Küveytdə kino və kinematoqrafiya
Küveytin ilk tammetrajlı filminə nəzər salsaq,
bizim keçmiş kinematoqrafımızla oxşar klişe, yəni
qəlib dramaturgiya, süjet, konflikt və digər analogiyalar
görəcəyik. Şərqin patriarxal ruhunun
dominantlığı bu filmdə ərəb ölkəsi
rakursunda verilsə də, ekrana köçürülən
faciə yoxsulluq həddində yaşayan insanlara doğma və
təsirlidir; xalq dilində desək, ağlamalı kinodur.
Belədir
süjet: Kasıb bir tikə çörək dalınca
ağır zəhmətə qatılaşır, sevdiyi
qızı almaqçın pul yığmaq istəyir, lakin
sevdiyi qızı ailəsi döyə-döyə varlı bir
yaşlıya ərə verir. Sonda, qazanc
dalınca dənizin dibində mirvari çıxarmağa
yollanan oğlunun ölüm xəbərinə nalə çəkən
ananın tamaşaçının duyğularını yerindən
oynadan fəryadı bürüyür ekranı.
1972-ci il istehsalı, "Qəddar dəniz"
("Bas ya Bahr") adlı bu film müasir dünyanın ən
varlı ölkələrindən biri olan Küveytin neft
bumundan əvvəlki halını əks etdirir. Ekranlara çıxdığı gündən
etibarən, dünyanın ən mötəbər
kinofestivallarında yüksək mükafatlar qazanan bu film, hətta
"Oskar" nominasiyasına da təqdim olunan ekran əsərləri
sırasındadır.
“Qəddar
dəniz” filminin afişası
Bir çoxlarımızın yanında ərəb
kinosundan söhbət açanda, bu ölkələrin
kinematoqrafını geridəqalmış kimi təqdim etmək
stereotipi üzə çıxır. Halbuki dünya kinosunun
dəyərləndirmə rakursundan baxanda, onlar "Oskar"a
bizdən çox -çox qabaq iddialı ediblər. Biz
öz kinomuzla müqayisə etsək, ərəblərin
"Oskar"a yaxınlığını, onların Amerika,
Avropa, bizim isə Rusiya-SSRİ çərçivəsində
dəyərləndirməylə bağlı olduğunu təsdiq
etməliyik. Sadə bir fakt isə odur ki, ərəb
ölkələrinin ən irəlidə gedən Misir
kinoindustriyası dünyada Şərqin Hollivudu adıyla
şərəfləndirilir.
Yuxarıda
adını çəkdiyim, Küveytin ilk tammetrajlı
filminin rejissoru, ötən il
dünyasını dəyişmiş Xalid Əl-Siddiqin
özü də Amerikanın Kaliforniya Universitetində təhsil
almışdı. Rejissorun "Qəddar dəniz"
adlanan filminin dəyəri isə onun məhz milliliyində
idi. Bu dəyəri qazanmaqçın Qərbin
kino sənayesindəki texniki imkanlardan istifadə edilmişdi.
Belə ki, 70-ci illərdə bizim kinomuzçun
əlçatmaz olan sualtı çəkilişlər bu
filmin məziyyətlərindən biridir. Filmdəki
mürəkkəb sualtı çəkilişlər bu
gün də Küveytin sənədli kinosunda material ola bilir.
Küveytin neft bumundan əvvəlki iqtisadiyyatını,
xalqın milli adət- ənənələri çərçivəsində
işıqlandıran bu film dünya kinosunda həm də
etnoqrafik ekran əsəri kimi dəyərlidir.
Xalq
artisti Həmidə Ömərova ilə Küveyt Milli
Günü ilə bağlı mərasimdə
Yenə də Amerika dəyərinə, yəni
Amerikanın məşhur kino tənqidçisi Rocer Evertin film
haqda söylədiklərinə diqqət yönəldək. O yazırdı: "Qəddar
dəniz" təkcə onun rejissoru Xalid Əl- Siddiqin
özünün deyil, həm də ölkəsinin ilk
tammetrajlı filmidir. O, Cənubi Kaliforniyada aspiranturanı
bitirib film çəkməkçin Vətəninə
qayıtdıqda, o vaxtın dəbdə olan əyləncəli
filmlərindən birini çəkməyə şirniklənməyib,
maneələr dəf edə bildi. Rejissor,
Küveytin illər əvvəlki köhnə kəndli həyatını
çəkməyi dəyər bilərək, bu ritmə sadiq
qaldı. Belə ki, film çox qəribə
sətiraltı emosional təsirə malikdir. Filmdəki personajların bir-birinə mühafizəkarcasına,
demək olar ki, ayinlərə uyğun yanaşmasına
baxmayaraq, ekranda onların hissləri daha təsirli tərzdə
ifadəsini tapır".
