Tarix unudulmur: Faciə də
tarixdir
Ermənistan müxtəlif dövrlərdə müxtəlif
üsullarla Azərbaycandan min hektarlarla ərazi
almışdı. Bu, Moskvanın Ermənistana - erməniliyə
siyasi yarınması idi. Sərhədlərini
bu şəkildə genişləndirən Ermənistan
Qorbaçov dövründə daha ciddi siyasi təxribatlara
meyilləndi, Sovet rejiminin
başaçılmazlıqlarından bəhrələnməyə
çalışdı. Aqambekyanın
Fransanın "Humanite" qəzetinə müsahibəsi ilə
açılan bu siyasi riyakarlıq müxtəlif üsullarla
və vasitələrlə genişləndirildi. Bu iddia elan edilməyən müharibəyə səbəb
oldu. Bu müharibənin ilk şəhidləri
Əskəranda Əli ilə Şəhriyar oldu. İki gəncin şəhidliyi xalqımızın
torpaq uğrunda döyüşlərinin
başlanğıcı oldu. Azərbaycanda
milli azadlıq hərəkatını söndürməyi
bacarmayan Moskva Azərbaycana qarşı Ermənistan amilindən
istifadə etdi. Birinci Qarabağ müharibəsi
başladı...
Ermənilər müxtəlif vaxtlarda Azərbaycanın
sərhədləri daxilində müxtəlif təxribatlar
törədir, kəndləri artilleriya atəşinə tutur,
hücum edir, evləri yandırır, camaatı vəhşicəsinə
qətlə yetirir, əsir aparırdılar. Azərbaycan
Ordusu hələ tam formalaşmamışdı, respublikada
hakimiyyət boşluğu vardı, qarşıdurmalar birliyə,
monolitliyə imkan vermirdi. Bunlar müharibə şəraitində
düşmənin fəallaşmasına imkan
yaradırdı...
Birinci
Qarabağ müharibəsində düşmən Qazaxın
Bağanıs Ağrım kəndində belə bir faciə
törətdi (24 mart, 1990-cı il). Bu faciədə 10 nəfər
öldürüldü. Meşəli kəndində 8-i
qadın, 3-ü uşaq olmaqla, 28 nəfər
öldürüldü (23 dekabr 1991-ci il),
Qaradağlı faciəsində 102 nəfər vəhşicəsinə
öldürüldü, 108 nəfər əsir
düşdü (14 fevral 1992-ci il). Azərbaycanın
üzləşdiyi bu faciələrə görə beynəlxalq
təşkilatlar da, dünyanın iri dövlətləri də
ciddi bəşəri münasibət bildirmədi. İşğalçı dövlət cəzasızlığı
sonrakı hərbi fəaliyyətinə vasitə bildi.
Havadarlarından həm siyasi, həm də hərbi dəstək
alan işğalçı dövlət Azərbaycanın
dövlət sərhədləri daxilində təxribatlar,
qırğınlar törətməkdə davam edirdi. Dövlət müstəqilliyi təzəlikcə bərpa
edilmiş Azərbaycanda dövlət idarəçiliyində
yol verilən ciddi nöqsanlar, əsassız
qarşıdurmalar düşmənin
işğalçılıq niyyətinə şərait
yaradırdı. O vaxtlarda Xocalıya şəhər
statusu verilmişdi. Bu səbəbdən burda əhalinin
sayının xeyli artması düşmənin diqqətini
çəkibmiş...
Düşmən
dislokasiya yeri Xankəndi olan 366-cı motoatıcı alayın
bilavasitə iştirakından bəhrələnirdi, müəyyən
mənada, bu alay Ermənistana xidmət edirdi...
