Pərvinin esse
yaradıcılığı
Zaman sürətlə dəyişir və bu dəyişmələr
həyatın bütün sahələrində olduğu kimi, ədəbi-bədii-publisistik
yaradıcılığı da əhatə etməkdədir. Ədəbi-bədii
yaradıcılığın janr palitrası bir tərəfdən
zənginləşməkdə, digər tərəfdən
deformasiya prosesi keçirməkdədir. Bədii
sözün roman, trilogiya kimi geniş mətn, hadisələrə,
mövzuya geniş yanaşma prosesi indiki qısa feysbuk
statusları qarşısında azalmaqdadır. Ədəbi-bədii publisistikanın bir vaxtlar
çox populyar olan oçerk bir janr formatı kimi artıq
mövcud deyil. Bizim günlərimizdə
lakonik, qısa mətn daha çox üstünlük
qazanmaqdadır. Bu format özünü esse
janrında ciddi sınaqlardan keçirməkdədir.
Sözümün canı sonuncu cümlədəki esse
janrına bağlıdır. Esse dünyanın bütün media
sistemində aparıcı janrlardan biridir və ümumiyyətlə,
indiyədək "oçerçit" sözündən
formalaşaraq "oçerk" kimi tanınan bir janr indi bizdə
də esse ilə əvəz olunmaqdadır. Esse bu gün ənənəvi
oçerk anlayışını əvəz etsə də,
daha çox duyğulu, ürək
çırpıntısı və s. kimi hissləri önə
çəkir. Bu janr bizim günlərimizdə
yazılı və hətta vizual mediada özünü
geniş şəkildə göstərməkdədir. Mənim daimi oxucusu və hətta daimi müəlliflərindən
biri olduğum "525-ci qəzet" ədəbi-bədii
publisistik yaradıcılığın bu formatına ən
çox yer verən mətbuat orqanıdır. Onun hər nömrəsində bu janrın mükəmməl
nümunələrini görmək mümkündür. Bu qəzetin esse müəllifləri sırasında
yazıçı-publisist Pərvinin əsərləri
xüsusi yer tutur. Pərvin bu qəzetdə
müntəzəm dərc etdirdiyi yüzdən çox esseni
bir kitab formatında oxucularına təqdim edib. Kitab Azərbaycan Yazıçılar Birliyinin
"AYBKitab" layihəsinin nəşridir və "Mütərcim"
nəşriyyatında nəşr olunub.
Yazıçı-publisist Pərvinin ədəbi-bədii
yaradıcılığının sənətkarlıq səviyyəsi
bu əsərlərin müəllifinin bir tərəfdən
Tanrıdan gələn istedadı, digər tərəfdən
ədəbi-bədii yaradıcılığın elmi-nəzəri
kanonlarına filoloq-alim kimi dərindən bələdliliyi ilə
əlaqəlidir. Pərvinin esseləri onun bir sənətkar
yazıçı-publisist kimi özünə məxsus
stilistikası ilə müəyyənləşir. Ədəbi-bədii yaradıcılığın
çox mühüm sahəsi olan esse janrının
kanonları Pərvinin qələmində yeni keyfiyyətə
yüksəlir və bu əsərlərin hər birinin elə
ilk sətri onun müəllifinin yaradıcılıq
istedadının ölçüsünə çevrilir.
Qeyd edim ki, mən Pərvinin esselərinin, demək olar
ki, hamısını "525-ci qəzet"in səhifələrindən
oxumuşam.
