İlk dərs
Esse
2009-cu ilin sentyabr ayı idi. Mançester Universitetinə
aid yataqxananın bağçasındakı geniş taxta masa
arxasında oturmuşduq. Qaranlıq
düşmüşdü. Ertəsi
gün dərslər başlayacaqdı.
- Bu gecə
gözümə yuxu getməyəcək. Dəhşət
həyəcanlıyam. - Peyman içini çəkərək
söylədi.
- Birdən
yatmayıb, sabah dərsi qaçırarsan
ha. - gülümsədim.
-
Ağzını xeyrə aç! Mənə
niyə qarğış eləyirsən?! - Peymanın
gözləri bərəldi, sifəti əyildi, amma zarafat
etdiyimi, yəqin, təxmin edirdi.
O da mənim
kimi magistratura proqramında oxuyacaqdı. İrandan
gəlmişdi. Bir neçə gün qabaq yataqxanada tanış olmuşduq. İxtisası
marketinq idi.
- Sizin də
ilk dərsiniz saat 1-də başlayır? - masa
arxasındakı o biri həmsöhbətimiz Kemal soruşdu. Peymanla başımızı yelləyib təsdiqlədik.
Kemal Türkiyədən gəlmişdi, bizimlə eyni
yataqxanada qalırdı. O da Peyman kimi ilk dəfə xarici ölkədə
təhsil alacaqdı. Gələcəyin
elektrik mühəndisi idi.
- Mən
burada oxuyacağımı iyun ayında öyrəndim. - Kemal
sözünə davam edərək dedi - O vaxtdan bəri ancaq
buralara gəlmək haqda fikirləşirdim. Heç bilmirəm,
yay necə gəlib keçdi...
- Sən
yaxşısan! - Peyman araya girdi - Mən keçən il qəbul almışdım. Düz
bir ildir bu günü gözləyirəm. Bir il! - sonra şəhadət
barmağını havada yellədi.
Gülümsədim. Fikirləşdim ki, həmsöhbət
olduğum bu yaşıdlarımla necə də
oxşarıq. Fərqli ölkələrdən
gəlsək də, bənzər həyəcanlarımız,
qayğılarımız vardı. Mançester
Universitetində təhsil alacağım dəqiqləşəndən
sonra intizar mənim də yaxamı rahat buraxmamışdı.
Yay aylarında günlərim internetdən yeni
ölkə, şəhər, universitet barədə bilgilər
almaq, yazılar oxumaqla keçmişdi. Bəzən
də ilk dərsin xəyallarını gözümdə
canlandırırdım. Axı, ilk görüşlər,
ilk hisslər əvəzedilməzdir, bəziləri hələ
ömürlük yaddaşa da həkk olunur...
- Bəlkə,
səhər tezdən oyanaq, gedib universitetə, kitabxananı
filan gəzək? Nə var yataqxanada? -
Kemal şövqlə soruşdu.
- Əla
fikirdir! Həm də birdən yatıb yuxuya
qalaram, məni də oyadarsınız. - Peyman dişlərini
ağartdı...
***
Yuxudan dan üzü oyandıq. Yataqxananın
qabağındakı meydançada görüşüb,
Oksford Rouda tərəf yol aldıq.
Universitetimizə aid binaların əksəriyyəti
Oksford Roud adlanan bu uzun nəqliyyat yolunun həndəvərində
yerləşirdi. Yataqxanaya da yaxın idi. Ara küçələrdən keçib qısa
zamanda məkana yetişdik. Birdən-birə
gözlərimiz önündə canlanan mənzərəni
görüb heyrətləndik.
Oksford
Roudun hər iki səkisində xeyli adam
qollarını çırmalayıb rəngarəng
piştaxtalar quraşdırır, karton qutulardan müxtəlif
əşyalar çıxarıb masalara düzürdü. Saysız-hesabsız piştaxtalar mavi səma
altında bayram ab-havası yaradırdı. Kitab və dəftərxana
ləvazimatları satan mağazalar, yeni
abonentlər axtaran idman və əyləncə mərkəzləri,
gələcəyin istedadlarının təqdirini qazanmaq istəyən
şirkətlər, təşkilatlar və neçə-neçə
bənzər müəssisələr bir-biri ilə gərgin
yarışa girişmişdilər. Yolboyu
üzərində müəssisələrin adlarını
daşıyan nəqliyyat vasitələri karvan kimi
düzülmüşdü.
