Azərbaycan - Avropa İttifaqı
münasibətləri yeni səviyyədə
Azərbaycan prezidentinin
aparıcı rolunun geosiyasi əhəmiyyəti
İkinci Qarabağ müharibəsində Azərbaycanın
böyük Zəfər qazanması geosiyasi proseslərə
yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər
müşahidə edilməyən geosiyasi mənzərə
yaranmağa başladı. Bu
reallığı ilk olaraq Türkiyə və Rusiya
gördü və qəbul etdilər. Hazırda
Azərbaycan regionun hər iki böyük dövləti ilə
bütün istiqamətlərdə sıx əməkdaşlıq
edir. Lakin təəssüf ki, Avropa İttifaqının
(Aİ) aparıcı dövlətləri həmin
reallığı təxminən bir il qəbul
etmək istəmədilər. Nəticədə, Aİ - Azərbaycan
münasibətlərinin gələcəyi ilə bağlı
ekspert analizlərinin sayı artmağa başladı. Nəhayət, 2020-ci ilin dekabrında Brüsseldə
keçirilən tarixi görüş situasiyanı müsbətə
doğru dəyişdi. Biz, bu yazıda həmin
görüşdən sonra Aİ - Azərbaycan münasibətlərinin
dinamikasının geosiyasi aspekti üzərində
dayanacağıq.
Cənubi
Qafqazda geosiyasi proseslər: tarix və müasirliyin kontekstində
Cənubi Qafqaz tarixən ziddiyyətli və mürəkkəb
geosiyasi məkan olub. Bu region uğrunda böyük dövlətlərin
mübarizəsi də gərginliyi və güzəştsizliyi
ilə seçilib. XX əsrin sonu - XXI əsrin
ilk iki onilliyi Cənubi Qafqazın geosiyasi dinamikası və mənzərəsinə
nəinki müəyyən aydınlıq gətirib, hətta
yeni risklər, təhdidlər meydanına çevirib.
Bunu bu coğrafiyada yerləşən dövlətlər
öz üzərlərində hiss ediblər.
Ekspertlər XXI əsrdə Cənubi Qafqazda geosiyasi təsir
gücünə malik olan bir neçə faktoru müəyyənləşdirirlər. Onların
sırasında ilk yerdə müxtəlif təbiətli
münaqişələr dayanır. Bunları
müəlliflər etnik, dini və s. adlandırırlar.
Lakin bu təsnifatın kökündə
geosiyasi xarakterli səbəblərin dayandığı da
inkar edilmir. Həmin səbəbdən Cənubi
Qafqazda münaqişələrdə böyük dövlətlərin
siyasi, ideoloji, təbliğati və hərbi-təhlükəsizlik
fəaliyyətlərini də vurğulamaq lazımdır.
Belə çıxır ki, bu regionda adətən,
ölkələr arasında müşahidə edilən
münaqişələrin arxasında fövqəldövlətlərin
yerli ölkələrə təsiri də dayanır. Həmin
baxımdan konkret hansı güclərin Cənubi Qafqaza təsir
göstərdiyi məsələsinin geosiyasi analizi önəm
kəsb edir. Ekspertlərə görə,
bu aspektdə ABŞ, Rusiya, Türkiyə, İran və Avropa
İttifaqı daha çox fəallıq göstərirlər.
Çin son illər kifayət qədər
geosiyasi təsiri olan addımlar atır. Lakin
hələlik Pekin yuxarıda vurğuladığımız
ölkələr qədər öz gücünü büruzə
vermir. Əvəzində, Çinin regionda
iqtisadi və humanitar sferalarda getdikcə daha qətiyyətli
addımlar atdığını müşahidə edə bilərik.
Deməli, XXI əsrin üçüncü onilliyinə
region dövlətləri geosiyasi kontekstdə heç də
sadə olmayan vəziyyətdə gəlib
çıxıblar. Burada öncə siyasi-nəzəri əhəmiyyətli
bir neçə məqamı vurğulamaq gərəkdir.
