"Ürəyi ovcumda
çıraq eylədim..."
Rəfail İncəyurdun
poeziyası haqqında düşüncələr
Vaqifdən, Vidadidən, Vurğundan
sonra Qazax elində bir-birindən istedadlı şairlər,
Azərbaycan bədii dilini yüksək pilləyə qaldırmağa
çalışan ən
qüdrətli söz
sərrafları, sənətkarları
yetişib. Azərbaycan ədəbiyyatında, aşıq yaradıcılığında
özünəməxsus mərhələni
təşkil edən sənətkarlar çox olub Qazaxda.
Dil məsələsinə
yaradıcı sənətkar
kimi baxmış, şeirin, sənətin xalqa xidmətini daima nəzərə almış söz sərraflarından biri də Rəfail İncəyurddur. İncə şeirləri ilə,
duyğusal ifadələri
ilə, sazın-sözün
vəhdədini yaradan
şair Rəfail İncəyurd əsərlərini
xalqın başa düşdüyü bədii
dildə yazır.
Nədən yazırsa yazsın,
insan ruhunu tərpədir. Azərbaycan dilinin
incəliklərindən, gözəlliklərindən
dialektindən, şirinliyindən
danışarkən şair
Rəfail İncəyurdun
adını dönə-dönə
çəkmək lazımdır.
Şairin yaradıcılığında
Azərbaycan ədəbi-bədii
sözünün əsas
xüsusiyyətləri, səciyyəvi
cəhətləri, poetik
deyim tərzi parlaq şəkildə öz əksini tapmışdır. Məzmunca
dolğun, formaca bitkin qoşmaları, gəraylıları ilə
cağdaş dövrünün
şairlərinin sırasında
yer alan
şair kökü
real həyata bağlı
olan mövzulara toxunmaqla yüksək mərhələyə qalxa
bildi. Şairin yaradıcılığında
tanrıçılıq, İlahi
sevgi qabarıqdır.
Allahın kölgəsi şeiri
bu baxımdan xarakterikdir.
Nizamında nə tərif var, nə şər
var,
Düşüncəyə hər nə gəlib düşər,
var.
İnam
varsa, iman varsa, bəşər var,-
Allah Haqdı, bəndə onun kölgəsi.
Haqqın
sirri göy üzündə yeddi qat,
Yalnız Odu vaqif olan
adbaad.
Əgər MƏNdən başlayırsa
bu həyat,-
Allah Haqdı, mən də onun kölgəsi.
Yaxud:
...Olsun, neynək, hərdən dünya dar olsun,
Təki,
Rəbbin lütfü
sənə yar olsun...
Sazın tellərinə yeni xallar, yeni güllər
vurulduqca, pərdələrdə
yeniliklər yarandıqca
aşıq şeir şəkillərində də
yeni şeirlər yarandı. Saz-söz sənətkarları aşıq havalarının
eləcə də xalq mahnılarının musiqi çalarlarına uyğun olaraq şeir şəkillərində
yeni ölçülər,
yeni qəliblər yaradaraq sözü musiqiyə uyğun cilaladılar.
Sazı ilə, sözü ilə seçilən Qazax mahalının ustad şairlərdən biri də təcnis
ustadı kimi yaddaşlara həkk olunan Məmməd İlqardır. "İlahi, belə də gözəl olarmı?.. təcnisi
ilə sazın pərdələrinə rəngarənglik
qatan Məmməd İlqarın uzun illər səhhətində
yaranmış çətinliklər
hamı kimi Rəfail İncəyurd qələminin də mürəkkəbinə süzülüb.
"İlahi, belə də gözəl olarmı?.."
Bu, şeir deyil ki, baldı, a Məmməd.
Gör,
neçə təcnisin,
qoşman, gəraylın
Simlərdən simlərə qaldı,
a Məmməd.
Yaxşı ki, bilmirsən nə gəlir başa,
Haşa,
bu son vaxtın üzündən haşa!
Heç
yanıb-yaxılma itən
yaddaşa,
Alan düz eləyib aldı, a Məmməd.
Şair ustad şairin itən yaddaşına baxıb bəxtəvərlik
verir. Çünki Məmməd İlqar
gözəl vaxtlarda, gözəl günlərdə,
dünyanın düz
vaxtında zamanı dondura bildi. Məkanı
saxlaya bildi. Əlini uzadıb saatın əqrəbini saxlayan Məmməd İlqara şair dostu yazır:
Orda Calal, Şöhrət, Aslan, İncəli,
Avdı,
Sadıx, Sadiq, Nazim dincəlir.
Oqtay, Kərəm, Akif, Məmməd köçəli,
Ürək ürək deyil,
xaldı, a Məmməd.
Məşhur riyaziyyatçı Veyerştras
deyir ki, qəlbən şair olmadan əsl riyaziyyatçı olmaq mümkün deyil. Axı hər hansı bir predmetdə, hadisədə, faktda romantik ünsürü üzə çıxaran
hərarətli ürək
lazımdır! Frensis
Bekon da deyir: "Biz tarix elmindən müdriklik, poeziyadan ağıllılıq,
riyaziyyatdan fərasətlilik,
təbiət elmlərindən
dərinlik, özü
də empirik fəlsəfi dərinlik, mənəvi zənginlik, ciddilik, məntiq və ritorikadan mübahisə bacarığı
öyrənirik". Frensis Bekon
dilçilik elminin adını çəkmir.
