Sonsuz ehtiramdan yaranan misilsiz əsərlər

 

Ulu öndər Heydər Əliyevin parlaq obrazı böyük xalçaçı-rəssam Kamil Əliyevin yaradıcılığında

 

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm xidmətlərinin nəticəsidir ki, qədirbilən xalqımız da dahi rəhbərin adının əbədiləşdirilməsi, yaddaşlarda əbədiyaşarlıq qazanması istiqamətində dəyərli addımlar atıb. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənəti tarixində dahi rəhbərin adını daşıyan sənət əsərləri mədəniyyət mərkəzləri, incəsənət nümunələri, obrazının yaradıldığı ədəbi əsərlər ulu öndərə Azərbaycan ziyalılığının verdiyi qiymətdir. Müstəqillik illərində digər sahələrdə olduğu kimi görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində güclü inkişafa qovuşan Azərbaycan incəsənətinin Ümummilli Liderin rəhbərin adını əbədiləşdirmək, onun ömür yolunun müxtəlif səhifələrini canlandırmaq baxımından əvəzsiz incilər olan sənət əsərləri Azərbaycan incəsənəti tarixində mühüm bir mərhələ təşkil edir. Ulu öndərin fəaliyyəti sayəsində davamlı inkişafa qovuşan müstəqil Azərbaycan dövlətinin mövcud olduğu illər ərzində də Heydər Əliyev dühası, onun parlaq şəxsiyyəti rəssamlığımızda, incəsənətin bütün sahələrində yaradılan möhtəşəm sənət əsərlərində öz əksini tapıb. Təbii ki, rəssamlığımızda Heydər Əliyevin bədii obrazına müraciət edən görkəmli rəssamlar sırasında böyük vətənpərvər, Xalq rəssamı, "İstiqlal" ordenli Kamil Əliyevin özünəməxsus yeri və rolu vardır. Bu mənada Heydər Əliyev dühasını portret-xalçalarında əbədiləşdirən Kamil Əliyevin əsərləri sənətşünaslıq elmi cəhətdən böyük əhəmiyyətə malikdir.

Milli köklərə söykənən, milli özünüdərk ideyalarımıza xidmət edən, dünənimizdən bugünümüzədək tariximizi özündə saxlayan xalçaçılıq sənətimiz mədəni irs kimi bir çox sənətkarlarımızın ilham mənbəyinə çevrilib. Bu sənətin qorunmasında və inkişafında mühüm xidmətlər göstərmiş sənət fədailərimizdən biri də, sözsüz ki, Xalq rəssamı Kamil Əliyevdir. Mədəniyyət tariximizdə öz əbədi izlərini salmış böyük vətənpərvər Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə qədim xalçaçılıq sənətimizin qorunmasına və inkişafına öz mühüm töhfələrini vermiş sənətkarlardan biridir.

Kamil Əliyev yaradıcılığının diapazonu çoxşaxəli və əhatəli olmaq baxımından olduqca önəmlidir. Onun yaratdığı xalçalar, şübhəsiz ki, yüksək sənət əsərləri zirvəsinə ucalıb və bu gün də öz əhəmiyyətini itirməyib. Kamil Əliyev xalçalarının bu mükəmməl səviyyəyə gəlməsi üçün nə qədər dəqiqlik, neçə-neçə mürəkkəb texnoloji mərhələləri keçmək, əvvəlcədən düşünülmüş böyük ideyaların üzərində təkrar-təkrar təkmilləşdirmə aparıb, səbrlə bədii quruluğu - haşiyə, ara sahələr, rənglər və naxışlar arasında vəhdət yaratmaq və ən nəhayət, obrazı incə ilmələrlə xalça üzərində toxuyub canlı bir şəkildə göstərmək lazım gəlib. Kamil Əliyev yaracılığını hər zaman möhtəşəm edən mühüm amillər sırasında şübhəsiz ki, xalçalarda yüksək sıxlığı əldə etmək üçün hansı növ yun, hansı qalınlıqda iplik, hansı təbii tərkibdən alınacaq lazımi rəng, bir rəngdən digərinə keçid və sairi dəqiqliklə duymaq qabiliyyəti var. Kamil Əliyev yaradıcılığının təntənəsinin mərkəzində isə təmkinlə ideyanı düşünmək, onun üzərində təkmilləşdirmələr aparmaq, xalçanın hər bir detalı üzərində iş aparmaq və xalq dilində desək, nazını çəkmək dayanırdı. Təbii ki, bunların hər birindən əvvəl yaradıcı insan üçün hər zaman oxumaq, öyrənmək, araşdırmaq vacib və gərəkli olub. Bu əsasda deyə bilərik ki, Kamil Əliyev də əvvəlcə oxuduğu miniatür kitablarında rast gəldiyi rənglərlə yaradıcı düçüncəsini bir araya gətirməklə xalçalar üzərində effektiv obrazlar yaratmağa nail olurdu.

