu qabiliyyətlərin keyfiyyət göstəricisi ilə bağlı məsələdir.

Məktəbdə verilən bilik və səriştələri mənimsəmə dinamikası və səviyyəsi şagirdlərin qiymətlərində öz əksini tapır. Qiymət qabiliyyətlərin kəmiyyət göstəricisidir. Lakin müəllimlərin verdiyi qiymətlərdə yuxarıda qeyd olunan korrelyasiya çox vaxt pozulur, təcrübədə şagirdlər çox vaxt bütün fənlərdən ya yüksək, ya orta, ya da aşağı qiymətlər alırlar. Belə qiymətləndirmə şagirdin qabiliyyətini müəyyən etməyə imkan vermir. Müxtəlif fənlər üzrə şagirdlərin bilik və səriştələri obyektiv qiymətləndirilsə, təlim nəticələrində fərqlər üzə çıxmalıdır. Məsələn, məktəbdə texniki və humanitar fənnlərdən və ya təbiət, dil, əmək, rəsm, musiqi fənlərindən verilən bilik və səriştələri şagirdlər eyni səviyyədə mənimsəyə bilməzlər. Texniki sahəyə qabiliyyəti olan şagird texniki fənlərə, humanitar sahəyə qabiliyyəti olan şagird humanitar fənlərə, musiqi sahəsinə qabiliyyəti olan şagird musiqi fənninə aid olan bilik və səriştələri daha asan, daha tez, daha möhkəm mənimsəyir. Başqa sözlə desək, sinifdə humanitar sahəyə qabiliyyəti olan şagird texniki sahəyə qabiliyyəti olan və ya musiqi sahəsinə qabiliyyəti olan şagirdlə həm tarix və ədəbiyyat, həm riyaziyyat və fizika, həm də musiqi fənlərindən eyni nəticə göstərə bilməz. Birinci qrupa daxil etdiyimiz şagird humanitar fənlərdən, ikinci qrupa daxil etdiyimiz şagird texniki fənlərdən, üçüncü qrupa daxil etdiyimiz şagird musiqi fənnindən daha yüksək təlim göstəriciləri əldə etməlidir. Qiymətlər bunu demirsə, bu müəllimlərin səhvidir.

 Əlbəttə, ola bilər ki, hansısa şagird əməksevərliyinə, motivlərinə, iradi keyfiyyətinə və s. görə bütün fənlərdən yüksək nəticə əldə edə bilsin və ya hansısa şagird tənbəlliyinə və s. görə bütün fənlərdən aşağı qiymətlər alsın. Lakin bu şagirdlərin qiymətlərində eyniləşməyə yol verilməsinə haqq qazandırmır. 

