Samuray mənəvi ruhu yaşayır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Avropalı kimi ilk dəfə Çində olmuş Marko Polonun XIII əsr tibetliləri barədə yazdıqları daha böyük təəccüb doğurur. Məşhur venetsiyalı səyyah Tibetdə qızların "qonaqlarla fahişəlik etmək" qaydasını təsvir edir. O deyirdi ki, orada bakirə qızla evlənmirlər, hesab edirlər ki, ərə gedənə qədər başqalarına yataqda arvad xidməti göstərməyibsə, belə qızın heç bir dəyəri yoxdur. Yolçu iri və ya kiçik kəndə gəlib çatanda, qoca arvad ona yaxınlaşıb öz qızları ilə yatmağı təklif edir, qızlarını da onlarla yaxınlıq etməyə həvəsləndirir. Qonaq etiraz edə bilmir, həmin qızlarla öz həzzi naminə əylənir. Yaxınlıqdan sonra o, qıza üzük, yaxud əhəmiyyətsiz bir şey bağışlamalıdır ki, qız bunu öz təcrübəsinin işarəsi kimi ərə getdiyi oğlana göstərsin. Hər bir qız belə 20-30 nişanəyə malik olur, ərə getmək üçün ən azı 20 kişi ilə əlaqədə olmaq məqbul sayılır. Nişanələr isə öz növbəsində xüsusi "cehiz" rolunu oynayır. Lakin qızın bu yaxınlıqdan sonra əcnəbi ilə ölkədən getməsinə icazə verilmir.

 

Bu qaydanın digər paradoksal cəhəti ondan ibarətdir ki, bu qızlarla ailə quran ərləri onları çox əzizləyirlər. Çünki keçmiş təcrübə unudulur və gəlin başqa kişi ilə əlaqədə olmur. Görünür, çox sayda kişilərlə intim əlaqədə olmaq və bunun nişanələrinə sahib olmaq ərə getmək talonu rolunu oynayırmış.

 

Qədim spartalılarda da qadınların başqa kişilərlə əlaqədə olmaqda sərbəstlikləri mövcud idi, bunu onlara irad tutanda, öz müstəqilliklərinə igid oğlanlar doğmaları ilə haqq qazandırırdılar. Müasir masailərdə isə ərləri arvadlarının başqa kişilərlə yaxınlığına loyal yanaşırlar, bu şərtlə ki, həmin adam onun həmyaşıdı olsun. Özündən yaşlılarla arvadlarının yaxınlıq etməsini isə məqbul saymırdılar.

 

Bu misallar göstərir ki, əxlaq heç də bütün ölkələrdə süd kimi ağ rəngdə olmayıb, heç də büllur saflığına malik deyildir, hər bir xalq ona özü bildiyi kimi yanaşmaqla, tam nisbi xarakter verir, əslində bəzən ucuz  valyutaya da çevirir.

 

Tam başqa növ ənənələr də mövcuddur. Finlandiyada ərlər öz arvadlarını qolları üstündə gəzdirirlər. Hindistanda isə tam başqa mənzərə mövcuddur, qadınlar çomaqla ərlərini döyürlər və bu vaxt kişilər özlərini müdafiə etməlidirlər.

 

Bəzi məişət qaydaları da anlaşılmazlığı ilə seçilir. Misirdə yemək vaxtı duz verilməsini xahiş etmək ev sahibi üçün adətən təhqir hesab olunur. Yaponiyada salamlaşmağa və təşəkkür etməyə əyilib, təzim etmək də daxildir. Argentinada, Türkiyədə salamlaşanda üzdən öpmək adəti vardır. Fransanın Tuluza şəhərində isə hər iki yanaqdan öpülməlidir. Masailər salamlaşanda buruqlarını üzə sürtürlər.

 

Yaponiyada geniş müşahidə edilən yüzlərlə ənənə mövcuddur, onlar mərasimlərlə, rituallarla, bayramlarla əldaqədardır, ümumilikdə isə biznesdə və həyatda da öz əksini tapır. Onların çoxu burada həyatı daha maraqlı edən amil kimi qiymətləndirilir. Kiçik kilsələrdəki mağazalarda bəzədilmiş bambuk budaqları satılır. Bu satış adətən yanvar ayında gedir. Osakada bu tədbir özünə bir milyondan artıq adam cəlb edir. Sumo güləşçiləri, adətən, tataminin üstünə qoyulmuş zabuton yastıqlarının üzərində otururlar. Yamayaken deyilən bayramda yaz girməmişdən əvvəl dağın ətəyindəki bitkilər yandırılır və bu yanğın atəşfəşanlıqla müşayiət olunur. Moti kökəsi adlanan şirniyyat həvəngdəstədə iri ağac çəkiclə döyülmüş müxtəlif növ düyülərin unundan hazırlanır. Suşi kökələri isə rahatlıq tapmaq əhvalatları ilə əlaqədardır.