Küçədə az-maz tələbə gözə
dəyirdi. Çoxusu əcnəbilər idi. Onlar da, deyəsən, bizim kimi səbirsizlik eləyib,
obaşdan gəzməyə çıxmışdılar.
Piştaxtaların yanından keçərək
onların üzərindəki yazılara və masalardakı əşyalara
maraqla nəzər saldıq. Bəzi
broşürləri alıb çantamıza qoyduq.
Əvvəlcə Tələbə Şurasına getdik. Burada
universitetdə fəaliyyət göstərən yüzlərlə
tələbə cəmiyyətinin adını görəndə
təəccübləndik.
Bəzilərinin məşğuliyyəti adamı lap vəcdə
gətirirdi. Məsələn, "Səyyah piyadalar" meşələrdə,
dağlarda tez-tez gəzintilər təşkil edir, özü
də yağışa-borana məhəl qoymurdular. "Ac pizzaçılar”sa gözütox adamlara
oxşamırdılar, vaxtaşırı toplaşıb
birlikdə pizza bişirirdilər. "Sudokucular"
isə başqa aləm idilər, kafedə filan
görüşüb, müsabiqə keçirir, qalibə
mükafat da verirdilər.
- Mən,
deyəsən, bu il "sinifdə"
qalacağam. - Peyman cəmiyyətlər haqda olan məlumatları
oxuya-oxuya həsədlə dedi.
Tələbə Şurasından çıxıb,
universitetin nəhəng kitabxanasına getdik. Buradakı
bitib-tükənməyən zalların arasında azıb
qaldıq. Rəflərin sayı başımızı
gicəlləndirirdi, çeşidli kitabların
adlarını oxuyanda gözümüz qaralırdı.
Başa düşürdük ki, tərəddüd etmək
qəbahət olardı. Uzun növbəyə baxmayaraq, dərhal
qeydiyyatdan keçmək lazım idi.
Xeyli gözlədikdən sonra üzvlük kartlarımızı alıb, məmnun-məmnun, qürurla bir-birimizə baxdıq. Bu dəm gözümüz divardakı saata sataşdı və təşvişə düşdük: Saat 12:30 idi. Dərsə az qalmışdı. Yubanmadan nahar etməliydik.
Çaparaq çıxış qapısı səmtə istiqamət götürdük. Çölə çıxınca özümüzü, elə bil, nəhəng bir meqapolisin mərkəzi küçəsində tapdıq. Böyük izdiham vardı, iynə atsan yerə düşməzdi. Tələbələrin əksəriyyəti şikarına daraşan qarışqa dəstəsi kimi piştaxtaları dövrəyə alıb broşür və başqa məlumatlandırıcı vəsaitləri bir-bir dənləyirdilər. Qalanları isə ya harasa tələsir, ya da bir kənarda dövrə qurub ucadan deyib-gülürdülər. Tələbələrdən geri qalmayan maşın və furqonlar Oksford Roudda burun-buruna dayanıb, tıxac yaratmışdı. Onlardan bəziləri arabir səsgücləndiricilərlə tələbələri müxtəlif piştaxtaları ziyarətə dəvət edirdi.
Bu mərəkə və basırıqda güc-bəla ilə addımlayaraq yaxınlıqdakı iki-üç kafeyə baş çəkdik, amma hamısının qarşısındakı uzun-uzadı növbələri görüb məyus olduq. İçəri keçmək mümkün deyildi.
- Kemala inandıq, ac qaldıq. Qoymadı səhər qarnımızı doyuraq. - Peyman narazı-narazı gileylənsə də, səsindən şuxluq hiss olunurdu.
- Mən
hardan biləydim, buranı konsertə çevirəcəklər.
İstəyirdim ki, yaxşı bir məkanda
nahar edək. - Kemalın səsində pərtlik vardı.
Deyəsən, hələ Peymanı
yaxşı oxuya bilmirdi.
Mən də
acmışdım, qarnım arabir fit çalırdı. Bir az da keçsəydi, Kemalın qarasına
özüm də deyinəcəkdim.