 Fərz edək ki, A pis oxuyan şagirdlər sırasındadır. Onun qiymətlərinin hamısı eynidir, aşağıdır. Görəsən, onun heç bir fənni öyrənməyə qabiliyyəti yoxdur. Əlbəttə var. Fikir verin, məktəbdə humanitar, texniki, təbiət, dil, idman, əmək, musiqi fənnləri tədris edilir. Biz hansı cürətlə deyə bilərik ki, A-nın heç bir fənnə qabiliyyəti yoxdur. İndi gəlin reallığa diqqət edək: A idman dərsində hamıdan yaxşı nəticə göstərir. Amma onun aldığı qiymət, digər, məsələn texniki sahəyə qabiliyyətləri yüksək, lakin idman göstəriciləri aşağı olan başqa bir şagirdlə eynidir, yəni əqli qabiliyyətləri yüksək olan şagirdin idman göstəricilərinin aşağı olmasına göz yumulur, ona yüksək qiymət yazılır. (İdman göstəriciləri yüksək olan şagirdə digər fənlərdən müvafiq qiymət yazmaqla məktəb bu dizbalansı ədalət müstəvisində həll etməyə çalışır). Belə eyniləşdirmə idman qabiliyyətinə malik olan şagirdin qabiliyyətinin “itirilməsinə” səbəb olur. Axı jurnaldakı qiymətlərdən görünmür ki, o idman təmrinlərini hamıdan yüksək səviyyədə yerinə yetirir. Təbii ki, A-nın qabiliyyəti bu qiymətlərdə itib-batır. Halbuki, hər bir şagirdin müxtəlif fənlərdən əldə etdiyi uğurlar qiymətlərdə öz real əksini tapanda şagirdin qabiliyyətinin inkişafı məsələsi aktuallaşır. Yüksək idman göstəriciləri ilə fərqlənən şagirdlərlə dərsdən sonra onların qabiliyyətlərini daha da inkişaf etdirilməsi üçün əlavə idman məşğələlər keçirmək zərurətə çevrilir və s. Axı həmin şagirdlər gələcək olimpiya, Avropa, dünya çempionu olub, Azərbaycanın bayrağını yüksəklərə qaldıra bilər. Məgər müəllim dərsi bunun üçün tədris etmir? Əmək dərsində əmək qəhrəmanı, rəsm dərsində gələcəyin Tahir Salahovu, musiqi dərsində gələcəyin Rəşid Behbudovu yetişə bilər. Bu məqam bütün müəllimlərin diqqətini cəlb etməlidir. Müasir dövrdə şagirdlərin qabiliyyətinin inkişafı üçün müəllimlərin əlində çoxlu imkanlar var. Ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyevin və I vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə yüksək infrastruktura malik məktəblər tikilib istifadəyə verilir. Müqayisə üçün qeyd etmək istərdim ki, bu məktəblərdə tədris üçün yaradılan infrastruktur Avropanın bir çox ölkələrinin orta məktəblərindəki infrastrukturdan qat-qat yaxşıdır. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar nəticəsində tətbiq edilən yeni metodologiyalar da müəllimlərə bu işləri görmək üçün kifayət qədər geniş imkanlar açır. Müəllimlər bu gün çox şey edə bilərlər, amma etmirlər.

Qabiliyyətlərin üzə çıxması nəyə lazımdır?

Bəlkə də heç vaxt bu sual haqqında fikirləşməmişik. Onda, qabiliyyəti üzə çıxan və üzə çıxmayan insan arasında fərqi müəyyən etməyə çalışaq?  Məsələ burasındadır ki, müəyyən bir ixtisas üzrə qabiliyyəti üzə çıxmış və həmin peşəyə istiqamətlənmiş insan yaradıcı fəaliyyəti ilə fərqlənir, qabiliyyəti üzə çıxmayan insanın fəaliyyəti təqlidçilik üzərində qurulur. Məsələn, qabiliyyətli dülgər heç kimin düzəldə bilmədiyi qapı, pəncərə və s. düzəltmək haqqında fikirləşir və bu ideyasını reallaşdırır, qabiliyyəti olmayan dülgər hamının düzəldə bildiyi qapı, pəncərə və s. düzəldir.

Təbii ki, ortaya sual çıxa bilər: qabiliyyəti olmayan dülgər qapı, pəncərə və s. necə düzəldə bilir? Təlim prosesində (ola bilər texniki-peşə məktəbində, ola da bilər ki, hər hansı bir ustanın yanında şagird kimi öyrənmə prosesində) o dülgərlik üçün lazım olan bilik və səriştələri əxz edibsə, bunlardan istifadə edərək dülgər kimi fəaliyyət göstərə bilər. Lakin o öz fəaliyyətini qabiliyyətli dülgər kimi qura bilmir, qabiliyyətli dülgər öz təxəyyülü ilə fərqlənir, təxəyyülündə canlandırdığı qapını, pəncərəni və s. düzəltməyin yollarını axtarır. “Axtaran tapar” deyirlər və insan axtaranda təfəkkürün imkanları ona bu yolu tapmağa imkan verir və o yeni nəyisə ortaya qoya bilir, yəni yaradıcı fəaliyyəti ilə fərqlənir, daha asanlıqla, daha sürətlə, daha keyfiyyətli məhsul istehsal edir.