Sirr deyil ki, Cənubi Qafqaz uğrunda mübarizədə
yeni mərhələ başlayıb. Keçən
əsrin 90-cı illərində böyük dövlətlər
regionda müstəqillik əldə etmiş ölkələrə
qarşı "köhnə bölgəçilik"
konsepsiyası prizmasından baxırdılar. Yəni əsas
olaraq özlərinin maraqlarının təmininə
üstünlük verir və bunun fonunda yerli dövlətlərə
"dediyimizi qəbul et" məntiqi ilə
yanaşırdılar. Bunu reallaşdırma
mexanizmləri isə sözdə demokratiya, insan haqları və
texniki yardım proqramlarından ibarət idi. Bu xətti əsas olaraq ABŞ və daha çox
Aİ yeridirdi. Xüsusilə Avropa İttifaqının
müxtəlif proqramları mövcud idi (məs.,
TASİS, TRASEKA, İNOGEYT və s.).
Nəticədə, XXI əsrin ilk onilliyində regionda vəziyyət
daha da mürəkkəbləşdi. 2008-ci ildə
Gürcüstanda hərbi-siyasi böhran meydana gəldi. Bundan sonra Ukraynada Rusiya ilə bağlı yeni enerji
böhranı yarandı. Bu isə ABŞ və
Aİ kimi güclərin Cənubi Qafqaz-Qara dəniz hövzəsi
siyasətində müəyyən düzəlişlər etməsi
zərurətini ortaya çıxardı. Avropa
İttifaqı 2015-ci ildən başlayaraq xarici siyasətində,
o cümlədən, Cənubi Qafqaz istiqamətində düzəlişlər
etdi.
Bu mərhələdə geosiyasi aspektdə çox
mühüm rol oynayan bir faktoru vurğulamalıyıq. 2015-ci ilə
qədər olan geosiyasi proseslər göstərdi ki, Cənubi
Qafqazda yalnız Azərbaycan müstəqil xarici siyasət
yeridir. Ermənistan Rusiyanın forpostu kimi
qalmaqda davam edir, rəsmi Tbilisi isə Rusiyadan
aldığı güclü zərbədən sonra Qərbə
sığınmağa çalışırdı. Bu cür vəziyyət geosiyasi aspektdə regionda
yerli güclərin parçalanması demək idi. Yəniartıq XXI əsrin birinci onilliyində siyasi
nəzəriyyələrdə "konfrontasiya" adlanan xətt
Cənubi Qafqazda oturuşdu.
Bu cür mürəkkəb vəziyyətdə rəsmi
Bakı uğurlu xarici siyasəti ilə böyük güclərin
maraqlarını milli maraqlar kontekstində tarazlaşdıra
bildi. Müstəqil
xarici siyasət və sürətli dövlət quruculuğu
Bakıya dayanıqlı və davamlı uğurlar əldə
etməyə imkan verdi. Artıq
2016-cı ildə Azərbaycan postneft mərhələsinin
başladığını elan etdi. Bu əsasda
xarici siyasətdə də yeni çalarlar özünü
göstərməyə başladı. İnformasiya
müharibəsində də geniş və əhatəli fəaliyyət,
sosial-iqtisadi islahatların yeni səviyyədə və
regionları da sıx əhatə etməklə
aparılması kursu seçildi, ordu quruculuğu daha intensiv
xarakter aldı və Azərbaycan regional əməkdaşlığın
yeni formatlarını işlədi.