Bikef-bikef
bir az getmişdik ki, səkinin
qırağındakı kiçik lövhədə
gözümə sataşan yazını oxuyub təəccübləndim.
Yoldaşlarımın qolundan yapışıb,
lövhəyə işarə elədim.
- "Pulsuz ev yeməkləri! İsti pomidor
şorbası!" - Peyman lövhədəki
yazını ucadan oxudu. "Pomidor"
sözünü isə xüsusi vurğu ilə səsləndirdi.
Şorbanın
qara lövhədə ağ təbaşirlə
və həndəsi fiqurlarla çəkilən şəklini
uzun-uzadı seyr elədik. Kasa əvəzinə
yarımdairəvi xətt çəkilmişdi. Yarımdairəvi xəttin üst tərəfindəsə
kasadakı qaynar şorbadan çıxan buğa işarəsi
kimi üç səliqəsiz cızıq vardı. Rəsm bəsit görünsə də, baxdıqca
ağzımız sulanır, mədəmiz isinirdi.
- Hiylədir!
- Kemal bizi şirin xəyallardan qopardı - Kapitalist ölkəsində
pulsuz yemək olmaz!
Peyman
ciddi sifət alıb:
- Yəqin
burger alana müftə şorba verirlər
- dedi. Bu dəfə özüm də əmin deyildim: Peyman
zarafatmı edirdi, yoxsa ciddi idi?
- Əsas odur boş yerləri olsun, oturaq. - dedim.
Etiraz edən olmadı.
Lövhənin yanındakı ensiz cığır bizi
ikimərtəbəli tikiliyə aparırdı. Binanın
qaranlıq pəncərələrindən içərini
aydın görmək mümkün deyildi. Yenə
məyus olacağımızı ehtimal edərək tərəddüdlə
qapıya yaxınlaşdıq.
Qapı aralanınca geniş, alatoran dəhliz gözlərimiz
qabağında peyda olmağa başladı. İçəridə
üçbir-dördbir dövrə qurub dayanmış 10-15 nəfər
gənc gördük. Onlar astadan söhbət
edir, bəzən hətta pıçıltıya
keçirdilər. Görkəmlərindən
və güclə eşidilən ləhcələrindən
ingilislərə oxşayırdılar.
Ətrafa göz gəzdirdim. Dəhliz bomboş
görünürdü. Azca irəlidə
qəbul masası, arxasında stul və kiçik dolab, yanda
isə köhnə divan və iki kreslo vardı. Divardakı lövhələrə universitet
binalarında gördüyümüz elan və bildirişlərə
oxşayan müxtəlif kağızlar
yapışdırılmışdı. Künc-bucaqda
müxtəlif bitkilər əkilmiş irili-xırdalı
dibçəklər düzülmüşdü. Onların tünd qoxusu burnumu
qıcıqlandırırdı.
- Buyurun, xoş gəlmisiniz! - qəflətən bizə yaxınlaşan mülayim sifətli sarışın oğlan yüngül təbəssümlə dilləndi.
Bizdən təxminən bir neçə yaş böyük olardı. Salamlaşıb hal-əhvalını soruşduq. O da bizi xəbər aldı. Elə ki bir-birimizin ovqatının qənaətbəxşliyindən əmin olduq, araya ani sükut çökdü. Adətən ilk ünsiyyət zamanı işlədilən ənənəvi, standart sözlər bitmişdi. Peyman sükutu pozmağa qərar verdi və oğlana sarı azacıq əyilib, utana-utana, astadan soruşdu:
- Üzr istəyirik, yeməyiniz qalıbmı?
Oğlan xəfifcə gülümsündü və arxayınlıqla:
- Əlbəttə, tam vaxtında gəlmisiniz. Xidmətə elə indi başlayırıq. - dedi və yandakı qapını göstərib bizi içəriyə dəvət etdi.
Böyük bir zala keçdik. Buranın çox hündür tavanı və pəncərələri vardı, içəri bol-bol işıq dolurdu. Lap yuxarıda, geniş divarların əlçatmaz üst hissələrində çərçivəli iri rəsm əsərləri asılmışdı. Bu əsərlərdə təbiət qoynunda söhbətləşən və bir-birinə tamaşa edən müxtəlif insanlar təsvir olunmuşdu. Uzaqda yalın dağlar görünür, burum-burum çaylar axırdı. Səmada parlaq günəş buludlara şüa çiləyir, quşlar qanad çalıb süzürdülər. Elə bil, İsmayıllıda ətəkdə dayanıb, Böyük Qafqaz dağlarına tamaşa edirdin.
