Müəllimlərin işə qəbulu:
yeniliklər inkişafa təkan verir
Təhsilin uğurlu inkişafı savadlı və peşəkar kadrların fəaliyyətindən birbaşa
asılıdır. Bu səbəbdən perspektivli
namizədlər arasında
düzgün seçim
apararaq onların mütəxəssis kimi təhsil müəsisələrinə
cəlb olunması aktual məsələlər
sırasındadır. Son illər Təhsil
Nazirliyi tərəfindən
bu istiqamətdə bir sıra ciddi
islahatlar aparılaraq mühüm yeniliklər tətbiq edilir. Bu sahədə həyata
keçirilən ən
önəmli dəyişikliklərdən
biri də müəllimlərin işə
qəbulu ilə bağlıdır. Artıq 10 ildən
çoxdur ki, ölkənin orta ümumtəhsil məktəblərinə
müəllimlərin işə
qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir.
Təhsil
naziri Emin Əmrullayev deyir ki, müəllimlərin işə qəbulu
(MİQ) müsabiqəsinin tətbiqi özlüyündə
bir neçə problemi həll edib: "Misal olaraq bu sahədə
korrupsiyanı aradan qaldırır, şəffaflıq
yaradır və rəqabətliliyi artırır.
Ziyanına gəlincə, müəllim
olmaq istəyən namizədlərə fərdi
yanaşa bilmirik.
Yəni,
müəllimi öz kəndinin məktəbinə
göndərə bilmirik.
Ümumilikdə isə MİQ bu
gün üçün
faydalıdır. Ona görə
də bu gün MİQ həyatdadır".
Müəllimlərin işə qəbulu üzrə müsabiqə
müvafiq qaydalara uyğun olaraq dörd mərhələdə
- elektron ərizə qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə yolu ilə aparılır.
Təhsil
Nazirliyinin İnsan resursları şöbəsinin
müdiri Eşqi Bağırovun sözlərinə
əsasən, müəllimlərin
işə qəbulu müsabiqəsi ilə bağlı beynəlxalq təcrübə, müraciətlər,
rəylər nəzərə
alınır və hər il
müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır.
Əsas məqsəd imtahan suallarını təkmilləşdirmək və
test bankını daha
da zənginləşdirməkdir. Müsabiqənin
keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub.
Bu il də
müəyyən təkmilləşmələr
aparılıb və buna əsasən yeni qaydalar qüvvəyə
minib. Dəyişiklik
iki hissə üzrədir - həm müəllimlərin işə
qəbulu, həm də iş yerinin dəyişdirilməsi
üzrə. Builki dəyişikliyə əsasən, test imtahanı
mərhələsində sualların
cavablandırılması üçün
verilən 90 dəqiqə
120 dəqiqəyə qədər
artırılıb. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına
görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər.
40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda
düzgün cavablandırılmaya
görə 1 bal tətbiq
ediləcək. Səhv cavablandırılan
4 testin cavabına görə 1 düzgün
cavab silinəcək.
Şöbə müdiri deyir ki, ötən il 8000-ə yaxın
vakansiya elan edilmişdi. Tədris ili müddətində
də əlavə
5000 yer ayrıldı.
Ümumilikdə 13 minə yaxın
vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər
builki MİQ müsabiqəsində
də elan ediləcək: "Bu ənənənin
bu il üçün
də davam etdirilməsi nəzərdə
tutulur. Demək olar ki, eyni sayda vakant
yerlər builki MİQ
müsabiqəsində də
elan ediləcək.
Müsabiqənin keçirilməsi prosesi iyulda başlayıb avqusta kimi davam edir.
Tədris ilinin əvvəlinə
kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır. Məlumat üçün
bildirim ki, son illər müəlimlərin
işə qəbul müsabiqəsinə müraciət
edən namizədlərin
sayı artıb.