Lakin indiki halda "190 yaşlı həmdəmim" adlı
bir kitabda mənə tanış həmin
esseləri yenidən oxuyuram və belə qənaətə gəlirəm
ki, bu əsərlərin toplusu bütün istiqamətləri
ilə insanlıq fəlsəfəsini araşdırır. Və
Pərvin bir yazıçı kimi mövzu olaraq qələmə
aldığı obyektin məhz bu cəhətinə xüsusi
diqqət yetirir: insanlıq fəlsəfəsi! Ona
görə də yazıçının obyektləri istər
tarixən, istər dünən, istərsə də bu gün
mütləq özündə insanlıq fəlsəfəsi
kimi bir ləyaqət yükü daşımaqdadır. Onun qələmə aldığı və portretini
yaratdığı hərkəs dünənin, bu günün
və sabahın müasiridir. Dünyaca tanınan Məhəmməd
Füzuli, Lev Tolstoy, Mirzə Fətəli Axundov, Mirzə
Ələkbər Sabir, Mirzə Cəlil, Bəxtiyar Vahabzadə,
Fikrət Əmirov, Qara Qarayev, Mandelştam və digər
onlarca klassik, onlarca müasirlərimiz bu esselərin obyektləridir.
Esselərdəki hər bir obyektin - bu anda hər
bir sənət adamının ədəbi portreti elə ilk sətirlərdəcə
ona olan bir sevginin ifadəsinə çevrilir. Və bu sevgi esselərin oxucusunun da damarlarına
hopur. "190 yaşlı həmdəmim: Tolstoy...". Essenin ikinci sətrindəki
"...bütün zamanların və zəmanələrin ən
böyük yazıçılardan biri" kimi dəqiq qiymətləndirilən
Lev Tolstoyu müəllif niyə özünə "həmdəm"
hesab edir? Çünki Tolstoy dahi bir sənətkar
kimi insanlıq fəlsəfəsinin mahiyyəti ilə
yaşayıb, yazıb. Və bu esseni oxuduqca və əlbəttə,
Tolstoya müəyyən qədər bələd olan hər kəsin
birdən ağlına belə bir fikir gəlir: hə, Tolstoy mənim
də həmdəmimdir.
Ümumiyyətlə, bu esselərin hər birində
oxucunun özü də var və əlbəttə, sənətkarlığın
ən ciddi kriteriyalarından biri əsərin təqdim
olunduğu kəsin özünü mütləq həmin əsərdə
tapmasıdır.
Mən Pərvinin
esselərini oxuduqca belə qənaətə gəlirəm ki,
yazıçı öz əsərinə seçdiyi obyekti
iki vacib fakta görə müəyyən edir: 1. Bu obyekt
mübahisəsiz qəbulediləndir; 2. Mübahisəsiz qəbul
edilən bu obyektə müəllifin sonsuz sevgisi mövcuddur.
Əks halda Tolstoyu Allah kimi, çar kimi, kişi
kimi, qadın obrazının ustadı kimi, ölümündən
sonra daha canlı yaşayan bir sənətkar kimi bizə
axıradək təqdim edə bilməzdi. Doğrusu, məsələn,
L.Tolstoy, M.F.Axundzadə, Mirzə Cəlil və başqa tarixi
şəxsiyyətlərə bağlı esselərin
dolğunluğu, bu statistikanın açarını göstərən
fakt bolluğu esseləri elə vizuallaşdırır ki, həmin
obyektləri həm də bu vizuallıq fonunda axıradək dərk
etmək olur.
Pərvinin esselərinin fəlsəfi yükü ədəbi-bədii-publisistik
sözün maarifçilik kimi əbədi messiyasını
(məhz messiyasını) özündə daşıyır. Bu fikrin nə qədər dəqiq
olduğunu görmək üçün müəllifin Cəlil
Məmmədquluzadəyə - Mirzə Cəlilə həsr
etdiyi "Anamın kitabı"... Kitabsızlıq
dərdi..." essesinə diqqət etmək kifayətdir.
Kitabda həm də öz həcmi ilə seçilən bu
esse zaman-zaman ana dilimizə etinasızlıq dərdini,
qadına milli münasibətimizdə tarixən
özünü göstərən cəhalət dərdini,
M.Ə.Sabiri və Mirzə Cəlili məhz bu sahələrdə
narahat edən dərdlərin aradan
qaldırılmasındakı birgəliyi, Qarabağa köhnəlməyən
erməni iddiasına köhnəlməyən ziyalı
münasibəti, bu münasibətə davasız,
ölüm-itimsiz təkliflər sistemi kimi səslənən
və müəllifin məktəb kimi təhlilə çəkdiyi
"Kamança"dakı erməniyə humanist azərbaycanlı
çağırışı da Pərvinin bu sahələrdə
böyük Mirzə Cəlil maarifçiliyinə yeni
baxışının ədəbi nümunəsidir.