Baxışları yüngülcə aşağı endirəndə rəsmlərin altında növbə ilə düzülmüş qəhvəyi dolablar gözə dəyirdi. Bu dolabların rəflərindəki kitablar ensiklopediya kitabları kimi yekə və qalın idi, tünd məxməri qapaqla örtülmüşdü. Ölçüləri yalnız özlərinin deyil, çox güman, məzmunlarının da ağırlığına işarə edirdi.
Lap aşağı nəzər salanda isə zalın tən ortasında geniş masada açılmış süfrə görünürdü. Burada böyük qazan, uzun tavalar, sinilər və digər xörək ləvazimatları qoyulmuşdu. Qonaqlar bir-bir siniləri götürür, müxtəlif bişmişləri alır və kitab dolablarının qarşısındakı masalarda əyləşərək yeməyə başlayırdılar. Biz də bəxtimizə şükür edib, növbəyə girdik.
- Bura, sizcə, haradır? - Kemal ətrafa göz dolandıraraq soruşdu.
Bütün mümkün ehtimalları başımda götür-qoy etdikdən sonra cavabladım:
- Yəqin universitetin başqa kitabxanasıdır.
- Özü də qədim... - Kemal fikirli tərzdə dedi - Bəlkə, əlyazmalar kitabxanasıdır?
- Çömçə-qaşıqla, pomidor şorbası içə-içə adam da tarixi kitab oxuyar?! - Peyman qaşlarını düyünləyib, ciddi görkəm aldı və əllərini havada yellədi. Onun bu yumoristik mimikasını görüb, ucadan güldük. Səsimiz anidən zalda exo verdi və ətrafdakı bəzi şəxslər dönüb, bizə tərs-tərs baxdılar. Dodağımızı sıxıb, dərhal özümüzü ələ aldıq.
Bir qədər sonra siniləri qamarlayıb, önlüklü qadınlara yaxınlaşdıq. Əvvəlcə, kasamıza qırmızı şorba tökdülər. Lava kimi qaynar idi, içindən od-alov qalxırdı. Sonra yekə çömçə ilə top-top köftələri yaxalayıb, boşqablara qoydular. Köftələr qaba düşən kimi sevincək oldular, nadinclikləri tutdu və sağa-sola diyirlənməyə başladılar. Ardınca incə-mincə kartof püresini ehmalca qaba yaxdılar. Zərif püreni anidən görən şıltaq köftələr abırlarına əl qatdılar, səsləri xırp kəsildi, farağat durdular... Məzəli görünürdü hər şey. Kefimiz yaman kök idi. Bir həftə əvvəl Mançesterə gəlib yerləşdikdən bəri ilk dəfədir dilimizə ev yeməyi dəyəcəkdi.
Minnətdarlıqla təşəkkür etdik. Yer tapıb oturduq. Yeməkləri ləzzətlə dadır, söhbətləşib çənə döyür, arada xısın-xısın gülüşürdük. Peymanın maraqlı atmacaları bizi şənləndirirdi. Növbəti zarafatdan sonra özümüzü saxlaya bilməyib, yenə bərkdən güldük. Bu vaxt təkrarən qınayıcı baxışlara tuş gəldik.
- Boğazımızda qalacaq. - Peyman bizə göz vuraraq dedi.
Kemal sağa-sola xəlvəti baxdı və sıxılaraq dedi:
- Bir az sakit olaq, insanları narahat edirik.
Səsimizi qısıb, gücü boğaza deyil,
çənəyə və dişə verməyə
çalışdıq. Doğrudan da, bizdən savayı heç
kəs danışmır, ya da çox astadan
pıçıldaşırdılar.
- Nəsə
çox intizamlı kitabxanadır. - dedim.