 

Kamil Əliyev yaradıcılığının zirvəsində dayanan mövzulardan başlıcası və demək olar ki, əsasları məhz portret-xalçalardır. Kamil Əliyev öz təkrarsız sənəti, orijinal ornament və naxışları ilə, qədim Azərbaycan xalça sənətinin ənənələri əsasında yaratdığı müasir portret-xalçaları ilə son dərəcə mühüm, dövlət əhəmiyyətli bir missiyanı, ölkəmizi, odlar yurdumuzu beynəlxalq aləmdə tanıtmaq, dünyanın nəzərlərini əbədi sənət diyarımıza - Azərbaycanımıza çevirmək missiyasını peşəkar diplomatlar səviyyəsində yerinə yetirib desək, yanılmarıq.

O, Azərbaycanın qədim və əbədiyaşar xalça sənətinə yeni çalar, orijinal bir üslub gətirdi, xalçaçılığın milli koloritə, tarixi köklərə söykənən portret - xalça janrına vətəndaşlıq hüququ qazandırdı və bu müqəddəs xalq sənətinə sevgisini göstərə bildi.

 

Kamil Əliyev keçən əsrin 60-cı illərindən başlayaraq dünyanın bir çox tanınmış şəxsiyyətlərinin - Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Mirzə Fətəli Axundzadənin, Alexsandr Puşkinin, Şota Rustavelinin, Mustafa Kamal Paşa Atatürkün, Turqut Özalın, Süleyman Dəmirəlin, Rabindranat Taqorun, İndira Priyadarşini Qandinin, Bill və Hillari Klintonun portretlərini xalça üzərində böyük ustalıqla yaradıb.   

Portret - xalçalar silsiləsinə daxil olan, zənginlik baxımından hər zaman əbədiyaşarlıq qazanmış, Kamil Əliyev sənətinin şah əsərləri sayılanlar sırasında şühbəsiz ki, Ümummilli lider Heydər Əliyevə həsr etdiyi portret - xalçalar xüsusilə seçilməkdədir.  

Heydər Əliyev dühasını xalçalarda əbədiləşdirən görkəmli rəssam ulu öndərimiz haqqında böyük məhəbbətlə bu fikirləri söyləmişdi: "Artıq Füzulinin portreti mənə şöhrət gətirmişdi, elə həmin vaxtlarda düşünürdüm ki, əgər müasirlərimizdən hansınınsa portretini yaratmaq istəsəm, bu, hökmən Heydər Əliyev olacaqdır. Sonralar biz onunla tez-tez görüşməli olurduq, çünki o mənim yaxın qohumum olan Əziz Əliyevin qızı Zərifə xanımla evlənmişdi. Bizim aramızda sadəcə qohumluq deyil, səmimi dostluq münasibəti yaranmışdı. 1967-ci ilin 6 noyabrında olan görüşüm isə indi də gözlərimin qabağındadır. Evlərində ziyafət təşkil eləmişdilər. Sən demə, belə cavankən general rütbəsi almış, bu mühüm hadisənin şərəfinə dostları, qohum-qardaşı bir süfrə arxasına toplamışdı. Düşündüm ki, belə cavankən bu yüksək çinə (rütbə, vəzifə) layiq görülmək üçün Vətən qarşısında gör nə qədər xidmətlər göstərməlisən... İnanın, elə həmin gün onun portret-xalçasını yaratmaq arzusu doğdu qəlbimdə... Bu mənzərə yaddaşıma əbədi həkk olundu. Və fantaziyamın gücü ilə bu xəyali obraza yeni-yeni detallar əlavə etməklə xatirimdə xeyli müddət yaşatdım".

Ulu öndər Heydər Əliyev o zaman respublikamıza rəhbərlik etdiyi dövrdə dünya ölkələrinə rəsmi səfərlərə getdiyi zaman, çox vaxt Xalq rəssamı Kamil Əliyevi də özü ilə aparardı, özü də getdikləri ölkənin dövlət xadiminin rəsmi təsvir olunmuş portret xalçası ilə.