Məhz belə bir şəraitdə Avropa
İttifaqı yeni hədəflər müəyyənləşdirərək
Azərbaycanla inklüziv, dinamik və əsasən
sosial-iqtisadi, enerji, nəqliyyat layihələrinin, idarəetmənin
daha da şəffaflaşmasını nəzərdə tutan
proqramların icrasına başladı. Bəlkə də
tarixin qanunauyğunluğu idi ki, Azərbaycan məhz 2020-ci ildə
bir daha Aİ-nin region siyasətinə yenidən düzəliş
etməsini şərtləndirən və Avropa məkanında
öz geosiyasi təsiri ilə yaddaşlarda dərin iz buraxan
addım atdı.
Böyük
Zəfərdən sonra: reallıq və etirafın siyasi əhəmiyyəti
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun cəmi 44 gün davam edən müharibədə
tarixi Qələbə qazanması sayəsində Azərbaycan
ATƏT-in Minsk qrupu həmsədrlərinin, BMT-nin Təhlükəsizlik
Şurasının daimi üzvlərinin həll edə bilmədiyi
münaqişəni təkbaşına siyasi-hərbi yolla həll
etdi, beynəlxalq hüququn, BMT və digər beynəlxalq təşkilatların
münaqişəyə dair qəbul etdiyi sənədlərin
tələblərini yerinə yetirdi. Bu, bəzi
ölkələrin daha praqmatik davranmaq kursu seçməsinə
əsas oldusa da, Avropada bəzi dairələri
qısqandırdı. Onlar 2020-ci ilin dekabr ayına qədər
köhnə insan haqları, xristian mədəniyyətinin
qorunması, başqa ölkəyə "təcavüz"
(bu, ən gülməlisi idi), Azərbaycan və Türkiyənin
Qarabağda terror törətməsi haqqında
ağılsız tezislər irəli sürülməsi kimi tərəddüdlü
gedişlər etdi. Lakin Azərbaycan Prezidenti İlham
Əliyevin çox ədalətli, demokratik, təmkinli,
praqmatik, 2020-ci il 10 noyabr Bəyanatının
şərtləri çərçivəsində
atdığı addımlar həmin dairələri mövqelərinə
düzəlişlər etməyə məcbur etdi. Və artıq 2020-ci ilin sonlarından Aİ - Azərbaycan
münasibətlərində yeni perspektivli mərhələ
başladı.
Onu vurğulayaq ki, Azərbaycan Prezidenti bu mərhələdə
də tərəflər arasında konstruktiv və
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan əlaqələrin inkişafının memarı
oldu. Xüsusilə Fransanın sırf ermənipərəst
mövqeyinin dəyişməsi İlham Əliyev siyasətinin
böyük uğurlarındandır. Azərbaycan
Prezidenti Fransanın dövlət
başçısının yanlış mövqeyini
açıq qeyd etməklə yanaşı, əməkdaşlıq
qapısını da bağlamadı. Tədricən
Aİ ölkələri "münaqişəni biz həll
etməliyik" məntiqini kənara qoydu. Çünki münaqişə artıq həll
olunmuşdu və dünyanın böyük geosiyasi gücləri
bu həqiqəti rəsmən qəbul etməli idilər.
Avropa onu qəbul etdi. Lakin öncə yenə
də Ermənistanı müdafiə etməyə davam etdilər.
Bu, Cənubi Qafqaz ölkələrinə
ayrılan maliyyə yardımının həcmində və
Qarabağa tarix və mədəniyyət abidələrinin vəziyyəti
ilə bağlı komissiya göndərilməsinə
qarşı inadkarlıqda özünü göstərdi.
Bundan başqa, Brüssel geosiyasi kontekstdə Cənubi
Qafqazda mənzərənin artıq postmünaqişə və
postmüharibə dövrünə qədəm qoyduğunu qəbul
etmək istəmirdi. Tərəflər
arasında əlaqələrin yeni səviyyəyə yüksəlməsinə
(ilk növbədə enerji və nəqliyyat-logistika istiqamətlərində)
bu yersiz inadkarlıq mənfi təsir etdi. Bunun
nəticəsində də Azərbaycan Rusiya ilə strateji
münasibətlərini inkişaf etdirdi, Türkiyə ilə
birgə geosiyasi güc kimi çıxış etməyə
başladı.
