Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar

 

"Bu münasibətlərin düzgün tənzimlənməsi təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır"

 

Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

Məktəbdə sağlam təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb. Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili idarəolunması sektorunun müdiri Fuad Qarayev deyir ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin nümunəvi qaydaların yenidən işlənilməsi üçün bölgələr üzrə İşçi qruplar yaradılıb. Müxtəlif bölgələr üzrə İşçi qruplarının seçilməsində məqsəd hər bir bölgənin şagird-valideyn mentalitetinin fərqli olmasıdır: "Hazırda işlər gedir. Artıq bir dəfə böyük toplantı keçirilib. Bu ayın sonunda növbəti iclas olacaq. Məqsəd ortaq rəyləri almaq, düzgün qərar verərək səliqəli sənədlərin, nizam-intizam qaydalarının hazırlanmasıdır".

Sektor müdirinin sözlərinə görə, hədəf həmin qaydaların kağız üzərində qalmaması, tətbiqedilən olmasıdır: "Valideynin məktəbdən gözləntisi, məsuliyyəti, səlahiyyəti, hansı halda məktəbin işinə müdaxilə edə biləcəyi sair məsələlərin tənzimlənməsini istəyirik. Bəzən valideynlər haqlı olaraq məktəblərdən nəsə tələb edir. Bu zaman da məktəb rəhbərliyi hesab edir ki, bu valideynin işi deyil. Bəzən bunun əksi baş verir. Biz bu proseslərin nizamlanmasını qaydalar çərçivəsində həyata keçirilməsini istəyirik. İşçi qruplara göstəriş vermişik ki, hazırlanan maddələr əlçatan tətbiqedilən olsun. Bu qaydalar həm şagird, həm valideyn, həm məktəb rəhbərliyi üçün maraqlı olsun. Bir sözlə bütün yeni qaydalar məktəb, valideyn, müəllimyönümlü yox, şagirdlərin maraqlarına xidmət edən olmalıdır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, şagird-müəllim, müəllim-valideyn, valideyn-məktəb, məktəb-şagird münasibətlərini tənzimləyən qaydaların olması vacibdir: "Ümumiyyətlə, belə bir qaydalar olmalı idi. Təbii ki, münasibətlərdə normalar olmalıdır, həmin normalar olmasa, çətin situasiyalarda haqlı haqsız tərəfi aydınlaşdırmaq mümkün olmayacaq. Bu baxımdan düşünürəm ki, müvafiq normalar olmalıdır. Valideyn məsuliyyətinin olduğu bilinməlidir. Valideyn-məktəb münasibətlərini tənzimləyəcək normaların olduğu məlum olmalıdır. Mən hər zaman müəllimi müdafiə edirəm fikirləşirəm ki, onu qorumaq, nüfuzunun aşağı düşməsinə imkan verməmək lazımdır. Əlbəttə, şagirdə qarşı şiddət yolverilməzdir. Bəzən görürük ki, bir müəllim şagirdi tənbeh edir, ömründə bir kitab oxumamış ata ya ana məktəbə hücum çəkib həmin müəllimi kollektivdə, şagirdlərin arasında təhqir edir, lakin heç bir məsuliyyət daşımır. Təəssüf ki, belə hallarla tez-tez rastlaşırıq. Axı, bir ziyalı, bir müəllim təhqir olunur. Bunun məsuliyyəti yoxdurmu? Əlbəttə, yeni qaydalarda bu kimi məsələlər öz əksini tapmalıdır. Şagird tutaq ki, məktəbdə hansısa qaydalardan kənara çıxa bilməz. Bu qaydaların nədən ibarət olduğunu məktəb, valideyn aşılamalıdır. Əgər şagird məktəbdə özünü nümunəvi apara bilmirsə, davranışları ilə digər şagirdlərin tərbiyəsinə təsir göstərirsə, əlbəttə ki, şagirdin bu cür rəftarının cəzası mütləq olmalıdır. Həmin şagirdləri çətin tərbiyə olunan uşaqlar üçün məktəblərə yerləşdirmək lazımdır. Eyni zamanda, burada aidiyyəti qurumların üzərinə xeyli  məsuliyyət düşür".

