Filosofla səyahət  

 

Kölnə yenicə köçmüşdüm. İnsan yeni bir şəhərə köçəndə, bəlkə , şəhəri gözündə çox böyüdür əsassız qorxuya düşür. Bu qorxu yabançılıq qorxusudur. Psixoloqlar bunu "neofobiya" (yenilik qorxusu) adlandırırlar. İçimdə qorxu ilə yanaşı, bir yorğunluq, laqeydlik vardı. Uzun müddət idi ki, əlimə qələm götürməyə tənbəllik edirdim. Məhz həmin günlərdə Səlahəddin Xəlilovdan xəbər gəldi. İstanbuldan Berlinə gedəcəkdi - mənimlə Berlini gəzmək istədiyini yazırdı. Dərhal beynimdə sual işarəsi yarandı. Suallar bəzən bağlı qapıların açarıdır. Qorxu, yorğunluq, laqeydlik həyatdan qopma hissləri, bəlkə , səfərlə dəyişə bilərdi.

 

Filosoflar insana heç həmişə ümid vermirlər. Əslində, Şopenhauer, Nitsşe kimi filosoflar insanları iddia etdikləri fikirlərlə minlərlə bədbin problemin ortasında qoyub gedirdilər. Amma Səlahəddin hoca belə deyildi. O, Şərqin filosofu idi Şihabəddin Sühreverdiyə görə, "Şərq, nur, işıq ümid" mənasındadır.

 

Dərhal "qaranlıq bədənimi" xalat kimi çıxarıb nurlu ruhla səfərə hazırlaşdım. Əvvəl yolu tanıyacaqdım, sonra  da yolçunu. Necə ki Xəlil Cibran deyirdi:

 

Yolçuya baxıb yolunu tanıma,

 

Yola bax, yolçuyu tanı!

 

Yola çıxsaydım, yolu da, yolçunu da tanıyardım. Paltarımı diqqətlə seçdim. Xocaya göstərəcəyim yeni yazılan məqalələrimi fayllara yerləşdirdim. İki ildir, dünyanın müxtəlif yerlərində şəkil çəkdirdiyim fotoaparatımı da çantama qoyub dəmiryol vağzalına getdim. Berlinlə Köln arasındakı məsafə 570 kilometrdir. Üç saata qatarla bu qədər məsafəni qət edə bilərdim. Biletimi alıb yol tədarükünə çıxdım - qəzet su almaq üçün vağzaldakı mağazaya getdim. Çantamı bir dəqiqəliyə yerə qoyub qəzet suyun pulunu satıcıya uzatdım. Kassirlə söhbətim 30 saniyə çəkmədi. Amma həmin otuz saniyədə yerdə qoyduğum çanta yox oldu. İlk dəfə idi ki, mənim başıma belə bir şey gəlirdi. Kassadakı kişidən, qapıdakı qadından soruşub tələsik o yan-bu yana nəzər saldım. Gördüm deyən olmadı. Bu, inanılmaz idi. Çantam, az qala, işıq sürəti ilə yoxa çıxdı. Polis bölməsinə getmək, ətrafda kamera axtarmaq kimi cəhdlər heç biri nəticə verməmişdi. Çantanın içindəki başqa şeylər önəmli deyildi, ən çox fotoaparatdakı şəkillərə üzülürdüm.

 

Səyahət Sühreverdinin işığı ilə deyil, Şopenhauerin qaranlığı ilə başlamışdı.

 

Filosofun qarşısına köynəyimlə, cins şalvarım əzilmiş qara pencəyimlə çıxacaqdım, başqa çarə yox idi.

 

Qatara mindim. Kresloda oturub 2016-cı ildə yazıçı Uli Ruthfuss ilə alman dilində nəşr etdirdiyimiz "Əbu Turxan dünyası" kitabını oxumağa başladım. Əbu Turxan da Sühreverdi kimi Şərqdən boy atıb ayrılıq dərdin dərmanı kimi aləmin elmin vəhdətini müdafiə edirdi: "İnsan içindəki dünya ilə yaşadığı dünyanı birləşdirsə, xoşbəxt ola bilər".

 

Xoşbəxt olmaq hər insanın arzusu deyilmi? Amma hamı bütövə yox, yarı arzuların arxasınca - hissəyə baxıb ya yoxa çıxır, ya da bədbəxt olurdu.

 

Bayıra baxdım. Payız indi artıq özünü göstərirdi. Qısa müddət parıldayan günəş buludların arasında yox olurdu. Sürətlə başlayan yağış qatarın şüşələrini döyürdü.

 

Berlinə enəndə çantamın oğurlanması yabançılıq kimi pessimist hisslərimi yadımdan çıxarmışdım. Bütün böyük şəhərləri sevdiyim kimi, bu şəhəri sevirdim. Doktorluq dissertasiyamı hazırlayarkən burada ilyarım qalmışdım. Muzeyləri, bərə ilə gəzdiyim kanalları, türklərlə dolu küçələri, tarix qoxuyan guşələri haqqında xoş xatirələrim vardı. Küçə musiqiçisinin ifa etdiyi mahnıda "Landver kanalında meyit üzür" sözlərini eşidəndə hətta Roza Lüksemburq, Karl Libkenxt kimi siyasətçilərin bu şəhərdə vəhşicəsinə qətlə yetirildiyini anlayardım.