 

Sumo düzü deyilən tədbir, rinqə girən güləşçilərin havaya duz atmasından ibarətdir. Duzu yuxarı tullamaqda məqsəd Sinto kilsələrini təmizləməkdir. Axı duz heyvan ətini və dərisini, balığı iylənməkdən, xarab olmaqdan qoruyur.

 

Yaponların sevdikləri istirahət növlərindən biri onsendə (hərfi mənada "isti bulaqlar" deməkdir) -  geyzer bulaqları gölündə çimməkdir. Bu vaxt onsen sularının təmiz qalması üçün gölməçəyə girməmişdən əvvəl adamlar yaxşıca yuyunmalıdırlar. Onsen yaz vaxtı üçün ictimai çimmək növü hesab olunur. Özü də hər iki cinsdən olanların lüt çimmək qaydası da saxlanılır. Plyaj paltarında gölə girməyə icazə verilmir.

 

Yaponlarda köhnədən qış vaxtı otaqlar qızdırılmadığından yatmamışdan əvvəl mənzildəki furoda (iri taxta çəlləkdə, yaponlar  özləri onu  həm də "o-furo" adlandırırlar) olan çox isti su prosedurasını qəbul etmək qaydası var idi, bundan əvvəl hər kəs duş  (syava) qəbul edib, diqqətlə yuyunmalı idi ki, furodakı isti su çirklənməyə məruz qalmasın.  Çünki ailənin bütün üzvləri həmin furoya girirdi.

 

Əyilmək, təzim etmək Yaponiyada mühüm ənənədir və bundan müxtəlif şəraitlərdə - idmanda, toy şənliklərində istifadə olunur. Dostlar salamlaşanda  yüngülcə əyilir, nadir hallarda baş verən üzr istəmək üçün isə daha çox əyilmək lazım gəlir. Xarici ölkələrdə otellərdə qarşına çıxan yaponların, xüsusən yapon qadınlarının səni tanımadığı halda salamlamaq qaydasında belini bükməklə əyilməsi adama təəccüblü görünür.

 

Məhəbbət qıfılları sevişən cütlüklərin romantik hisslərinin təzahürünə xidmət edir. Qıfılın üzərində cütlüklər mesaj da yazır. Açarın tapılmaması üçün cütlük onu dənizə atır. Yaponiyada çox sayda məhəbbət qıfıllarını asmaq üçün yer vardır. Cütlük adətən üzr istəməmişdən məhəbbət qıfıllarını tərk etmirlər.

 

 Suya atılan kiçik kağız qayıqlardakı iri fənərlər də, adətən, həyat başa vurulduqdan sonra könüllərin səyahətini təmsil edir. Bundan Obon bayramında istifadə olunur. Adamlar inanır ki, ilin elə vaxtı vardır ki, sevişən könüllər həmin vaxt bir daha yenidən dünyaya qayıdacaqdır. Dondo yaka adlanan uğur tonqalı isə yanvar ayında yandırılır və həmin ocağa uğur əşyaları hesab edilənlər atılır.

 

Ləyaqəti gözləmək məsələsində də yaponlar yaxşı mənada çoxlarından fərqlənir. Yaponiyada kafe və restoranlarda hesab ödəniləndə ofisianta çaypulu (ingilislər buna "tip" deyirlər) vermək təhqir hesab olunur. ABŞ-da isə ofisiantın çaypulu XX əsrin sonunda hesabın 10 faizi məbləğində idi. İndi isə bu rəqəm iki-üç dəfə yuxarı qalxmışdır. Amerikalılar bunu, özlərinin təmin olunmuş həyata çatmamışdan əvvəl bu yola getdiklərini, kasıb həyatlarını təmin etdikləri səbəbi ilə izah etməklə, belə qaydanı təqdir edirlər.

 

Göründüyü kimi, Yaponiyada bizim üçün qəribə olan və bəzən hətta həsəd aparılacaq ənənələr mövcuddur. Yaponlar qədim tarixə malik xalqdır, ilkin dövrlərdə də yalnız çinlilər istisna olmaqla onlara digər xalqların elə bir təsiri  olmamışdır. Bu xalqın əcdadları o qədər də asan həyat şəraiti olmayan bir ərazidə yaşamış, ehtiyac təzyiqi də onları əməksevərlikdən, zəhmət çəkməyə vurğunluqdan uzaqlaşdıra bilməmiş, əksinə, onlarda təəccüb doğuran keyfiyyətlər, çalışqanlıq, iti ağıl, iradə və zəhmət hesabına çətinlikləri dəf etmək uğrunda mübarizə aparmağa sövq etmişdir. Böyük filosof Monteskyenin yazdığı kimi, iqlim, coğrafi mühit bu xalqın da müsbət keyfiyyətlərinin formalaşmasında öz təsiredici rolunu oynamışdır. Qədim yunanların əqli keyfiyyətərinə, təbiətlə mübarizədə yenilməzliklərinə səbəb olan dağılıq ərazi və dənizdən əsən meh xeyli təsir göstərdiyi kimi, oxşar təbii mühitdə formalaşan yaponlarda da bunu seyr etməmək qeyri-mümkündür. Ağır təbii kataklizmlər bu xalqı əsrlər boyu izləmiş, lakin öz ağır yaşayış şəraitini onlar nəinki tərk etmək istəməmiş, əksinə, bu torpağa əlavə vurğunluq, xalqa yüksək vətənpərvərlik əlamətləri qazandırmışdır.