İlqar Orucov qeyd edib ki, ümumiyyətlə, müəllim-şagird-valideyn-direktor münasibətinin dünyada necə olması ilə bağlı məsələdə fərqli situasiyalar var: "Sovet dövründə müəllim hətta şagirdə qarşı ən ağır şiddəti göstərirdi, hətta mənim bu yaxında rastıma çıxdı. Çox məşhur insanlardan biri deyir ki, mənim müəllimim atamın qayışı olub. Bu baxımdan dünyada, Avropa ölkələrində vəziyyət fərqlidir. O ölkələrdə mən bizim valideynləri təhqir etmək, aşağılamaq istəmirəm. O fikirdən uzağam. Yenə qeyd etmək istəyirəm, təəssüf ki, bütün ailələr eyni deyil. Bəzən olur ki, normal ailədən gedən uşaq görürsən ki, məktəbdə o çətin ailədən gəlmiş uşağın təsirinə düşür. Yəni, ailələrin özündə ciddi problem var. Həqiqətən bu belədir. Ona görə məktəbdə baş verən neqativ halların kökündə təkcə məktəbi günahlandırmaq doğru olmaz. Bir çox hallarda bu məsələnin kökü ailədən gəlir. Məktəblinin həyatının sadəcə 6 saatı məktəbdə keçir, digər 18 saatı evdə olur. Bu məsələdə ailələr məsuliyyət nümayiş etdirməlidirlər. Valideynlər öz övladları ilə məşğul olmalıdırlar, onlara tərbiyə verməlidirlər. Tərbiyə ancaq məktəblə kifayətlənmir".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, indiki dövrdə müəllim-şagird münasibətləri əvvəllərdəki səviyyədə olmasa da, bunu qabardıb, təhsilimizin ciddi problemlərindən biri kimi qələmə vermək düzgün mövqe olmaz: "Bu, zamana, mühitə bağlı bir məsələ olub, hər şeydən əvvəl müəllimin peşəkarlığı, şəriştəliliyi, müəllimin cəmiyyətdə yeri rolu, məktəb-müəllim-valideyn münasibətləri, müəllimin şagirdlərlə, onların valideynləri ilə yaratdığı ünsiyyət bacarığı, bir az da konkret desək, müəllimin kollektivdə əhatəsində olan hörməti nüfuzundan asılıdır. Əbəs yerə deyil ki, Təhsil Qanunu təhsilin əsas məqsədlərini müəyyən edərkən, öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə demokratiya prinsiplərinə, insan hüquqları azadlıqlarına hörmət edən, vətənpərvərlik azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil yaradıcı düşünən vətəndaş şəxsiyyət yetişdirilməsini önə çəkib. Eyni zamanda təhsil milli-mənəvi ümumbəşəri dəyərləri qoruyan inkişaf etdirən, geniş dünyagörüşünə malik, təşəbbüsləri yenilikləri qiymətləndirməyi bacaran, nəzəri praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü rəqabətqabiliyyətli mütəxəssis-kadrlar hazırlamalıdır. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün ilk addımlar bağçadan başlayır, məktəbdə davam etdirlir ali təhsillə tamamlanır. Bu məqsədlə məktəblərdə yaradılan yüksək mənəvi-psixoloji mühit kommunikasiya sistemi təhsil sisteminin özünün sağlam olmasını təmin edəcəkdir".

Təhsil eksperti bildirib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi çox önəmlidir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır: "Müəllim-şagird  qarşılıqlı münasibətləri bir-birinə elə yönəlməlidir ki, onların qarşılıqlı anlaşmasını şərtləndirsin. Bu isə öz növbəsində davranışın qarşılıqlı korreksiyasına gətirir. Təlim şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-şagird qarşılıqlı münasibətlərinin düzgün tənzimlənməsi təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır. Yüksək qabiliyyətlərə malik müəllim təbii olaraq planlaşdırdığı pedaqoji prosesi yeni prinsiplərin tələbinə uyğun olaraq demokratik şəraitdə qurmağa çalışır. Belə şərait isə öz növbəsində şagird fəallığına imkan verir. Şagird müəllimin istiqamətverici tövsiyələri, göstərişləri əsasında potensial imkanlarını səfərbər edərək səmərəli fəaliyyət göstərir. Müəllim-şagird münasibətlərinin yüksək olması keyfiyyətli nəticələrin əldə olunması ilə müəyyənləşir. Bu isə bilavasitə real prosesdə meydana çıxır. Müəllim-şagird münasibətlərindəki qarşılıqlı fəaliyyət mahiyyət etibarı ilə müasir xarakterli yeni bir təlim şəraitinin meydana çıxması ilə müşayiət olunur. Bu şəraitdə öyrənən xarakterini dəyişir. Yeni təhsil quruculuğunda bu cür yanaşma fəal öyrənmə adlanır. O, şagirdlərə gələcək peşələrində, fəaliyyətlərində, şəxsi və ictimai həyatlarında məqsədlərinə çatmaqda, kamil insan kimi formalaşmaqda kömək edən zəruri öyrənmədir. Fəal öyrənmə eyni zamanda idraki xarakterli olub, problemin həlli şəraitini, yenilikləri, axtarışları, kəşf xarakterli öyrənməni əhatə edən, çoxsaylı məqsədləri yerinə yetirməyə imkan verən faydalı bir prosesdir".

Nadir İsrafilovun dediyinə görə, valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk. Təhsilin keyfiyyətini artırmaq üçün yüksək nailiyyətləri olan məktəblərlə qarşılıqlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi, açıq və nümunəvi dərslərin təşkili, breyn-rinq yarışlarının keçirilməsi qarşıya qoyulan əsas prioritetlər hesab olunur.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 24 fevral.- S.12.