 

 

 

Filosofla təvazökar bir oteldə görüşdük. Onun əhval-ruhiyyəsi yaxşı idi. Qısa təbəssümlərlə ətrafına müsbət enerji yayırdı. O, mənə yeni çapdan çıxmış "Fəlsəfənin optikasından eşqin rəngləri" kitabını hədiyyə etdi.

 

Gün ərzində Humbold Universitetində prof. Eva Maria Auch ilə görüşəcəkdik. 1809-cu ildə Prussiya Krallığının liberal siyasətçisi Vilhelm fon Humboldun səyi ilə əsası qoyulan bu universitetdə Azərbaycan bölməsi var idi. Kafedra müdiri, prof. Eva Maria Auch Bakı Dövlət Universitetində ərəb islamşünaslıq ixtisası üzrə təhsil almışdı. O, rus dilini əla bilirdi. Prof. Eva Maria Auch ilə söhbətimiz rus, alman türk dillərinin qarışığı idi.

 

Bu, Səlahəddin hocanı qane etmədi. Bir qədər təsəlli üçün onu "Əli Nino" romanının müəllifi Qurban Səidin (Əsəd bəyin) Berlində yaşadığı evinə apardım. O, Berlin bələdiyyəsinin evin divarına yazdığı Əsəd bəyə aid "Vətənsiz həyat heç bir şey deyil" ifadəsini oxuduqdan sonra susdu. Bu zaman ağlıma Əbu Turxanın bir sözü düşdü: "Kökü güclü olanın üzü solmaz!"

 

Qurban Səid vətənini tərk etməli oldu köksüz ağac kimi çox tez qurudu. Kədərli hisslərlə Fasanen küçəsindən Kurfürstundam tərəfə getdik. Hocaya dedim ki, bu küçə bir vaxtlar rus türk qaçqınlarının yeri olub. Əslində burada bir vaxtlar azərbaycanlıların, Hilal Münşi kimi mühüm şəxsiyyətlərinin yaşadığını deyəndə hoca ətrafa daha diqqətlə baxmağa başladı. Bəlkə , baxışları ilə keçmişin izlərindən gələcəyə mesajlar gətirirdi.

 

Axşam İran restoranında sarıköklü yağlı plov yedik. Restorandakıların demək olar ki, hamısı ət plov yeyirdi. Alman filosofu Fuerbaxın "İnsan yeyirsə, odur" sözlərini hocaya dedim. O da ətrafa nəzər saldı camaatın necə iştahla yemək yediyinə baxdı. Sonra "Toxun acdan xəbəri olmaz" dedi bir müddət susdu. sonra davam etdi: "Vay o günün halına, acın acdan xəbəri olmasın!"

 

Ertəsi gün Kölnə getmək üçün vağzaldan bilet aldıq. Biz bilet alarkən birdən vağzal hay-küylü adamlarla doldu. Maraqla ətrafa baxırdıq. Camaatın niyə oraya toplaşdığını şüarlardan öyrəndim. Nasistlər başqa şəhərlərdən Berlinə göndərilən qaçqınları gözləyir onlara etiraz edirdilər. Hoca çox kədərləndi. O, polisin himayəsi altında küncə sıxışdırılmış qaçqınlara baxaraq bir müddət səssiz dayandı. Çoxlu qadın, uşaq, qoca boynubükük, qorxmuş halda ətrafa baxırdı. Bu zaman hocanın dilindən bu sözlər çıxdı: "İki cür insan xalq var - öz taleyini yazanlar başqalarının yazdıqlarında iştirak edənlər".

 

Bir saat gecikmə ilə qatara mindik. Sürət qatarı bizi iki saat yarıma Kölnə aparacaqdı. Hoca qatarın sürətini, müasirliyini, təmizliyini bəyəndi. Onunla üzbəüz oturanda: "Yol yoldaşlığı hazır yola birlikdə çıxmaqdır. Dostluqsa birlikdə yeni bir yol açmaqdır", -  dedi. Bu söz məni düşündürdü. Bizim aramızda olan gözəl dostluq yeni bir yol açmışdı. Bu sözdən cəsarət aldım. Yolboyu ona sual arxasınca sual verəcəkdim - Şərq, Qərb, fəlsəfə, ədəbiyyat, inanc, həyata baxış kimi sözlər söhbətimizi bəzəyəcəkdi.

 

Deyirdi ki, Şərq var idi, Qərb - hər şey vahid idi bir-birini tamamlayırdı, əslində əcnəbi kimi gördüklərimiz bizim bir parçamızdı: "Qorxulu olan dilini bilmədiyimiz yox, anlaşa bilmədiyimiz adamlardır".

 

Bəli, Qərb zəhmətkeş cəmiyyət kimi irəli getdi. Çünki: "Şərqin idealı kamil insan, Qərbin idealı isə kamil cəmiyyət idi".

 

Qatar sürət aldıqca söhbətimiz daha da dərinləşirdi. Söhbətdə Kant, Haydiqqer, Nitsşedən çox Nizami Gəncəvi, İbn Ərəbi, Sühreverdi, İqbal, Cibran, Cavidin adları eşidilirdi.

 

Filosof Səlahəddin Xəlilov ümid dolu sözləri, dinc ifadələri, canlı baxışları ilə bu səyahəti fəlsəfə səyahətinə çevirmişdi.

 

 

Orxan Aras

 

525-ci qəzet.- 2022.- 23 fevral.- S.16.