Beləliklə, 2020-ci ilədək Avropa
İttifaqının Azərbaycanla münasibətlər məsələsində
çevik qiymətləndirə bilmədiyi və geosiyasi əhəmiyyəti
olan üç istiqamət vardı. Birincisi, Aİ Azərbaycan
rəhbərliyinin müstəqil dövlət quruculuğu
kursunun çox ciddi geosiyasi, siyasi-iqtisadi, elmi və ideoloji əsası
olduğunu dərk etmədi. İkincisi,
2019-cu ildən Azərbaycanın Qoşulmama Hərəkatında
sədrliyinin əhəmiyyətini qəbul etmək istəmədi.
Azərbaycan isə həmin təşkilat daxilində region və
dünya üçün vacib olan və əməkdaşlığa,
təhlükəsizliyin təmininə, yoxsul ölkələrə
humanitar münasibətin formalaşmasına, ədalət və
hüququn təmin edilməsinə, pandemiya ilə mübarizədə
birgə fəaliyyətə üstünlük verilməsinə
böyük töhfələr verdi. Üçüncüsü, Aİ Azərbaycanı
daha çox enerji mənbəyi kimi gördü, lakin regionun
lideri və əsas geosiyasi gücü olmasını görə
bilmədi. Bunun işığında Azərbaycanın
İkinci Qarabağ müharibəsində rəşadətli
qələbəsinin geosiyasi qiymətini düzgün vermədi
(ilk zamanlarda).
Bu vəziyyətdən
aşağıdakı başlıca geosiyasi nəticəni
çıxara bilərik: Avropa İttifaqı Azərbaycanı
regionun aparıcı geosiyasi faktoru kimi qəbul etməsə
idi, təşkilatın Cənubi Qafqazda perspektivi
olmayacaqdı. Bunu hətta avropalı ekspertlər
də indi etiraf edirlər. Həmin səbəbdən
son dövrlərdə Brüssel regionda fəallığını
əsas olaraq Azərbaycana stavka edərək artırır və
faktlar göstərir ki, indi Brüssel daha uğurlu
görünür. Hansı məqamlarda bu,
belədir?
Hesab
edirik ki, bu prosesdə "Şərq tərəfdaşlığı"
proqramının VI sammiti çərçivəsində
2021-ci il dekabrın 15-də Brüsseldə
aparılan müzakirələr ciddi və bəlkə də
həlledici rol oynadı. Aİ-nin dəvəti
ilə İlham Əliyev Brüsselə səfər etdi.
Bu səfəri Rusiya da müsbət qiymətləndirdi.
Bu görüş Brüsselin 44 günlük
müharibənin real nəticələrini inkar etməsi sonucu
olaraq bir ildən çox gecikdi. Prezident
İlham Əliyev Brüsseldə Aİ rəsmilərinə
Azərbaycanın tarixi ədaləti bərpa etməsi
faktı qəbul edilməyincə hər hansı əməkdaşlığın
baş tutmayacağını anlatdı. İndi
ekspertlər haqlı olaraq Azərbaycanın dövlət
başçısının bu mücadiləsini tarixi və
diplomatik nailiyyət adlandırırlar.
Avropanın
siyasi-diplomatik fəthi
Doğrudan da, İlham Əliyev 2021-ci ilin dekabrında
Brüsseldə bir neçə istiqamətdə rəsmi
Bakının haqlı mövqeyinin qəbul edilməsinə
nail oldu. Birincisi, Cənubi Qafqazda artıq Ermənistan-Azərbaycan
münaqişəsinin həll edildiyini qətiyyətlə bəyan
etdi. Bu, prinsipial olaraq Avropa
İttifaqının regionda siyasətini həmin faktı nəzərə
alaraq yeritməsinə çağırış idi.