 

Haşiyə: Bu günlərdə millət vəkili, akademik Rəfael Hüseynov televiziya verilişində Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qapılarına diqqəti cəlb edib, onu düzəldən usta Əbdülhüseyn Babayev haqqında fəxrlə danışırdı. Əbdülhüseyn Babayevin düzəltdiyi qapılar əslində böyük sənət əsəridir. Rəfael Hüseynov həmin qapıların düzəldilməsində mismardan istifadə edilmədiyini bildirdi və Əbdülhüseyn Babayevin ömrünün sonuna qədər vaxtaşırı həmin qapılara xidmət etdiyini bildirdi. Bir də belə bir məqama da diqqəti cəlb etdi ki, onun vəfatından sonra bu qapıya xidmət edən başqa bir usta ona ilk mismarı vurub. Bu əslində həmin qapının dizaynının korlanması deməkdir. Mismarı vuranə da “usta” adlandırırıq, amma bu “usta” Əbdülhüseyn Babayevin düzəltdiyi qapını düzəldə bilmir. Onları müqayisə edəndə qabiliyyət anlayışı gözümüzün önündə yüksəlir.      

Qabiliyyət haqqında həqiqəti hamımız bilirik və məişətimizdə buna diqqət yetirməyə çalışırıq. Məsələn, ev təmir etdirəndə yaxşı usta, paltar tikdirəndə yaxşı dərzi və s. axtarırıq. “Yaxşı” ifadəsi güzəran psixologiyasında deyilən vəziyyətlərdə “qabiliyyətli” məzmununda işlənir. Özümüz qabiliyyətli sənətkar axtarırıq, amma qabiliyyətin üzə çıxmasına və inkişafına biganə yanaşırıq. Qabiliyyətin üzə çıxması insanların həyatını daha məzmunlu edir.

Qabiliyyət kreativlik istiqamətində özünü göstərəndə...

Qabiliyyət özünü kreativlik müstəvisində göstərəndə istedad üzə çıxır. Bu anlayış altında əqli fəaliyyət xarakterizə edilir.

Haşiyə: Psixoloji ədəbiyyatda peşə fəaliyyəti qabiliyyət səviyyəsində səciyyələndirilir. Biz bu fikri bir mənalı olaraq, qəbul edirik. Bənna memarın tapşırıqlarını icra edir. Bu prosesdə bənnanın qabiliyyəti memarın tapşırıqlarını daha yaxşı icra etməyə imkan verir. Burada kreativlik yoxdur, icraçılıq var. Memarın fəaliyyəti isə kreativdir, o yeni quruluşda evin çertyojunu hazırlayıb. Bu quruluşda bu ev digərlərində müəyyən xüsusiyyətləri - daha rahat, daha gözəl, daha praktik və s. olması ilə fərqlənir. Lakin məsələn, elə bənna var ki, o elə memar işini də özü həyata keçirir. Bir həqiqətlə razılaşaq ki, bu bənnanın çertyoju memarın çertyoju qədər peşəkar olmacaq. Bunun səbəbi onun memar peşəsi üçün zəruri olan bilik və səriştələrə yiyələnməməsidir, o bütün bunları praktik fəaliyyətində özü, müstəqil olaraq öyrənib. Bunu istedad adlandırmaq olar ya yox? Axı o öz fəaliyyətində kreativlik nümayiş etdirir. Bu o şəxsdir ki, onun istedadı vaxtında üzə çıxarılmayıb, inkişaf etdirilməyib, bunun nəticəsi olaraq, o indi memar kimi deyil, bənna kimi fəaliyyət göstərir. Bəlkə də memar kimi, o nələr yaradacaqdı, amma insanların etinadsızlığı, diqqətsizliyi....daha bir istedadın itirilməsinə səbəb olub. Təəssüf ki, həyatda belə hallara çox təsadüf edilir.