Kitabxanaçıları diqqətlə müşahidə etməyə başladım. Deyəsən, xüsusi uniformaları vardı. Kişilər ağ köynək, qara şalvar geymişdilər. Qadınlar isə tünd rəngli geyimlərdə idilər. "Gör, kitabxananın ruhuna uymaq üçün necə də sadə və təmkinli geyiniblər! Yəqin qədim kitablara hörmət əlamətidir" - deyə fikirləşdim. Kitabxana işçilərinin geyim-keçimlərini diqqətlə gözdən keçirdiyim vaxt gözüm bir şeyə sataşdı.
- Maraqlıdır, kitabxanaçıların hamısı dindardır, deyəsən. - başımla yaxında dayanan işçilərə işarə elədim. Peyman və Kemal nişan verdiyim adamların boynundan asılan kiçik xaçlı boyunbağıları gördülər.
Sonra zalın baş tərəfindəki divarda asılan böyük taxta xaç gözümə sataşdı. Ardınca rəflərdəki kitablara baxdım. Hər kitabın üstündə qızılı rəngdə xırda xaç təsvir edilmişdi. Üzümü rəsm əsərlərinə tərəf çevirdim. Bir şəkildə uzunsaçlı, yaxası çılpaq bir kişi təsvir edilmişdi. Başqa bir rəsmə baxdım. Yenə eyni simanı gördüm. O birisində də vardı... Həzrəti İsa bizə baxırdı...
- Biz kilsədəyik! - Kemal narahat tərzdə bəyan elədi.
Məəttəl qaldıq. Bir-birimizə kal baxışlarla baxır, qarışıq suallar verirdik: "Bizim burada nə işimiz var?", "Necə oldu bura gəldik?", "Niyə burada yemək yeyirik?", "Niyə pulsuz?", "Niyə məhz pomidor şorbası?.."
- Bəlkə, kasıblara yemək paylayırlar. - Kemal məntiqli səbəb tapmağa çalışdı.
Boylanıb, yan-yörəmizə nəzər saldıq. Zaldakı gənclər kasıb-kusuba oxşamırdı. Əyin-başları səliqəli və qiymətli idi.
- Kimsə ölüb. - Peyman anidən, amma xeyli əminliklə dedi. Tutulduq.
- Necə yəni? - soruşdum.
- Yəqin, kimsə rəhmətə gedib, indi də yaxınlarına ehsan verirlər. - Peyman izah elədi - Yoxsa kilsədə niyə pulsuz yemək versinlər?
Bu izah Kemalın ürəyinə yatmadı. Ətrafa yenə göz dolandırdı və şübhə ilə soruşdu:
-
Xristianlarda ehsan var?
- Niyə
yoxdur? Filmlərdə görməmisən?
Əvvəl kilsəyə gedirlər, dua
oxuyurlar, sonra mərhumun evinə gəlirlər, süfrə
açılır, yemək yeyirlər. - Peyman tərəddüd
etmədən, mütəxəssis kimi cavab verdi.
- Bəs
mərhum kimdir? - deyə soruşdum.
Zalın divarlarında, rəflərdə foto-şəkil
tapmağa cəhd elədik, amma rəsmlərdən savayı
bir şey yox idi.
- Dəqiq
deyirəm, gənc adamdır. Baxın, burada nə qədər
cavan var. - Peyman dedi.
Kemal hələ
də onu tərk etməyən qərarsızlıqla ətrafa
göz gəzdirəndən sonra etiraz elədi:
-
Heç kəs qəmli deyil, axı.
Yadıma gəldi ki, Bakıda
yaşadığımız binada əvvəllər
çoxlu rus yaşayırdı. İki-üç dəfə
rəhmətə gedən olmuşdu, cənazəsini
aparmışdılar. Həmişə də
ansambl gəlmişdi, musiqi çalınmışdı.
Bu xatirəmi bölüşdüm.
- Ürəyim
partlayır. Soruşacağam... - Peyman dedi və dərhal
qonşu masadakı iki gənc qıza yaxınlaşdı.
Elə bircə onu eşitdik ki, Peyman söhbətə
"üzr istəyirəm" deyə başladı. Ondan
sonrası pıçıltıya keçdilər. Əvvəl gördük ki, qızların gözləri
bərəldi. Çaşbaş
qaldılar. Heyrətlə
başlarını buladılar. Sonra Peyman
nəsə izah etməyə başladı, dili sanki topuq
vururdu, arada yenə "üzr istəyirəm" deyirdi.
