Şəhid Əmrah Rajapovun anım mərasimi keçirilib

 

Vətən müharibəsində qəhrəmancasına vuruşan, qızğın döyüşlərin birində ağır yaralanmış əsgər yoldaşını atəş altından çıxarmağa çalışarkən şəhid olan, nəşi yüz qırx gündən sonra tapılaraq, 2021-ci ilin fevralın 23-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılan əsgər Əmrah Rajapovun anım mərasiminə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla şəhər rəhbərliyi, qəhrəmanı yetişdirən Gəncə Uşaq Evinin kollektivi, ictimaiyyətin nümayəndələri qatılıblar.  Onlar Əmrahın Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş digər qəhrəmanlarımızın  məzarlarının üzərinə  güllər düzüblər.

Əmrah Rajapov  2000-ci ildə Goranboy rayonunda anadan olub, ailə vəziyyətinin ağırlığı səbəbilə 12 yaşından Gəncə şəhər Uşaq Evində yaşayıb. Öz əl qabiliyyəti ilə seçilən Əmrah dəfələrlə müxtəlif sənət rəsm müsabiqələrində fərqlənib.

Orta məktəbi bitirdikdən sonra Əmrah bərbərlik peşəsinə yiyələnib, halal zəhmətlə dolanıb. Əmrah 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində internat məktəblərinin uşaq evlərinin məzunları üçün yaradılmış "Məzun evi"ndə bir otaqlı mənzillə təmin  olunmuşdu.

"Əmrah çox cəsur vətənsevər oğlan idi. Atası anası olmadığına görə, onu hərbi xidmətə aparmaq istəmirdilər. Amma o, öz sinif yoldaşlarından, dostlarından geri qalmaq istəmədi Vətənə xidməti özünə şərəf bildi. Bu gün, onun anım günündə bu xiyabana gəlmiş insanlar, bütün şəhidlərin yaxınları onun xatirəsini öz övladlarınınkı kimi əziz tutdular" - deyə, şəhidin dayısı Şərif Rajapov bildirib.

2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Əmrah Rajapov ölkə başçısının sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Zakir MURADOV

 

525-ci qəzet.- 2022.- 25 fevral.- S.16.