Ali hisslərin istedadlı tərənnümçüsü
Bəxtiyar Abi Astaralı (Abiyev Bəxtiyar Yusif oğlu) Astarada doğulub, mənə əziz və doğma adamdır; onu uşaqlıq illərimdən
gözəl qarmon ifaçısı kimi tanımış və sevmişəm. O, musiqi sənətini fitri-istedadı
hesabına mənimsəmişdi.
Bəxtiyar elə bir fitri-istedada malikdir ki, notu heç
bir musiqi təhsili almadan öz zəhməti və fəhmi hesabına öyrənmişdi;
yadımdadır, hələ
sovetin vaxtında Bəxtiyarın not aləmindən
o qədər sərrast
və mükəmməl
xəbəri vardı
ki, onu Lənkəran
Musiqi Texnikumuna imtahansız qəbul etmişdilər. Və sonralar
elə tələbə
ola-ola musiqi məktəbində fortepianodan
dərs deməyə başladı. Bunu da qeyd edim
ki, Bəxtiyarın heyranedici musiqi savadına, duyumuna və "şirin barmaqları"na hələ
o dövrdə respublikamızın
tanınmış bəstəkarları
və ifaçıları,
o cümlədən, Əfrasiyab
Bədəlbəyli və
Zakir Mirzəyev yüksək qiymət vermişdilər. Təəssüf
ki, son on beş
ildə Bəxtiyar qırx illik dostuyla - qarmonla vidalaşıb. Bunu Astarada olarkən onunla görüşəndə
bildim və çox təəccübləndim...
Bəxtiyarda son illər irfan
ədəbiyyatına bağlılıq
yaranıb, orta əsr Azərbaycan ədəbiyyatından bu yana bizə miras qalan irfani
mövzulardan yazır,
qəlbin, ruhun, mənəvi təmizliyin,
ali hisslərin, Allah-insan-təbiət-kainat münasibətlərinin
əslində nədən
ibarət olduğunu dərk etməyə çalışır, deyir
ki, bu sahədə
ədəbiyyatımızda boşluqlar var. Əslində
Rumi, Nəsimi, Nəimi, Füzuli və digər nəhəng şairlərdən
qaynaqlanan bu sənət yönü indi, demək olar ki, yoxdur.
Gərək o böyük mütəfəkkirləri
oxuyasan, dərk edəsən, gərək
fəlsəfəni, dini,
müqəddəs Kitabları
öyrənəsən, biləsən.
Mən Bəxtiyarda ilk növbədə
məhz bu mövzuya bağlılıq
müşahidə etdim.
Onun mövzuya dair maraqlı mülahizələri diqqətimi
çəkdi, ali EŞQdən, böyük qəzəl ustalarından, müqəddəs
Qurani-Kərimdən, onun
surə və ayələrindən xəbərdar
olması düzü məni heyrətləndirdi;
Bəxtiyar irfan ədəbiyyatı nümunələrindən
sevgiylə söz açır, onları duyur, maraqlı təhlillər edir, hərdən özü də qəzəl, məsnəvi yazır. Onun qəzəllərini öz
ifasında dinlədim,
çox maraqlı göründü mənə.
Bəxtiyarın qəzəllərində
sanki həzin bir musiqi var,
ritm və qafiyə yerindədir, təbii ki, bəzi texniki qüsurlardan xali deyil, lakin məzmun
və məntiq də var. Onlardan ikisini oxuculara təqdim edirəm və düşünürəm
ki, bu barədə
əruz ustaları, bilicilər daha dəqiq fikir söyləyə bilərlər.
Mən əziz və doğma insan, qeyri-adi istedad sahibi Bəxtiyar Abi Astaralıya bu çətin yaradıcılıq yolunda
uğurlar arzulayıram.
Kamran NƏZİRLİ
525-ci qəzet.- 2022.- 25 fevral.- S.16.