 

Hər bir gənc yapon, ölkəsinin gözəl yerlərinə səyahət edib, özündə onlara heyranlıq tərbiyə edir. Yapon ən ağır sınaqlara da mərdliklə, təşviş hissi keçirmədən, vəziyyətindən gileylənmədən yanaşır, ən ağır anda da təmkinini pozmur, hay-küy, haray qaldırmır. Birinin dükanı yananda bunu eşidənlərin hamısı ona maddi yardım göstərməyə tələsmiş, dükan sahibi yaxınlıqda elan yazıb, minnətdarlığını bildirməklə yanaşı, edilən kömək hesabına ziyanın bütünlüklə ödənildiyini bildirdikdən sonra yalnız bu qaydadakı müraciətlər kəsilmiıdi. On il əvvəl son sunami vaxtı birisi çox iri məbləğdə pulunu itirmişdi, onu tapan adam bütün məbləği polis idarəsinə təhvil vermiş və beləliklə, pul öz sahibinə qaytarılmışdı. Bu qəbildən olan çoxlu misallar gətirmək olar.

 

 2011-ci ildə Tokio yaxınlığında baş verən sunami böyük maddi itkiyə və insan həyatının qurban getməsinə səbəb olmaqla yanaşı, bu vaxt evlərini, ömrü boyu qazandıqlarını itirənlər də az olmamışdır. Fukusima atom elektrik stansiyasında üç blokun partlaması və dəhşətli yanğının əmələ gəlməsi də baş vermişdi. Yapon energetikləri və yanğınsöndürənləri ağlasığmaz fədakarlıq nümunələri göstərərək, qəzanı aradan qaldırmış, daha doğrusu, xeyli ağır bədbəxtliklərin baş verməsinə imkan verməmişdilər. Bununla da tək paytaxtı deyil, ölkə ərazisinin xeyli hissəsini radiasiya hücumundan və viran qalmaqdan xilas etmişdilər.

 

Yaponlar yeganə xalqdır ki, atom bombaları zərbəsinə məruz qalmış, dəhşətli bir dövr yaşamalı olmuşdu. Onlar bombanı atan amerikanlara da nifrətlə yanaşmağı məqbul saymamış, onların yaxın müttəfiqlərinə çevrilmişlər.

 

Samuray sinfinin meydana gəlməsi və təkamülü

 

Yaponiyada VIII əsrdə meydana gələn samuray zümrəsi min ildən artıq bir müddətdə bu ölkənin tarixində mühüm rol oynamışdır. Ölkəyə bələd olmayanlara samuraylar ekzotik element təsirini bağışlayır. Lakin onlar xeyli müddət ərzində əslində cəmiyyətdəki tarazlığın qorunub saxlanması üçün mühüm əhəmiyyətə malik idi.

 

Samuray həm də kəsərli silah rolunu oynayırdı. Ağasına, onlar iri torpaq sahibləri olan doymyolar idi, sədaqət rəmzi hesab olunurdu, onun yolunda özünü hər cür təhlükəyə atır, ən ağır şəraitlərlə üzləşir və könüllü olaraq ölümü qəbul etməkdən də çəkinmirdi.

 

Yalnız Yaponiyaya xas olan bu zümrənin həyata fərqli münasibəti, onun yaşayış vəsaiti ilə təmin edən ağasına sədaqəti, lazım gələndə könüllü qaydada özünü qurban verməsi bizim üçün, həqiqətən də anlaşılmayan, sirli görünən olmaqla, bir sıra cəhətlərinə görə Avropa cəngavərlərinə də heç cür bənzəmirlər. Avropa cəngavərləri at belində igidlik göstərməyə qadir idilər, atdan düşdükdən sonra adicə yeriməyə də çətinlik çəkirdilər, çünki zirehli paltarlarının və üstlərindəki silahların çəkisi 40 kq. ağırlığnda olurdu. Samurayları döyüş cəbhələrində igidlik göstərən Osmanlı imperiyasının yeniçəriləri, Misir mamlyukları və İran qızılbaşları ilə müqayisə etmək də düzgün deyildir. Çünki samuraylar onlardan fərqli olaraq təkcə hərb səhnəsində deyil, ölkənin və xalqın həyatında əsrlər ərzində dominantlıq etmişdilər. Yeniçəriləri fərqləndirən bir cəhət də uzun müddət ərzində xristian rahibləri və din xadimləri kimi onların selibata - nigahsızlığa riayət etmələri idi, Yaponiyada isə belə məhdudiyyət heç vaxt mövcud olmamışdı.

 

(Ardı var)

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2022.- 23 fevral.- S.21.