"Səttar Bəhlulzadə" portreti

 

 "Bir rəsmin dedikləri"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Zülfiyyə Sadıqovadır. Zülfiyyə xanımla Xalq rəssamı Toğrul Nərimanbəyovun "Səttar Bəhlulzadə" portreti haqqında danışmışıq.

Xalq rəssamı Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdəndir. Rəssam 7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, daha sonra 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.

Rəssamın yaradıcılıq yolu Azərbaycanın milli mədəniyyət salnaməsində müstəsna yer tutur rəssamlıq tarixində ən parlaq səhifələrdən birini təşkil edir. Onun əsərləri Azərbaycan incəsənətinin milli ənənələrinə söykənən, işıq ritmi üzərində  qurulmuş dekorativ təmtəraqlı üslubdadır. Bu rəsmlər yaxımın fəallığı koloritin ahəngdarlığı ilə fərqlənir. Çəkdiyi əsərlər yenilik gözlənilməzliyi, onlarda müəllifin çoşğun temperamentinin aşkar olunması ilə diqqəti çəkir. O, yaradıcılığını mücərrəd obrazlı sənətin vəhdəti kimi təsvir edib.

 

***

 

- Zülfiyyə xanım, əsərə keçmədən öncə bir qədər rəssamın portret janrı haqqında danışaq. Toğrul Nərimanbəyovun portretləri ilə fərqlənir?

- Toğrul Nərimanbəyov çoxçalarlı yaradıcılığında digər janrlar kimi, portret janrına da xüsusi üstünlük verib. Buna görə , indi rəssamın zəngin portretlər qalereyası mövcuddur. Rəssamın portretlər qalereyası müxtəlif xarakteri, cəhətləri taleləri olan insanlardan ibarətdir. Rəssam portetini çəkdiyi adamları çox yaxşı tanıyırdı. Əgər rəssam onları yaxından tanımasaydı, onlara xas olan xarakterik cizgiləri qabarıq verə bilməzdi. Nərimanbəyov portret yaradıcılığında ən çox naturadan çəkməyə üstünlük verirdi. Bunun da səbəbi o idi ki, belə məqamlarda rəssam portretini çəkəcəyi adamların xarakterik cizgiləri ilə üzləşir.

- Rəssam portret janrında ən çox nəyə önəm verirdi?

- Toğrul Nərimanbəyov portret janrında bütün diqqəti insan həyatının üz cizgilərində əks olunmuş təsvirinə yönəldir. Fırça ustasının "Bəstəkar Fikrət Əmirov",  "Xalq müğənnisi Yavər xanım" haqqında danışacağımız "Səttar Bəhlulzadə" portretlərində hər şey olduğu kimi, real inandırıcıdır.

Rəssamın çəkdiyi məşhur portretlərindən biri 1960-cı ildə çəkdiyi "Səttar Bəhlulzadə"nin portretidir. Toğrul Nərimanbəyov rəssam Səttar Bəhlulzadə ilə çox yaxın dost olublar. Yaxın dostuna olan sonsuz məhəbətindən yaranmış bu portretdə sevginin sərhədləri hüdudsuzdur. Rəssam Səttar Bəhlulzadənin həm şəxsiyyətinə, həm yaradıcılığına dərindən bələd idi. Toğrul Nərimanbəyov rəssam haqqında deyib: "Səttar əvəzsiz mənzərə ustası, maraqlı gözəl insan idi. Mən həmişə təbiət deyəndə Səttarı, Səttar deyəndə təbiəti düşünürəm. O, təbiətlə qoşa doğulub onunla həmahəng nəfəs alırdı, təbiətdən ayrı dura bilmirdi".

- Necə oldu Səttar Bəhlulzadə portreti yarandı?

- Bir dəfə Səttar Bəhlulzadə gecə saat üçdə Toğrul Nərimanbəyova zəng edib onunla bu saat görüşmək istədiyini deyib. Rəssam onunla görüşüb maşına oturanda, Səttar Bəhlulzadə deyib: "Könlümə Qızbənövşə bulağı düşüb, indi səfərimiz oradır". Qızbənövşəyə çatanda Səttar Bəhlulzadə maşından düşən kimi, özünü şehli otların üstünə atıb torpağı qucaqlayıb. Düzdür, Toğrul Nərimanbəyov rəssamın təbiətə olan sevgisini çox yaxşı bilirdi və dəfələrlə buna şahid olmuşdu. Lakin bu vaxta qədər Nərimanbəyov onun belə məcnunluğunu görməmişdi. Gördüklərindən heyrətlənən rəssam dostunun portretini çəkib.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

 

- Ustalıqla işlənmiş əsərin kolorit həlli obraza yüksək canlılıq bəxş edir. Rəssam həm isti, həm də soyuq rənglərdən istifadə edərək,  Səttar Bəhlulzadənin daxili aləmini, dünyasını, psixoloji xüsusiyyətlərini açıb göstərib.

 

- Bəs kompozisiyası necə?   

 

- Kompozisiyanın mərkəzində duran Səttar Bəhlulzadə çılğınlığı hiss olunan, barmaqlarından heç əksik olmayan papirosunu və rəssamı dərin fikirlərə dalmış vəziyyətdə təsvir edib. O, sanki yaradacağı yeni əsər barədə fikirləşir. Toğrul Nərimanbəyov bu porteti haqqında deyib: "Mən deyə bilmərəm ki, çəkdiyim Səttar Bəhlulzadə portreti kiminsə gözləri önündə bayram təntənəsi yaradıb. Bircə onunla xoşbəxtəm ki, onu necə görmüşəmsə, necə duymuşamsa, eləcə də rəsm etmişəm".

 

- Sizcə, bu əsər bizə nə deyir?

 

- Bu portretdə Toğrul Nərimanbəyov yaxın dostunu süni, zahiri keyfiyyətlərdən və aldadıcı poza təəssüratından uzaq, rəssama xas xarakterik cizgiləri qabarıq formada verib. Nərimanbəyovun əsas məqsədi Azərbaycanın görkəmli mənzərə ustası Səttar Bəhlulzadə haqqında öz əfsanə variantını təqdim etmək idi.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 23 fevral.- S.20.