Ona görə çəkmir
ki, o, dilin özünü də poeziya hesab edirdi.
Poeziya dilsiz mümkün deyil, ən füsunkar poeziya belə yalnız dilin qüdrətilə ifadə olunur. Dil poeziyanın yaradıcılığı,
himayədarı bünövrəsi
və poeziyanın cövhəridir. Dilin himayədarı,
bünövrəsi, cövhəri
isə həm də sevgidir, həyatdır. Bu şeirdə
olduğu kimi:
Cavanlıqda baş qarışır
hər şeyə,
Hələ sirdi gör nə qədər haşiyə!
Can, ay qoca, çıxammırsan
eşiyə-
Anladınmı sonda: həyat gözəldi?
Həqiqətin mayasıdı nur,
iman,
İçin doğru diləyinə ver aman.
Həyat
eşqi, Vətən eşqi hər zaman
Dolanırsa qanda, həyat gözəldi.
Rəfail İncəyurd söz ümmanına bir qəvvas cəsarətilə
nüfuz edib, bu ümmandan çox qiymətli inciləri, ləli, mirvariləri üzə çıxarır. Mənə elə gəlir
ki, poeziyada təkcə intellekt, yaradıcılıq enerjisi,
səriştə, təfəkkür
yox, həm də bütün bu xüsusiyyətlərə
təkan verən ürək yanğısı,
qəlb atəşi, güclü romantik vüsət də çox vacibdir.
Şair Rəfail İncəyurd sözün zahiri parıltısını, zənginliyini
məhdudlaşdırmır, sözün içərisinə,
məğzinə nüfuz
edir, söz içində söz yaradır, sözün musiqisinin yaranmasını
təşkil edən,
söz cövhərini
bütünlüklə açıb
tökən bir sərraf kimi çıxış edir. Şeirlərinin
hər biri bir musiqidir, hər biri aşıq
havalarının üzərində
yazılıb:
Demədim, hakimin caniliyindən,
Demədim, həyatın aniliyindən,
Ötəri söz saldım
faniliyindən,
"Sən gözəl
dünyadan küsdün"
- dedilər.
Göyün sərgisində ay sərgiləndi,
Şimşək qələm çəkdi,
ulduz ələndi.
Qəlbimin səsindən yer
sirkələndi,
"Sən niyə
səsini kəsdin?" - dedilər.
Səhnələr dəyişdi, tamaşa
döndü,
Həyatın fərəhi təlaşa
döndü.
Sinəmin "ah"ları sal
daşa döndü-
"Maaşallah, əladı
büstün"- dedilər.
Haqqın
kitabına maraq eylədim,
Yalanı
özümdən iraq eylədim.
Ürəyi ovcumda çıraq
eylədim,
Amma "Çox
gözəldi tüstün"
- dedilər.
Dövrün acı həqiqətləri
şairin yaradıcılığından
yan keçməyib. Yaşın
və zamanın təzyiqinə məruz qalanda, dərdini söyləməyə adam tapmayanda üz tutur qələmə
yazır:
Öz hökmü var hər guşənin,
Nə günahı
adın, şənin?
Çünki iki güləşənin
ancaq biri üstələyir.
Onsuz da çoxdu qırğınlar,
Hər tərəfdə
nahaq qan var.
Üz gördükcə bu fəqanlar
Qəm bəşəri
üstələyir.
"Gecələr bivaxt durub yazı yazanda uşaqların anası hər dəfə canıyananlıqla
"şeir yazmaq səni öldürəcək"
- deyir" - bu xoş iraddan təsirlənən şair
yazır:
Onsuz da hər şey
fanidi,
Hər şey ötəri, anidi.
Dəymə, sevdiyim canidi
Məni öldürən şeirlər.
O tərəflər ün öldürür,
Bu tərəflər ön
öldürür.
Hər gecə bir gün
öldürür
Məni öldürən şeirlər.
Gah dağ çəkir, gah dağılır,
Gah da bir sözdə boğulur.
Neynim ki, belə doğulur
Məni öldürən şeirlər.
Zamanımı bölüb gedir,
Ağrısını bilib gedir.
Yatan kimi ölüb gedir
Məni öldürən şeirlər.
Yaddaşlarda qalacaqlar,
Haqqı varsa, alacaqlar.
Özləri sağ qalacaqlar
Məni öldürən şeirlər.
Rəfail İncəyurd hər şeydən öncə Turançı şairdir. Turan ellərinin xiffətini çəkən, Turan ellərinin birlik-bərabərlik olacağı günü səbrsizliklə gözləyən şairdir Rəfail İncəyurd, Türkoğlu Türkdür!
Asan edib hər çətini
Bitir Turan xiffətini.
Dünya
Türkün xislətini
Ula, Boz Qurd,
Ula,- bilsin!
Günah
etmə yığın-yığın,
Yoluna çıx
yolu ağın.
Çıx ki, onlar Ağrıdağın
ağrısını ala bilsin.
Orta Dolu, haça Qafqaz,
Ürəyini aça Qafqaz.
Tarix yazan qoca Qafqaz
Türküstanı qala bilsin.
Azərbaycan etdiyini,
Türkün harda bitdiyini,
Hardan gəlib-getdiyini
Bilən dünya əla bilsin.
Varma, dözmə hər zillətə,
Həqiqət var- candan ötə.
Rəbbim,
yar ol bu
millətə-
Olmalılar ola bilsin!
İlhamə
QƏSƏBOVA,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 24 fevral.- S.14.