Ardınca qızlar nəsə başa
salmağa başladılar. Axırda Peyman
ataların kəlamına uyğun olaraq üçüncü
dəfə "üzr istəyirəm" deyib söhbəti
bitirdi. Öz-özümə fikirləşdim
ki, halal olsun, barmaqla sayılası gün qədər əvvəl
Mançesterə gəlib, amma ingilislərin hər
addımbaşı "üzr istəyirəm" demək mədəniyyətini
artıq tam mənimsəyib.
Peyman bizə
yaxınlaşıb, üzümüzə baxmadan pərt
halda:
-
Heç kəs ölməyib... - dedi - Kilsə sadəcə tələbələrə
pulsuz yemək verir. - deyə əlavə
etdi və bu vaxt gördük ki, yanaqları da qızarıb.
Üstünü vurmadıq, amma aldığımız
izahatdan sonra canımızı təzədən narahatlıq
bürüdü. Döyükə-döyükə
bir-birimizə baxırdıq. Kemal artıq yerində
vurnuxmağa başlamışdı və bir qədər
sonra təşvişlə dedi:
- Yəqin,
müsəlman ölkələrindən gəldiyimizi bilsələr,
biabır olacağıq.
Elə bil, durnanı gözündən vurdu. Bayaqdan
boğazımızda ilişib qalmış o gizli mətləbdən
xəbər vermişdi. "Niyə"
deyə soruşan da olmadı.
- Kilsə,
yəqin, xristian tələbələr üçün pulsuz
yemək verir, biz də özümüzü soxmuşuq bura. -
deyərək Kemal davam elədi - Xəbər
tutsalar, deyəcəklər ki, necə də görməmiş,
həyasız adamlarıq.
Ətim ürpəşdi. Xəcalət hissi zəhər
kimə bədənimə yayıldı. Axı,
necə də haqq qazandırmayasan? Necə də
razılaşmayasan?... Keçmişdə
kilsələri, əlbəttə ki, çox ziyarət
etmişdim. Turist kimi, səyyah kimi. Təmtəraqlı arxitekturanı, sənət əsərlərini
görüb heyrətlənmişdim. İnsan
oğlunun məharətinə əhsən demişdim. Müsəlman olsam belə, hətta şam
yandırıb, dua oxuduğum da olmuşdu. Amma burada məsələ başqa cür idi. Çağırılmamış qonaq kimi özgə
ziyafətə ayaq basmışdıq.
Xörəyi bitirməyə həvəsimiz qalmadı. İştahamız
təmiz küsmüşdü. Ayağa
qalxıb, siniləri önlüklü qadınların
qarşısındakı masaya qoyduq. Onlar
qabdakı yemək qalıqlarını görüb, azacıq
məyus oldular. Abırımızı
örtmək üçün dönə-dönə təşəkkür
elədik, yeməkləri təriflədik və yeyin
addımlarla dəhlizə keçdik. İri
addımlarla üzü qapıya doğru getdiyimiz yerdə
bayaq bizi girişdə qarşılayan oğlan pusqudan
çıxmış kimi gözlənilmədən
qarşımızda peyda oldu.
- Nuş
olsun! - dedi - Bəyəndinizmi?
Cinayət üstündə yaxalanmış adamlar kimi
tez-tələsik təsdiq cavabı verdik. Ardınca "Çox sağ olun" deyib aralanmaq istəyirdik ki,
oğlan yenə aman vermədi.
- Tələbəsinizmi?
- deyə soruşdu.
Səbrimizi basıb, başımızla təsdiq
cavabı verdik.
-
Maraqlıdır, nə oxuyursunuz? - təzədən
soruşdu.
Deyəsən, sualları bitməyəcəkdi. Əlacsızlıqdan söhbəti davam etdirməyə məcbur olduq. İxtisaslarımızı tək-tək söylədik. Bizi dinlədikdən sonra oğlan oxuduğumuz sahələrlə bağlı suallar verdi, bir-iki şərh əlavə etdi. Mövzular haqqında ümumi anlayışını nümayiş etdirmək istəyir və bu yolla sanki bizimlə münasibət qurmağa çalışırdı. Biz onun şərhlərini təbəssümlə qarşılayır, amma eyni zamanda məhdud kəlmələrlə və ehtiyatlı danışaraq söhbətin uzanmamasına cəhd göstərirdik.
