Gənclər niyə intihara
əl atırlar?
Ekspertlər intiharı yaradan səbəblərdən
danışırlar
Son vaxtlar mətbuatda
tez-tez intihar halları ilə bağlı xəbərlər
izləyirik. Xüsusilə, gənclərin intiharı
seçməsi problemi
doğuran səbəblərin
araşdırılmasını zərurətə çevirir.
Hər il
yeni-yeni intihar hadisəsiləri müşahidə
olunur. Bir neçə gün
öncə mətbuatda
20 yaşlı universitet
tələbəsinin intihar
etməsi saytların xəbər manşetinə
çevrildi. Hansı şəraitdə
baş verməsindən
asılı olmayaraq bu cinayətin adı özünəqəsd,
intihardır. Vəziyyətdən çıxış yolu kimi təhsil müəssisələrində psixoloqların artırılması
və bu işdə təhsil ocaqlarında psixoloqlarının
peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi amili önə çəkilir.
İntihar hadisəsində müəllim-şagird-valideyn
üçbucağının hansı tərəfində
məsuliyyət payı
daha çoxdur?
Psixologiya
üzrə fəlsəfə
doktoru, dosent Rəşid Cabbarov deyir ki, intihar problemi yalnız suisidal risklərin artma dinamikasında deyil, həm də onun gözlənilməzliyində
və həll olunmasının çətinliyindədir:
"Valideynlər bunu
o zaman hiss etməyə
bilərlər ki, zamanında övladları
ilə yetərincə
ünsiyyət, güvənli
münasibət qurmağı
bacarmırlar. Suisidal davranışın
yaranmasında ailə
tərbiyəsi əsaslı
mexanizm hesab olunur. İntihar hallarının əksəriyyəti
gizli həyata keçirilir. Amma bununla
belə, simptomatik göstəriciləri müəyyənləşdirmək
mümkündür. Özünə qəsd edən insanın psixoloji durumunun normal olmaması məsələsi birmənalı
şəkildə Ümumdünya
Səhiyyə Təşkilatının
məlumatlarında təkzib
edilir. Sui-qəsd edənlərin
60-70 faizi praktik baxımdan tam sağlam şəxslərdir. Əvvəlcə suisidal fikirlər
yaranır, sonra plan və intihara cəhd baş verir. Təlimlə bağlı əhval-ruhiyyənin,
ailədaxili münasibətlərin
pozulması, uğursuz
sevgi, psixi vəziyyətin qeyri-adekvatlığı
hələ tam formalaşmayan
yeniyetmə psixikasını
zədələyir. Aqressivliyin, həyəcanın
yüksək olduğu
hallarda şüurda baş verən daralma zamanı yeniyetmə özünü
çıxılmaz vəziyyətdə
hiss edir. Dünyanı
hələ adekvat dərk edə bilməyən məktəbli
hiss etdiyi acılardan xilas olmağın yolunu intiharda görür. Aparılmış tədqiqatlardan belə
nəticəyə gəlirik
ki, yeniyetmə intiharlarının çoxu
köməyə çağırışdır.
Yeniyetmələrdə suisidal davranış
demonstrativ, affektiv, həqiqi xarakterli olur. Ancaq bir məqamı qeyd etməliyəm ki, məktəblilələr
çox zaman ölümə geri qayıdan proses kimi yanaşırlar və bu da
intihar aktında öz sözünü deyir. Dəqiq məlum deyil
ki, intihar nədən baş verir. Amma bir sıra hallarda onun simptomları
özünü göstərə
bilir. Bu, çox latent planlaşdırılmış
prosesdir".
Rəşid Cabbarov hesab edir ki, bu
məsələdə valideynin
rolu da danılmazdır:
"Valideynlərin övladlarının
əhval-ruhiyyəsinin, davranışlarının
dəyişməsini, depressiv
vəziyyətdə olduğunu,
hansısa problemlə
üzləşdiyini hiss edərkən
bu vəziyyətə
ötəri reaksiya vermələri hələ
yaşanmamış bir
ömrün yarıda
bitməsilə nəticələnməsinə
səbəb ola
bilər. Yeniyetməliyin insan həyatının
ən çətin dövrü olduğunu valideynlər unutmamalı,
övladlarının problemlərinə
ciddi yanaşmalı, öhdəsindən gələ
bilmədikdə isə
mütəxəssisə müraciət
etməlidirlər".