 Yuxarıda biz müxtəlif fənlər üzrə şagirdlərin bilik və səriştələr əldə etməsində yaranan fərqlərdən danışdıq. Sinifdə kimsə riyaziyyatdan (və ya digər fənlərdən) daha böyük uğur qazanır. Belə vəziyyətlə bütün siniflərdə qarşılaşmaq olur. Müəllim bunu görməyə bilməz və müşahidəsinin səhv olub-olmadığını müəyyən etmək üçün o şagirdi müxtəlif rakurslardan yoxlamalıdır. Yoxlamaları uğurlu alınanda həmin şagirdlə işləməyin özəl yollarını axtarıb tapmalıdır. Bu şagird xüsusi statuslu şagirddir, onun qeyri-adi qabiliyyəti var: o hər şeydə başqalarının görə bilmədiklərini görür, hadisəni müstəqil qiymətləndirməyə bacarır, qarşılaşdığı problemə diqqətini mərkəzləşdirə bilir və onu qeyri-adi yolla həll edir, hadisələrə yaradıcı münasibət bəsləyir. Bu şagirdlərlə işləməyin xüsusi yolları var. Müəllim bu yolları tapıb, tətbiq edəndə sinifdə gələcəyin böyük riyaziyyatçısı (və ya fiziki, bioloqu, geoloqu və s.) yetişməyə başlayır.

İstedad məktəbdə üzə çıxarılmalıdır. Özü də bunun üçün obrazlı desək, “gündüz vaxtı əlimizdə çıraqla gəzməliyik”, istedadı tapıb, “əlindən tutub” inkişaf etməsi üçün mühit yaratmalıyıq. İstedadlı şagirdlər millətin gələcəyidir. Ölkənin inkişaf sürəti onların yaradıcı fəaliyyətinin nəticəsidir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə elmi tədqiqat institutları istedadlı alimlərin, universitetləri istedadlı müəllimlərin, xəstəxanaları istedadlı həkimlərin və s. adı ilə bağlıdır. Bəs bizdə, bizdə necə? Əgər biz qabiliyyəti üzə çıxarıb onu istedada çevirmiriksə, istedadlı mütəxəssis haqqında necə danışa bilərik?

 Məktəbi valideynin köməyi ilə bitirən, ali məktəbə repetitorun köməyi ilə qəbul olan insanın hansı istedadından və ya inkişafından danışa bilərik. Biz danışa bilmirik, amma faktlar danışır. Məsələn, görün faktlar nə deyir. İndi ölkəmizdə istər dövlət qulluğuna, istərsə də digər müəssisələrə işə qəbul zamanı xarici ölkələrdə təhsil almış məzunlara üstünlük verilir. Bu amil əslində həyacan təbilidir, biz qabiliyyəti üzə çıxara bilmirik (və ya çıxarmaq istəmirik və ya biganəlik edirik və ya şagirdə qısqanclıqla yanaşırıq...), amma xarici ölkə ali məktəbində bizim qabiliyyətini üzə çıxara bilmədiyimiz şagirdin həm qabiliyyəti üzə çıxarılır, həm də qabiliyyətinin istedada çevrilməsi üçün zəruri şərait yaradılır. Bunun nəticəsidir ki, yerli universitetlərin məzunları xarici universitetlərin məzunları qarşısında rəqabətə davam gətirə bilmirlər. Acınacaqlı faktdır, deyilmi? Bu fakt, ilk növbədə müəllimlərin öz fəaliyyətlərinə yenidən baxmasını tələb edir. 

