ANA DİLİM - ANA VƏTƏNİM!    

 

 

Ana dilimizə sadəcə bir ünsiyyət vasitəsi kimi deyil, xalqın tarixinin vərəqləndiyi bir vasitə kimi baxmalıyıq. Bəli, dilə verilən dəyər tarixə, ədəbiyyata, mədəniyyətə verilən dəyərdir. Eksperiment aparılarsa, asanlıqla təyin edilər ki, dilinə biganə yanaşan tarixi keçmişinə , soykökünə , milli düşüncəsinə eyni lqeydliyi əks etdirir. Bu, başqa cür ola da bilməz. Ona görə ki, hər bir şəxsin ana dili onun düşündüyü dildir, danışdığı deyil. Çünki insan düşünüb danışır. Əgər duyğu düşüncə milli köklərə köklənməyibsə, Xalq şairi S.Rüstəmxanlının da dediyi kimi, düşüncə antenalarımız ana dilimizə tuşlanmayıbsa, bihudədir.

Dil hər bir xalqın ünsiyyət vasitəsi olmaqla yanaşı, həm nəsillərarası körpü rolunu da oynamaqdadır. Dil ulularımızın əmanətlərini bizlərə yetirdiyi kimi, bizim əmanətlərimizi gələcək nəsillərə ötürən, özünəməxsus inkişaf qanunauyğunluqları olan canlı orqanizmdir. Xalqın tarixində baş verən yaxşı, pis varsa, hamısı dilə hopur, dildə öz əksini tapır. Dil qalib, məğlub, inkişaf, süstlük kimi prosesləri yaşayır, üzərindən illər keçsə həmin dövrə məxsus o keyifiyyətləri özündə əks etdirir. Cəmiyyətin müxtəlif təbəqələrinin dilə yanaşmasından asılı olmayaraq, dil onu yaşadanların, uğrunda canından keçənlərin dilidir, əmanətidir. Dilə şəhidlərimizin, ulularımızn əmanəti kimi baxmayan insandan, əlbəttə ki, dilə ehtiram görə bilmərik. ümidsizliyə gərək yoxdur, ondan ötrü ki, dilimiz canını onun üçün sipər edənlərin keşiyində olduğu kimi, ömrünü, həyatını xalqın, millətin yolunda şam kimi əridənlər dilimizin xidmətində, keşiyindədirlər.

Bu gün Ana dilimiz dünya dilləri müvazənəsində qalib dil statusunu yaşayır.Biz bu sevinci bizə yaşadanlara bir ömür borcluyuq. Bu gün ana dilimiz tarixi zəfər zirvəsindən boylanır dünyaya. Deyə bilərik ki, tarixin bütün dövrlərində ana dilimizdə səslənən kəlmələrin ən şanlısı müqəddəs şəhidlərimizin vətəni işğaldan azad edərkən söylədikləri "Vətən sağ olsun", Ali Baş Komandanın "Qarabağ Azərbaycandır", "Zəfər günün mübarəkdir doğma xalqım" ifadələridir. Məhz ana dilimizə verdiyimiz dəyər bu konteksdə olmalıdır. Unutmamaq lazımdır ki, Vətənin azadlığı uğrunda canından keçən hər bir insanımız həm ana dili uğrunda şəhid sayılır. Çünki torpağı işğalda olan bir xalqın dili işğalda hesab edilir. Deməli, Vətən müharibəsindəki qələbəmiz həm azad edilən ərazilərimizdə, doğma Qarabağımızda ana dilimizin təntənəsi oldu.

Qələbə ilə başa çatmış müqəddəs Qarabağ savaşında da bütün əmrlər ana dilimizdə verildi, əsgər zabitlərimizin silahı güllə mərmilərlə yanaşı, həm ipək kimi yumşaq, qılınc kimi kəsərli ana dilimiz oldu. Ana dilimiz qəhrəmanlarımız kimi döyüşdü, qalib gəldi. Bütün dövrlərdə millətimizə, dövlətimizə, torpağımıza qarşı yönələn ən qəsbkar hücumları qalxan kimi qarşılayıb dəf edən ana dilimiz olub.

Torpağımız ikiyə bölünən zaman, eyni zamanda, "qırmızı qaranlıqların hökm sürdüyü dövrlərdə" ana dilimiz milli ziyalılarımızın təəssübkeşlyi ilə yaşadı inkişaf etdi. Deməli, dil canlı orqanizm olsa da, onun yaşaması bu dildə danışanların ona öz anası kimi sahib çıxması ilə bağlıdır. Görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərli hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini təmin edən əsas başlıca amil hesab edirdi: "Bir millətin malını, dövlətini hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan, fot olar ondan bir nişan qalmaz".

Bəli, yaşadığımız dünyada bunun parlaq örnəklərindən biri xalqımızın öz ana dilinə olan sevgisidir. Bu mənada xoşbəxt xalqıq ki, tarixin bütün mərhələlərində ana dilimizi qoruyan, sevən və inkişaf etdirən vətənpərvər ziyalı ordumuz olmuşdur. Onların ana dili sevgisinin işığında dilimiz və millətimiz bu kimi təhlükələrdən hifz olunmuşdur. Bu mənada mərhum dilçi alim, professor Buludxan Xəlilov yazırdı: "Xalqımızın qəhrəmanlıq salnaməsi olan ana dilimizdə millətimizin tarixi canlanır". Doğrudan da, ana dilimiz xalqımızdan və onun öndə gedən liderlərindən güc alıb.

Əsrlərdən bəri ana dilimizin qorunması və saflığı uğrunda ulularımızın apardığı mübarizə fonunda, heç şübhəsiz, ən ali mübarizə Vətən müharibəsində əldə olunan qələbəmiz oldu. İllərlə işğal altında olan doğma torpaqlarımızda Milli Ordumuzun Vətən sevgisindən doğan zəfər səsləri yayıldı. İşğal edildiyi gündən öz doğma adında səslənməməsinin xiffətini çəkən şəhərlərimiz, rayon və kəndlərimiz Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli çıxış və müraciətlərində yenidən canlandı. Onun qətiyyətli göstərişləri ilə torpaqlarımız eybəcər adlardan sıyrılaraq öz əzəli adları ilə çağrıldı.

Tarixə öz möhürünü vuraraq "Qarabağ Azərbaycandır" nidası ilə yola çıxan Ali Baş Komandanonun müzəffər ordusunun dilində ana dilimizin kəlmələri zəfər çaldı. Bu mənada "Qarabağ Azərbaycandır!" nidası həm də ana dilimizin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida oldu. Çünki 30 ildə təkcə torpaqlarımız deyil, həm də həmin ərazilərdə yerləşən tarixi abidələrimiz, tarixi toponimlərimiz də öz ana dilimizdəki gözəl adlarından uzaq düşmüşdü. 30 ildə işğal altında olan ərazilərimizdə doğma ana dilimiz də tamamilə sıxışdırılmış və işğal edilmişdi. Azərbaycan xalqının tarixi zəfəri doğma torpaqlarımızda ana dilimizin yenidən intişar tapmasına meydan açdı. Və beləliklə, Ana dilimiz, Ana Vətənimiz həm də onun uğrunda canını sipər edənlərin əmanətidir.

 

 

Əlimuxtar MUXTAROV

AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzi,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 22 fevral.- S.11.