İkincisi, Aİ postmünaqişə və
postmüharibə mərhələsində regionda dialoq, əməkdaşlıq
və təhlükəsizliyin təmin edilməsi, xalqlar
arasında ünsiyyətin və bütövlükdə
kommunikasiya kanallarının açılmasına dəstək
verə bilər və verməlidir.
Üçüncüsü, Aİ Azərbaycan və
Türkiyənin təşəbbüsü olan "3+3" təhlükəsizlik
və regional əməkdaşlıq formatına dəstək
verməlidir.
Dördüncüsü, Avropa İttifaqı Zəngəzur
dəhlizinin açılmasına yardım etməlidir.
Beşincisi, Brüssel Birinci Qarabağ müharibəsi
zamanı "itkin düşmüş" kateqoriyasına
aid edilən Azərbaycan vətəndaşları haqqında
həqiqətin üzə çıxarılmasına
yardım etməlidir.
Altıncısı, Aİ Azərbaycan mədəniyyəti
nümunələrinin Qarabağda və Ermənistanın
özündə dağıdılması, dini məbədlərin
təhqir edilməsi hallarının obyektiv
araşdırılmasına yardım göstərməlidir.
Nəhayət, yeddincisi, Brüssel "Şərq tərəfdaşlığı"
çərçivəsinə Cənubi Qafqaz ölkələrinə
ayırdığı maliyyə yardımının həcminə
və paylanma nisbətinə yenidən baxmalı, ədalətli
bölgü aparmalıdır.
Dünyanın heyrətlə dinlədiyi bu şərtləri
Aİ rəhbərliyinin qəbul etməsi də eyni heyrətlə
izlənildir.
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel Brüssel görüşündən sonra
verdiyi bəyanatda Cənubi Qafqazda sülhün bərqərar
olunması üçün Azərbaycanla Ermənistan
arasında hərtərəfli sülh müqaviləsinin
imzalanmasını vacib saydığını ifadə etdi.
Şarl Mişel 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26
noyabr (Soçi) görüşləri və bəyanatlarında
irəli sürülən şərtlərin yerinə yetirilməli
olduğunu xüsusi vurğuladı. Bu iki bənd
onu göstərirdi ki, Avropa İttifaqı faktiki olaraq həm
İkinci Qarabağ müharibəsinin nəticələrini, həm
də Rusiya və Türkiyənin regionda sülhün bərqərar
olması üçün atdıqları addımları dəstəkləyir.
Ekspertlər Ş.Mişelin bəyanatında münaqişə
başlayandan ilk dəfə olaraq itkin düşmüş
şəxslərin taleyinin araşdırılması
haqqında fikir bildirməsini xüsusi nailiyyət kimi qiymətləndirirlər. Bununla yanaşı, həmçinin,minatəmizləmə səylərinə,
münaqişədən əziyyət çəkmiş
insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə
dəstəyin bəyanatda yer almasının əhəmiyyəti
vurğulanıb. Aİ çox mühüm əhəmiyyəti
olan sərhədlərin delimitasiyası və demarkasiyası
məsələsində məşvərətçi statusda
dəstək verilə biləcəyini ifadə edib.
Bəyanatda regional miqyasda kommunikasiya infrastrukturunun
yaradılmasına və ölkələr arasında əlaqəni
təmin edən kanalların açılmasına və eləcə
də onların daim inkişaf etdirilməsinə Brüsselin dəstəyi
öz əksini tapdı. Avropa İttifaqının bu prosesə
maliyyə dəstəyi verəcəyi bildirildi.
Bəyanatda Zəngəzur dəhlizinin
açılması zərurəti xüsusi yer tutub və dəmir
yollarında gömrük və sərhəd nəzarətinin
qarşılıqlılıq prinsipi əsasında təşkil
olunacağı lazımlığı vurğulanıb. Məlumdur ki,
bu sonuncu şərti Aİ və rəsmi İrəvan qəbul
etmək istəmirdi, lakin İlham Əliyevin qətiyyətli
mövqeyi situasiyanı dəyişdi - onlar mövqelərinə
düzəliş etdilər.