Pərvinin
esseləri mövzuya görə müxtəlif istiqamətlidir,
amma bu müxtəlifliyi bir cəhət birləşdirir:
Bütün esselər ədəbi, bədii, publisistik
yaradıcılığın çoxşaxəli qolları
ilə birləşir və hər şey bu qolların ədəbi
təqdimatına xidmət edir. Bu təxmini bölgü
kitabın əsas mündəricəsini əhatə edir:
"Şəxsiyyət". Bu bölmədə
müəllifin diqqəti, əsasən, bədii söz
ustalarının yaradıcılıq dünyasına yönəlir.
Burada bəlkə də birbaşa
"yaradıcılıq" deyil, bu yaradıcılıq aləmində
həmin obyektin həm də şəxsiyyəti, şəxsi
xarakteri açılır. Yəqin elə
buna görə də müəllif bu bölməni "Şəxsiyyət"
adlandırıb. Bu başlıq altında
yaradıcılığı və xarakteri, ədəbi,
ictimai fikir məkanında özünəməxsus yeri olan 51
nəfərin esse təqdimatı var. Bu rəqəm
bütövlükdə kitabda yer alan 103
essenin tən yarısıdır.
Etiraf edim
ki, musiqi korifeylərimizdən olan Fikrət Əmirov, Qara
Qarayev, bədii söz ustadımız Bəxtiyar Vahabzadə,
Fikrət Qoca, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu
və digər onlarca şəxsiyyəti qələmə alan
bu esselər həmin adamları daha yaxından, daha aydın
tanımağa xidmət edir. Hər gün
hansısa bir yaradıcılıq faktı ilə
rastlaşdığımız və faktlardan zövq
aldığımız müasirlərimiz Pərvinin sevgi dolu
esselərinin obrazlaşdırılmış qəhrəmanlarıdır.
Həm də bu klassiklər və müasirlər
təkcə Azərbaycan ədəbi mühitinin deyil, habelə
dünyanın dünən də, bu gün də qəbul
etdiyi şəxsiyyətlərdir. Esselərin
bu məqamı bizə dünya korifeylərini yaxından
tanımağa xidmət edir. Həm də
bu esselər onun müəllifinin nə qədər geniş
biliyə və təhlil təfəkkürünə malik
olduğunu göstərir. Bu mənada bir
fakt kimi "Xanım Mandelştam..." essesini misal göstərmək
olar. Bu esse təkcə xanım Nadejda Xazinanın
(Osip Mandelştamla birləşəndən sonra Nadejda
Mandelştam) həyatı ilə bağlı epizodları ilə
deyil, həm də bütövlükdə repressiyaya
uğramış ziyalı kişilərin ziyalı
qadınları haqqında maraqlı elegiya mənası
daşıyır. Beləcə,
Müşfiqin və sədaqət rəmzi olan Dilbərin
repressiyadan doğan nakam sevgisini özünəməxsus sənətkarlıqla
bütöv bir dastana çevirən "Mən Dilbəri
sordum..." esse-elegiyası. Niyə mən
bu əsəri cəsarətlə "esse-dastan" kimi qəbul
edirəm? Çünki bu essedə xalqımızın
məhəbbət dastanlarında olan sevgi motivləri var. Və
həm də esse janrının bu məqamdakı bədii-bioqrafik
məqamları mənə bu anlayışı dilə gətirməyə
haqq verdi: "Mən Dilbəri
gördüm...", "O qaçdı məndən...",
"Və uzaqlıq...", "Evlilik...",
"Ağlamayan gözlər ağlasın...", "Bu yaz
bir başqa yazdır...", "Müşfiqsiz günlər...
Müşfiqsiz Dilbər...".