Həqiqətən,
özünəməxsus üslubu var filmin. Belə
ki, burda hadisə bəzən hərəkətdə olan, bəzən
də fotolardakı kimi donmuş kadrlarla irəliləsə də,
sakit və dinamikadan kənar görüntülər
tamaşaçının hiss və duyğularını daha
da coşdurur, daha doğrusu, ekrandakı sakitliklə tamaşaçı
hisslərinin təlatümü arasında təzad yaranır.
Bu isə, ekranda verilən faciənin mahiyyətini
dərindən anlamağa kömək edən bir rejissor
tapıntısı adlana bilər.
Faciə...
Əgər bu filmi Küveytdəki
keçmiş xalq həyatının tarixi bir
güzgüsü kimi dəyərləndirsək, onda
müasir dünyanın ən varlı ölkələrindən
biri sayılan Küveytin, bugünkü zəngin həyat tərzinə
hansı ağrı-acılar bahasına qovuşduğunun fərqinə
varacağıq. Təbii ki, bu inkişaf həm
də onun kinematoqrafına aiddir.
Belə
ki, əvvəllər Qərb kinosunun imitasiyası olan (bayaq
qeyd etdiyimiz kimi, ilk dəfə "Qəddar dəniz"in
rejissoru, öz həmkarlarından fərqli olaraq, bu yolla irəliləməyə
"yox" dedi) Küveyt kinematoqrafı bu gün daim
inkişafda olan kino sənayesinə söykənir.
Həmçinin,
bir islam ölkəsi olaraq, Küveyt
dövləti Ümumdünya Müsəlman Ölkələri
Liqasının qərarlarından da kənarda saxlamır
kinosunu. Bu baxımdan, bir faktı xüsusi qeyd
edim. 1976-cı ildə Suriya əsilli, məşhur
Hollivud rejissoru Mustafa Akkadın çəkdiyi "Allahın
elçisi Məhəmməd" filminin çəkilişlərinə
öz büdcəsindən pul ayıran Küveyt, sonradan
Müsəlman Liqasının bir sıra səbəblər əsasında
verdiyi qərara görə yardımını
dayandırmışdı. Diqqətə
çatdırmaq istədiyim digər maraqlı fakt isə,
Akkadın bu məşhur filminin çəkilməsində
Liviyanın keçmiş lideri Qəddafinin önəmli
roludur. Sonra Qəddafi Akkadın digər bir filminə,
islamın müsbət rolunu dünyaya car etmək istəyən
"Çöl aslanı"nın
reallaşmasına da 35 milyon dollar yardım etmişdi.
Müsəlman ölkəsi kinosu olaraq, Küveyt
kinematoqrafında qadın aktrisalar mövzusundan da yan keçməməliyik.
Küveyt kinosunun formalaşmasında görkəmli rol
oynayan bir neçə aktrisanın adını çəkərkən,
aktrisa, yazıçı, kinoprodüser kimi sevilən Həyat
Əl-Fahadın adını xüsusi vurğulamalıyıq. O, məqalənin əvvəlində
haqqında söhbət açdığımız "Qəddar
dəniz" filmində baş rolun - Ana obrazının
ifaçısıdır.
Həyat Əl Fahad ərəb dünyasının
korifey kino sənətkarlarının üçündən
biri sayılır. Hazırda 73 yaşın içində
olan bu xanım sənətkarın adı mətbuatda son
vaxtlar pandemiya problemiylə bağlı çox hallandı.
Belə ki, əhalisinin böyük əksəriyyəti
miqrantlardan ibarət olan Küveyt dövlətində miqrant məsələsi
hələ də həssas məsələ olaraq
qaldığından, Həyat Əl-Fahadın müsahibə
verərkən söylədiyi bir cümləni əldə dəstavüz
edən mətbuatda aktrisa rasizmdə günahlandırılmışdı.
Aktrisa müsahibə zamanı söylədiyi
"miqrantları səhrada yerləşdirmək vacibdir"
fikrindən imtina etmədən, bildirdi ki, qətiyyən
rasistlik meyli yoxdur onun bu təklifində, sadəcə,
pandemiya dövründə ölkənin tibbi mühafizəsini
təmin etməkçin, miqrantlara səhrada modul tipli xəstəxanalar
tikilməsini vacib sayır.
