Xalqımızın təbiətə
münasibəti Novruz çərşənbələrində
Novruz bayramı ilə çox sıx əlaqəsi olan
amillərdən biri də Novruz çərşənbələridir. Novruz çərşənbələri
dedikdə yazın ilk günündən - 21 martdan əvvəl
olan son dörd çərşənbə nəzərdə
tutulur. Aydındır ki, bu çərşənbələr
qışın son ayının çərşənbələridir.
Bu aya el arasında Boz ay da deyilir. Boz ay fevral ayının 19-dan mart ayının 20-ə
qədər davam edərək 30 və ya 31 gün olur.
Azərbaycan
xalqının milli-fəlsəfi
dünyagörüşündə Novruz çərşənbələri
həyatın təməli hesab edilən dörd ünsürlə
- od, hava, torpaq və su ilə əlaqələndirilir.
Bu səbəbdən də Novruz çərşənbələri
- Od çərşənbəsi, Hava çərşənbəsi,
Torpaq çərşənbəsi və Su çərşənbəsi adlandırılır.
Novruz çərşənbələri ilə
bağlı ən çox diskussiyalara səbəb olan məsələ
bu çərşənbələrin sıralanması ilə
bağlıdır. Fikrimizcə, təklif edilən müxtəlif
sıralama variantlarına səbəb bu məsələyə
müxtəlif aspektdən yanaşılmadır. Məsələn, əgər buna Yer kürəsində
həyatın əmələ gəlməsi nöqteyi-nəzərindən
yanaşsaq, onda Su çərşənbəsi ilk sırada
durmalıdır. Çünki müasir
elmi konsepsiyalara görə, həyatın əmələ gəlməsində
su mühiti həlledici rol oynamışdır. Yox əgər məsələyə sırf dini
nöqteyi-nəzərdən baxsaq, onda Torpaq çərşənbəsi
birinci olar. Ona görə ki, İslam dininə
görə bütün canlılar torpaqdan
yaranmışdır və sonda torpağa çevriləcəkdir.
Məsələyə daha geniş anlamda - kainatın
yaranması problemindən baxsaq, Od çərşənbəsi
mütləq olaraq birinci olmalıdır. Kainatın əmələ
gəlməsi barədə müasir konsepsiyalara görə hər
şeyin əvvəli enerjidir. Azərbaycan
xalqının dünyagörüşlər sistemində bu
eneji nur, işıq və atəş kimi ifadə olunur.
Ümumiyyətlə, bu cür
yanaşmaların sayını kifayət qədər
artırmaq olar, lakin Novruz çərşənbələrinin
sıralanmasını, onların bilavasitə bağlı
olduğu qış və yaz fəsilləri ilə əlaqələndirmək
daha real və obyektiv olardı. Bunun üçün Boz
ayda (19 fevral - 20 mart) Yer kürəsində,
onun atmosferində və yerətrafı fəzada hansı
proseslərin baş verdiyinə nəzər salmaq
lazımdır.
Yer üzərində canlı aləmin mövcud olma
şərtlərindən biri də Yerin məxsusi hərəkətidir. Yerin məxsusi
hərəkəti onun öz oxu ətrafında
fırlanmasından və Günəşin ətrafında
dolanmasından ibarətdir. Yerin öz oxu ətrafında
bir dəfə fırlanması 24 saat ərzində baş
verir ki, bunun da nəticəsində "gecə-gündüz"
hadisəsi yaranır. Yer kürəsinin Günəş
ətrafında bir tam dövrü isə 1 il
və ya 365 günə reallaşır. Yerin
Günəş ətrafında dolanmasının nəticəsində
fəsillər əmələ gəlir və gecə ilə
gündüzün uzunluğu müəyyənləşir.
Bəzən səhv olaraq fəsillərin əmələ
gəlməsini Yer kürəsinin Günəşə
yaxın və ya uzaq olması ilə bağlayırlar. Bu mülahizə tamamilə yanlışdır.
Fəsillərin əmələ gəlməsində
əsas rolu Yerin fırlanma oxunun fəzada Günəşə
nisbətən vəziyyəti oynayır. Məlumat
üçün qeyd edək ki, qışda Yer kürəsi
Günəşə ən yaxın, yayda isə ən uzaq
nöqtədə olur.
Yerin Günəş ətrafında dolanma müddətində
ən çox əhəmiyyət kəsb edən 4 gün
vardır ki, bu günlər canlı aləm üçün
həlledici rola malikdir. Bu günlər astronomiya elmində Yaz
gün bərabərliyi (21 mart), Yay Günəş duruşu
(20 və ya 21 iyun), Payız gün bərabərliyi (20 və
ya 21 sentyabr) və Qış Günəş duruşu (20 və
ya 21 Dekabr) adlanırlar. Yaz və Payız
gün bərabərliyində Yer kürəsində gecə
ilə gündüz demək olar ki, bərabərləşir
və hər birinin müddəti 12 saata çox yaxın olur.