Bu yarımsərlövhələrin hər birinin
sonundakı üç nöqtə nakam məhəbbətin
dilə gələ bilməyəcək anlarıdır. Əlbəttə,
o üç nöqtələr Pərvinin qələmində
hər dəfə ağlar göz yaşlarına səbəb
olan elegiya - ağı formatına işarədir və xalq
dastanlarımızın nakam sevgi motivlərinin rəngini
duyurmaqdadır.
Zaman olub ki, azadlıq ideyaları ilə yaşayan cəmiyyət
daha çox ədəbi qüvvələrə pənah gətirib. Təsadüfi deyil ki, XIX əsrin
birinci yarısında azadlıq ideyaları ilə, demokratiya
arzularıyla yaşayıb-yaradan Nekrasov deyirdi: "V Rossii
pogt bolğşe, çem pogt". Eyni vəziyyət
bizdə də olub. Biz bu gün cəsarətlə
deyə bilərik ki, M.F.Axundov dramaturqdan yuxarıda duran şəxsiyyətdir.
Yaxud, Mirzə Cəlil ədibdən yuxarıda
dayanan şəxsiyyətdir. Belə bir
postulat ölçü ilə yanaşsaq, 1960-cılar ədəbi
qüvvələri sırasındakı Anar, Elçin,
İsa Hüseynov kimi ədiblər cəmiyyətin zirvəsində
dayanan ziyalılardır. Pərvinin
"525 yaşlı Füzuli... və Anarın kədəri..."
sərlövhəli essesinin əsas mahiyyəti qadağaların
cəmiyyətə çatdırılmasını daha qiymətli
olduğunu yaxşı bilən Anarın belə qadağalara
sinə gərməsini aydın faktlarla gəncliyə təqdim
edilməsidir. Belə ideoloji qadağalar isə
Dədə Qorqudun kitabından tutmuş Füzulinin "kədərinədək"
çox yerdə özünü göstərmişdir. Mənim üçün bu kontekstdə maraqlı
orasıdır ki, Pərvin müasirimiz olan Anarın Füzuli
kədərinə münasibətini yeni düşüncənin
yeni məhsulu kimi oxucuya çatdırır.
Beləcə,
Pərvin "190 yaşlı həmdəmim" kitabına
düzdüyü bütün esselərində dünənə
qayıtmaq, keçmişin vacib keyfiyyətlərini unutmamaq,
milli-mənəvi dəyərlər sisteminə naxələf
çıxmamaq, önəmli ədəbi-bədii əsərlərə
bələd olmaq, milliliyi və bəşəriliyi birləşdirən
dahi sənətkarlara minnətdar olmaq kimi keyfiyyətləri
yada salmaq missiyasını yerinə yetirir. 103 maraqlı essenin
toplandığı bu kitab onun müəllifini bədii
sözə, bədii yaradıcılığa maraq
prizmasında bizə təqdim edir, ədəbi mühitin ən
önəmli şəxsiyyətlərini hər kəsə
tanıtdırır və bir də sübut edir ki, Pərvin
polifonik-hərtərəfli bir filoloq, bir teatrşünas, bir
kinoşünas, hərtərəfli publisist kimi fenomenal
yaradıcı şəxsiyyətdir. Onun yaradıcılıq
dünyasının hərtərəfliliyini duymaq
üçün kitabdakı "Teatr", "Azərbaycan
kinosu-120", "Məbəd", "Səfər təəssüratları",
"Uşaqlar dünyanın sabahı..." bölmələrini
diqqətlə oxumaq gərəkdir. Şəxsən
mən bütün bu yazıları bir zamanlar "525-ci qəzet"də
oxumuşam, indi isə bir toplu halında yenidən oxudum.
Oxudum və Azərbaycan Pedaqoji Universitetinin bu cavan filoloqunun tələbələrini
xatırladım...