İbn Sinanın müdrüklük sirrlərindən biri

 

Deyilənə görə, bir gün İbn Sina Həmədan şəhərində dəmirçi dostunun yanında oturub söhbət edirdi. Təsadüfən bu vaxt bir uşaq dəmirçixanaya daxil olur və dəmirçiyə ona od verməsini xahiş edir. Dəmirçi oğlana deyir ki, “bir qab gətir, odu onun içinə qoyaq”. Oğlan tez ovcunun içinə torpaq yığır və dəmirçiyə odu bu torpağın üstünə qoymağı xahiş edir. O məsələni sürətlə həll etmişdi, düzgün qərar qəbul etmişdi, torpaq odun istisini keçirmir, torpağın üstünə qoyulan od uşağın əlini yandırmaz. Fikir verin, bəlkə də təhsil almayan bu uşaq öz empirik təcrübəsi ilə bu fiziki hadisənin mahiyyətini başa düşmüşdü.

Dəmirçilik çətin sənətdir, hər adam dəmirçi ola bilməz. Dəmirçilik adamdan xüsusi qabiliyyət tələb edir. Orta əsrlərdə dəmirçilərin düzəltdiyi qılınclar (oxu: silahlar) vasitəsi ilə neçə-neçə sərkərdə böyük imperiyalar qurub. Qılınc (silah) döyüş zamanı döyüşçünün qüdrətini artıran amil olub. Amma xüsusi qabiliyyəti ilə fərqlənən dəmirçi uşağın bu istedadını görə bilmədi. Halbuki bu balaca uşağın müşahidə, dərketmə, əqli nəticə çıxarma qabiliyyəti var idi. Belə uşaqları “gündüz vaxtı çıraqla axtaran” İbn Sina bu fürsəti əldən vermədi, müdrik müəllim kimi onun bu ağıllı hərəkətini yüksək qiymətləndirdi və yanına şagird kimi götürdü. Bu uşaq Azərbaycanın böyük filosofu olmuş Bəhmənyar idi. İbn Sina təsadüfi bir hadisə nəticəsində onu “kəşf” edə bildi.

Dəmirçi uşağın istedadını görmədi. Bəlkə də onun gözü qarşısında çoxlu belə hadisələr baş vermişdi. Dəmirçi uşağın fərasətini görüb yalnız sevinmişdi, amma İbn Sina uşağın istedadını qymətləndirdi, onun üzə çıxması üçün şərait yaratdı.

 

Şagirdlərin bütün fəaliyyəti müəllimlərin gözü qarşısında baş verir. Uşaqlar müəllimin gözü qarşısında çoxlu “fərasətli” hərəkətlər edirlər. Görəsən müəllim onların bu fərasətini qabiliyyət, istedad, talant meyarları ilə qiymətləndirə bilir? Qiymətləndirə bilməyəndə dəmirçiyə oxşayır, qiymətləndirə biləndə İbn Sinaya oxşayır. Müəllim şagirdi qiymətləndirə biləndə şagirdlə onun arasında son dövrlərdə mətbuatda tez-tez səsləndirilən münaqişəli halları baş vermir.

 

Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eləyə bilməz

 

Akademik Rəfael Hüseynov televiziya verilişinin birində Azərbaycanın böyük alimi Xudu Məmmədov haqqında danışarkən maraqlı faktlar qeyd etdi. Diqqətimi çəkdiyi üçün öyrəndim ki, o ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda başlayır. Bir müddət sonra təhsilini Moskvada SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasında davam etdirir. Elmi nailiyyətlərini görən fizika, kristalloqrafiya və biokimya sahəsində böyük elmi yeniliklərin müəllifi olan ingilis fiziki Con Bernal onu əməkdaşlıq üçün öz laboratoriyasına dəvət edir. Xudu Məmmədov böyük alimin bir neçə dəfə qonağı olmuş, hətta 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. İstər Moskvada Kristalloqrafiya İnstitutunun, istərsə də ingilis fiziki Con Bernalın laboratoriyasında olan elmi mühit Xudu Məmmədovun qabiliyyətinin istedada çevrilməsinə, böyük alim kimi yetişməsinə təkan verdi. İstedadlı adamlar xüsusi mühitdə inkişaf edir. İngilis alimi istedadı görüb, ona diqqət və qayğı ilə yanaşmışdı.