Yay Günəş duruşu vaxtı Yerin
Şimal yarımkürəsində yay fəsli, cənub
yarımkürəsində isə qış fəsli
başlayır. Qış Günəş duruşu
vaxtı isə bu proses tərsinə baş verir, yəni
şimal yarımkürəsində qış fəsli, cənub
yarımkürəsində isə yay fəsli başlayır. Biz də Yerin şimal yarımkürəsində
yaşadığımıza görə, bizim
üçün şimal yarımkürəsində baş
verən hadisələr daha çox önəmlidir.
Qış Günəş duruşu günündən
sonra günlər uzanmağa başlayır. Başqa
sözlə desək, bizim Günəşdən
aldığımız enerjinin də miqdarı getdikcə
artır. Fevralın son həftəsində bu enerjinin
miqdarı, necə deyərlər "təbiətin qış yuxusundan
ayılmağı üçün" lazım olan həddə
çatır ki, biz də bunu yaz fəslinin ilk əlamətləri
kimi qəbul edirik. Məsələn, qarın
daha sürətlə əriməyə başlaması, bəzi
yerlərdə su hövzələrində bitki cücərtilərinin
meydana gəlməsi və s. Bu proses birinci Novruz çərşənbəsi
olan həftə ilə üst-üstə düşür.
Günəş enerjisinin sonrakı
artımı Yer atmosferində əhəmiyyətli kəmiyyət
və keyfiyyət dəyişmələrinə səbəb
olur. Bunun nəticəsində qar
yağması daha çox yağış yağması ilə
əvəz olunur. Xalq arasında
"çoban yarması" adlandırılan və
qaraoxşar dənəvər formalı
yağıntının miqdarı artır. Bu dövrdə ilk Göy gurultularının
müşahidə olunması xarakterikdir. Xalq
arasında bu vaxt "vədə yellərinin əsdiyi
vaxt" kimi tanınır. Vədə yeli
və ya küləyi qış küləyindən fərqli
olaraq isti külək hesab olunur və qarın əriməsini
sürətləndirir. Bu dövr ikinci
Novruz çərşənbəsinin yerləşdiyi
ongünlüyə təsadüf edir. "Boz
ayın" üçüncü çərşənbəsi
yerləşən həftədə artıq torpaqda intensiv
oyanma prosesi başlayır. Torpağın
donu sürətlə açılır, aran yerlərində
artıq ağaclar oyanmağa meyilli olur.
Qışın
son həftəsi dağətəyi və aran zonalarında
intensiv yağışlarla və qarın çox sürətlə
əriməsi ilə müşayiət olunur, bu da su mənbələrində,
bulaqlarda, çaylarda, quyularda və s. suyun artmasına səbəb
olur. Yerin şimal yarımkürəsində
qışın son ayı ümumi hərarətin artması
ilə başlayır ki, bu da öz növbəsində
atmosferdə (havada), Yerin səthində (torpaqda) və suda əhəmiyyətli
keyfiyyət dəyişmələrinə səbəb olur.
Suyun tərkibində baş verən fiziki və
kimyəvi dəyişikliklər bitkilərə və digər
canlılara təsirində keyfiyyət dəyişmələrinə
səbəb olur. Sadaladığımız proseslər
Novruz bayramından sonrakı dövrdə təbiətdə
çox sürətlə gedən canlanma və yenilənmənin
təməlini təşkil
edir. Bu mülahizələri əsas götürərək
deyə bilərik ki, Novruz çərşənbələri Od çərşənbəsi,
Yel çərşənbəsi, Torpaq çərşənbəsi
və Su çərşənbəsi kimi də sıralana bilər.
Azərbaycan xalqının Novruz bayramına və onunla
bağlı olan Novruz çərşənbələrinə
münasibətinin özünəməxsus xüsusiyyətləri
vardır. Çərşənbələrdə yerinə
yetirilən ayin və mərasimlər həmin çərşənbələrin
adı ilə sıx bağlıdır. Məsələn,
Od çərşənbəsində əsasən,
odla, işıqla bilavasitə əlaqəsi olan mərasimlər
keçirilir. Xüsusilə çərşənbə
axşamı kənd yerlərində həyətlərdə
hökmən çərşənbə tonqalı
yandırılır, gənclər çərşənbə
tonqalının üzərindən tullanırlar. Həyətlərlə yanaşı, həm də kəndin
ətrafında, nisbətən hündür yerlərdə də
tonqallar yandırılır. Xalq
arasında belə bir inam var ki, tonqalın üzərindən
tullanmaqla insan təmizlənir, paklanır. Od çərşənbəsi ilə
bağlı mərasimləri bəzən atəşpərəstlik
dövründən qalma adətlərlə əlaqələndirməyə
çalışırlar. Ancaq bu mərasimlərin
atəşpərəstliklə heç bir əlaqəsi
yoxdur.