Aktrisa
Fouz Əl-Fahad
Bəli, göründüyü kimi, Küveyt kinosunun
tarixini yazan, "Qəddar dəniz" filmində söhbət
açılan ədalətsizliyə qarşı fəryad edən
Ana obrazıyla məşhurlaşmış Həyat xanım,
ölkəsində qayda-qanunların tətbiqində də,
adı kimi həyati rol oynamaq iddiasındadır bu gün.
Küveytin digər məşhur aktrisası isə
"Körfəz ekranının Sinderellası" tituluyla
tanınan Suad Abdulladır. İraq əsilli bu
aktrisa əsasən, seriallarda çəkilir. Ümumiyyətlə,
Küveytdə, tammetrajlı bədii filmlərdən
çox, seriallar çəkilir. Bununla
yanaşı, Küveyt kinematoqrafı film istehsalında yenə
də ilkə imza ata bilib. Bu, 2019-cu ildə,
özünün "Royal Tale "
şirkətində, rejissor Abdulla Əl-Vazzanın animasiya
janrında çəkdiyi "Falafel arabası" adlı
qısametrajlı filmdir. Ötən ilin "Oskar"
nominasiyasına təqdim olunan ilk Küveyt animasiya filmi kimi, bu
film 2021-ci ilin digər beynəlxalq kinofestivallarında da
yüksək dəyərləndirildi.
Bu rejissorun 2021-ci ildə çəkdiyi "Xaos üzərində
yüksəlmə" qısametrajlı filmi də layiqli qiymətini
almış uğurlu ekran əsəridir.
Gənc nəsil xanım rejissorlardan Farah Əl-Həşim
Küveytin kino ictimaiyyətində öz çəkisi olan
rejissor və jurnalistdir. Onun yaratdığı Kino Evi "Beyrutda
yerləşsə də, xanım əsasən, Küveyt və
Livan sənətkarı kimi tanınır. Belə ki, Beyrutdakı Kino Evindən o, Küveyt
üzrə distansion kino dərsləri verir. Amerika,
Fransa, İngiltərənin kino cameəsində
özünün "Beyrutda səhər naharı" filmilə
məşhur olan Fərəh Əl Həşimin bu əsəri,
həmin ölkələrdə miqrant həyatı yaşayan
bir neçə livanlının evsizlik, həyat, ölüm,
yurd sevgisi və mühüm həyati problemlərilə
bağlı söhbətləri əsasında qurulub. Yüksək dəyərləndirilən "Beyrutda
səhər yeməyi" tammetrajlı bədii-sənədli
filmi, uğurlarına baxmayaraq, rejissorun öz vətəni
Küveytdə film festivalına buraxılmamışdı.
Qeyd edim ki, bu qadağa filmdə alkoqollu,
açıq-saçıq kadrları ixtisar şərtlərilə
bağlı olmuşdu. Bəli, bir islam
ölkəsi olaraq Küveytdə alkoqol qadağan edilmiş
mövzudur. Bura açıq
-saçıqlıq qadağasını da əlavə etsək,
tam müsəlman kinosu sərhədini təsvir etmiş
olacağıq. Lakin Qərbin kinosu, demokratik mühiti ilə
sıx əməkdaşlıq edən Küveyt kinosunda buna
asanlıqla nail olmaq mümkündürmü? Axı
dəllalların nə milləti, nə də dini-imanı
olur. Buna görə də Küveytin
hüquq-mühafizə orqanları ideoloji sahənin ən
güclü təbliğat vasitəsi olan kinematoqrafda
senzuranı vacib sayır. Bir neçə il
öncə, tanınmış aktrisa Haya əl-Şubai porno
elementlər təbliğ edən bir paylaşımına
görə, hüquq-mühafizə orqanları tərəfindən
saxlanılmışdı.
Keçmiş
səfir Səud Əbdüləziz Əl-Rumi ilə,
Küveytin Milli Gününə həsr olunmuş mərasimdə
- 2017-ci il
Qadağalardan biri də İsrail kinematoqrafına
münasibətdə mövcuddur. Bu günlərdə İsrailin məşhur
aktrisası Qal Qadotun baş rol ifaçısı olduğu
"Nildə ölüm" filminin Küveyt
kinoteatrlarında göstərilməməsi barədə
hökumətin verdiyi qərarı buna misal göstərmək
olar. Bu aktrisanın adı Fələstinə
qarşı vuruşan İsrail ordusuna rəğbəti ilə
əlaqədar hallandığından, o, Küveyt ictimaiyyətinin
qəzəbinə tuş gəlmişdi. Xalq
senzurasının gücünü nümayiş etdirən bu
faktı açıqlayarkən bildirməliyik ki, Amerikanın
"20-ci əsr Foks" studiyasının istehsalı olan
filmlərə Küveyt kinoteatrlarında qadağa olmasa da, məhz
israilli aktrisanın filmdə baş rol almasını həzm
etməyən xalq, öz etirazını reallaşdıra
bilib, filmin ekranlarda qadağasına nail olmuşdu.