Təhsil haqda söhbət tamamlanıb bitəndə araya yenə sükut çökdü. Nə deyəcəyimizi bilmədik. Oğlan tezcə sakitliyi pozaraq sual verdi:
- Üzr istəyirəm, siz xristiansınızmı?
Elə bil, ürəyim qopdu. Nəfəsim daraldı. Peyman və Kemal da özlərini itirmiş kimi görünürdülər. Bu sualın məqsədi nə idi? Həqiqətən, bizdən şübhələnmişdimi? Bizi ifşamı etmək istəyirdi?... Necə cavab verəsən, axı? "Müsəlmanıq" desən, nə bilirsən, bir də gördün, bizi məzəmmət edə bilər ki, niyə yeməyə gəlmisiniz? "Dindar deyilik" desən, ondan daha betər. Etiraf etsək ki, bilmədən, səhvən buraya girdik, inanmaya bilər: deyə bilər ki, "pomidor" sözünü gördünüz, "kilsə" sözünü görmədiniz (yəqin ki, haradasa yazılmışdı)?... Bilmirdim, bəlkə də, səhv, əsassız ehtimallar qururdum. İngiltərəyə, buradakı qaydalara hələ agah deyildim... Adam bixəbər olanda, gör başına xarici ölkədə nə gəlir! "Nə isə, olacağa çarə yoxdur, düzünü deyib, üzr istəmək lazımdır" deyə fikirləşdim, amma dilim açılmadı ki, açılmadı. Kilidlənib qalmışdı. Cəsarətim qeybə çəkilmişdi...
- Bəli.
- anidən Peyman təsdiq cavabı verdi.
Kemal ilə əvvəlcə tutulduq, elə bildik,
eşitməmişik, amma sonra Peymanın üzündəki əminliyi
görüb, xəfifcə gülümsəməyə
başladıq.
-
Çox gözəl - oğlan cavabdan məmnun
qalmışdı. - Bir azdan bizim ibadət başlayır. İştirak etmək istəyirsinizmi? - deyə soruşdu.
Bir-birimizə baxdıq. Universitetə getməyimiz
lazım idi. Artıq, bəlkə də, dərsin
başlamasına dəqiqələr qalmışdı... Amma oğlan "ibadət başlayır" deyərkən,
görən, nəyi nəzərdə tutmuşdu? Yeməyə gəlmiş adamlardan ibadətə
qatılmaqmı gözlənilirdi? Belə
bir qaydamı vardı? Əgər "yox" desəydik,
qaydanı pozmuş, daha qəbahətli bir şeymi etmiş
olacaqdıq?...
- Bəli,
əlbəttə. - Peyman yenə qəti təsdiq cavabı verdi. Kemal ilə mən bir daha
kiriyib, təbəssümü üzümüzdən əskik
eləmədik.
Oğlan da gülümsədi və bizi kilsəyə qədər
müşayiət edəcəyini bildirdi. Onda öyrəndik
ki, sən demə, bura kilsə deyilmiş. Kilsənin inzibati bölməsi və kitabxanası
yerləşən bina imiş. Kilsə
özü isə yandakı binada idi.
Oğlanın arxasınca bayıra çıxıb
izdihama qatıldıq. Tələbə kütləsini yara-yara fikirləşdim
ki, aqibətimə bax: küçədəki bu gənclərin
bir qismi uzaq-uzaq ölkələrdən təhsil
üçün gəliblər və bir azdan universitetə dərsə
gedəcəklər. Mən də onlar kimiyəm,
eyni məqsədlə gəlmişəm, amma işə bax
ki, yolum universitetə deyil, kilsəyədir.
50-60 metr addımlayıb, qonşuluqdakı kiçik bir
kilsəyə çatdıq. 1800-cü illərdə
inşa edilmiş və qədim arxitekturaya malik xudmani bir məbəd
idi. Oğlan binanın qapısını
açaraq bizi içəri dəvət elədi. Burada ibadət üçün gəlmiş müxtəlif
yaşlı xeyli insan vardı. Çoxu
artıq skamyalarda oturmuş və ibadətin
başlamasını gözləyirdi. Bu
vaxt fikirləşdim ki, ibadət zamanı xüsusi bir hərəkət
etmək lazım olsa və biz bunu edə bilməsək,
oğlan bizim fırıldaqçı olduğumuzu dəqiq başa
düşəcək. Odur ki, yenə həyəcanlandım.