Erməni
hərbi birləşmələri 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə 366-cı
alayın bilavasitə iştirakıyla, ağır texnikalarla,
artilleriya dəstəyi ilə, çoxsaylı hərbi
qüvvə ilə Xocalı şəhərinə hücum
etdi. Ərazi özünümüdafiə
taborları, əhali bu miqyasda hücumun
qarşısını ala bilməyəcəkdi. Əhali ev-eşiyindən çıxıb
uzaqlaşana kimi döyüşdü. Sonralar Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş Əlif Hacıyevin,
Tofiq Hüseynovun və başqalarının rəşadətli
döyüşü camaatın nisbətən
uzaqlaşmasına, qırğının az
olmasına şərait yaratdı. Xüsusi
tapşırıq almış qüvvələr - ermənilər
də, 366-cı alayın hücumda iştirak edən hərbi
qulluqçuları da şəhərdən
uzaqlaşanları ölümdən, əsirlikdən
qaçanları təqib edir, onlara çatır, çatanda
güllələyir, əsir götürürdülər.
Qışın soyuğunda, şaxtasında
çöllərə düşən xocalılılar
zülmlə Qarqar çayı istiqamətində, Ağdam
istiqamətində yıxıla-yıxıla, əzilə-əzilə
qaçırdılar.
Həmin gecə ermənilər Xocalını
odlmışdı, Xocalı özü boyda ocağa
dönmüşdü. Şaxta-sazaq od söndürər,
Xocalıda od yayılırdı. Hamı harayla,
naləylə, fəryadla oddan qaçırdı. Bilmirdi ki, oddan qaçıb daha dəhşətli
oda düşəcəklər. Bu haraylar, nalələr,
fəryadlar Xocalıdan uzaqlarda eşidilmirdi...
Dünya müharibələr tarixi belə qəddarlıq,
belə vəhşilik görməmişdi. Bunu vəhşiliyin,
qəddarlığın ad daşıyıcısı olan,
dünyəviliyə, bəşəriliyə düşmən
kəsilən ermənilik törədirdi. Bu vəhşilik
tarixdə min illərlə nifrətlə xatırlanacaq...
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdandan sonra əsrin
faciəsinin soyqırım aktı olduğu beynəlxalq
ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə
çatdırıldı. Ümummilli lider Heydər
Əliyevin sərəncamı ilə 26 fevral "Xocalı
soyqırımı günü" elan edildi.
Ümummilli lider deyirdi: "Bütövlükdə Azərbaycan
xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu
soyqırım, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir".
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev isə Xocalı faciəsi
haqqında belə deyib: "Xocalı faciəsi
iki yüz ildən çox müddətdə erməni millətçilərinin
xalqımıza qarşı apardığı qanlı səhifəsidir".
Birinci
vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı kimi
bir faciənin unudulmasının mümkün
olmadığını bildirib: "Günahsız
insanların vəhşicəsinə qətlə yetirilməsinə
heç nə ilə haqq qazandırmaq olmaz! Biz
o dəhşətli hadisələr haqqında həqiqətləri
təhrif olunması cəhdlərindən hər zaman
qoruyacağıq".
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başlayan və dünyanın onlarla dövlətinin
diqqətini çəkən "Xocalıya ədalət"
kampaniyası təkcə faciənin tanıdılması
missiyası ilə məhdudlaşmır, həm də bu
kampaniya faktların zənginləşməsində və dəqiqləşməsində
tarixi missiya yerinə yetirir...
Xocalı
faciəsinin dəhşətlərini görən 366-cı
alayın xüsusi şöbəsinin rəisi, polkovnik Vladimir
Savelyev Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı
yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və
Avropa Şurasına ünvanlandığı hesabatında Azərbaycan
xalqına qarşı soyqırımı cinayətinin törədildiyini
etiraf edir: "Məndən on addımlıqda güllə
yarası almış səkkiz-doqquz yaşında
qızcığaza yardım edə bilmədim. Allahın
məni cəzalandıracağı o gündən qorxuram.
Lənətlənmiş günlər bir-birini əvəz
edirdi".
Faciənin
şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı:
"Mən müharibələr haqqında, alman faşistlərinin
qəddarlığı haqqında çox eşitmişəm,
lakin beş-altı yaşlı uşaqları, dinc əhalini
qırmaqla ermənilər onları arxada qoydular".