 

Haşiyə: Hər bir ölkə öz vətəndaşının istedadı, talantı ilə öyünür. İstedadlıların, talantlıların üzə çıxdığı, yüksək tutulduğu ölkələrə hamı hörmət və ehtiramla yanaşır. Bir misala diqqət edək: Yaponiya XX əsrin ortalarında hərbi qüdrəti ilə fərqlənən ölkə idi. Bu qüdrəti azaltmaq üçün yol tapıldı, iki atom bombasının sınağı yaponların yarısının xəstələnməsinə və təbii ki, hərbi qüdrətinin zəifləməsinə səbəb oldu. Bu gün Yaponiya elmi qüdrəti ilə fərqlənən ölkədir. Bu gün heç bir ölkə ona hücum etmək haqqında fikirləşmir, əksinə onların istedadının bəhrəsindən istifadə etməyə çalışırlar.

 

Ali məktəblər də hələ ki, orta məktəbin istedada göstərdiyi münasibəti estafet kimi davam etdirirlər. Hələlik universitetlərə qəbul zamanı şagirdlərin qabiliyyətləri prioritet deyil. Haradasa buna bəlkə də haqq qazandırmaq olar. XI il ərzində məktəbdə təhsil alarkən qabiliyyəti üzə çıxarılmayan məzunun ali məktəbə qəbul zamanı qabiliyyətinin müəyyən edilməsi çətinləşir. Amma tək-tək tələbələr ya qabaqcıl müəllimlərin, ya valideynin səyi nəticəsində mühitə düşür, öz yaradıcı fəaliyyətləri ilə yeniliklər edir, hamını heyrətləndirən uğurlara imza atırlar. Diqqətli olsaq, bu uğurların sayını artırmaq mümkündür. Xalqımız istedadlı xalqdır. Bu aksiomadır. Kim bu aksiomaya inanmırsa, onu sübutunu istəyirsə, çevrilib geri baxsın...

 

Qabiliyyət talanta necə çevrilir?

 

İstedadın yüksək səviyyəsi talant kimi mənalandırılır. Talant incəsənət və ya ədəbiyyat kimi xüsusi sahələrə ayırd edilir.

 

Təxminən 40 il bundan əvvəl məktəblərdən birində eksperiment aparırdım. Məktəb rəhbərliyi şagirdləri İncəsənət muzeyinə aparmışdı. Mən də onlarla birlikdə getmişdim. Bələdçi tabloların və heykəllərin qarşısında rəssam və heykəltaraşlar haqqında məlumat verir, onların əsərləri haqqında danışırdı. Belə hallarda hamının qrup halında bir eksponatın qarşısından digərinin qarşısına keçmək tələb olunur. Bütün uşaqlar belə hərəkət edirdi. Amma bir şagirdin şəkillərdən birinin önündə durub, ona heyrətlə baxdığını müşahidə etdim. Mən onu başa düşdüm, o şəkli “oxuyurdu” (hər bir şəklin forması ilə yanaşı məzmunu olur, şəklə hər adam baxa bilir, amma onun məzmununu hər adam oxuya bilmir), onu bu aləmdən ayırmaq olmazdı, onu çağırmasınlar deyə, yanında durub mən də şəklə baxdım. Bir xeyli sonra, mənə şəkildə gördüklərini danışmağa başlayanda heyrətləndim. O qiymətləri aşağı olan şagirdlərdən idi. Tədbirdən sonra mən həm rəsm müəlliminə, həm də valideynlərinə onun bu istedadı haqqında məlumat verdim. Onu rəsm dərnəyinə cəlb etmək, onunla xüsusi məşğul olmaq lazım idi.