Şərq adətlərinə görə, dövlət rəhbərlərinə inam və etibarın, mehriban münasibətlərin möhkəmləndirilməsinin rəmzi olaraq onlara xalça bağışlanardı. Bu səfərlərdə də həmin missiya məhz Kamil Əliyevin yaradıcılığı ilə yerinə yetirilirdi.

Beləliklə, Heydər Əliyevlə hər görüşdən sonra onun obrazının yeni eskizlərini cızan Kamil Əliyev axtarışlarını, nəhayət, yekunlaşdırdı. Xalq rəssamı 1981-ci ildə, Azərbaycanın inkişafı naminə böyük işlər görən, Azərbaycan KP MK-nın I katibi kimi səmərəli fəaliyyət göstərən dövlət xadimi Heydər Əliyevə həsr etdiyi ilk portret-xalçası olan "Azərbaycanın qəhrəman oğlu" adlı əsərini tamamladı. Portretdə qəhrəmanın ciddi, zəhmli baxışlarıyla yanaşı, insanlara sevgi, xeyirxahlıq hissləri aşılayan bir mənzərə təsvir olunub.

Rəssam, məhz Kamil Əliyev xalçalarına xas olan dərin fikirli ornamental kompozisiya yaradıb, burada da kamillik və mənəvi gözəllik dünyasının üstünlüklərini verə bilib. Həmçinin, psixoloji cəhətdən bitkin bir obraz yaratmış, müdrik rəhbərin, uzaqgörən siyasi xadimin xüsusiyyətlərini daha parlaq şəkildə əks etdirib. Rəssam öz xatirələrini söyləyərkən deyirdi: "1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. İndi o, ölkənin Prezidenti, həm də Ali Baş Komandanı idi. Onun 75 illik yubileyinə respublikamızda ciddi hazırlıq gedirdi. Mən də xalçaçı-rəssam kimi dostumun ad gününə hədiyyə etməyi düşündüm və qərara gəldim ki, Ali Baş Komandanın xalça üzərində portretini məhz general libasında yaradım. General mündirində isə onu bircə dəfə görmüşdüm və bu formada elə yaraşıqlı görünürdü ki! Sonralar da onu formada görürdüm, ancaq general formasında yox. Ümumiyyətlə, Heydər Əliyev bu geyimdə çox az-az olurdu. Yəqin ki, onu bu formada görənlər olub və mənimlə razılaşarlar".

Hər zaman fikrində, düşüncəsində qəti olan, dəqiq yaddaşa, hafizəyə malik Kamil Əliyev o illəri xatırlayaraq söyləyirdi: "Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi məhz general libasında portret-xalçasını yaratmağı, onu məhz hərbçi kimi təqdim etməyi qərarlaşdırdım. Mən bu yeni əsərimdə fərqli ab-hava, əhval-ruhiyyə bəxş etməli, həm də xalçaya məxsus olan, naxışları ona yaraşdırmalı idim. Və bir daha portret-xalça ustası olduğumu təsdiq etməliydim. Bu çox çətin iş idi, asan deyildi".

Bu əsrarəngiz sənətin çətinliyini dahi öndərimiz Heydər Əliyev də öz yaxın dostu Xalq rəssamı Kamil Əliyevin 80 illik yubiley tədbirindəki tarixi çıxışında dilə gətimişdi: "Bilirsiniz, xalça sənəti olduqca çətin sənətdir. Rəssam kağız üzərində çəkdiyi rəsmin və ya portretin hər hansı bir yeri xoşuna gəlmədikdə onu pozub təzədən çəkə bilər. Xalçada isə belə deyil. Əgər bir ilmə səhv düşərsə, bura qədər toxunmuş yer tamam sökülməlidir, yenidən toxunmalıdır. Amma açığı, Kamil məni xalça üzərində ilmələrin gücü ilə, qüdrəti ilə daha çox özümə oxşadıb..."

 

Ulu öndərin bu dəyərli mülahizələri təkcə Kamil Əliyevin sənətinə verdiyi qiymət deyil, bu həm də dahi şəxsiyyətin xalçaçılıq sənətinə dərindən bələdliyinin göstəricisidir.