Amma oğlan skamyada boş yer tapıb, bizi əyləşdirər-əyləşdirməz
vidalaşıb kilsəni tərk elədi.
- Sən
niyə yalan danışdın? - Peymanın üstünə
bozardım.
- Bərəkallah!
Mən oldum günahkar? Bəs
onda niyə kirimişcə durmuşdunuz? - narazılıqla ağzını büzdü.
Cavab vermədim. Daha doğrusu, verə bilmədim. Çünki sualımın ədalətli
olmadığını başa düşürdüm.
- İndi neyləyək? - Kemal dodağını dişləyərək
tərəddüdlə soruşdu.
-
Heç nə, beş dəqiqə
gözləyin, sonra qalxıb gedərik. - Peyman cavab verdi.
Tezliklə ibadət başladı. Başa düşmədiyimiz nitq söylənildi. Deyəsən, latınca idi, ya da ağır mankuniyan ləhcəsi, baş çıxara bilmədim. Sonra musiqi sədaları eşidildi. Ardınca uzun-uzun danışıqlar oldu, dualar oxundu. Hər duada Peymanın "beş dəqiqə"si böyüdü, şişdi və oldu "iyirmi beş dəqiqə". Mərasim elə təmtəraqlı, ziyarətçilər elə fəal idilər ki, heç birimiz ürək eləyib, ayağa qalxa bilmədik. Töhmətli baxışlardan ehtiyatlanaraq ağzımıza su alıb axıra qədər lal-dinməz oturduq.
Nəhayət, saat 13:30-da ibadət yekunlaşdı. İnsanlar yavaş-yavaş ayağa qalxdı və biz də xəlvəti aradan çıxıb qapıya yanaşdıq. Çölə ayaq basan kimi yeyin addımlarla universitetə tərəf üz tutduq. Kemal bizdən ayrılıb, mühəndislik ixtisasının tədris edildiyi Elm Məktəbinə getdi, Peymanla mən isə Biznes Məktəbinə.
Ürəyimizə necə dammışdısa, elə də oldu. Dərs çoxdan başlamışdı, mühazirə zallarının qapıları örtülü idi. Cürət edib, içəri daxil ola bilmədik. Peymanla dəhlizdəki divanda oturub qaşqabaqlı halda dərsin bitməsini gözlədik. Özümüzə inana bilmirdik: aylarla intizarında olduğumuz, həsrətini çəkdiyimiz ilk dərsi qaçırmışdıq.
***
...Bir neçə həftə sonra öyrəndik ki, həmin kilsə arabir mötəbər günlərdə tələbələr üçün xeyriyyə məqsədilə pulsuz yeməklər təşkil edirmiş və bu ziyafətə xristianlar da, başqa dinə etiqad edənlər də, hətta imansızlar da gələ bilərmiş. Onlardan yemək müqabilində hansısa bir təmənna da gözlənilmirmiş. İbadətə qatılmaq kimi bir qayda isə yox imiş. Odur ki, kilsədəki oğlan bizə "xristiansınızmı" sualını verəndə də, yəqin ki, bizi ibadətə dəvət edib-etməməyi müəyyənləşdirməyə çalışırmış. Nəticədə kilsədəki həyəcanımız da, yalanımız da, onun sonundakı itkimiz də, məyusluğumuz da əbəsmiş. Bunu biləndə özümüzə acığımız gəlmişdi. Başa düşdük ki, adət etmədiyimiz belə qəribə hallar yabançı ölkədə hələ çox ola bilər və bu zaman yalana, hiyləyə əl atmaq bizi ağ günə çıxarmaz. Kemal hətta axırda belə demişdi:
- Biz ilk dərsi, bəlkə də,
qaçırmadıq, sadəcə o dərsi universitetdə
yox, kilsədə aldıq.
Səməd
SƏFƏROV
525-ci qəzet.- 2022.- 23 fevral.- S.18-19.