Aİ Şurasının Prezidentinin bəyanatında
geosiyasi, siyasi və strateji əhəmiyyəti böyük
olan bir məqam da əksini tapdı. Ş.Mişel sənəddə
"Dağlıq Qarabağ münaqişəsi", "status"
kimi ifadələrdən istifadə etmədi, Minsk qrupunun
adını çəkmədi. Ekspertlər
bu məqamı ermənilərin iddia etdikləri status məsələsinin
Aİ-nin də gündəmindən
çıxarılması kimi qiymətləndirirlər.
Şübhə yoxdur ki, yuxarıda vurğulanan məqamları
Aİ-nin qəbul etməsi Prezident İlham Əliyevin
diplomatiyada tarixi uğurudur. Çünki bu vəziyyət
həm Azərbaycanın xarici siyasəti üçün yeni
imkanlar yaradır, həm də dünyanın böyük
geosiyasi güclərindən olan Avropa İttifaqının Cənubi
Qafqaz siyasətinə yeni prinsipial düzəlişlər etməsini
şərtləndirir. Yekun olaraq belə qənaət
əldə edilir ki, dünyanın bütün böyük
geosiyasi gücləri Azərbaycanın regionda
yaratdığı yeni reallıqları qəbul ediblər və
Qarabağda aparılan yenidənqurma prosesinə bu və ya digər
dərəcədə dəstək verəcəklər.
Həmin kontekstdə Fransa faktorunun zərərsizləşdirilməsi
xüsusi önəm kəsb edir. Çünki rəsmi
İrəvan bu ölkəyə çox arxalanırdı və
Ermənistanın "frankomaniyası" ifrat forma
almışdı. Prezident E.Makronun
zaman-zaman diplomatik əndazəni belə aşan ermənipərəstliyinə
həm Fransadakı sağlam diplomatik kəsim, həm də Azərbaycan
Prezidentinin qətiyyətli və ədalətli mövqeyi
yerini göstərdi.
Brüsseldə Makronun iştirakı ilə İlham
Əliyev-Nikol Paşinyan görüşünün təşkil
edilməsi də bu baxımdan maraqlıdır. Eyni zamanda,
Brüssel görüşü Azərbaycanın Cənubi
Qafqazda yaratdığı sülh gündəmini Aİ-nin qəbul
etdiyini ifadə edir. Bu fikirlərin
doğruluğunu Brüssel görüşündən sonra
Aİ - Azərbaycan münasibətlərində
müşahidə edilən proseslər də təsdiq edir.
Həmin çərçivədə 2022-ci ilin
fevralında Avropa İttifaqı ilə Azərbaycan
arasında keçirilən iki görüş böyük əhəmiyyət
kəsb edir.
Onların hər ikisi eyni gündə - bu il
fevralın 4-də keçirildi. Onlardan biri
Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi
ilə Prezident İlham Əliyevlə Ermənistanın
Baş naziri Nikol Paşinyan arasında videokonfrans formatında
keçirilən görüşdür. Digəri
həmin gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin VIII
toplantısıdır. Əlamətdardır
ki, toplantıya Avropa İttifaqı energetika məsələləri
üzrə komissar, xanım Kadri Simsonun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə qatıldı. Geosiyasi aspektdə əhəmiyyətlidir ki, bu
toplantılar tərəflər arasında münasibətlərin
perspektivləri baxımından niyyətcə bir-birini
tamamlayır. Bunu söylənən fikirlərdən
görmək olar.