 

Dahi Avstriya bəstəkarı və virtuoz musiqiçi Volfqanq Amadey Mocartın həyat hekayəsini vərəqləyəndə maraqlı faktlar üzə çıxır. Atası skripkaçı-bəstəkar olub. Onun iki uşağı olub. Böyük qızına musiqi dərsləri verəndə üç yaçlı Volfqanqın müsiqiyə həvəs göstərdiyini müşahidə edib və çox erkən yaşından Volfqanqa da musiqi dərsləri keçməyə başlayıb. Beş yaşında Volfqanq artıq kiçik pyeslər bəstələməyə başlayır, atası bunları nota köçürür. Atası onu dahi musiqiçi olacağını görür (fikir verin, uşağın talantını görür, bu olduqca vacib şərtdir). Onu musiqi məktəbləri ilə tanış etmək, həm də onun konsertlərini təşkil etmək üçün Avropanın müxtəlif şəhərlərinə səyahət təşkil edir. Fikir verin, onun obrazlı desək “bir musiqiçi kimi böyüməsi” üçün onu musiqi mühitinə daxil edir. Talantın üzə çıxması üçün bu kifayətdir. Ona qayğı göstərib, münbit mühitə saldıqdan sonra o özü öz inkişafını təmin edir.

 

İki misal çəkdik. Onların hər ikisi də diqqətəlayiqdir. Birinci misalda talant müşahidə olundu, amma elə təkcə müşahidə olundu, inkişaf etdirilmədi. İkinci misalda isə talant inkişaf etdirildi və talantın yiyəsi dahi, virtuoz musiqiçiyə çevrildi. Talant hər adamda olmur, nadir adamlarda olur. 

 

Son söz əvəzi

 

Artıq otuz ildir müstəqil yaşayırıq. Bu illər ərzində nələr görmədik: erməni vəhşiliyi, ikili standartlar, yalanlar, iftiralar.... daha nələr, daha nələr. Bu illər ərzində vəd verən çox oldu, amma vədi yerinə yetirən olmadı. Sonda 44 gün ərzində torpaqlarımızı Ali Baş Komandan İLHAM ƏLİYEVİN rəhbərliyi ilə ÖZÜMÜZ azad etdik. Nə yaxşı ki, bu illər ərzində ölkə rəhbərliyinin qayğı, diqqət və tələbi sayəsində istedadlı hərbçilərimiz yetişmişdi. Düzgün rəhbərlik və onların istedadı qələbəni təmin etdi və biz torpaqlarını işğaldan azad edən xalqa çevrildik.

 

İndi söz müəllimlərindir. Onlar da bu təcrübəni rəhbər tutaraq xalqımızın inkişafı naminə qabiliyyətli, istedadlı və talantlı şagirdləri üzə çıxarıb, onlara inkişaf yolunu göstərməlidirlər. Qabiliyyətin, istedadın və talantın üzə çıxması hər bir insana öz fəaliyyətini daha səmərəli qurmaq imkanı verir. Dünya xalqları arasında sözümüzü demək üçün xalqımızın buna ehtiyacı var. Xalqımızın dünyaya səs salan elmi yeniliklərə, dünyanı lərzəyə gətirən silahlar kəşf etməyə, Nobel mükafatı ala bilən alimə, müalicəsi bəlli olmayan xəstəliyi sağalda bilən həkimə.....ehtiyacı var. Bu bizim sabahımız üçündür, sabah xoş və firavan yaşaya bilməyimiz üçündür. Qarşıdan IV sənaye inqilabı gəlir. Bu yeni eranın başlanğıcıdır, bu erada xalqın sözünü qabiliyyətli, istedadlı və talantlı adamlar deyəcəklər. 

 

Hikmət Əlizadə,

BDU-nun professoru    

 

    525-ci qəzet.- 2022.- 19 fevral.- S.10.