Hava və
ya Yel çərşənbəsi keçirilmə
xüsusiyyətlərinə görə Od
çərşənbəsindən fərqlənir. Belə ki bu çərşənbədə yerinə
yetirilən mərasimlər əsasən hava ilə
bağlıdır. Yel çərşənbəsi
adətən, mart ayının əvvəllərinə təsadüf
edir. Xalq arasında bu vaxt "vədə
yellərinin əsdiyi vaxt" kimi xarakterizə olunur. Yel
çərşənbəsi ərəfəsində bir qayda
olaraq ev əşyaları, xalçalar,
paltarlar və s. evdən bayıra çıxarılaraq havaya
verilir. Çərşənbə axşamı
gecəsi hamı çalışır ki, açıq havada
daha çox olsun. İnanca görə
açıq havada olmaq insanı gələcək xəstəliklərdən
və xoşagəlməz hadisələrdən qoruyur.
Torpaq çərşənbəsində torpaqla
bağlı bir sıra ayin və adətlər yerinə
yetirilir. Torpaq çərşənbəsində təmiz
yerdən kiçik daş parçaları və xam torpaq
götürülür. Daş
parçaları ərzaq saxlanılan qabların içərisinə
atılır və belə hesab olunur ki, daş
parçaları həmin ərzaq məhsulunu daha da bərəkətli
edir. Xam torpaqdan isə sonralar məişətdə
müxtəlif məqsədlər üçün istifadə
olunur. Məsələn, tutdan və üzümdən
hazırlanmış doşabın qıcqırmasının
qarşısını almaq üçün onun içərisinə
az miqdarda xam torpaq qatılır,
mal-qaranın müxtəlif xəstəliklərində
torpaqdan dərman kimi istifadə olunur və s.
Su çərşənbəsi həm də keçən
ilin son çərşənbəsi olduğundan, bəzən
"İlaxır çərşənbə" də
adlandırılır. Ümumiyətlə, xalqımızın
su ilə bağlı çoxlu sayda ayinləri, mərasimləri
və adət-ənənəsi vardır. Bunların
ən maraqlısı Su çərşənbəsi ilə əlaqədar
olaraq həyata keçirilənlərdir. Kənd
yerlərində bu mərasimlər daha qabarıq qeyd olunur.
Çərşənbə axşamı hər evdə
müxtəlif bulaqlardan götürülmüş su
olmalıdır və çərşənbə
axşamı hazırlanan yemək və içkilərdə
hökmən həmin sudan istifadə
olunmalıdır. Çərşənbə gecəsi (həftənin
ikinci günündən üçüncü gününə
keçən gecə) su gəzdirmək, üzük salmaq kimi
mərasimlərdə sudan istifadə
olunur. Yatmazdan əvvəl hamı çərşənbə
suyu içər ki, yaxşı və xeyirli yuxular
görsün. Çərşənbə
günü sübh tezdən, Günəş
doğmamış insanlar axar su üstünə
çıxar. Hətta mal-qaranı da
özləri ilə gətirərlər. Arzu
edənlər gördükləri yaxşı yuxuları suya
danışarlar ki, çin olsun. Belə
bir inanc var ki, çərşənbə suyu bütün
sıxıntı və xəstəlikləri özü ilə
aparır. Buna görə də hamı bir
nəfər kimi bir neçə dəfə suyun üzərindən
tullanar, mal-heyvanı axar su ilə suvararlar. Ağzı qapalı qabda təmiz su
götürülər və bu su demək olar ki, növbəti
İlaxır çərşənbəyə qədər hər
evdə xeyir-bərəkət simvolu kimi saxlanar. Maraqlıdır ki adi qrafinlərdə saxlanan su uzun
müddət xarab olmur. Bu sudan
körpə uşaqların bəzi xəstəliklərində
dərman kimi istifadə olunur.
Azərbaycanın bir çox bölgələrində
Novruz çərşənbələrinin sonuncusu daha təmtəraqla
qeyd olunur. Bütün
çərşənbələrə aid mərasimlərin
demək olar ki, hamısı məhz bu vaxt yerinə yetirilir.
Çərşənbə axşamı tonqal
yandırılmaqla başlayan mərasimlər, demək olar ki,
Günəş çıxana qədər davam etdirilir. Novruz
çərşənbələrində yerinə yetirilən
ayinlərin bəziləri Novruz bayramında da təkrar olunur.
Qulu
HƏZİYEV
AMEA
Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının
baş direktoru,
fizika-riyaziyyat
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 22 fevral.- S.13.