Əliyev-Paşinyan görüşü Avropa
İttifaqının sədri qismində Fransa Prezidentinin təşəbbüsü
ilə keçirildi. Görüşdə Cənubi Qafqazda sülhün,
təhlükəsizliyin və əməkdaşlığın
təmin olunması müzakirə olundu. Brüsseldə
təsbit edilmiş uğurlu sülh gündəliyinin
davamı olan üçtərəfli müzakirələr
göstərdi ki, həmin görüşün gündəliyi
Azərbaycanın mövqeyinin və maraqlarının əsasında
formalaşdırılıb. Bu da tamamilə
məntiqidir və regiondakı reallığa uyğundur.
Dolayısı ilə Fransa rəhbərliyi ilk dəfə
olaraq səssiz də olsa, qəbul etdi ki, münaqişə
başa çatıb, indi əməkdaşlıq və
sülh mərhələsidir və Paris postmünaqişə
mərhələsindən kənarda qalmaq istəmir.
Görüşün nəticələrinə dair birgə
bəyanatda "Dağlıq Qarabağ münaqişəsi",
"status" kimi ifadələrdən istifadə edilməyib. Minsk qrupunun da
adı çəkilməyib. Bütövlükdə
Azərbaycan ilə Ermənistan arasında münasibətlər
ölkəmizin mövqeyi əsasında postmünaqişə
prizmasından əlaqələrin
normallaşdırılması, sülh sazişi, sərhədlərin
delimitasiyası və demarkasiyası, etimad quruculuğu və
humanitar mövzular əsasında müəyyənləşdirilir.
Bu kontekstdə Avropa İttifaqının qonşuluq və
genişlənmə üzrə komissarı Oliver Varhelyi bəyan
edib ki, "Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Biz Cənubi
Qafqazda sülhün və təhlükəsizliyin təmin
olunmasına töhfə, sərhədlərin delimitasiyası
və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi
məsələlərində hər cür dəstək verməyə
hazırıq. Uzunmüddətli sülh
kiçik addımlardan başlayır".
O.Varhelyi onu da vurğulayıb ki, Cənubi Qafqazda
sülh mütləq təmin edilməlidir, çünki onsuz
regionda iqtisadiyyatın inkişafı reallaşmayacaq. Bu, yuxarıda
vurğuladığımız videoformatdakı
görüşdə də başlıca müzakirə
istiqamətlərindən biridir. Həmin
prizmadan Brüssel Cənubi Qafqaz iqtisadiyyatının
inkişafına istiqamətlənmiş iqtisadiyyat və sərmayələr
planına böyük əhəmiyyət verməkdədir.
O.Varhelyinin "bizim Azərbaycan kimi etibarlı
tərəfdaşa ehtiyacımız var" sözləri
siyasi münasibətlərin inkişaf baxımından vacib
faktordur.
"Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn enerji layihələri onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq edir.
Prezident İlham Əliyevin toplantıda iştirak etməsi tədbirin əhəmiyyətinə bir daha diqqət çəkir. Dövlət başçısı toplantıda çıxış edib və çox dərin məzmunlu nitqində maraqlı tezislər irəli sürüb. İlham Əliyev nitqində ifadə edib: "...bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək".
Bu fikirlərin fonunda Məşvərət Şurasının iclasında iştirak edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı, xanım Kadri Simsonun aşağıdakı fikri, bizcə, əhəmiyyətlidir. Avropa təmsilçisi deyib: "Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır".
Yuxarıda vurğulanan fikirləri ümumiləşdirə bilərik. Aydın olur ki, Avropa İttifaqı ən yüksək səviyyədə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətləri tam olaraq qəbul etməyə başlayıb. Bu proses Aİ-nin Azərbaycanla hərtərəfli əlaqələri yeni səviyyəyə yüksəltmək niyyəti ilə müşayiət olunur. Görünür, yaxın perspektivdə həmin prosesin geosiyasi faydasını daha açıq şəkildə görə biləcəyik.
Kamal
ADIGÖZƏLOV
525-ci qəzet.- 2022.- 24 fevral.- S.10-11.