Əvvəlki vaxtlarda müəllimlik
üçün namizədlərin
sayı 10 min idisə,
2021-ci ildə 62 min nəfər
elektron qaydada qeydiyyatdan keçib".
Eşqi
Bağırovun dediyinə
görə, müəllimlərin
işə qəbul müsabiqəsinin vakansiya
seçimi mərhələsində
ilk olaraq şəhid ailəsi üzvlərinə,
daha sonra digər namizədlərə
üstünlük veriləcək:
"Digər dəyişikliyə
görə, bu ildən ucqar kəndlərdə 3 ildən
çox fasiləsiz işləyən müəllimlərin
nəticələrində ballar
1.5, 5 ildən çox
işləyənlərin nəticələri
isə 1,1 əmsalına
vurularaq hesablanacaq".
Müəllimlərin işə qəbulu müsabiqəsində edilən
yeniliklər namizədlərə
nə vəd edir?
Kurikulum
təlimçisi Mahir
Əhədov hesab edir ki, MİQ-də edilən yeniliklər müəllim
namizədlərin xeyrinədir:
"Xüsusilə, imtahan
vaxtının artırılmasını,
ümumi nəticədə
ixtisas balının nisbətinin çoxaldılması
namizədlərin xeyrinədir.
Təbii
ki, istənilən dəyişiklik hamı tərəfindən birmənalı
qarşılanmır. Onlar arasında
hər 4 səhv cavabın 1 doğrunu silməsi müəllim namizədləri ən çox məyus edən dəyişiklik kimi görünür. Amma fikrimcə, bu yenilik müəllim seçimində keyfiyyətliliyin
artırmasına müsbət
təsir edəcək.
Çünki namizədlər daha
məsuliyyətli və
hazırlıqlı olmağa
çalışacaqlar".
Müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi bu sahədə mövcud olan bir sıra
problemləri aradan qaldırır. Əvəllər müəllimlərin işə qəbulu başqa formada həyata keçirilirdi.
Bu zaman şəffaflıq
tam təmin olunmurdu, prosesə kənar müdaxilələr olunur,
biliyi, bacarığı
olmayan namizədlər
müəllim seçilirdi.
Ancaq yeni sistemdə onların işə qəbulu prosesinin mərkəzləşdirilmiş müsabiqə formasında
həyata keçirilməsi
bütün bu çatışmazlıqlara, ədalətsizliyə
son qoydu.
Əməkdar elm xadimi, professor Şahlar
Əsgərov deyir ki, müəllimlərin işə qəbulu müsabiqəsi mərkəzləşdirilmiş
şəkildə şəffaf
və obyektiv keçirildiyi üçün
vakant yerlər də savadlı və potensialı olan kadrlar tərəfindən
tutulur: "Bu müsabiqə
müəllim olmağa
layiq, perspektivli, hazırlıqlı, öz
ixtisası üzrə
ən yüksək biliyə malik müəllimləri üzə
çıxarır. Biliyi sayəsində
yüksək nəticə
göstərən belə
müəllimlər də
məktəblərdə ayrılan
vakant yerlərə yerləşdirilir. Yüksək
nəticə göstərən,
yenilikçi, yaradıcı,
tələb olunan standartlara cavab verən müəllimin tədris prosesinə cəlb olunması, təhsilin keyfiyyətinin yüksəlməsinə, şagirdlərin
lazımi səviyyədə
təhsil almasına şərait yaradır:
"Bu gün Təhsil
Nazirliyinin əsas hədəfi ən yaxşı müəllimləri
seçib onları məktəblərə, təhsil
prosesinə cəlb etməkdir. Ən savadlı mütəxəssisləri
isə müəllimlərin
işə qəbulu müsabiqəsi vasitəsilə
müəyyən etmək
olar".