Bu yerdə Pərvinin esseləri haqqında yazıya son
nöqtəni qoydum. Son nöqtəni qoydum və amma fikrə
getdim. Doğrudanmı, Pərvini fəlsəfə
dolu, duyğular dolu, hər sətrində sənətkarlıq
gücü, hər kəsi düşündürən mükəmməl
təsvir üslubu, gerçəkliyin fantasmaqorik ifadəsinə
çevrilən təhkiyəni, tanıdığımız
şəxsiyyətləri bizə yenidən sevdirən... bu
esselər barədə fikri bitirmək olar?
"Nəyə görə yaşamağa dəyər?" - Mehriban Zəki - 50,
"Qarabağ fəryadı", "Həmidə
xanım", "Ölən və dirilən Təhminə..."
kimi esseləri təhlil etmədən bu yazıya son nöqtə
qoymaq çətindir.
Mən yuxarıda Pərvinin esselərindəki insanlıq fəlsəfəsindən danışdım. Və mən "190 yaşlı həmdəmim"i oxuduqca bu qənaətimdə doğru olduğumu, ən azı, özüm üçün müəyyənləşdirdim. Pərvinin "Qələmlə, yaxud qələmsiz" essesi haqqında bu yerdə necə danışmayım?! Bu esse Rəşad Məcidin son illərdə internet səhifələrində dostları ilə bölüşdüyü statusları toplanmış "Qələmsiz yazılanlar" kitabına aiddir. Rəşad Məcidin "qələmsiz yazılanlar"ına çoxumuz bələdik. Amma etiraf edim ki, Pərvin bu statusları onların müəllifinin yaradıcılıq xarakterinin kontekstində o qədər dəqiq və maraqlı təhlil edir ki, bu yazıların insanlıq fəlsəfəsinə necə bağlı olduğunu bir daha kəşf etməli olursan. Diqqəti essedən bir fikrə cəlb etmək istəyirdim: "Bu pərakəndə, xaotik, heç bir şəkildə hansısa eyni ideya altında birləşməyən yazıları böyük bir romanın parçaları kimi də qəbul edə bilərik... Rəşad Məcidin bəzən birinci, bəzən üçüncü şəxsin dilindən yazdığı, mənsur şeirə bənzəyən mətnləri dərdləşənə deyil, bölüşənə deyil, bəlkə əslində özünü dərk etmə, qadından sevgidən, insan hisslərindən danışa-danışa özünü anlama cəhdidir... və məhz bu mətnlərin müəllifinin özünəməxsus şair olduğunu önə çəkir, dillər əzbəri misralarını yada salır... əslində, öz duyğularını danışmaqla, gündəlik təsiri bağışlayan qeydlərini oxucusuna təqdim etməklə yaşamağın reseptini verir Rəşad Məcid!"
Essenin bütün sətirlərində, bir daha təkrar edirəm, Rəşad Məcidin status yaradıcılığı onun özünün insanlıq fəlsəfəsi ilə birgə təhlil edilir.
Pərvinin 103 essesini özündə birləşdirən
"190 yaşlı həmdəmim" kitabından dərhal
sonra onun "Vəziyyət ruscadır" adlı daha bir esse
kitabı nəşr edilib. Kitabın anonsunda da deyildiyi kimi,
"kitabda yazıçı-publisist Pərvinin rus nəsrini
təhlil edən esseləri yer alıb". Və həcmcə
kiçik görünən bu kitabda rus klassiklərini təhlil
edən 22 esse təqdim olunub. Yuxarıda haqqında nisbətən
geniş söhbət açdığım 103 esselik
kitabın özündə də rus klassik yazıçı
və şairlərinin bəzilərinin
yaradıcılığı təhlil edilib. Bəs Pərvin
hansı səbəblə bu dəfə rus klassiklərini yada
salan ayrıca kitab qoydu ortaya? Ona görə ki, XIX-XX əsr
rus ədəbiyyatı öz zənginliyi və sənətkarlığı
ilə dünya bədii söz sənətinin zirvəsində
dayanır. Pərvin xanım bu zirvəni bədii-publisistik
yaradıcılığın esse formasında bir daha diqqətə
çatdırmağı qərara alıb.
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2022.- 23 fevral.- S.14;15.