Təhsil İnstitutunun direktor müavini, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov bu problemin həllində məktəbi, müəllimi günahlandırmağın yanlış yanaşma olduğunu düşünür. Ənvər Abbasov hesab edir ki, bu hadisələrin baş vermə səbəblərini məktəblə əlaqələndirmək və bunu təhsil ocağının üzərinə düşən vəzifə kimi izah etmək doğru deyil: "Belə baxanda ortayaşlı və daha yaşlı insanlar da intihar edirlər. Bəs onlar hansı səbəbdən intihara əl atırlar? Çox güman ki, bu, intihar edənin ekstremal vəziyyət keçirməsilə bağlıdır. O, artıq müəyyən bir hadisədən təsirlənərək çıxış yolunu özünü məhv etməkdə görür. Və əgər o, bir an dayanarsa, sonradan heç vaxt belə bir hərəkətə yol verməz. Hər halda belə halların baş verməsi insana xas olan keyfiyyətdir. İnsan harada formalaşır? Burada yalnız məktəbi düşünmək doğru deyil. İnsan dünyaya gələrkən öz tipini, xarakterini dünyaya gətirir. Onlar da dəyişməyən müəyyən keyfiyyətlərdir. İnsan eyni zamanda ailədə formalaşır. Mən düşünürəm ki, ailələrin məsuliyyəti daha çoxdur. Bu fikri söyləməklə digər amilləri kənara qoymaq istəmirəm. Əslində, uşaq öz valideynləri ilə ünsiyyətdə daha çox olur, görür və götürür. Eyni zamanda indiki müasir və sosial mühitdə informasiya texnologiyalarının geniş yayıldığı əsrdə, informasiya mühitində o informasiyaların axınının qarşısını almaq mümkün deyil. Heç kəs də uşaqların yanında 24 saat dayanıb durmur. Uşaqlar sosial mühit və məktəbdə elə izlənməlidir ki, onlar intihara üz tutmasınlar. Məktəbdə psixoloqlar bununla məşğul olur. Amma bu iş bütöv müəllimlər tərəfindən aparılmalıdır. Cəmiyyətdə bütövlükdə qarşılıqlı fəaliyyət qurulmalı, ailələr buna hazır olmalıdır. Ailələr öz məsuliyyətini məktəbin üstünə atmamalıdır. Onların özünün də sistemi olmalıdır".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov cəmiyyətimizdə məişət zorakılığı, ailədə zorakılıq hallarının qarşısının alınması məqsədilə davamlı şəkildə işlərin aparıldığını deyir. Ekspertin sözlərinə görə, ailə siyasətinin gücləndirilməsi, uşaq və qadın hüquqlarının təşviqatı ilə bağlı, həm təşviqat işinin aparılması, həm də qadın və ailə sahibkarlığının yaradılması ilə əlaqədar Avropa İttifaqı, BMT ilə birgə layihələr həyata keçirilir: "2020-ci ilin statistikasına görə, 6 min nəfərə qədər qadına texniki dəstək göstərilib. Onlar kiçik və orta sahibkarlıq müəssisələri açıblar. Bu işlər davamlı şəkildə aparılır. Burada əsas məqsəd vətəndaşların maarifləndirilməsidir, uşaqların və qadınların öz hüquqlarını bilməsidir, onların zorakılıqdan azad olmuş cəmiyyətdə yaşamasıdır. Bununla bağlı komitənin özünün zorakılıq hallarının, psixoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbirləri var. Xüsusilə, pandemiya vaxtında onlayn psixoloji dəstək resurslarından istifadə edilib. Hansı ailələrdə internet əlçatanlığı yox idi, ailələrə zəng layihəsində zənglər edilərək psixoloji dəstək göstərilib. Dövlət Komitəsinin 860 nömrəli qaynar xətti yaradılıb ki, bu telefon vasitəsi ilə ailələrə psixoloji xidmət göstərilir. Dövlət Komitəsi tərəfindən bir neçə istiqamətdə iş aparılır. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır, qadın və uşaq hüquqlarının təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılır, boşluqlar müəyyənləşdirilir.
Ailə institutlarının bu
məsələdə rolundan danışan
Elgün Səfərov onu
da qeyd edib
ki, ailə institutu
möhkəm olanda problemlərdə də
durğunluq yaranır: "Problemlərdə
stabillik olanda onun qarşısının alınması da yüngül olur. Ailə institutuna
vurulan zərbələr - alkoqol
içkilərin istifadəsi, asılılıq vəziyyətinə
gətirən narkotik mənşəli
vasitələrin istifadəsi, bugünkü
gün cəmiyyətimizdə çox aktual olan sonsuzluq problemi ailələrin dağılmasına və
məişət zorakılığı hallarının
çoxalmasına təsir göstərir.
Zorakılıq hallarının aradan
qaldırılması preventiv mexanizmdir. Buna görə
də operativ xidmətlərin göstərilməsi
vacibdir. Bunlardan birini də biz təklif etmişdik: "One stop"- "Bir dayanacaq"ın yaradılması. "Bir dayanacaq" sığınacağının yaradılmasında vətəndaşlara
hüquqi, sosial, psixoloji xidmətlər göstərilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların narkotik vasitələrə düçar
olmasının qarşısının
alınması üçün
məktəblərdə, universitetlərdə
xüsusi təlimlərin
keçirilməsi, roliklərin
hazırlanması, maarifləndirici
bukletlərin çap
olunması vacibdir. Bu bir maarifləndirmə istiqamətidir və davamlı şəkildə
aparılmalıdır. Əsas məsələ bu gün sosial
şəbəkələrdən uşaqların müdafiəsinin
təmin olunmasıdır.
Bu isə internet təhlükəsizliyinin təmin
edilməsi və kiber cinayətkarlıqla mübarizədir. Xaricdən
maliyyə vəsaiti alan təşkilatların
uşaqlara qarşı
məqsədli şəkildə
layihələri var idi. Belə hallar 2014-cü ildə
baş vermişdi.
Son on illikdə bu məsələlər çox aktuallaşıb.
Nə qədər ki, sosial şəbəkələrə
əlçatanlıq güclənir,
bunun müsbət elementləri ilə yanaşı mənfi indikatorları da ortaya çıxır.
Buna görə də uşaqlar üçün mobil tətbiqlər həyata keçirməlidir. Kompüterlərində, telefonlarında git.seyf.az kimi
mobil tətbiqlər olmalıdır. Həmçinin internet resurslarında Azərbaycan
dilində cizgi filmləri, maarifləndirici
resurslar çoxaldılmalıdır".
Həyat sərt döngələri, gözlənilməz sürprizləri ilə güclüləri sevir. Güclü, dözümlü olmağa çalışın, özünüzü qoruyun...
Dilşad XAQANİQIZI
525-ci qəzet.- 2022.- 19 fevral.- S.8.