Şahlar
Əsgərov qeyd edib ki, dünyanın
bir çox inkişaf etmiş ölkələrində də
müəllimlər işə
müsabiqə yolu ilə qəbul edilir: "Məsələn,
Türkiyədə müəllimlərin
işə qəbulu prosesi sözügedən ölkənin müvafiq qurumu tərəfindən müəyyən edilən
qaydalar əsasında
müsabiqə yolu ilə həyata keçirilir. Təkcə Türkiyədə deyil, bir çox
ölkələrdə məktəblərə
müəllim qəbulu
müsabiqə əsasında
aparılır. Fərqli
imtahan modellərindən
istifadə edilsə də məqsəd eynidir: Peşəsini sevən peşəkar kadrları məktəbə,
təhsilə cəlb
etmək".
Təhsil
eksperti Nadir İsrafilov
bildirib ki, təhsil eksperti kimi dəfələrlə
müəllimlərin işə
qəbulu üzrə imtahanlarda müşahidəçi
qismində iştirak edib: "Müşahidəçi
qismində iştirak etdiyim imtahanların təşkili səviyyəsindən
və ən əsası prosesin obyektiv şəkildə keçirilməsindən razı
qalmışam. Proses
tam elektron formada və şəffaf şəkildə təşkil
olunur. İmtahan zamanı namizədlər
kompyuter qarşısında
əyləşib heç
bir kənar müdaxilə olmadan biliklərini sərbəst
və rahat şəkildə nümayiş
etdirirlər. Suallar xüsusi
kompüter proqramı
vasitəsilə variantlaşdırılır.
Ona görə də suallarda hər hansı bir dəyişiklik etmək, köçürmə hallarına,
kənar müdaxiləyə
yol vermək mümkün deyil. Namizədlərdən yeganə
tələb odur ki, suallara düzgün
cavab verib müvafiq balı
toplasınlar. Əsasən
dörd mərhələ
üzrə keçirilən
bu proses namizədlər arasında
sağlam rəqabət
mühiti də yaradır".
Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan Elnurə Mehralıyeva MİQ-də uğur qazanmasına səbəb müsabiqənin şəffaf şəraiti və obyektiv qiymətləndirməsi ilə əlaqələndirir: "İnsanın bilik və bacarığı ilə uğur qazana biləcəyindən əminliyi onu öz üzərində daha çox işləməyə həvəsləndirir. MİQ imtahanına çox ciddi şəkildə heç bir hazırlığa getmədən özüm hazırlaşmışdım. İmtahana ciddi şəkildə hazırlaşdığım üçün suallar mənə elədə çətin gəlmədi. Oxuduğum sualları isə dərhal cavablandırırdım. Üç sualda səhv etdiyim üçün 57 bal topladım. Savadı, biliyi olan hər bir namizədin bu imtahanda uğur qazanması, yüksək bal toplaması mümkündür. Çünki imtahan prosesi obyektiv və şəffaf təşkil olunub. İmtahan verən zaman mən özüm də bunun şahidi oldum. İmtahanda şəffaflığın olması, kadr heyəti, nəzarətçilərin münasibəti mükəmməl səviyyədə idi. Sualların səviyyəsi aşağı, normal və çətin olaraq qurulmuşdu. Hazırlıqlı, bilikli namizədlər bu sualları rahatlıqla cavablandırırdı. İmtahanlarda şəffaflıq layiqli müəllimlərin təhsilimizə yolunu açır. MİQ vasitəsilə doğurdan da müəllim olmağa layiq insanlar seçilir".
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas prioritet məsələ savadlı müəllimlərin təhsil prosesinə cəlb olunmasıdır: Müəllimlərin işə qəbulu müsabiqəsi də məhz belə kadrların aşkara çıxarılması üçün keçirilir.
Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, sevindirici haldır ki, son illərdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb: "Son illər müəllimlik peşəsinə seçən yüksək ballı abituriyentlərin sayında artım müşahidə edilir. Ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər dörd nəfərdən biri nüfuzlu peşə sayılan müəllimliyi seçir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 22 fevral.- S.12.