1992-ci il
martın 10-da Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin
ünvanına daxili işlər naziri Yerin məktub göndərib,
Xocalı hadisəsi ilə bağlı görüşmək
istədiyini bildirib, məktuba Xocalı faciəsi ilə
bağlı video-kasset də əlavə edib. General Yerin
B.Yeltsinə yazırdı: "Xocalıda uşaqları,
qadınları və qocaları güllələmişlər.
Öldürülənlərin
başlarının dərisi soyulmuşdur".
Xatırlamalıyıq
ki, o gecə öldürülənlərin əksəriyyəti
2 yaşından 15 yaşına qədər uşaqlar olub...
Asala erməni terror təşkilatının fəallarından
olan Vazgen Sislyan da Xocalıda azərbaycanlı uşaqların
qətlə yetirənlərin sırasında olub. Yüzlərlə
cəlladdan biri kimi, onun da etirafı Xocalı
soyqırımının necə baş verdiyini göstərən
bir faktdır. O da qeyd edilməlidir ki, Robert Koçaryan
Xocalı soyqırımının fəallarından olub, Ermənistanın
prezidenti seçiləndən sonra Sislyanı Qarabağ
müharibəsinin qəhrəmanı elan edib. Bunlar
beynəlxalq məhkəmənin diqqətini çəkəcək,
hər bir fakt sənədləşdiriləcək.
Xocalı
faciəsinin iştirakçısı Davud Xeyriyan
yazırdı, yəni etiraf edirdi: "Martın 2-də
"Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini
yığıb Xocalıdan təxminən bir kilometr
aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından və
əlindən yaralanmış on yaşlı qız
uşağını gördüm. Sifəti
göyərmiş bu qız uşağı aclığa,
soyuğa və aldığı yaralara baxmayaraq, hələ də
sağ idi. Sakitcə nəfəs
alırdı.Ölümləçarpışan balaca
qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz
qızı götürüb meyitlərin üstünə
atdı. Sonra onları yandırdılar.
Mənə elə gəlirdi ki, yanan meyitlərin
arasından kimsə qışqırır, köməyə
çağırırdı. Bundan sonra mən
daha yeriyə bilmədim".
Bunlar Azərbaycana düşmən kəsilənlərin
etirafıdı. Xaricdə dərc edilən mətbu orqanlar da
oxucularına Xocalı faiəsi haqqında gerçək məqalələr
təqdim edib: "Erməni əsgərləri yüzlərlə
ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər
ki, ermənilər 450-dən artıq azərbaycanlını
güllələmişlər, onların da çoxu qadınlar
və uşaqlardır. Yüzlərlə, bəlkə də
minlərlə adam itkin
düşmüşdür. Xocalıdan
qaçan digər qadınlarla və uşaqlarla bir yerdə
Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara
ardı-arası kəsilmədən atəş
açırdılar, insanları diri-diri yandırır,
başlarının dərisini soyurdular. Dediyinə
görə əri, qayını və oğlu qətlə
yetirilmiş, qızı isə itkin
düşmüşdür". "Times" qəzetində
dərc edilən bu informasiya da gerçəkliyə xidmətin
təzahürüdür...
Xalqımız
Bağanıs Ayrımın da, Meşəlinin də,
Qaradağlının da, Ağdabanın da, Xocalının da, ... qisasının alınmasını istəyirdi.
Vətən müharibəsində Zəfər
qazandıq. Bu Zəfər o faciələrin
ağrı-acılarını yumşaltdı, bu Zəfər
ağrı-acılara təsəlli oldu...
Xocalı
faciəsindən 30 il keçir.
Xocalı faciəsi də digər faciələr kimi
unudulmayacaq, tariximizin bir səhifəsi kimi həmişə
anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni
daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən bu sevgidən daha həssaslıqla
çəkinsin, Azərbaycanın dövlət sərhədlərinə
yaxınlaşmağa cəsarət etməsin.
Xocalı
faciəsi heç zaman unudulmayacaq!
Səbinə
XASAYEVA
Milli Məclisin
deputatı
525-ci qəzet.- 2022.- 23 fevral.- S.10.