Bununla bir daha vurğulamaq lazımdır ki, Küveytdə
film nümayişinə senzura ictimaiyyətin nəzarətilə
əlaqəli şəkildə fəaliyyət göstərir. Bu, həm də
kinoteatrlar şəbəkəsinin bu ölkənin zəngin
iqtisadiyyatının dəstəyi ilə təşkilinə
imkan yaradır. Yəni varlı küveytli
kinoteatrlara gələrkən özünə qarşı diqqət
və qayğıdan razı qalmalıdır. Hələ 1954 -cü ildə əsası qoyulan
"Cineckape" Küveytdə bu problemləri
reallaşdıran milli kino şirkətidir. Kino zalında əyləşib filmə tamaşa etmək
istəyən müasir tamaşaçı hansı
rahatlığı xəyal edə bilərsə, Küveyt
kinoteatrlarında bu rahatlıqlar tam təmin edilib. Bu isə zəngin Küveytin özüylə fəxr
etməsinin bir atributudur. Çöldəki
qızmar istidən qurtulmaqçın da ən yaxşı
istirahət mərkəzləridir bu kinoteatrlar.
Məqaləmin əvvəlində Küveyt
kinematoqrafından misal verərkən, bir müsəlman
ölkəsi olaraq kinomuza yaxın ştrixlərinə diqqət
yetirmişdim.
Ona görə də, bu xüsusda, əsas bir məsələyə
də toxunmaq istərdim. Bu, müsəlman
adət-ənənələriylə bağlı bir məsələdir
ki, artıq 21-ci əsrdə həm bizdə, həm də
onlarda tam geridəqalmışlıq əlaməti kimi qəbul
edilir. Belə ki, həm bizdə, həm də
onlarda dünənə kimi mühafizəkar ailələrdə
gənc qızların aktrisa olmaq arzuları beşiyindəcə
boğulurdu. Ancaq göründüyü
kimi, qadın böyük qüvvə olaraq, artıq
qadağaları dəf edə bilib, ekranları ələ
almaqdadır hər iki ölkədə. Küveytdə
aktrisaların ekrana gözəllik bəxş etmək kimi bir
üstünlüyü də var. Belə ki, dünyanın
gözəllik yarışmalarının qalibləri,
tanınan modellər də var bu aktrisaların
sırasında. Yəni ekrana bu sahələrdən
gələn aktrisalar azlıq təşkil etmir.
Bu sırada gözəl sənətçilər Ema
Şahı, Amal Əl- Avadhini, Fouz əl-Fahadı və bir
çox digərlərini misal çəkmək olar.
Aktrisa
Amal Əl-Avadhi
Aktrisa Ema Şah
Ancaq bununla yanaşı, müsəlmançılıq,
onlarda olduğu kimi bizdə də öz ampluasını əldən
vermir. Yəni qadının öz gözqamaşdıran fəaliyyətini
reallaşdırmasını, daha doğrusu, aktrisa
olmasını, ailə daxilindəki lay divarı yarıb irəli
çıxması kimi də təsəvvürdə
canlandırmaq olar.
Yeri gəlmişkən, kino siyasətimizlə müqayisəni
də vurğulamağım yerinə düşərdi. Hazırda
Küveyt kinoteatrlarında nümayişinə qadağa
qoyulan, yuxarıda haqqında danışdığım
"Nildə ölüm" filmi, bizim kinoteatrlarda fevral
ayından etibarən ətrafına böyük
tamaşaçı kütləsi toplamağa başlayıb və
çox təriflənir. Ancaq bu fakt Azərbaycanla
Küveytin dostluğuna qəti xələl yetirməyən
bir ştrixdir.
(Qeyd: Məqalə 25 Fevral -
Küveyt Dövlətinin Milli Günü münasibətilə
hazırlanıb)
Sədaqət KAMAL
525-ci qəzet.- 2022.- 23 fevral.- S.22-23.