Haqqında bəhs etdiyimiz bu əsərdə təlqinedici, ciddi baxışlarla, özünəməxsus mənalı üz cizgilərilə təsvir olunan şanlı general sanki gələcəyi əyani şəkildə seyr edir, onu hakimiyyət zirvəsinə doğru aparan çətin və şərəfli yolu əvvəlcədən nəzərdən keçirir, bəlkə də, nə vaxtsa xalqının ən ağır məqamında onu bir daha parçalanmaqdan qorumaq, müstəqil Azərbaycanı möhkəmləndirmək üçün hakimiyyətə təkrar qayıdışını da qabaqcadan görür. Rəhbərin portreti xırda nəbati naxışı olan mavi fonlu, gözəl tərtib edilmiş mərkəzi oval medalyonda yerləşdirilib. Heydər Əliyevin üz cizgiləri açıq tonlarda, incəliklərlə tədricən ipliyin daha tünd tonlara keçidi halında yaradılıb. Rəssam dekorativ üslubda tərtib edilmiş xalçada uzun və mürəkkəb müdrik rəhbər ömrü yaşamış, öz respublikasının müstəqilliyinə nail olmuş ağıllı, dünyagörmüş bir insan xarakterinin əsas cəhətlərini məharətlə əks etdirə bilib. Sənətkar həm oxralı-qızılı, həm də özünün sevdiyi yaşılımtıl tonlarda tərtib edilmiş unikal xalça yaradıb. Bu xalçada ornamental kompozisiya bütövlükdə mükəmməl səviyyəyə çatdırılıb. Milli "tirməsayağı" naxışın tətbiqi, rəsmi general formasında olan Heydər Əliyevin portreti yerləşdirilən oval medalyonun daxil edildiyi orta sahəni çərçivəyə almış geniş ana haşiyə Kamil Əliyevin dərin düşüncəsinin, milli ornamentdən istifadə etmək məharətinin və ən başlıcası, portretdə cəsur, mütəfəkkir, müdrik hökmdar obrazını əks etdirmək bacarığının göstəricisidir. Xalçanın bayram əhvali-ruhiyyəsini, tünd rəngdə işlənmiş "islimi-arabesk" elementlərindən ibarət olan ornamental quruluşunu dinamik naxışlar daha da canlandırır. İsliminin bu dinamik, yüngül elementləri həm oval medalyonun kənarlarında, həm də göy fonlu enli haşiyədə istifadə olunub. Bütün bunlar xalçanın ümumi təntənəli ruhuna xüsusi dəstək verir.

Ulu öndərin xalça üzərindəki daha bir portreti də təxminən eyni üslublu, eyni geyimdə - general formasında olan şəkildə toxunub. Bu xalça isə dahi şəxsiyyətin anadan olmasının 75 illik yubileyinə Kamil Əliyevin böyük dost-sənətkar hədiyyəsi idi. Ulu öndərin bu portreti də ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Həmin portret-xalçanın oxşarı paralel olaraq toxunub hazır olanda Xalq rəssamı onu Heydər Əliyevin doğma diyarına, doğulub boya-başa çatdığı Naxçıvan torpağına göndərdi və bu sənət əsəri bu gün oradakı Heydər Əliyev Muzeyində saxlanılır. İndi həmin muzeyə üz tutanlar zəngin eksponatlar arasında həmin xalçanı da zövqlə incələyə bilərlər. Bu xalça Kamil Əliyevin ilk əsərindən sarı rəngin müxtəlif tonlarının üstünlük təşkil etməsi ilə də seçilir.

Tariximizi, mədəniyyətimizi özündə yaşadan, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə xalqın milli keçmişini özündə daima ehtiva edən xalçaçılıq sənətimizdə öz dünyasını yaradan Kamil Əliyev əsərlərinin təkcə Azərbaycan məkanı ilə məhdudlaşmamasının, eləcə də dünyanın ən məşhur muzeylərində sərgilənməsinin bir açıqlaması var: demək, görkəmli rəssam daima yaşayır və yaşayacaq!

Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin dahi bilicisi və böyük himayədarı olan Heydər Əliyevin ustad sənətkar Kamil Əliyev haqqında dediyi kimi: "Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqdır".

 

 

Toğrul CƏFƏRLİ

Naxçıvan Dövlət Universitetinin "Təsviri incəsənət" kafedrasının müəllimi

 

525-ci qəzet.- 2022.- 23 fevral.- S.12;13.